Məhkəmə qərarları › İş №1(099)-259/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-259/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-259/2025 12.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri-Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, X9 və Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləmiş, məhkumluğu olmayan, Masallı şəhəri M.Talışxanov küçəsi ev 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Masallı şəhəri M.Talışxanov küçəsi ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, xx.xx.1993-cü ildə Masallı rayonu, Öncəqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Öncəqala kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək X2 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə özgənin əmlakını yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq yolu ilə ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gələrək, xx.xx.2014-cü il tarixdə saat 04 radələrində silah qismində tətbiq etmək üçün istintaqa məlum olmayan bıçaq və tapançaya oxşar alışqan, habelə tanınmamaq və zərərçəkmiş şəxslərdə vahimə yaratmaqdan ötrü əvvəlcədən parça materialdan hazırlanmış 3 ədəd maska və əllərinə geyinmək üçün əlcək götürərək Masallı rayonu Qəriblər kəndində yerləşən əvvəllər tanımadığı X3 yaşadığı evin yaxınlığına gedərək orada gizlənib əlverişli şərait olduğuna əmin olduqdan sonra özləri ilə gətirdikləri maskadan və əlcəkdən istifadə edərək, birlikdə daş hasardan keçməklə həyətə, oradan isə ikimərtəbəli fərdi yaşayış evinə bitişik vəziyyətdə olan ikinci mərtəbəsindəki eyvana sürahinin üstünə çıxmaqla qalxmış, həmin vaxt eyvanda çarpayıda yatmış Zərərçəkmiş şəxs səs eşidərək oyanıb qışqırdığını görən qrupun üzvü Təqsirləndirilən şəxs3 sonuncuya həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıqla, əmlakı ələ keçirmək məqsədilə basqın edərək əlbəyaxa olub ağız və üz nahiyəsini sıxaraq Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına yayılmış qansızma, sol almacıq və çənəaltı nahiyəsinin sağ yarsının sıyrığı, üst dodağın iç səthinə qansızma kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, sonra birlikdə eyvandan evə daxil olduqda onların gəlişindən oyanmış, Tofiq Mirzəyev və ailə üzvlərinin aktiv müqavimət göstərdiyini görüb üzərində olan bıçaq və tapançaya oxşar alışqandan silah qisimində istifadə edərək basqın edib Tofiq Mirzəyevi və ailə üzvülərini həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib 150 manat pulu ələ keçirməklə müştərək qaydada həmin pulu aralarında bölüşdürərək quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, özünü oğurluq cinayətini törətməkdə təqsirli bilir, iş tapa bilmədiyindən, müalicəsi üçün pul lazım olduğuna görə əvvəllər tez tez oğurluq etmiş, əsasən də vəzifəli şəxslərin evinə girmişdir, həmişə oğurluğa Bəxtiyar və Məhəmməd adlı şəxslərlə getmişdir. Tofiq Mirzəyevin evinə oğurluğa girmək barədə ona Məhəmməd demiş, amma Məhəmməd özü oğurluğa gəlməmişdir. Tofiqin qonşusu olan Gülhüseyn həmin gün Tofiqin evində heç kimin olmadığını ona bildirmişdir. Evə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə getmişdir. Onun əlində alışqan və pəncərəni açmaq üçün mətbəx bıçağı olmuşdur. Bütün oğurluqlarında maska və əlcəkdən istifadə etmişdir. Aslan və Xaqaniyə onsuz hərəkət etməmələrini bildirmişdir. Evə girdikdən sonra eyvanda bir qadın olduğunu görmüş, bərk səslə evdə adam olduğunu demişdir. Qadın qışqırdığına görə Xaqani onun ağzını tutmuş, ona oğurluğa gəldiklərini deyərək, qışqırmamağını xahiş etmişdir. Bundan sonra işıq yanmış və evdəki digər adamlar çıxmışlar. Onlara evdə adam olduğunu bilmədiklərini, səhv gəldiklərini bildirərək, getməklərinə icazə vermələrini xahiş etmişdir. Xaqani onlardan yol pulu istəmiş, Aslan şok vəziyyətində baxmışdır. Evdən kimsə yuxarıdan aşağı 150 manat pul atmış, pulu Xaqani götürmüş, öz aralarında bölmüşlər. Bundan sonra üçü də piyada vəziyyətdə evdən qaçmışlar, evdə adam olduğunu bilsə, evə girməzdi, əlində silah görünümlü alışqan olmuşdur, alışqan və mətbəx bıçağı, başqa oğurluqlarda barmaqlığı sındırmaq üçün əlində alətləri olmuşdur, evdəki şəxslərin onun əlindəkinin silah yox, alışqan olduğunu bilib-bilmədiyini aydın edə bilməmişdir, onlardan heç kim “pul verməsəniz buranı partladaram” sözünü deməmiş, evdəki heç kəsə xəsarət yetirməmişlər. Qadınlardan kimsə onlara ütü atmış, onun qoluna dəymişdir. Onlar sərbəst evdən çıxıb getmək istəmiş, Tofiq Mirzəyev çıxıb getmələrinə şərait yaratmışdır. Sonda təqsirləndirilən şəxs oğurluq cinayətini törətməkdə təqsirli bilinərək, müddətin keçməsi ilə əlaqədar cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, özünü oğurluq cinayətini törətməkdə təqsirli bilir, Təqsirləndirilən şəxs1 ifadəsini təsdiq edir, bircə pul məsələsini təsdiq etmir, belə ki, pul atılmasını görməmişdir. Onlar boş evə girmək üçün getmiş, evdə adam olduğunu gördükdən sonra şok vəziyyətində olmuşdur, evə girməyi onlara Zaman təklif etmişdir, əməlindən peşmandır, evdə qadının səsini eşitdikdən sonra çıxmaq üçün qapı axtarmışdır, evdə təxminən 5 dəqiqə olmuşlar, Xaqaninin pul istəməsini eşitməmiş, görməmişdir, həmin hissədə istintaqdakı ifadəsini təsdiq etmir. İfadələr arasında ziddiyyət yarandığı üçün CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində bildirmişdir ki, “...Həmin vaxtı pilləkənin ortasındakı döngədə dayanan Təqsirləndirilən şəxs3 dəhlizdə duran T.Mirzəyevə və arvadı hesab etdikləri yaşlı qadına artıq evi tərk edib getmək üzrə olduqlarını, heç olmasa bir az pul verməsini bildirmişdir. Bundan sonra həmin yaşlı qadın gedib pul gətirib ikinci mərtəbədən aşağı atmışdır və həmin pullar pilləkənə və yerə səpələnmişdir. Xaqani sonradan ümumilikdə 150 manat olduğunu bildiyi pulları pilləkəndən və yerdən yığıb tez götürmüşdür...” (İİ Cild, i.v. 38-46, 85-88, İİİ cild 88-91) O, ifadələr arasındakı ziddiyyətin səbəbini ifadəni oxumadan imzalaması ilə əsaslandırmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, özünü oğurluq cinayətini törətməkdə təqsirli bilir, Təqsirləndirilən şəxs1 ifadəsi ilə tam razıdır, əlavə olaraq onu bildirir ki, pulu evdəki qadından o istəmiş, yol pulu vermələrini xahiş etmişdir. Pul yuxarıdan atılmış, o, pulu götürməmişdir. Zamanı əvvəllər tanımamış, hadisə günü Aslanın vasitəsilə onu tanımışdır. Toydan içkili vəziyyətdə çıxıb oğurluğa getmişlər. Zamanın müalicəsinə pul lazım olduğu üçün Aslanla birlikdə o da oğurluğa getmişdir. Məqsədləri müalicə üçün 3-4 min manat pul götürmək olmuşdur. Aslanla o, evə daxil olmamış, balkonda durmuşlar. Hadisə vaxtı da kök olmuşdur, ifadələrdə qeyd olunan kök şəxs odur, qadının ağzını qışqırmaması üçün tutmuş, qadına xəsarət yetirməmişdir. Həmin vaxt 20 yaşı olmuş, etdiyi əməlin cinayət olduğunu bilməmişdir, peşmandır. İfadələr arasında ziddiyyət yarandığı üçün CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində bildirmişdir ki, “...Zaman əlində olan bıçaq və tapançaya oxşar alışqanı Tofiq Mirzəyevə və evdə olan şəxslərə tərəf tutaraq onlara baxa-baxa pilləkəndən birinci mərtəbəyə düşmüşdür. Həmin vaxtı o, dəhlizdə duran T.Mirzəyevə və arvadı hesab etdikləri yaşlı qadına evi tərk edib getdiklərini, lakin heç olmasa onlara bir az yol pulu verməsini bildirmişdir. Bundan sonra həmin yaşlı qadın gedib pul gətirib ikinci mərtəbədən aşağı atmışdır və həmin pullar pilləkənə və yerə səpələnmişdir. O və Təqsirləndirilən şəxs2 yerə səpələnnmiş sonradan ümumilikdə 150 manat olduğunu bildiyi 10 və 20 manatlıq pulları tez yığıb götürmüşdür...” (İİ Cild, i.v. 137- 145, 157-161, İİİ cild 98-101) O, ifadələr arasındakı ziddiyyətin səbəbini ifadəni oxumadan imzalaması ilə əsaslandırmışdır. İş üzrə Şahid4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü gecə vaxtı 2-3 nəfərin həyətdən qaçdığını görmüş, gecə olduğuna görə, həm də məsafə uzaq olduğundan şəxslərin üzünü görməmiş, cüssəli, hündürboy olduqlarını ifadəsində göstərmişdir, hadisənin səhəri həyətindən əlcək və mayka tapmışdır, Tofiq Mirzəyev onlara həmin şəxslərin onlardan pul aldığını deməmişdir, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş üzrə Şahid5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisədən əvvəl Zaman ona yaxınlaşıb Tofiqin evinə oğurluğa girəcəkləri barədə bildirmiş və ona da təklif etmiş, lakin o, razılaşmamışdır. Həmin gün Tofiq işdən gələndə ona yaxınlaşıb evini qorumasını, evindən oğurluq olacağını ona bildirmişdir. Həmin şəxslərin adlarını deməyini ondan istəmiş, lakin Zamandan qorxduğuna görə adlarını verməmişdir. İki gün sonra bilet alıb Rusiyaya getmiş, Rusiyada olarkən qaynanasından hadisə barədə eşitmişdir, Zaman ona oğurluq təklif edəndə məsləhət görmədiyini demişdir, Zaman evdən götürəcəyinin 25 faizini ona vəd etmişdir, Tofiq Mirzəyev ona Zamandan daha yaxın olmuşdur, Zamanı oğurluq etməsi ilə tanımışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, hazırda vəfat etmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, onun Masallı rayonu Qəriblər kəndində yerləşən özünə məxsus evi vardır və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus ev iki mərtəbədən və mansardan ibarətdir, həmçinin ətrafı daş hasarla əhatə olunmuş və evin həyətinə daxil olmaq üçün dəmir materialından olan darvazası vardır. Həmin evdə arvadı mehparə Mirzəyeva, gəlini Şahid3, qızı Şahid2 və iki azyaşlı nəvələri ilə birlikdə yaşayır. xx.xx.2014-cü il tarixdə bacısı qızı Zərərçəkmiş şəxs və bacısı oğlu Şahid1 onlara qonaq gəlib evində qalmışdılar. Hər gün olduğu kimi xx.xx.2014cü il tarixdə saat 14 radələrində işdən yaşadığı evə qayıtmışdır və həmin günü saat 24 radələrində o, arvadı Mehparə, qızı Lamiyə, gəlini Aygün, azyaşlı nəvələri, evində qonaq olan bacısı uşaqları Şahnaz və Elyar yatmışdır. O öz yataq otağında, gəlini Aygün öz yataq otağında azyaşlı qızı ilə birlikdə, arvadı Mehparə qızı Lamiyənin azyaşlı oğlu ilə, Lamiyə öz yataq otağında, bacısı oğlu Elyar qonaq otağında, bacısı qızı Şahnaz isə eyvanda yatmışdır. xx.xx.2014-cü il tarixdə saat 04 radələrində arvadı Mehparənin qışqırıq səsinə yuxudan oyanmışdır. Yuxudan oyananda arvadının kiməsə yoldaşının hadisə yerində olduğunu dediyini eşitmişdir. Ayağa durub yataq otağından çıxıb qonaq otağına keçdikdə üç nəfər başında maska, əllərində narıncı rəngli fəhlə əlcək və əyinlərində qara rəngli paltar olan tanımadığı şəxslərin qonaq otağında dayandıqlarını, arvadı Mehparənin, qızı Lamiyənin, bacısı oğlu Elyarın və bacısı qızı Şahnazın da orada olduqlarını görmüşdür. Onların yanına gəldikdə, həmin üç nəfər şəxsdən birinin əlində tapança və bıçaq olduğunu müəyyən etmişdir. O, həmin üç nəfər şəxsə evindən çıxıb getməsini dedikdə, əlində bıçaq və tapança olan şəxs ona evdə nə qədər pul varsa gətirib onlara verməyini bildirmişdir. Evində pul olmadığı dedikdə, arvadı Mehparə həmin şəxsə onda 500 manat pul olduğunu və gətirib verə biləcəyini bildirmişdir. Sonra Mehparə pulu gətirmək üçün getmişdir və əlində ütü ilə geri qayıtmışdır. Mehparə əlində olan ütünün uc hissəsi ilə tanımadığı əlində tapança olan şəxsin boyun nahiyəsinin arxa hissəsinə vurmuşdur. Həmin şəxs arvadına onu niyə vurduğunu demişdir, o da tez arvadına belə etməyin lazım olmadığını bildirmişdir. Həmin tanımadığı şəxs arvadı Mehparəyə heç bir xəsarət yetirməmişdir. Sonra isə üç nəfər şəxsdən digəri kök, dolu olanı yeddiyə qədər sayacağını və pul verilməsə evi partladacağını demişdir. Bundan sonra arvadı Mehparə qızı Lamiyənin otağına gedib oradan 10 və 20 manatlıq olmaqla ümumilikdə 150 manat pulu gətirib evin ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşən pilləkənə atmışdır və həmin şəxslər pulları götürərək giriş qapının yanında olan pəncərəni açıb oradan çıxıb getmişdirlər. Əlində tapança olan şəxs evini tərk edib gedərkən onlara səs etməmələrini, əks halda atacağını demişdir. Həmin üç nəfər şəxs evin darvazasından çıxdıqdan sonra yaşadığı evin qarşısından keçən Masallı-Yardımlı avtomobil yolunun əks tərəfinə keçərək qohumu olan Şahid4 evinin həyəti istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər getdikdən sonra bacısı qızı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinin içərisində və çənə nahiyəsinin alt hissəsində xəsarətin olduğunu görmüşdür. Şahnaz ona həmin şəxslərdən biri onun qışqırmağını görüb ağzını tutmaq istədikdə əlini itələməyə çalışarkən həmin şəxsin əlinin göz və sifət nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra həmin şəxslərin yaşadığı evə eyvandan daxil olduğuna şübhələnmişdir. Tanımadığı şəxslərin evinə oğurluğa gəldiyini düşündüyü üçün həmin vaxtı evindən oğurluq olması barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin sonradan həmin şəxslərin niyətinin ona qorxu gəlib pullarını ələ keçirmək və bunun ağır cinayət olduğunu başa düşmüşdür. Həmin üç nəfər şəxsin kim olduqlarını bilməmiş və heç kimdən şübhələnməmişdir. (İ cild, i.v. 43-45) Hazırda vəfat etdiyindən şahid X1 ibtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş, o, mərhum əri X5 ilə eyniməzmunlu ifadə vermişdir. (İ cild, i.v. 23-25) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, X5 atasıdır və o, xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. 2014-cü ilin avqust ayının əvvəllərində o məzuniyyətdə olduğu üçün Türkiyə Respublikasına istirahətə getmişdi, lakin arvadı Şahid3 və bir azyaşlı övladı Masallı rayonu Qəriblər kəndində yerləşən mərhum atası Tofiq Mirzəyevə məxsus evdə onunla birlikdə qalmışdır. xx.xx.2014-cü ildə atası Tofiq onunla telefon əlaqəsi saxlayıb xx.xx.2014-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı evə 3 nəfər tanımadığı şəxsin üzlərində maska, əllərində əlcək və bıçaqla basqın edib onu və evdə olan digər ailə üzvlərini hədələyib pul tələb etdiklərini, həmin vaxtı evdə qonaq olan və eyvanda yatmış bacısı qızı Zərərçəkmiş şəxs xəsarət yetirdiklərini və evdə olan 150 manat pulu alıb getdiklərini bildirmişdir. Bundan iki-üç gün sonra o, istirahətini dayandırıb Masallı rayonu Qəriblər kəndinə gəlmişdir. Evdə atası və həyat yoldaşı ona baş vermiş hadisə barədə ətraflı danışıb məlumat vermişdir. Həmin vaxtı evdə atası Tofiq Mirzəyevdən başqa anası Mehbarə Mirzəyeva, arvadı Şahid3, azyaşlı yəni həmin vaxtı 2 yaşı olan qızı Nərmin, bacısı Şahid2, onun həmin vaxtı 4 yaşında olan oğlu Elburus, bibisi uşaqları Şahnaz və Şahid1 olmuşdur. Baş vermiş hadisə ilə bağlı həmin vaxtı cinayət işi başlanıb istintaq aparılsa da, lakin evə daxil olmuş şəxslərin kimlikləri müəyyən edilmədiyindən iş dayandırılmışdır. Bundan bir neçə il sonra, yəni 2021-ci ildə əvvəlcə anası Mehbarə Mirzəyeva, 2023-cü ildə isə atası Tofiq Mirzəyev rəhmətə getmişdir. Həmkəndlisi Şahid5 kimlərinsə evə daxil olub oğurluq etməyi planlaşdırdığını ona və atası Tofiq Mirzəyevə deməmişdir. (İ Cild, i.v. 185-187) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 dayısıdır və o, 2023-cü ildə rəhmətə getmişdir. xx.xx.2014-cü il tarixdə o, qardaşı Şahid1 ilə birlikdə dayısı Tofiqin Masallı rayonu Qəriblər kəndində yerləşən evinə qonaq getmişdir.Saat təxminən 04 radələrində yuxuda olduğu zaman bir nəfər şəxsin ağzını tutduğunu hiss edib gözlərini açmışdır. Bu zaman üzü maskalı tanımadığı şəxs ona asta səslə ağzını buraxacağını, lakin heç bir səs çıxarmamağını, əks halda onu, anasını və evdə olan hər kəsi doğrayacağını demişdir. O, həmin şəxsə başı ilə işarə edib sakit qalacağını bildirmişdir. Bundan sonra həmin tanımadığı şəxs ağzını əli ilə tutmağını buraxmışdır və o bundan istəfadə edib tez qışqıraraq qardaşı Elyarı çağırmışdır. Elyarı qışqırıb çağırmağa başladıqda həmin şəxs yenidən əli ilə onun ağzını tutub sıxmışdır, ona müqavimət göstərib özündən kənara itələyəndə həmin şəxs ağzını möhkəm sıxaraq onun çənəsinin alt hissəsinə, üz nahiyəsinə və sağ gözünün içərisinə xəsarət yetirmişdir. Həmin vaxtı qardaşı Elyar səsi eşidib eyvana yanına gəlib həmin şəxsi ondan kənara itələyib yerə yıxmışdır və özü də yıxılmışdır. Sonra Elyar yerdən durub onu da çarpayıdan qaldırmışdır, bu zaman əlavə iki nəfər üzündə maska olan şəxs də onlara yaxınlaşmışdır, həmin şəxslərdən birinin əlində bıçaq olduğunu görmüşdür, ona əllə xəsarət yetirən şəxs orta boylu və bədən quruluşu idmanla məşğul olan şəxsə oxşamışdır. Ona xəsarət yetirən həmin şəxs ayağa qalxdıqdan sonra eyvanda olan maskalı şəxslərə bıçağı verməyi və ona soxacağını demişdir. Sonra həmin üç nəfər şəxs öz aralarında söhbət etməyə başlamışdır, bu zaman dayısı arvadı Mehparə yanlarına gəlmişdir, Mehparə gəldikdən sonra həmin şəxslərdən biri onlara içəri keçməklərini demişdir, o, Elyar və Mehparə eyvandan evin içinə keçdikdə həmin əlində bıçaq olan şəxsin əlində həmçinin tapança olduğnu görmüşdür. Əlində bıçaq və tapança olan şəxs arıq və ortaboylu olmuşdur. Həmin şəxslərin etdikləri hərəkətlərin şokunda olduğundan çox hərəkətləri yadında qalmamışdır. Onlar eyvandan içəri keçdikdən sonra dayısı Tofiq Mirzəyev yanlarına gəlmişdir və həmin üç nəfər maskalı şəxsə evi tərk edib getmələrini demişdir. Həmin şəxslər Tofiqdən pul gətirib verməyini tələb etmişdir, Tofiq isə onlara pulu olmadığını və yenə evdən çıxıb getmələrini bildirmişdir. Bu zaman dayısı arvadı Mehparə onlara evdə pul olduğunu və gətirib verəcəyini deyib otaqlardan birinə girərək əlində ütü ilə geri qayıdıb həmin ütünü əlində bıçaq və tapança olan şəxsə tərəf ataraq onu vurmuşdur. Sonra dayısı qızı Lamiyə yatağından qalxıb yanlarına gəlmişdir və həmin şəxslərə “utanmırsız, sizin ana-bacınız yoxdur, mənim 4 yaşında uşağım yatıb içəridə, durub sizi görsə nə olacaq?” bildirmişdir. Həmin şəxslər Lamiyənin haqlı iradına heç bir cavab verməmişdir. Daha sonra dayısı gəlini Aygün də öz yataq otağından çıxıb yanlarına gəlmək istəmişdir və həmin şəxsləri görüb qışqıraraq otağına qaçmışdır. Həmin tanımadığı şəxslərin onu yuxudan oyadıb ona xəsarət yetirmələri, dayısı Tofiqdən pul tələb etmələri və çıxıb getmələri təxminən 15-20 dəqiqə müddət davam etmişdir. Həmin şəxslər evi tərk edib gedərkən onlardan kök olanı pilləkəndə dayanaraq 30 qədər sayacağını və həmin müddətdə pul verilməsə evi partladacağını bildirmişdir. Sonra saymağa başlamışdır, bunu görən Lamiyə qorxaraq atası Tofiqə və anası Mehparəyə evdə nə varsa gətirib verməyi demişdir. Bundan sonra dayısı arvadı Mehparə məcbur olub otağa girib oradan 10 və 20 manatlıq ümumilikdə 150 manat pulu gətirib dəhlizdən pilləkənə atmışdır. Həmin şəxslər pulları götürərək evin birinci mərtəbəsinə düşüb qapını açaraq həyətə çıxmışdır və darvazadan keçib qaçaraq Masallı-Yardımlı avtomobil yolunun əks tərəfinə gedib kəndə gözdən uzaqlaşdır. Həmin üç nəfər üzlərində maska, əllərində əlcək, bıçaq və tapança olan şəxs evdə ondan başqa heç kimə xəsarət yetirməmişdir. Evə daxil olmuş üç nəfər şəxsi həmin vaxtı tanımamış, kim olduqlarını bilməmiş, lakin cinayətin üstü açıldıqdan sonra mətbuatda həmin şəxsləri görüb Masallı rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğunu bilmiş, həmin şəxslərlə arasında əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. (İİİ Cild, i.v.5-8) Məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilməklə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (İ cild, i.v. 71- 73, 30-32, 33-35) Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin qismən, zərərçəkmiş şəxslər, hüquqi varis və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi subutu da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Üzləşdirmə haqqında və ifadənin yerində yoxlanılması haqqında protokollar və onlara əlavə edilmiş fotoşəkillər, videodisklərdən (həmçinin, şahid və şübhəli şəxslərin dindirilməsinin videodiskləri) görünür ki, şəxslər ittihamın məzmununa uyğun ifadə vermişlər. (İİ cild i.v. 19-24, 38-46, 125-130, 131-136, 137-145, 188-191, 207-210) - Hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, cinayət hadisəsi xx.xx.2014-cü il tarixdə saat 04 radələrində X4 məxsus Masallı rayonu Qəriblər kəndində yerləşən fərdi yaşayış evində törədilmişdir. (İ Cild, i.v. 5-10) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2014-cü il tarixli 598 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına yayılmış qansızma, sol almacıq və çənəaltı nahiyəsinin sağ yarısının sıyrığı, üst dodağın iç səthinə qansızma müəyyən olundu, müəyyən olununan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində qeyd olunan 14 avqust 2014-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (İ cild, i.v. 66-67) - “Götürmə” haqqında protokoldan və “maddi sübut qismində tanıma” haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslərin cinayəti törədən zaman istifadə etdikləri və hadisədən sonra Şahid4 yaşadığı evin yaxınlığına atdıqları bir ədəd üzərində qotazlar olan qara və açıq palıdı rəngli kəsiyi olan köynək, bir ədəd qara rəngli qadın köynək və üç ədəd narıncı rəngli fəhlə əlcək iş üzrə maddi sübut əhmiyyətli olduğundan götürülmüş və xx.xx.2014-cü il tarixdə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ Cild İ, i.v. 26-29, 139) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə təqsirləndirilən şəxslərin oğurluq məqsədilə evə girmələri, evdə insan olduğundan məlumatlarının olmamaları, zərərçəkmiş şəxsləri öldürmək və ya sağlamlıqlarına zərər vurmaqla hədələməmələri, bu məqsədlə pul tələb etməmələri, 150 manatı götürməmələri, həmçinin, heç kimə xəsarət yetirməmələri, silah tətbiq etməmələri, silah kimi istifadə edilən əşyanın alışqan olduğu üçün əməlin quldurluq kimi qiymətləndirilməməli olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından, mötəbər dəlillər kimi qiymətləndirilməməlidir.

1. Belə ki, əvvəla, işdə olan məhkəmə-tibbi ekspertizasının müvafiq rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur, törənmə müddəti 14 avqust 2014-cü il tarixə uyğun gəlir, həm zərərçəkmiş şəxsin özünün, həm şahidlərin, həm də ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ağzını evə girənlərdən dolu və cüssəli olan şəxs tutub hədələmiş, təqsirləndirilən şəxslərin də ifadələrindən görünür ki, həmin şəxs Təqsirləndirilən şəxs3dur.

2. Bundan başqa, təqsirləndirilən şəxslərin quldurluq ittihamını qəbul etməmələri, oğurluq niyətilə evə daxil olmaları ilə bağlı dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir.” Təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 əlində silah modelli alışqan və bıçaq olmuş, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, evə girən şəxslərin üçünün də üzündə maska, əllərində əlcək, arıq və ortaboylu olanın əlində tapança və bıçaq olmuş və əlində bıçaq və tapança olan şəxs onlara evdə nə qədər pul varsa gətirib onlara verməyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərin özgə əmlakını talamaq üsulu gizliliklə başlamış olsaydı belə, işdən görünür ki, onlar zərərçəkmiş şəxsləri gördükdən dərhal sonra qanunazidd niyət və hərəkətlərini davam etdirərək, əvvəlcə zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirmiş, daha sonra bıçaq və silah görünümlü alışqanla zərərçəkmiş şəxsləri hədələyərək onlardan pul tələb etmiş, əks halda zor tətbiq edəcəkləri ilə hədələmişlər. Bununla yanaşı, işdən və təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, maska və əlcəklə yanaşı, təqsirləndirilən şəxslərdə bıçaq, silah görünümlü alışqan və digər dəmir alətlər olmuşdur. Oğurluğa gedən şəxsin maska və əlcək götürməsi ağlabatan olsa da, silah görünümlü alışqanın götürülməsi ağlabatan deyildir. Belə ki, silah görüntüsü yaradan əşyanın təyinatı yaranmış şəraitdə yalnız zərərçəkmiş şəxsi qorxutmaq üçündür ki, buradan da müəyyən olunur ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərin evdə olduğunu yəqin etmiş, mövcud vəziyyətdə həmin əşyaların götürülməsi zərərçəkmişlərə hədə vasitəsi olaraq nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin bıçaq və silah görünümlü əşyanı özləri ilə götürməsini gecə vaxtı yaşayış olan evə maska və əlcəklərlə birlikdə nəzərə aldıqda, onların quldurluq cinayətində qabaqcadan əlbir olma niyəti ilə əlaqələndirir. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın CM-in 181.2.5-ci maddəsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin Qərarın 25-ci bəndində qeyd olunur ki, “ Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.),...başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir.” Göründüyü kimi, təqsirləndirilən şəxslərin silah görünümlü alışqanı nümayiş etdirərək zərərçəkmişləri hədələməsi hələ quldurluq cinayətinin tərkibinin mövcudluğunu istisna etmir. Əməlin quldurluq kimi qiymətləndirilməsi o zaman istisna olunardı ki, zərərçəkmiş şəxslər onun silah olmamasını başa düşmüş olardı. Bu barədə isə nə təqsirləndirilən şəxslərin, nə də zərərçəkmiş şəxslər və şahidlərin ifadələrində heç bir sübut yoxdur. Əksinə, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 bıçağı və silah görünümlü alışqanı zərərçəkmiş şəxslərə və şahidlərə tuşladığı zamanda Təqsirləndirilən şəxs3 onlardan pul istəmiş, hətta zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, sonuncu əks halda evi partladacağı ilə hədələmiş, zərərçəkmiş şəxs Mehparə Hüseynova qorxudan gedib pul gətirib pilləkəndən atmış, təqsirləndirilən şəxslər yalnız pulu əldə etdikdən sonra evi tərk etmişlər. Odur ki, pulun zərərçəkmiş şəxslərin silah olduğunu düşündüyü alət vasitəsi ilə gecə radələrində evlərinə basqın halında tanımadığı üzü masqalı şəxslər tərəfindən istənildiyi nəzərə alındıqda, məhkəmə təqsirləndirilən şəxslərin xahişlə yol pulu istəməsi, zərərçəkmiş şəxsin öz iradəsi ilə 150 manat pulu təqsirkar şəxslərə verməsini işin faktiki hallarına uyğun hesab etmir, zərərçəkmiş şəxslərin onlara tuşlanmış bıçaq və silah kimi qəbul etdiyi, əslində isə alışqan olan alətin qorxusu ilə təqsirləndirilən şəxslərin iradəsinə tabe olub onlara pul verdiyini işin faktiki hallarına uyğun hesab edir.

4. Məhkəmə həmçinin, müdafiə tərəfinin onlara atılmış 150 manatı götürməmələri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin özlərinin verdikləri ifadələdən görünür ki, pul Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş, məhkəmədə isə bildirmişlər ki, pul Təqsirləndirilən şəxs3 tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, pullar aralarında bölünmüşdür. Bundan başqa, o da qeyd edilməlidir ki, quldurluq cinayətinin başa çatması üçün əmlakın təqsirkarın sərəncamına keçməsi tələb olunmur. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd edilmiş müvafiq Plenum Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Göründüyü kimi, təqsirləndirilən şəxslər heç həmin pulu götürməsəydilər belə, hədə zərərçəkmiş şəxslərə çatdığı andan quldurluq cinayəti başa çatmış hesab olunur.

5. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qiymətləndirilməsi zamanı aşağıda qeyd edilən hüquq normalarını da nəzərə alır: “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 20-ci bəndində qeyd edilmişdir ki, “Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür.” Cinayət Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində evə bitişik aynabəndlər və terraslar da yaşayış yeri anlayışına daxil edilmişdir. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin yaşayış sahəsinə qanunsuz daxil olmamaları, hadisənin evin balkonunda baş verməsi, elə balkonun pilləkənindən də çıxıb getmələri ilə bağlı dəlilini ittihamın qiymətləndirilməsi zamanı əsaslı hesab etmir. Həmin Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmçinin, o da qeyd edilməlidir ki, müvafiq Plenum Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onunla birlikdə özgənin yaşadığı evə qanunsuz daxil olub əmlakını talamağı təklif etmiş, bunun üçün lazımi alət və vasitələr təşkil etmiş, o cümlədən özü ilə silah görünümlü alışqan və bıçaq da götürmüş, hər üçü fərdi yaşayış evinin hasarından adlayıb evin ikinci mərtəbəsinə qalxaraq balkondan evə daxil olmuş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qışqırmaması üçün ağzını tutmuş, onu hədələmiş, xəsarət yetirmiş, bununla bərabər, Təqsirləndirilən şəxs1 silah görünümlü alışqanı və bıçağı zərərçəkmişləri qorxutmaq üçün onlara tuşlamış, zərərçəkmiş şəxslər və şahidlər onun silah olmadığını dərk etməmiş, qorxmuş, həyat və sağlamlıqlarına ünvanlanan hədəni silahla bərabər real qəbul etmiş, bu zaman Xaqani Hüseynzadə ev əhlindən pul tələb etmiş, zərərçəkmiş şəxslərdən Mehparə Hüseynova 150 manat miqdarında pulu onlara doğru atmış, Təqsirləndirilən şəxs3 pulları yerdən topladıqdan sonra təqsirləndirilən şəxslər evdən çıxıb getmişlər. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin dəlillərini yuxarıda sadalanmış işin faktiki hallarına və qanunvericilik normalarına və formalaşmış məhkəmə təcrübəsinə əsasən əsaslı hesab etmir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İşin yuxarıda təhlil olunan faktiki hallarından və müvafiq sübutların təhlilindən görünür ki, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri iş üzrə digər sübutlarla təsdiq olunur, onların ifadələrinin Zərərçəkmiş şəxs xəsarət yetirməməsi, quldurluq niyətinin olmaması, pulu götürməmələri ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdiyi ifadələrinin həmin hissəsini qeyri-mötəbər hesab edərək, qalan hissədə ittihamın yuxarıda qeyd edilmiş digər sübutları ilə bərabər mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı həm özlərinin, həm də zərərçəkmiş və şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, ekspertiza rəyi, üzləşdirmə haqqında, ifadənin yerində yoxlanılması haqqında protokollar və onlara əlavə edilmiş videodisklər, maddi sübutlar, digər istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, : Təqsirləndirilən şəxs1 əvvəllər CM-in 127.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə məhkum edilmişdir, məhkumluğu yoxdur. ( İİİ Cild, i.v 13-14, 20-33); Təqsirləndirilən şəxs2 RF-da xx.xx.2011-ci ildə RF-da məhkum edilmiş, xx.xx.2013cü ildə cəzadan 1 il 8 ay 16 gün vaxtından əvvəl azad edilmişdir, məhkumluğu yoxdur (İİİ Cild, i.v.15-16); Təqsirləndirilən şəxs3 2019-cu ildə CM-in 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir. (İİİ Cild, i.v.17-18) - 30 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, icra vərəqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, 3 azyaşlı övladı vardır. (İİ Cild, i.v. 229, İİİ Cild, i.v. 103-105) - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ Cild, i.v. 239) - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (İİ Cild, i.v. 243) Həmçinin, himayəsində bir azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 3 azyaşlı övladının, Təqsirləndirilən şəxs1 bir azyaşlı övladının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 əvvəllər yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətində məhkum olunması onun mülkiyyət əleyhinə cinayətlərə meyilli olduğunu göstərməklə, şəxsiyyəti xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı yüngülləşdirən halın olmasını və hər üçünün cəzasını ağırlaşdıran halın olmamasını, cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin tələbləri və təqsirli bilinəcəkləri maddənin sanksiyası daxilində elə həddə cəzalandırılmalıdır ki, təyin ediləcək cəza cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd olunmuşdur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı ilə müəyyən olunmuş hüquqi mövqeyə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə tam toplanılaraq ona cinayətlərin məcmusu üzrə qəti cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmünə əsasən çəkilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkdiyi müddət cəza müddətindən çıxılaraq, qəti cəza müddətinə hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2025-ci il, Təqsirləndirilən şəxs3 tutulduğu 20 yanvar 2025ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1 ədəd üzərində qotazları və kəsiyi olan qara və açıq palıdı rəngli köynək, 1 ədəd qara rəngli qadın köynəyi və 3 ədəd narıncı rəngli fəhlə əlcəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılaraq ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmünə əsasən çəkilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkdiyi müddət cəza müddətindən çıxılaraq, qəti cəza müddətinə hesablansın və üzərində qəti olaraq 8 (səkkiz) il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1 ədəd üzərində qotazları və kəsiyi olan qara və açıq palıdı rəngli köynək, 1 ədəd qara rəngli qadın köynəyi və 3 ədəd narıncı rəngli fəhlə əlcəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar