Məhkəmə qərarları › İş №1(099)-264/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-264/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-264/2024 17.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1983-cü ildə Ağcabədi rayon Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağcabədi rayon Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda, yəni 3025,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir ədəd polietilen torbada yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə saxlamış, 16 sentyabr 2023-cü il tarixdə saat 20:20 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvanda baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən bir ədəd polietilen torbada qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı təmiz çəkisi 3025,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotiklərdən əvvəllər heroindən istifadə etmişdir. Daha sonra isə heroindən istifadə etməyi dayandırıb, müalicə almağa başlamışdır. Həmin vaxtlardan isə siqaret əvəzi marixuana çəkməyə başlamış, özü narkomaniya xəstəsidir. Tutulmamışdan öncə sahələrində bir ağac əkmiş, həmin ağacın yarpaqların toplayıb, qurudaraq marixuana əldə edib, özü şəxsi istifadə etmişdir. Həmin marixuananı isə həyətində olan quş damında saxlayıb, mütəmadi olaraq, orada istifadə etmişdir. 16 sentyabr 2023-cü ildə elə özünü polis əməkdaşları gəlib quş damında olarkən saxlamışdır. Orada atası və anası ilə birlikdə olub quşları yemləyirmiş. Həmin yerdən də bir büküm salfetkaya bükülmüş halda, qurudulmuş marixuana aşkar etmişlər. Polislər gələrkən vəkili də orada olmuşdur. Həmin marixuana isə iki dəfə çəkimlik olmuşdur. Qalan marixuananı isə polis əməkdaşları gətirib ora qoymuşlar. Həmin vaxt etiraz etmiş, lakin demişlər ki, “səni CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəyik, gedib müalicə alarsan”. Sonra isə işini ağır cinayətlərə gətirib çıxarmışlar. Marixuananı oraya onu tutan əməliyyatçılar gətirib qoymuş, etiraz etdikdə isə onu təhdid etmişlər ki, “evinə qoyarıq, atanı, dostlarını da tutaraq”. Ata və anasın həmin yerdən polislər çıxarmış, daha sonra narkotiki ora yerləşdirib demişlər ki, “bunlar sənindir”. Aşkar edilmiş marixuana ona aid deyil, özündə həmin çəkidə narkotik olmamışdır. Çünki özündə olan narkotik iki-üç çəkimlik qalmışdı. Özü hər gün iki paperos çəkmiş, təxminən iki-üç qram marixuana istifadə etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yaz aylarında özünə məxsus əkin sahəsində xatırlamadığı sayda nəşə ağacı əkmiş, həmin nəşə ağaclarına qulluq edib becərmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində isə həmin əkdiyi nəşə ağaclarının yarpaqlarını yığıb qurutmuş və gələcəkdə özü istifadə etmək üçün sellofan torbaya doldurmuşdur. Sonra o həmin torbanı heç kim görməsin deyə yaşadığı evin həyətində yerləşən göyərçin damında vannanın altında gizlətmişdir. 16 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində o yaşadığı evdə olan zaman həyət darvazasının döyüldüyünü eşidib bayıra çıxmış, çıxanda tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirib və yaşadığı evdə narkotik vasitə olmağına şübhələr olduğunu deyib yaşadığı ünvana baxış keçirməyi bildirmişlər. O, da etiraz etməmiş və razı olmağı barədə ərizə yazmışdır. Bundan sonra saat 20:20-dən başlayaraq polis əməkdaşları video-çəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçirməyə başlamışlar. Baxış zamanı polis əməkdaşları ona yaşadığı ünvanda cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuş, o da polis əməkdaşlarına evin həyətində olan göyərçin damında nəşə saxladığını bildirmişdir. Onlar birlikdə həmin dama getmiş, o, göyərçin damında olan vannanın altında gizlədib saxladığı içərisində nəşə olan sellofan torbanı götürüb təqdim etmişdir. Sonra aşkar olunaraq götürülmüş marixuana sintetik kisəyə qoyulmuş və elektron tərəzidə çəkilmiş, çəkisi 3 kq 200 qram çəkidə olmuşdur. Bundan sonra aşkar edilib götürülmüş bir ədəd torba hamının iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, müstəntiq tərəfindən ona təsir və ya təzyiq edilmədiyini, o qədər marixuananın ona məxsus olmadığını, ifadələrini oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq qurudulmuş marixuana saxlaması və satışı ilə məşqul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Əməliyyat məlumatına əsasən 16 sentyabr 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Ağcabədi rayon Hindarx qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs evində hər hansı bir narkotik vasitə varsa təqdim etməsi təklif olunmuş və evinə baxış keçiriləcəyi nəzərinə çatdırılmışdır. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazı olmadığını, yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətinə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs göstərməsi ilə həyətdə olan yardımçı tikiliyə daxil olmuşlar. Təqsirləndirilən şəxs tikilidə dəmir vannanın altından 1 ədəd polietilen torba təqdim etmiş, torbanın içinə baxdıqda skoçlanmış 1 ədəd göy rəngli polietilen büküm aşkar olunmuşdur. Büküm kəsilib baxıldıqda içərisində yaşıl rəngli, kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə güman olunan kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 3 kq 200 qram olmuşdur. Bundan sonra həmin yerdən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumatlar olmuşdur. Ona qarşı nə özü, nə də ki, digər polis əməkdaşları tərəfindən təzyiq və ya təsir göstərilməmiş, tədbir zamanı törətdiyi əməli səmimi etiraf edib, heç bir narazılığın bildirməmişdir. Özləri bir başa olaraq Təqsirləndirilən şəxs qapısına gedib, yerindəcə baxış keçirərək, narkotik vasitəni aşkar etmişlər, onun təhdid edilməsi ilə bağlı bildiridikləri isə tamamilə yalan və böhtandır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, evində saxlaması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının yaşadığı ünvana baxış keçirmələrinə heç bir etirazı yoxdur. (c İ, i.v 8) İşdə olan, 16 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və video-çəkilişdən görünür ki, video-çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı həyətlərində olan yardımçı tikilinin içindən polietilen torbada 3 (üç) kq 200 (iki yüz) qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 9-11) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 21) İşdə olan, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/924 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan sözləri yazılmış və imzalar olan sintetik torba bağlamadakı 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torbanın içərisində sintetik torbada təmiz çəkisi 3025,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-3025,0 qr, tədqiqata sərf edildi-0,1 qr, qalıq-3024,9 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 39-41) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-118/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 79-80) İşdə olan, 18 sentyabr 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspert təhqiqatı nəticəsində qalıq qalmış 3024,9 qram narkotik vasitə qurudulmuş marixuana cinayət prosesi üçün mütəbər dəlil olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 81-82) İşdə olan, Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası (1954-cü il təvəllüdlü) və anasından (1963-cü il təvəllüdlü) ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 91-92) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(017)-197/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 16 sentyabr 2023-cü il tarixli qərarı və həmin qərar əsasında keçirilmiş əməliyyataxtarış tədbiri qanuni hesab edilmişdir. (c İ, i.v 96) İşdə olan, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatdadır, psixonevroloji kabinetdə qeydiyyatda dayanmır. (c İ, i.v 133) İşdə olan, 15 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokol və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs göstərməsi ilə Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisinə gəlmişlər, Təqsirləndirilən şəxs bir yeri göstərib çətənə kollarını yığıdığı yer olduğunu bildirmiş, həmin əraziyə baxış zamanı hər hansı bir çətənə bitkisinin kollarını, budaqlarının və ya köklərinin olması müəyyən olunmamışdır. (c İ, i.v 155-157) İşdə olan, Azərbaycan Respublikası SN-in Gəncə şəhər Psixonevroloji Dispanserinin 18 oktyabr 2023-cü il tarixli 667 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (c İ, i.v 159-161) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 1895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin narkotik vasitə olan heroindən və kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 163) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnanmədən və Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 1(017)-89/2020 nömrəli hökmündən görünür ki, o, CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün azadlığıqdan mərhum etmə cəzasına məhkum olunub, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Həmin müddətdən 2 ildən artıq müddət keçmiş, məhkumluğu ödənilmişdir. (c İ, i.v 147-149, 183-184) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən ondan az miqdarda (iki dəfə istifadə edə biləcəyi qədər) narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, yaşadığı fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən aşkar edilmiş 3025,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona aidiyyəti yoxdur, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən ora qoyulmuş, daha sonra polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun yaşadığı evə narkotik vasitə qoyub, yaxın qohumlarının da əsassız yerə polis əməkdaşları tərəfindən tutulacaqları və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs iki aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində aşkar edilmiş narkotik vasitəni özünün əkib-becərdiyini, xəstə olduğunu, baxış zamanı heç bir etirazının olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, yaşadığı evə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 48-49) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 66-67) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 79-80) eləcə də video-çəkiliş vasitəsilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus əkin sahəsində xatırlamadığı sayda nəşə ağacı əkib, həmin nəşə ağaclarına qulluq edib becərib, təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində isə həmin əkdiyi nəşə ağaclarının yarpaqlarını yığıb qurudub əldə etdiyini və gələcəkdə özü istifadə etmək üçün sellofan torbaya doldurub, sonra o həmin torbanı heç kim görməsin deyə yaşadığı evin həyətində yerləşən göyərçin damında vannanın altında gizlətdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən polis əməkdaşları tərəfindən pis rəftara və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni özünün əkdiyi və qulluq göstərdiyi çətənə ağaclarından toplayaraq, qurudub, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 16 sentyabr 2023-cü il tarixli baxış keçirilməsinə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs baxış keçirilən zaman yaşadığı evin həyətində olan yardımçı tikilidən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisini mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs baxışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan narkotik vasitənin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı vermiş olduğu ifadələrində heç vaxt heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bundan başqa aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 605 dəfə çox) çox olub külli miqdar təşkil etməsi, özünün isə qurudulmuş marixuanadan günlük istifadə dozasının təxminən iki-üç qram olması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12 (a)-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram külli miqdarının aşağı həddi isə 500 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində ahıl yaşda valideynlərinin olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini və növünü, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 16 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata durması nəzərə alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3024,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2023cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3024,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar