Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-259/2024 29.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Zərdab rayonu, Burunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində Ağcabədi rayonu, Kəbirli kəndində qohumu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısında sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən əvvəlcədən üzərində olan mətbəx bıçağını cibindən çıxarıb qəsdən sonuncunun qarın nahiyəsindən bir dəfə zərbə vurmaqla qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək, çənbər bağırsağın müsariqəsinin zədələnməsi və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara kimi ümumilikdə bir ədəd xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə saat 14 radələrində Ağcabədi rayonu, Kəbirli kəndində qohumu Nəcməddinin evinə ailə üzvləri ilə birlikdə toya getmiş, həmin toyda Amil də olmuşdur. Həmin toydan o, həddindən artıq spirtli içki qəbul etdiyindən sərxoş olmuş, təxminən saat 16 radələrində Amil onu yanına çağırmış və ona həddindən artıq spirtli içki qəbul etdiyini, onu evlərinə aparmaq istədiyini demiş, o, da etiraz etməmiş və onlar birlikdə toydan yola çıxmışlar və Amilin yaşadığı evinin qarşısına çatan zaman Amil ondan nə üçün bu qədər spirtli içki qəbul etdiyini soruşmuş, O, isə Amilə əcəb etdiyini, bunun Amilə heç bir aidiyyətinin olmadığını demiş, bu zaman Amil ona qarşı nalayiq ifadələr işlətməyə başlamış və bunun üstündə onların aralarında mübahisə yaranmışdır. Amilin evinin qarşısında yolun digər tərəfində saxladığı “Qazel” markalı avtomobilinə yaxınlaşmış, sürücü tərəfindən avtomobilin qapısını açıb içərisində qara rəngli tutacağı olan mətbəx bıçağını götürüb şalvarının arxa cibinə qoyub Amilin yanına qayıtmış və Amildən nə üçün ona qarşı nalayiq ifadələr işlətdiyini soruşmuş, bu zaman Amil ona əcəb etdiyini demişdir. Bundan sonra o, cibində olan bıçağı çıxarıb Amilin qarın nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra Amil evinin giriş darvazasının yanında yerləşən tövləsinin qapısını açıb içəri daxil olmuş, lakin o, Amilin arxası ilə girməmişdir. Həmin an Amilin qardaşı Fərid onun yanıma gəlmiş və nə üçün qardaşını vurduğunu deyərək onun sinəsindən itələmişdir. Bu zaman onun əlindəki bıçaq yerə düşmüşdür. Bundan sonra o, qorxduğu üçün həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs göstərmişdir ki, əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı var, atası xəstədir, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də bunları nəzərə alaraq müdafiəçisinin çıxışında bildirdiyi kimi ona təyin ediləcək cəzanın şərti olaraq çəkilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, 14 iyul 2023-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu, Kəbirli kəndində qonşusu Nəcməddinin yaşadığı evinə ailə üzvləri ilə birlikdə toya gəlmiş, təxminən saat 16 radələrində o, Tağının həddən artıq sərxoş olduğunu görüb yanına çağırmış, Tağının toyda qalacağı təqdirdə kiminləsə dava-dalaş edə biləcəyindən ehtiyat edib Tağıya demişdir ki, “gəl səni evimizə aparım, evdə bir az yatıb ayıldıqdan sonra yenidən toya gələrsən”. Bundan sonra o, Tağını yola çıxarmışdır. Onların evi Nəcməddinin evindən çıxanda sol tərəfdən təxminən 70-80 metr məsafədə yerləşir. Onların evlərinin qarşısında o, Tağıdan nə üçün bu qədər spirtli içki qəbul etdiyini soruşmuş, Tağı isə ona “özüm bilərəm nə qədər içmək lazımdır, bunun sənə qarışacağı yoxdur” demiş, bundan sonra o, əsəbləşib Tağının ünvanına spirtli içki qəbul etdiyi üçün nalayiq ifadələr işlətməyə başlamış, Tağı isə özünə məxsus Qazel markalı avtomobilə yaxınlaşıb sürücü tərəfindən qapını açıb içərisindən nəsə götürüb onun yanına gəlmiş, həmin vaxt onlar onun yaşadığı evin qarşısında olmuşlar. Tağı onunla mübahisə etməyə davam edib və nə üçün ona qarşı nalayiq ifadələr işlətdiyini soruşmuş və şalvarının cibindən bir ədəd qulpu qara rəngdə olan mətbəx bıçağını çıxarıb onun qarın nahiyəsinə bir dəfə vurmuş, bundan sonra o, qorxduğu üçün evin həyət qapısını açıb içəri daxil olmuş, lakin Tağı onun arxası ilə girməmişdir. Həmin vaxt oraya qardaşları Həbib və Fərid də gəlmiş, qarnından qan gəldiyini görmüş, orada olan avtomobillərdən birinə əyləşib Ağcabədi rayon xəstəxanasına getmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumdur, yəni Tağı onun bibisi qızının həyat yoldaşıdır. Eləcə də Tağının xalası qızı onun qardaşının arvadıdır. Həmin hadisə vaxtı o, da toyda spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 iyul 2023-cü il tarixdə saat 16 radələrində qardaşının qaynının toyunda olarkən qardaşı Amil və Tağının toydan çölə çıxıb getdiklərini görmüş, onların arxasınca çıxdıqda qardaşı ilə Tağının mübahisə etdiyini görmüş, həmin vaxt onların yanına gedib Tağını itələdikdə Tağının əlindən bıçağın yerə düşdüyünü görmüş, qardaşı Amilin qohumu Təqsirləndirilən şəxs tərəfindən bıçaqladığını bilmiş, lakin bu hadisənin şahidi olmamışdır. Həmin bıçağı da yerdən böyük qardaşı götürüb kənara atmışdır. Tağını itələdikdən sonra Tağı mübahisəni davam etdirməmiş, çıxıb getmişdir. Onun həyat yoldaşı Tağının xalası qızıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdiyi kimi ifadə vermiş, verilmiş suallara cavab olaraq yerə düşmüş bıçağı özünün götürüb kənara atdığını, Tağı ilə hər hansı mübahisə etmədiyini, həmin toyda özünün də iştirak etdiyini, toyda Tağı ilə o, və digər qardaşlarının arasında hər hansı mübahisə olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 14 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 16:56-da DİN-in 102 zəng xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, Zərərçəkmiş şəxs “Soltan” adlı şəxs tərəfindən bıçaqlanmasını bildirmişdir. (i.v. 05) - 14 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 18:10-da Ağcabədi RMX-dən Ağcabədi RPŞ-yə Zərərçəkmiş şəxs “daxilə nüfuz edən qarın boşluğundan bıçaq xəsarəti” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (i.v. 6) - “baxış və götürmə aparılması” haqqında 14 iyul 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yer Ağcabədi rayonu Kəbirli kəndində yerləşən Zərərçəkmiş şəxs evinin qarşısıdır. Baxışda iştirak edən Şahid2 hadsə yerində yerdən bir ədəd bıçağı götürüb dam örtüyünün üzərinə atdığını bildirmiş, baxış zamanı Şahid2 dam örtüyünün üzərindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı dam örtüyünün üzərindən götürüb təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin bıçaq götürülmüş və baxışı aparılmışdır. ( i.v. 7-11) - “götürmə aparılması” haqqında 14 iyul 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş paltarlar götürülmüşdür. ( i.v. 15-17) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30 dəqiqədə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29) - Ağcabədi RPŞ-nin rəisinə ünvanlanmış 16 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmiş, sonuncu barəsində qanuni tədbir görülməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (i.v.39) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 45) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v. 53) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 54-55) - “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı ona təqdim edilmiş 3 bıçaq arasından tanıyır. (i.v. 75-77) - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 78) - məhkəmə-tibbi ekspertizasının 03 avqust 2023-cü il tarixli 479 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarət – qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək, çənbər bağırsağın müsariqəsinin zədələnməsi və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara – iti əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zəzər vurmaya aiddir. (i.v. 110-112) - məhkəmə tibbi-bioloji ekspertizasının 02 avqust 2023-cü il tarixli, 465/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta (H)(İİ) Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvar və köynək üzərində Abeta (H)/İİ/ qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar edilmir. (i.v. 117-121) - ambulator məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli 495 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. O, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarına olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçübbiçib ona rəhbərlik etmək iqtidarındadır. O, cinayət əməlini törədərkən və hal-hazırda hərhansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və sair psixi xəstəlik keçirməmişdir və keçirmir. O, hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. (i.v. 123-125) - məhkəmə-tibbi kriminalistik ekspertizasının 17 avqust 2023-cü il tarixli 338- MTKŞ/2023 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiya tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. X3 bədəni üzərində müəyyən edilmiş qarnının sağ yarısının ön divarından qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara ona məxsus və ekspertizaya təqdim edilmiş köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində olan eyni xarakterli zədə ilə yerləşmə nahiyəsinə görə, nisbi olaraq uyğun gəlir. X3 bədənində müəyyən edilmiş deşilmiş-kəsilmiş xəsarətin bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilən zədənin yerləşmə nahiyəsinə əsasən demək olar ki, zədə yetirilən anda iz törədən alət köynəyin üzərində olan zədə nahiyəsinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvarın və kəmərin üzərində heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (i.v 127-134) - ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 171) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər - Şahid1 və Şahid2 ifadələri ilə, cinayət işi materiallarında olan “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması” haqqında 14 iyul 2023-ci il tarixli, “götürülmə aparılması haqqında” 14 iyul 2023-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 479 saylı, məhkəmə tibbi-bioloji ekspertizasının 02 avqust 2023-cü il tarixli, 465/2023-MTBŞ saylı, məhkəmə-tibbi kriminalistik ekspertizasının 17 avqust 2023-cü il tarixli 338- MTKŞ/2023 saylı saylı rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə ambulator məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli 495 saylı rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 87) - Zərdab rayon İHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Burunlu kəndində yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2021 və xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşaqlarından ibarətdir. (i.v. 152-153; 174) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən), himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 3 ildən 6 ilədək olan müddətə cəza təyin edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törətməsinə səbəb olmuş və buna şərait yaratmış, həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə edərkən yaxınlıqdakı avtomobilindən bıçaq götürərək yenidən mübahisə etmək üçün geri qayıtmasını, Zərərçəkmiş şəxs bıçaqla zəbə vurub xəsarət yetirməsini, sonuncuya hər hansı yardım etmədən bıçaqla zərbə vurub hadisə yerindən kənarlaşmasını törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini artıran hal kimi qəbul edib, eləcə də cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmadığını, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzasının əvvəli həbs edildiyi gündən hesablanmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “maddi sübut kimi tanıma haqqında” qərar əsasında Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq, eləcə də Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmiş, iş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 03 (il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 29 fevral 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X4 Saxlama Yerinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq, eləcə də Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-259/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-259/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver