Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-264/2023 30.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X7 oğlunun sədrliyi ilə, hakimlər – X2 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mehralı oğlunun iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 7.173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməyən təmiz çəkisi 0.135 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, dövlət qeydiyyat nömrə nişanları olmadan idarə etdiyi “Chevrolet Ravon” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 dekabr 2022ci il tarixdə, saat 11:30 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsi ilə hərəkətdə olan zaman aşkar inzibati hüquq pozuntusunun törədilməsi ilə əlaqədar olaraq idarə etdiyi avtomobil, həmin marşrut üzrə xidmətdə olan Salyan rayon X4 X5 əməkdaşları tərəfindən saxlanılaraq sürücünün iştirakı ilə Salyan RPŞ-nin duracağına gətirilmiş, sürücü Təqsirləndirilən şəxslə aparılan profilaktiki söhbət zamanı o, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını polis əməkdaşlarına bildirmiş, bu səbəbdən Təqsirləndirilən şəxs Dövlət X5 əməkdaşları tərəfindən saat 11:50-də üzərində şəxsi axtarış aparılması üçün RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əynində olan qara rəngli jiletin sol yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron əl tərəzisi isə əynində olan qara rəngli jiletin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olmaqla kənddən müştəri gətirən vaxt Salyan rayonunda DYP əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada üzərində olan narkotik vasitəni və psixotrop maddəni özü polis əməkdaşlarına təqdim etmiş, onları öz istifadəsi üçün üzərində saxlamış, satmaq fikri olmamışdır. Həmçinin onun üzərində tərəzi olmuş, tərəzidən istifadə etdiyi narkotik vasitənin dozasının artıq olmaması üçün istifadə etmişdir. Yol polisi əməkdaşları onu saxlayıb maşınını şöbəyə apardıqdan sonra orada üzərində narkotik vasitə olduğunu özü onlara demiş, həmçinin saxlanılana kimi narkotik vasitəni polislərə təhvil vermək ürəyindən keçmişdir.O çox vaxt Neftçala rayonunda olmuş, müştəri olanda aparıb Salyan rayonunda düşürüb qayıtmışdır. DYP-nin əməkdaşları onunla maşınla bağlı söhbət edərkən o özü həmin şəxslərə üzərində narkotik vasitə və tərəzi olduğunu deyib onları təqdim etmiş, aparılan videoçəkiliş zamanı polislər narkotik vasitəni və tərəzini yenidən ona verərək çəkiliş aparılan vaxtı təqdim etməyini istəmiş, o da onların dediyi kimi etmişdir. Narkotik vasitə qəbul etməkdən bezdiyinə görə polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmiş, Vətən müharibəsində iştirak edib qayıtdıqdan sonra aldığı travmaya görə narkotik vasitə istifadə etmiş, müharibədən gələndən sonra psixoloq müayinəsində olmuş, ona müalicə üçün çağırılacağı deyilsə də sonra müalicə üçün çağırılmamışdır, DYP əməkdaşları ondan üzərində şübhəli nəsə olub olmadığını soruşduqları zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, təqribən 1 ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin qəbul edir, gün ərzində təqribən 0.2 qram narkotik vasitə heroin qəbul edir, narkotik vasitəni hər dəfə müxtəlif yollarla əldə etmiş, 03 dekabr 2022-ci il tarixdə o, yenidən narkotik vasitə heroin qəbul etmək fikrinə düşmüş, bunun üçün o, “kakos” kimi tanıdığı narkotik vasitə heroin əldə etməliymiş, feysbuk sosial şəbəkəsində olan profili vasitəsilə “S.MKKK” profilini arayıb axtarmış, həmin profilin sahibinin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə öz tanışları vasitəsilə əvvəlcədən məlumatlı olmuş, bunun üçün də o, 03 dekabr 2022-ci il tarixdə saat təqribən 19 radələrində sosial şəbəkədə olan profili vasitəsilə həmin profilin admini ilə əlaqə yaradıb öz mobil telefon nömrəsini (***-***-**-**) sms vasitəsilə həmin profilə göndərmiş, təxminən 1 saat sonra onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə avtomat telefondan zəng gəlmiş, o, həmin şəxslə danışıb telefonda ona 2 büküm narkotik vasitə heroin istədiyini, bunun üçün də ona 60 manat pul göndərəcəyini bildirmiş, iki büküm deyərkən hər bükümdə ayrıayrılıqda 0.7 qram çəkidə narkotik vasitə heroin olurmuş, telefonda onunla danışan şəxs 60 manatlıq narkotik vasitə göndərə bilməyəcəyini, 7-8 büküm göndərə biləcəyini bildirmiş, o da narkotik vasitəyə ehtiyacı olduğu üçün razılaşmış, aralarında olan bu danışıqdan təxminən 1 saat sonra həmin şəxs yenidən eyni qaydada telefonla ona zəng edərək plastik kart nömrəsi demiş və ondan pulu həmin karta göndərməyi tələb etmiş, o da həmin kartın nömrəsini özündə qeyd etmiş, razılığa əsasən o, həmin şəxsə 300 manat pul göndərməli imiş, həmin vaxtı o, artıq Bakı şəhərində olmuş, Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında olan merktelərdən birinin qarşısında olan ödəmə terminalı vasitəsilə həmin kart hesabına 300 manat pul göndərmiş, həmin günü saat təqribən 23 radələrində həmin şəxs yenidən telefonla ona zəng edərək Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında küçədə zibil qutusunun içərisində su qabının içərisində narkotik vasitə heroini qoyduğunu bildirmiş, o, həmin yeri müəyyən edib oradan 1 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin olmasını görmüş, narkotik vasitə və psixotrop maddələr olan bükümləri cibinə qoymuş, daha sonra lizinq müqaviləsi əsasında idarə etdiyi **-PZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Ravon” markalı avtomobilə əyləşib həmin avtomobildə özünə məxsus olan 1 ədəd elektron tərəzidə həmin narkotik vasitə və psixotrop maddəni çəkmiş, heroin 9 qrama, metamfetamin isə 0.3 qrama yaxın təşkil etmiş, o, həmin günün sabahı Bakı şəhərindən Salyan rayonuna gəlmiş, saat təqribən 11 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində xidmətdə olan yol polisi əməkdaşları ondan avtomobili saxlamağı tələb etmiş, o da avtomoibili saxlamış, polis əməkdaşları ona haqlı irad bildirərək avtomobilin dövlət qeydiyyat nişanlarının olmadığını bildirmiş, buna görə də polis əməkdaşları ona inzibati qayda pozuntusu törətdiyi üçün inzibati məsuliyyətə cəlb ediləcəyini, avtomobilin isə duracağa yerləşdiriləcəyini izah etmiş, o da törətdiyi hüquq pozuntusu ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə Salyan rayon polis şöbəsinə gəlmiş, avtomobili polis şöbəsinin duracağına yerləşdirilən zaman o, polis əməkdaşlarına aralarında olan törətdiyi qayda pozuntusu ilə bağlı söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu və hazırda üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmiş, bundan sonra polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılacağını bildirmiş, polis şöbəsində müstəntiq tərəfindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı ilə şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə, psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o da həmin anda əynində olan qara rəngli üst geyimi olan jiletin sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd polietilen büküm, eyni zamanda içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd kağız bükümü və 1 ədəd elektron əl tərəzisini çıxarıb masanın üzərinə qoymuş, müstəntiq ondan üzərində olan digər əşyaları da təqdim etməyini xahiş etdikdə üzərində başqa əşya olmadığını bildirmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla saxlanılması, daşınması və gəzdirilməsi qadağan olunan əlavə əşya aşkar edilməmiş, müstəntiq onun təqdim etdiyi polietilen bükümə baxdığı vaxt içindəki kütlənin narkotik vasitə heroin, kağız bükümdəki kütlənin isə psixotrop maddə metamfetaminə oxşadığını bildirmiş, ondan həmin kütlələr barədə soruşulduqda həmin kütlələrdən polietilen bükümdəki “kakos” kimi tanıdığı narkotik vasitə heroin, kağız bekemdəki isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütlələri 03 dekabr 2022-ci il tarixdə Feysbuk sosial şəbəkəsi vasitəsilə 300 manata əldə etdiyini bildirmiş, həmin kütlələri istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, həmin kütlələrdən heç kimə verməmiş, yaxud satmamış, həmçinin həmin kütlələri üzərində saxlayarkən satış məqsədi olmamış, şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 2 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar kütlələr, həmçinin 1 ədəd elektron əl tərəzisi müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüş, bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon X4 X5 baş dövlət avtomobil müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində xidmətdə olan zaman həmin küçə ilə hərəkətdə olan “Chevrolet Ravon” markalı avtomobilin dövlət nömrə nişanının avtomobilin üzərində olmadığını aşkar edib həmin avtomobili xüsusi işarə ilə saxlamışlar. Sürücü Təqsirləndirilən şəxs törətdiyi inzibati hüquq pozuntusunun mahiyyəti və məzmunu izah edilməklə avtomobilin Salyan RPŞ-nin duracağına yerləşdiriləcəyini bildirilmiş, o, buna etiraz etməmişdir. Bundan sonra DYPB-nin əməkdaşı Şahid3 sürücü ilə birlikdə avtomobili dayandığı yerdən idarə edərək Salyan RPŞ-nin duracağına gətirmişlər. Avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı sürücünün iştirakı ilə akt tərtib etmişlər. Akt tərtib edilən zaman sürücü ilə aparılmış profilaktiki söhbət zamanı o, üzərində narkotik vasitə olmasını bildirmiş, bu səbəbdən də onu Salyan RPŞ-nin inzibati binasına gətirib raportla bu barədə rəhbərliyə məruzə edərək polis şöbəsinə təhvil vermişlər.Sonra onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Onlar maşına baxış keçirtmiş, Təqsirləndirilən şəxs maşına baxış keçirəcəklərini bilib üzərində narkotik vasitə olduğunu demişdir. Şəxi axtarış zamanı Təqsirləndirilən şəxs ciblərinin birindən tərəzini, birindən isə narkotik vasitəni çıxarıb təqdim etmiş, onlarda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə heç bir əməliyyat məlumatı olmamışdır.Onun avtomobilini üzərində dövlət nömrə nişanının olmamasına görə saxlamışlar. Avtomobil duracağa yerləşdiriləndə ona baxış keçirilir və akt tərtib olunur. Akt tərtib olunanda Təqsirləndirilən şəxs üzərində və maşınında hər hansı bir qadağan olunmuş əşya və ya digər nəsə varsa təqdim etməyi təklif olunmuş, həmin vaxt o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon X4 X5 Yol Patrul Xidmətinin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində xidmətdə olan zaman həmin küçə ilə hərəkətdə olan “Chevrolet Ravon” markalı avtomobilin dövlət nömrə nişanının avtomobilin üzərində olmadığını görüb onu saxlamışlar. Sürücü Təqsirləndirilən şəxs avtomobili dövlət qeydiyat nişanı olmadan idarə etdiyinə görə inzibati hüquq pozuntusu törətdiyini izah edib avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişlər. Bundan sonra o sürücü ilə birlikdə avtomobili dayandığı yerdən idarə edərək Salyan RPŞ-nin duracağına gətirmişdir. Avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı sürücünün iştirakı ilə akt tərtib olunmuşdur. Akt tərtib edilən zaman sürücüyə üzərində qanunsuz olaraq saxladığı əşya və ya başqa nəsə varsa təqdim etməyi təklif olunmuş, bu zaman o, üzərində narkotik vasitə olmasını bildirmişdir. Bu səbəbdən də onu Salyan RPŞ-nin inzibati binasına gətirib polis şöbəsinə təhvil vermişlər. Maşının duracağa yerləşdirilməsi barədə sənədləşmə polis şöbəsində aparılmışdır. Maşın duracağa qoyulandan sonra bu barədə akt tərtib olunanda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu demişdir. Maşının yük yerində təqsirləndirilən şəxsə aid əşyalar olmuş, amma maşının dövlət qeydiyyat nömrəsi olmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt qabaq buferi ustaya verdiyini, nömrənin də buferin üstündə qaldığını demiş, nömrə maşında olmamışdır.Duracaq polis şöbəsinin həyətində yerləşmiş, avtomobilin duracağa yerləşdirilməsi barədə protokol inzibati binada tərtib olunmuş, inzibati binaya daxil olarkən üzəri yoxlanılmalı olduğu üçün və həm də qeyri adekvat hərəkətlər etdiyi üçün Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya nəsə olduğunu soruşmuşlar.Həmin vaxt onun narkotik vasitə istifadə etməsi yoxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon X4 X5 Yol Patrul Xidmətinin inspektoru Şahid2 oğlu ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində xidmətdə olan zaman həmin küçə ilə hərəkətdə olan “Chevrolet Ravon” markalı avtomobilin dövlət nömrə nişanının avtomobilin üzərində olmadığını görüb onu saxlamışlar. Sürücü Təqsirləndirilən şəxs avtomobili dövlət qeydiyat nişanı olmadan idarə etdiyinə görə inzibati hüquq pozuntusu törətdiyini izah edib avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişlər. Bundan sonra onun avtomobili Salyan RPŞ-nin duracağına gətirilmişdir. Avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı sürücünün iştirakı ilə akt tərtib olunmuşdur. Sürücü inzibati binaya daxil olanda ona üzərində qanunsuz olaraq saxladığı əşya və ya şübhəli nəsə varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, üzərində narkotik vasitə olmasını bildirmiş, odur ki, onu növbətçi hissəyə aparmışlar. Onun hərəkətlərində şübhəli hallar olmuş və üzərində olan narkotik vasitə, eləcə də tərəzini özü təqdim etmişdir. Sürücü şöbəyə gətirildikdən sonra polisdən çıxmağa cəhd etmiş, onun gözləri axmış, sifət əlamətlərindən narkotik vasitə qəbul etməsi şübhəsi yaratmışdır. Sürücünün narkotik vasitə qəbul edib etmədiyi yoxlanılmamışdır. Onlarda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı olmamış, maşını üzərində dövlət qeydiyyat nişanı olmadığı üçün saxlamışlar, sürücü onlara maşının xarab olması və təmirdən qayıtması barədə məlumat verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 04 dekabr 2022-ci il tarixdə Salyan rayon X3 Bölməsinin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbacıqda olan narkotik vasitə heroinə oxşar kütlə, digər 01 kağız torbacıqda olan psixotrop maddə metamfetaminə oxşar kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 18/1287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: 1 ədəd polietilen kəsiyi bükümündə nəm halda təmiz çəkisi-7.173 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi-0.135 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 1254 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala RMX-nın 03 fevral 2023-cü il tarixli PHŞ-6-63/2-91/2023 saylı arayışından görünür ki, Neftçala rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əsəb-ruhi, narkoloji dispanser kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin istintaq materiallarında olan Salyan Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə Salyan RPŞ-də şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə 7.173 qram narkotik vasitə heroini və 1 ədəd kağız bükümdə 0.135 qram psixotrop maddə metamfetamini saxlanılmazdan öncə 03 dekabr 2022-ci il tarixdə Bakı şəhərində naməlum şəxsdən almışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlayaraq daşımışdır. Cinayət işinin istintaq materiallarında olan baxış aparılması haqqında 02 fevral 2023cü il tarixli protokoldan görünür ki, Azercell MMC-dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlarda Təqsirləndirilən şəxs məhkəmə qərarında göstərilən müddət intervalında bir sıra şəxslərlə 051-70-08-88 mobil nömrəsi vasitəsilə əlaqə yaratması müəyyən edilmiş, lakin baxış zamanı həmin diskdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala rayon İHB-nin Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala rayon İHB-nin Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli 130 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır və himayəsində azyaşlı uşağı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə, saat 13:15-də tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs «Laçının azad olunmasına görə, «Qubadlının azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs dəlili - narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ifadəsində öz istifadəsi üçün narkotik vasitə əldə etməsi, satış niyyəti olmamasını göstərərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2 qramdır. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 7.173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməyən təmiz çəkisi 0.135 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, bundan sonra ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 7,173 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına və Salyan RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına verilmiş cavaba istinad etməklə onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1254 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyinin aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 7.173 qram qram, yəni külli miqdarının aşağı həddindən yalnız 5,173 qram çox olması, metamfetaminin isə ümumi təmiz çəkisinin 0,135 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməməsi, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədinin olmadığını, öz istifadəsi üçün narkotik vasitə əldə etməsini göstərməsi, - üzərində aşkar olunmuş tərəzidən istifadə etdiyi narkotik vasitənin dozasının artıq olmaması üçün istifadə etməsini göstərməsi, - Təqsirləndirilən şəxs Neftçala rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatda olub yaşamasına baxmayaraq əməliyyat tapşırığının Salyan Rayon Polis Şöbəsinə verilməklə Salyan Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab raportunda hər hansı bir faktın göstərilmədən və konkret olaraq hansısa bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlayaraq daşımasının göstərilməsi, eyni zamanda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və yaxud narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əsasında saxlanılmaması, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirilməməsi, onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların «Azercell MMC» dən daxil olmuş CD diskində iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın əldə edilməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini və metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitə və psixotrop maddədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs verdiyi ifadəsində narkotik vasitə satışı niyyətinin olmaması, öz istifadəsi üçün narkotik vasitə əldə etməsi barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə iştirak etməsini, «Laçının azad olunmasına görə, «Qubadlının azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 7.123 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0.105 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 1 ədəd elektron əl tərəzisinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişinin yazıldığı 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 04 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun İş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 7.123 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0.105 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişinin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-264/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-264/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver