Məhkəmə qərarları › İş №1(099)-262/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-262/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-262/2023 12.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Şirvan şəhəri, L.İbrahimov küçəsi ev 20, mənzil 43-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda 2,461 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 09 oktyabr 2022ci il tarixdə saat 14:10-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, L.İbrahimov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,461 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, özü narkotik vasitə heroindən istifadə edir. 09 oktyabr 2022-ci ildə saat 12:30 radələrində Şirvan şəhərində bərbərxanada olarkən polis əməkdaşları onu saxlayıb, polis şöbəsinə aparmışlar. Həmin vaxt isə üzərində heç bir narkotik vasitə olmamış, bərbərə saçını kəsdirməyə getmişdir. Polis şöbəsində isə onu otaq-otaq gəzdirib psixoloji və fiziki təzyiqlər etmişlər. Lakin heç bir xəsarəti olmamışdır. Əməliyyatçı isə cibinə bir büküm narkotik qoyub, demişdir ki, “çəkiliş zamanı çıxart deki mənimdi”. Buna etiraz etdikdə isə demişdir ki, “yoxsa evinə aparıb bir kq mal atacayıq”. Özü evdə xalasının himayəsində yaşayır. Xalası isə xəstədədir, həm də qonum-qonşudan ayıbdır. Bütün bunlardan çəkinib, xalasına görə razılaşmışdır. Lakin aşkar edilmiş narkotikin ona heç bir aidiyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Özünün heç biri günahı yoxdur, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə edir. Bir neçə gün bundan qabaq yaşadığı Şirvan şəhəri, L.İbrahimov küçəsində gəzən zaman yerdən 01 ədəd sellofan bükülü tapmış, o həmin bükülünü açıb içərisinə baxdıqda bükülüdə narkotik vasitə olan heroin olduğunu görüb həmin bükülünün içərisində olan heroindən istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyub saxlamış, 09 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində o Şirvan şəhəri, L.İbrahimov küçəsində gəzən zaman özünü şübhəli apardığına görə polis işçiləri ona yaxınlaşıb ona polis şöbəsinə getməyini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə onun üstünə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibində özü qəbul etmək üçün saxladığı 01 ədəd sellofan bükümün içərisində heroin narkotik vasitəsini aşkar edib götürmüşlər. Sorğu zamanı o üzərindən aşkar olunmuş bükülünün içərisində olan narkotik vasitə olan heroini Şirvan şəhəri, L.İbrahimov küçəsində gəzən zaman yerdən tapdığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin olan bükülünü zərfə qoyaraq möhürləmiş, bu barədə protokol tərtib etmişlər, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini təzyiqlər altında verdiyini, sonda isə müstəntiq tərəfindən aldadılaraq imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər PŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində olması və üzərində narkotik vasitə olması, həmçinin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin ŞPŞ-nin PPXBnın polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə təxminən saat 14 radələrində Şirvan şəhəri, L.İbrahimov küçəsinə getmiş, Ceyhunu həmin küçədə “Foto Uğur” studiyasının yaxınlığında yolun kənarında görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəsi axtarış zamanı Ceyhun əynində olan ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin maddəni yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra həmin kütlə müdafiəçinin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olsa da, məlumat ümumi xarakterli olub, həmin məlumat isə öz təsdiqini tapmayıb, onun narkotik vasitələrin satışı ilə məşğul olması sübuta yetirilməyib. Təqsirləndirilən şəxs qarşı nə özü, nə də ki, digər polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq göstərilməmişdir, üzərinə narkotik vasitə qoyulmamışdır. Onun bu barədə bildirdikləri tamamilə yalan və böhtandır, məsuliyyətdən boyun qaçırmaq üçün uydurulmuş ifadələrdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 20-21) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (c İ, i.v 27-29) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1110 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi-2,461 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinidir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,411 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 40-42) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 66-67) İşdə olan, 12 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 2,411 qram narkotik vasitə heroinin qalığı maddi sübut kimi tanınmış saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir, Videoçəkilişlə baxış keçirilməsini özündə əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (c İ, i.v 70-71) İşdə olan, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin satışı ilə məşğuldur. Lakin Təqsirləndirilən şəxs konkret olaraq kimə, nə vaxt və hansı şəraitdə narkotik vasitə olan heroin satmasını müəyyən etmək mümkün olmamışdır. (Əsas: Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar) Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini haradan, kimdən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (c İ, i.v 75) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 81-82) İşdə olan, Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 120.2.5, 120.2.11, 182.2.3 və 132-ci maddələri ilə 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı cəzasından 6 ay silinməklə, 12 il, 6 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə çəkilməmiş 6 ay 8 gün vaxtından əvvəl şərti azad olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (c İ, i.v 83- 85) İşdə olan, Şirvan Şəhər Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1082 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMPnın narkoloji kabinetində Tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatdadır. (c İ, i.v 89) İşdə olan, xx.xx.2022-ci il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 100-101) İşdə olan, ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Şirvan – Salyan regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan (Şirvan, Hacıqabul) Regional filialından aylıq məbləği 180.00 manat olmaqla İİ dərəcəli əlilliyə görə sosial müavinat alır. (c İ, i.v 102) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 322 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilmə qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 103-104) İşdə olan, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 26C-23 nömrəli müraciəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 120-121) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs yuxarıda elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və təhdidlər edildiyi üçün həmin narkotik vasitə heroinin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın və ifadələrin zorakılıq, fiziki təzyiq hərəkətləri və təhdidlər tətbiq edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq, fiziki təzyiqə və təhdidə məruz qalaraq etirafedici izahat və ifadələr verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla (cild İ, i.v 120-121) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X9 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə və təhdidə məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahatın cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bildirdiklərini və ilkin izahatını CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxsdə üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən və polis şəbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı təsir, təzyiq, məcburtemə hallarının olmadığını, bu məsələ ilə bağlı təklikdə görüşüb nəsə müzakirə etməyə ehtiyyacın olmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə məruz qalmaqla ondan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, eləcədə şübhəli və təqsirləndirilən şəxs kimi izahat və ifadələrin alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona aidiyyətinin olmaması, həmin narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər və təhdidlər edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma dövründə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı söylədiyi səsli nitqi və şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə vermiş olduğu izahatı, eləcədə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 48-49), xx.xx.2022-ci ildə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən, məhkəmə iclasında verdiyi izahatı (cild İ – i.v 66-67) və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 58-60) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin özünə məxsus olmasını, onun yaşadığı ünvanın yaxınlığında yerdən tapmasını və istifadə etmək üçün üzərində saxladığını səsli nitqi ilə bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən hər hansı bir təsir, təzyiq və məcburetmə hallarına məruz qalmadığını bildirmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və hədəqorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilən narkotik vasitə heroinin özünə məxsus olmasını, onun yaşadığı ünvanın yaxınlığında yerdən tapmasını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şəxsi axtarış zamanı söylədiyi səsli nitqində, eləcədə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını, tapmasını və istifadə etmək məqsədilə üzərində gəzdirməsini, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə tərkibi eyni zamanda qeyd edir ki, dövlət ittihamçısı öz çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayət əməlini satış məqsədi ilə deyil, bu cinayətin satış məqsədi olmadan törədilməsinin təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərə tutulmuş cinayəti törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etdiyindən, Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar da Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir) ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin xüsusilə təhlükəli residivi yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin xüsusilə təhlükəli residivini yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusilə təhlükəli residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, onun ərazi narkoloji kabinetində Tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,411 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,411 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür: Hakim: Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar