Məhkəmə qərarları › İş №1(099)-263/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-263/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-263/2022 26.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, 18 avqust 1963-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lənkəran rayonunun Digah kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində 12 dekabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün 2021-ci ilin aprel ayında yaşadığı Lənkəran rayonunun Digah kəndində yerləşən torpaq sahəsində əkdiyi və cinayət məsuliyyətinə səbəb olmayan 2 ədəd narkotik xassəli çətənə bitkilərini yetişdirdikdən sonra həmin ilin avqust ayında satış məqsədi ilə, qanunsuz olaraq qurudaraq onlardan külli miqdar hesab edilən ümumi təmiz çəkisi 2105,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək üzərində “Mahmood Rice” sözləri yazılan düyü torbasına yığaraq evində gizlətmiş, 10 dekabr 2021-ci ildə, saat 20 radələrində satışını realizə etmək üçün həmin narkotik vasitə marixuananı üzərində saxlayaraq Lənkəran rayonunun Digah kəndində piyada gedərkən, bu barədə əməliyyat məlumatları almış DİN-yi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əlində saxladığı və üzərində “Mahmood Rice” sözləri yazılmış bir ədəd düyü torbasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 36 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, üzərində olan narkotik vasitəni özünün əkdiyi çətənə bitkilərindən əldə etmişdir. 10 dekabr 2021-ci ildə, saat 19-20 radələrində yaşadığı kəndin ərazisində piyada hərəkət edərkən polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilərkən üzərində bir büküm aşkar edilmiş, bükümə baxış keçirilərkən içərisində bir ovuc həcmində narkotik vasitə marixuana olmuş, lakin sonradan müstəntiq izahatında və ifadəsində onun çəkisini çox yazmış, narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün saxlamış, narkotik vasitədən satmamış və satmaq niyyətində olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 10 dekabr 2021-ci ildə baş əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonunun Digah kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində yaşadığı kəndin ərazisində piyada hərəkət edərkən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində saxladığı və üzərində “Mahmood Rice” sözləri yazılmış bir ədəd düyü torbasını təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu, kənddə pay torpaq sahəsində əkibbecərdiyini, sonra onu dərib qurudaraq öz istifadəsi üçün saxladığını, bir hissəsini özü istifadə etdiyini, qalanını isə gizlətmək məqsədi ilə apardığını bildirmiş, təqdim edilmiş torbaya baxış keçirilərkən içərisində 2110 qram narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmiş, sonra şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, vət. Təqsirləndirilən şəxs DİN, BNMİ-nin CBRŞ-nin əməkdaşlarının 10 dekabr 2021-ci ildə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 20:00 dəqiqədə Lənkəran rayonunun Digah kəndində şübhəli şəxs kimi saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, polis şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah edilməklə müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Ədalət Muradovu özünün müdafiəçisi kimi seçdikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində olan parça materiallı düyü torbasını təqdim etdi və içərisində özünəməxsus narkotik vasitə marixuana olduğunu, 2021-ci ilin aprel ayında rayonun Digah kəndində torpaq sahəsində əkib becərdiyini, sonra həmin bitkinin yaraqaplarını dərib qurudaraq narkotik vasitə əldə etdiyini, bu barədə ailə üzlərinin məlumatı olmadığını bildirmiş, narkotik vasitə marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərkən ilkin çəkisi 02 kq 110 qram oldu. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2021-ci il tarixli 19/1214 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd parçadan olan torbada qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 01 ədəd torbada təmiz çəkisi 2105,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2021-ci il tarixli 1310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhər görülür. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması, qəbulu və satışı ilə məşğul olur. Üzərində aşkar olunmuş külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı satışını həyata keçirməsi üçün üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bundan başqa, əldə olunan əməliyyat məlumatlarına əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni, özü, toxumlarını əldə edərək yaşadığı rayonun Digah kəndi ərazisində dəqiq yeri müəyyən edilməyən yerdə əkib, qulluq edərək yetişdirdikdən sonra dərib qurudaraq əldə etmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, vət. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. İş materiallarında olan Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının 15 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda deyildir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 01 ədəd torbada qalıq çəkisi-2104,98 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd CD diskdə videogörüntü Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə məhkəməyədək və məhkəmə icraatı zamanı verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «torbada aşkar edilmiş narkotik vasitə marixuananın ittiham aktında qeyd olunduğu çəkidə deyil, bir ovuc içi qədər olmuşdur» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır. Belə ki, narkotik vasitə olan marixuananın külli miqdar təşkil etməsi və onun şəxsi istehlak miqdarından dəfələrlə çox olması göstərilən narkotik vasitənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatı ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngüləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda AR-sı Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 10 dekabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 12 dekabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 10 dekabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər - Lənkəran rayon məhkəməsinin 28 oktyabr 2008ci il tarixli hökmü ilə, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2009-cu ildə cəzasının sonu ilə azad olunmuş - hazırda məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, Lənkəran rayonu Digah kəndində qeydiyyatda olmaqla arvadı və qızı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 01 ədəd torbada qalıq çəkisi - 2104,98 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskdə olan videogörüntü ccinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 10 dekabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsinvə o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 01 ədəd torbada qalıq çəkisi - 2104,98 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar