Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-262/2022 24.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, Cəlilabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 5,819 qram və 6,724 qram olmaqla, ümumi təmiz çəkisi 12,543 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) əldə etmiş, üzərində saxlamış və daşımışdır. 10 noyabr 2021-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsi (bundan sonra – Cəlilabad RPŞ-nin) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin (bundan sonra – BNMİ CBRŞ) əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin yaxınlığında saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibində olmuş göstərilən heroinlər və bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər hər gün təxminən 0,1-0,2 qram heroindən çəkməklə istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Soyuducu və kondisioner ustası işləsə də, atasının onun narkotik vasitə istifadə etməsinin qarşısını almaq məqsədilə ondan qazandığı pul məbləğlərinin əksər hissəsini alması səbəbindən istifadəsinə lazım olmuş heroini həmişə təxminən 1-2 qram çəkidə almışdır. 10 noyabr 2021-ci il tarixdə saat 17 radələrində əvvəllər tanıdığı, Cəlilabad RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləmiş Rəhman adlı şəxs (bundan sonra – Rəhman) mobil nömrəsinə zəng edib ondan xarab olmuş soyuducusunu düzəltməsi üçün birlikdə yaşadığı evə getmələrini, bunun üçün Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin yaxınlığında görüşmələrini xahiş etmişdir. Əvvəllər bir neçə dəfə telefon danışığı zamanı Rəhmanın ondan etdiyi xahişdən sonra Rəhmanın yaşadığı evə gedib kondisioner və soyuducu düzəltdiyinə görə sonuncunun sözlərindən şübhələnməmiş və təklifi ilə razılaşıb dərhal sonra “Green Store” marketinin qarşısına gəlmiş, orada Rəhmanla görüşüb həmin marketə daxil olmuşlar. O, bir sıra zəruri ərzaq malları alıb Rəhmanla birlikdə marketdən çölə çıxarkən iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlamış, ona Cəlilabad RPŞ-yə getməli olduğunu demişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını və Cəlilabad RPŞ-yə getməkdən imtina etdiyini bildirərək çırpınmaqla müqavimət göstərmiş, onların əlindən çıxıb qaçmağa çalışmışdır. Polis əməkdaşları onu güc tətbiq edib polis avtomobilinə mindirib Cəlilabad RPŞ-yə gətirmişlər. 17 noyabr 2021-ci il tarixdə Bakı istintaq təcridxanasında müayinə edilərkən bədənində aşkar edilmiş xəsarətlərin sol gözaltı və sol kürək nahiyələrindəki qançırdan ibarət hissələrini polis əməkdaşlarının onu avtomobilə mindirməsi zamanı almışdır. Lakin ona Cəlilabad RPŞ-yə gətirilməsinədək hər hansı polis əməkdaşı zərbə vurmamışdır. Cəlilabad RPŞ-də olanda Şahid1 qolları və ayaqlarını oturduğu stula skoçla bağlayıb əynindəki şalvarın sol cibinə iki ədəd bükümdə heroin və bir ədəd elektron tərəzi qoymuş, yalnız qarın nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vuraraq onu həmin kütlələrin özünə məxsus olmasını etiraf etməyə məcbur etmişdir. Şahid1 başqa polis əməkdaşı ona qarşı zor tətbiq etməmişdir. Göstərdiklərinə əsasən məcburiyyət qarşısında qalıb Şahid1 tələbi ilə razılaşmış, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol cibindən iki ədəd bükümdə heroin və bir ədəd elektron tərəzini çıxarıb stolun üzərinə qoymuş, həmin kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu demiş və müdafiəçisinin iştirakı ilə etirafedici məzmunda şəxsən izahat yazıb imzalamışdır. İş üzrə ibtidai istintaq aparmış müstəntiq tərəfindən kompüterdə adından tərtib edilmiş, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokollara müdafiəçisinin iştirakı ilə, eləcə də 21 fevral 2022-ci il tarixdə Cəlilabad rayon prokurorluğuna yazılmış izahata həmin müstəntiqin ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cərimə cəzasına məhkum ediləcəyi barədə vəd verməsinə inandığına görə imza etmiş, həmin izahat və ifadələrinin sonuna məzmunlarını təsdiq etdiyi barədə şəxsən qeydlər yazmışdır. Bununla bağlı ona zor tətbiq edilməmişdir. Sonradan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildiyinə görə bu barədə müstəntiqin tərtib etdiyi qərara imza etməkdən imtina etmişdir. Belə olan halda, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldakı ifadəsinə imza etməsi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokollardakı ifadələrinin şəxsən yazdığı izahatı ilə eyni məzmunda olmasının səbəbi barədə verilmiş suala cavab vermək istəmir. 17 noyabr 2021-ci il tarixdə Bakı istinaq təcridxanasında müayinə edilərkən bədənində aşkar edilmiş xəsarətlərlə bağlı təcridxananın rəisinə yazdığı izahatının məzmununu təsdiq edir. Həmin tarixdə müayinə zamanı hər iki said və qarın nahiyələrində aşkar edilmiş çoxlu sayda qərtməkli yaralardan ibarət xəsarətləri iş üzrə tutulmamışdan əvvəl əsəbiləşərək özü-özünə yetirmişdir. Göstərdiyi səbəblərdən ibtidai araşdırma zamanı şifahi qaydada verdiyi izahat, şəxsən yazdığı izahat, adından tərtib edilmiş izahat və ifadələr, eləcə də Cəlilabad rayon prokurorluğuna verdiyi izahatının məzmununu təsdiq etmir, ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroinlər və elektron tərəzinin ona aidiyyəti yoxdur. Hesab edir ki, Rəhmana əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün vəd verdiyi müəyyən məbləğdə pulu vermədiyinə görə sonuncu onun hazırki iş üzrə qərəzli şəkildə cinayət məsuliyyətinə cəlb edilməsini təşkil etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 10 noyabr 2021ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdiyi izahatı, sonra şübhəli şəxs qismində şəxsən yazdığı izahatı, müvafiq olaraq 11 və 12 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ona Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə müraciəti üzrə Cəlilabad rayon prokurorluğunda 28 C-22 nömrəli materialı üzrə araşdırma aparılarkən 21 fevral 2022-ci il tarixdə verdiyi izahatında məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhərində yerləşən “Bazarstore” marketinin yaxınlığında yerdən tapdığı, iki ədəd bükümdə olmuş heroini satış deyil, şəxsən istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Saat 21 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Green store” marketinin yaxınlığında olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Cəlilabad RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən iki ədəd bükümdə heroinlər və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, şifahi qaydada verdiyi izahatında həmin heroinləri ifadəsində göstərdiyi qaydada tapdığını və elektron tərəzini şəxsi istifadəsinə lazım olmuş heroinin çəkisini dəqiqləşdirmək məqsədilə üzərində saxladığını demişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir (səh. 18-20, 34-36, 47-49). Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işi materialları ilə tanış etmə barədə” 15 fevral 2022-ci il tarixli protokol və Müdafiəçi1 tərəfindən verilmiş yazılı vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işi materialları ilə tanış olarkən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, buna görə də müdafiəçi Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsi barədə yazılı vəsatət vermişdir (səh. 132, 133). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində iş üzrə saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsinin mexanizmi və nəticələri barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - Əmrah) üzərində narkotik vasitə olması barədə 10 noyabr 2021-ci il tarixdə Cəlilabad RPŞ-yə daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında, Cəlilabad RPŞ-nin rəisi tərəfindən qəbul edilmiş əmrlə yaradılmış əməliyyat qrupuna daxil edilmiş BNMİ CBRŞ-nin əməliyyat müvəkilləri X6 və Şahid3, polis nəfəri Şahid4 ilə birlikdə saat 21 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin qarşısında saxlamışlar. Bu zaman Əmraha üzərində narkotik vasitə olması barədə şübhə olduğuna görə onlarla birlikdə Cəlilabad RPŞ-yə getməli olduğunu deyəndə Əmrah onlara üzərində narkotik vasitə olmadığını və Cəlilabad RPŞ-yə getməkdən imtina etdiyini bildirərək çırpınmaqla müqavimət göstərmiş, onların əlindən çıxıb qaçmağa çalışmışdır. Buna görə də Əmrahı güc tətbiq edib polis avtomobilinə mindirmiş və Cəlilabad RPŞ-yə gətirmişlər. Əmrah barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və onun saxlanılması prosesində əvvəllər Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş X4 hər hansı formada iştirak etməmiş, sonuncu Əmrahın saxlanıldığı yerə gəlməmişdir. O və hər hansı polis əməkdaşı Əmraha qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq etməmiş, üzərinə narkotik vasitə və elektron tərəzi qoymamışdır. Əmrahın üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola imza etmişdir. Sonuncunun ifadəsində o və digər polis əməkdaşlarının əleyhinə dedikləri tamamilə yalandır, müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin əməliyyat müvəkilləri X6 və Şahid3, polis nəfəri Şahid4 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Şahid1 ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar və əməliyyat qrupunun yaradılması barədə əmr, keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi barədə raport və akt, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi, həmçinin sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi heroinlər və bir ədəd elektron tərəzinin ona məxsus olduğunu göstərməsi, iş üzrə hər hansı halı mübahisələndirməməsi müəyyən edilir (səh. 3- 7, 10, 18, 19). - Cəlilabad Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 5(073)10/2022 nömrəli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 19/1127 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,819 qram və 6,724 qram olmaqla, ümumi təmiz çəkisi 12,543 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindir. Xarici görünüşü və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidir. Ekspertiza xərci 50 manatdır (səh. 24, 25). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Cəlilabad RPŞ-nin səlahiyyətli şəxsinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli raportda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (səh. 91). - Məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 1227 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs şifahi qaydada verdiyi izahatında iş üzrə üzərindən aşkar edilmiş heroini şəxsən istifadə etməsi məqsədilə əldə etdiyini göstərmişdir. Onda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (səh. 69). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2700 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi zaman və müayinə zamanı hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. O, həmin əməl törədilərkən və müayinə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (səh. 105, 106). Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) iş üzrə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində, eləcə də ibtidai istintaqın sonunda cinayət işi materialları ilə tanış olarkən üzərindən aşkar edilmiş heroinlərə münasibətdə satış niyyətinin olmaması, buna görə də özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsindən ibarət olduğu halda, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bunun əksinə olaraq, ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroinlər və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi səbəbindən müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada, bundan sonra yazılı qaydada etirafedici məzmunda izahatlar verməsi, bundan sonra müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cərimə cəzasına məhkum ediləcəyi ilə aldadılması səbəbindən müstəntiqin kompüterdə adından tərtib etdiyi etirafedici ifadələri və izahatına imza etməsindən ibarət olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində, eləcə də ibtidai araşdırmanın əvvəlində verdiyi izahatlarında özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərin məzmunca bir-biri ilə kəskin ziddiyyət təşkil etməsi onların əsassız olmasının ilkin göstəricisidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə istintaqı zamanı müdafiəçinin verdiyi vəsatət üzrə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş şəxsi işə baxış keçirilərkən kserosurətləri çıxarılaraq cinayət işinə əlavə edilmiş, sonuncunun 17 noyabr 2021-ci il tarixdə Bakı istintaq təcridxanasında (bundan sonra – təcridxana) müayinə edilməsinə dair tərtib edilmiş akt, təcridxananın rəisinə yazdığı izahat və təcridxananın Cəlilabad rayon prokurorluğuna ünvanladığı məktubdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs təcridxananın tibbi-sanitar hissəsində müayinə edilərkən hər iki said və qarın nahiyələrində çoxlu sayda qərtməkli yaralar, sol gözaltı və sol kürək nahiyələrində sarımtıl bənövşəyi rəngli qançır aşkar edilmişdir. Sonuncu bununla bağlı təcridxananın rəisinə yazdığı izahatında hər iki said və qarın nahiyələrindəki çoxlu sayda qərtməkli yaraları iş üzrə tutulmamışdan əvvəl əsəbiləşərək özü-özünə yetirməsi, sol gözaltı və sol kürək nahiyələrindəki qançırı isə iş üzrə tutulması zamanı aldığını göstərmiş, təcridxana bu barədə Cəlilabad rayon prokurorluğuna məlumat vermişdir. Cəlilabad rayon prokurorluğunda araşdırılması aparılmış 28 C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 fevral 2022-ci il tarixli qərar və həmin araşdırma zamanı Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə verdiyi izahatının surətlərindən görünür ki, sonuncu iş üzrə ona Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə etdiyi müraciət üzrə Cəlilabad rayon prokurorluğunda verdiyi izahatında polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilmədiyini, bədənində hər hansı xəsarət olmadığını və bu səbəbdən məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini göstərdiyinə, beləliklə də araşdırma zamanı iş üzrə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilmədiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilmişdir. Beləliklə, göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdə Bakı istintaq təcridxanasında müayinə edilərkən bədənində aşkar edilmiş xəsarətləri aldığı şərait barədə təcridxananın rəisinə yazdığı izahatında hər iki said və qarın nahiyələrindəki çoxlu sayda qərtməkli yaraları iş üzrə tutulmamışdan əvvəl əsəbiləşərək özü-özünə yetirməsi, sol gözaltı və sol kürək nahiyələrindəki qançırı isə iş üzrə tutulması zamanı almasından ibarət məzmunda göstərsə də, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin izahatının məzmununu təsdiq etdiyini, müvafiq müraciəti üzrə araşdırma aparılarkən Cəlilabad rayon prokurorluğunun əməkdaşına verdiyi izahatında iş üzrə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilmədiyini, bədənində hər hansı xəsarət olmadığını və bu səbəbdən məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirsə də, bununların əksinə olaraq, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Green Store” marketindən çölə çıxarkən polis əməkdaşlarının onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb ona Cəlilabad RPŞ-yə getməli olduğunu deyərkən polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını və Cəlilabad RPŞ-yə getməkdən imtina etdiyini bildirərək çırpınmaqla müqavimət göstərdiyini, onların əlindən çıxıb qaçmağa çalışdığını, polis əməkdaşlarının onu güc tətbiq etməklə polis avtomobilinə mindirib Cəlilabad RPŞ-yə gətirdiklərini, buna qədər ona hər hansı polis əməkdaşının zərbə vurmadığı və xəsarət yetirmədiyini, Cəlilabad RPŞ-də olarkən polis əməkdaşı Şahid1 onun qolları və ayaqlarını oturduğu stula skoçla bağlayıb yalnız qarın nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurduğunu və sonuncudan başqa polis əməkdaşının ona qarşı zor tətbiq etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş bütün polis əməkdaşları da verdikləri ifadələrində Təqsirləndirilən şəxs iş üzrə saxlanılma şəraiti barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Məhkəmə buna görə də hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ona qarşı polis əməkdaşı Şahid1 tərəfindən zor tətbiq edilməsi səbəbindən müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada, bundan sonra yazılı qaydada etirafedici məzmunda izahatlar verməsi barədə irəli sürdüyü dəlillər özünün yuxarıda göstərilən izahat və ifadələrinin bir-biri ilə ziddiyyət təşkil edən məzmunda olması, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid1 onun yalnız qarın nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurduğunu, 17 noyabr 2021-ci il tarixdə Bakı istintaq təcridxanasında müayinə edilərkən qarın nahiyəsində çoxlu sayda aşkar edilmiş qərtməkli yaraların isə iş üzrə tutulmamışdan əvvəl əsəbiləşərək özü-özünə yetirməsi səbəbindən yarandığını göstərməsi ilə yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələr və Cəlilabad rayon prokurorluğunda araşdırılması aparılmış 28 C-22 nömrəli materialı üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 fevral 2022-ci il tarixli qərarla tamamilə təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, məhkəmə istntaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, əvvəllər heroindən hər gün təxminən 0,1-0,2 qram çəkməklə istifadə etdiyi, narkotik vasitə istifadə etməsinin qarşısını almaq məqsədilə atasının ondan qazandığı pul məbləğlərinin əksər hissəsini alması səbəbindən istifadəsinə lazım olmuş heroini həmişə təxminən 1-2 qram çəkidə aldığı halda, ümumi təmiz çəkisi 12,543 qram təşkil edən heroini şəxsi istehlak miqdarından 83 dəfə, külli miqdarından 6 dəfədən artıq miqdarda, iki ədəd bükümdə, ayrı-ayrılıqda 5,819 qram və 6,724 qram olmaqla, onun birdəfəlik şəxsi istifadə dozasından dəfələrlə artıq miqdarda olduğuna görə şəxsi istifadə xarakterini kifayət qədər aşan çəkidə əldə etməsi, üzərində bir ədəd elektron tərəzi ilə birlikdə saxlayıb Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin yaxınlığına, yəni ictimai yerə daşımasından ibarət işin faktiki halları həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir və müvafiq əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə göstərilən nəticəyə gələrkən, həmçinin əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Cəlilabad RPŞ-nin səlahiyyətli şəxsinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli raportda əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatların əldə edilməsinin göstərildiyini, sonuncunun müvafiq olaraq ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş heroinlər və bir ədəd elektron tərəzinin ona məxsus olması və olmaması barədə bir-biri ilə kəskin ziddiyyət təşkil edən məzmunda göstərdiyini də nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan, “Elektron tərəziyə baxış keçirilməsi haqqında” 13 noyabr 2021-ci il protokolda (səh. 57, 58) Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzinin işlək vəziyyətdə olmadığı göstərilsə də, bu hal onun həmin tərəzini üzərində gəzdirməsinin ondan aşkar edilmiş heroinlərə münasibətdə satış niyyətinə xidmət etməsi barədə nəticəyə gəlməyə mane olmur. Çünki Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan verdiyi bütün izahat və ifadələrində iş üzrə ondan aşkar edilmiş elektron tərəzini üzərində gəzdirməkdə yeganə məqsədinin şəxsi istifadəsinə lazım olmuş heroinin çəkisini dəqiqləşdirmək olduğunu göstərmişdir. Belə olan halda sonuncunun həmin tərəzini işlək vəziyyətdə olmadığını bilib ümumi təmiz çəkisi 12,543 qram təşkil edən heroinlə birlikdə üzərində saxlaması onun üçün digər əhəmiyyət kəsb edə bilməzdi. Digər tərəfdən, məhkəmə istintaqı zamanı müdafiə tərəfi göstərilən tərəzinin Təqsirləndirilən şəxs məxsus olmadığını və üzərinə polis əməkdaşı tərəfindən qoyulduğunu bildirməklə, faktiki olaraq Təqsirləndirilən şəxs həmin tərəzini işlək vəziyyətdə olmadığı halda, ümumi təmiz çəkisi 12,543 qram təşkil edən heroinlə birlikdə üzərində saxlamasının digər səbəblə bağlı olmasına dair dəlil irəli sürməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs göstərilən tərəzini işlək vəziyyətdə olduğunu zənn edərək, üzərində saxlayıb daşıdığı ümumi təmiz çəkisi 12,543 qram təşkil edən heroini satmaq niyyətinə xidmət etməsi üçün gəzdirdiyi barədə nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokollara müstəntiq tərəfindən guya Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cərimə cəzasına məhkum ediləcəyi ilə aldadılması səbəbindən imza etməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 12 sentyabr 2021-ci il tarixli qərara həmin ittihamın mahiyyətini bilib onunla razı olmaması səbəbindən imza etməkdən imtina etməsi və məhkəməyədək icraatın sonuna kimi özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirməsi ilə tamamilə təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan verdiyi izahat və ifadələrinin, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi özünün məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, X6, Şahid3 və Şahid4 ifadələri, “Şəxsi axtarış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 19/1127 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Cəlilabad RPŞ-nin səlahiyyətli şəxsinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli raportu, ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2700 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı və bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(073)46/2021 nömrəli hökmü və 25 fevral 2022-ci il tarixli, 7(073)59/2022 nömrəli qərarının surətləri, Cəlilabad rayon İcra və probasiya şöbəsinin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılması nəticəsində 1 il 1 ay 4 gün təşkil edir (səh. 82, 86-90, 94). Təqsirləndirilən şəxs həmin əmələ münasibətdə məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən bu məhkumluq cinayətlərin residivini yaratmır. - Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və bir nəfər azyaşlı qız uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 102, 103). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halı, ağırlığı və nəticəsini, Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu olan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində bir nəfər azyaşlı uşağının olması (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, Sumqayıt şəhər Narkoloji Dispanserinin 11 fevral 2022-ci il tarixli məktubunda sonuncunun 2020-ci ildən xəstəxanada “Narkomaniya” diaqnozu ilə qeydiyyatda olmasının göstərilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 12,443 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı bir ədəd mobil telefon aparatı onun ailə üzvünə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(073)46/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 6 (altı) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 12,443 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı bir ədəd mobil telefon aparatı onun ailə üzvünə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-262/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-262/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver