Məhkəmə qərarları › İş №1(099)-265/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-265/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-265/2024 29.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1981-ci ildə Astara rayon Sərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Astara rayon Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində 04 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, - 3466,298 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda, - 895,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib narkotik vasitə olan heroinin bir hissəsini üzərində saxlamış, qalan hissəsini və narkotik vasitə olan qurudulmuş marixuananı Astara rayonu Sərək kəndində yerləşən yaşadığı evin həyətindəki tövlənin içərisində yerə basdıraraq gizlətmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2023-cü il tarixdə, saat 05:00-da Astara rayonu Sərək kəndində yerləşən yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq BNMİ-nin CBRŞ-nin inzibati binasına aparılmış, üzərində aparılmış şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə, təmiz çəkisi -31,298 qram olan narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 09 radələrində Astara rayonu Sərək kəndində yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı 01 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi -3435,0 qram olan narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi - 895,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həyətdə olan tövlənin içərisində torpağa basdırılmış aliminium qabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CPM-nin 91.5.10-cu maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək işin mahiyyəti üzrə ifadə verməkdən imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan edərək tədqiq etmiş, o, həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, saxlanılmamışdan təxminən 4 ay əvvəl yaşadığı Sərək kəndinində balıq tutmağa gedərkən çayın kənarından içərisində heroin və marixuana olan bir kisə tapmış, daha sonra kisəni yaşadığı evə gətirib aliminium qabın içərisinə qoyub həyətindəki tövlənin içərisində torpağa basdıraraq gizlətmiş və üzərinə metlaq qoymuşdur. Həmin narkotiklərdən ara –bir götürüb istifadə etmişdir. 27 avqust 2023-cü il tarixdə saat 5 radələrində yaşadığı evin yaxınlığında küçədə polis əməkdaşları tərəfindən saxlanılıb Lənkəran şəhərinə Baş Narkotiklərlə mübarizə idarəsinin X4 şöbəyə gətirilmiş, şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 33,69 qram çəkidə heroini və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı yaşadığı evin həyətində də tövlədə torpağa basdırılmış narkotikin olduğunu etiraf etmişdir. Heç kimə narkotik satmamışdır. Törətdiyi əməldən peşmandır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs elan olunmuş ifadə ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılana qədər Astara rayonu Sərək kəndinin mərkəzində bərbər işləmişdir. Polis əməkdaşları, gecə evində yatdığı zaman onun arvadı ilə yatdığı otağa girmiş, onu alt paltarında çölə çıxarmışlar. Saxlanılan zaman evində arvadı, özü və 2 uşağı olmuşdur. Polislər tərəfindən aparılan zaman onu qardaşı Fərasət və Fərasətin arvadı görmüşdür. Hadisədən 3 il əvvəl Taleh adlı polis əməkdaşı onun bərbər işlədiyi yerə adam göndərərək onu tutduracağı ilə hədələmişdir. Hazırda da, onu Taleh tutdurmuşdur. Saxlanılan zaman üzərində narkotik olmamış, narkotik istifadə etməmişdir. Polislər tərəfindən şöbəyə aparılıb evə gətiriləndən sonra tövləsindən narkotik aşkarlanmışdır. Həmin narkotik özünə məxsus olmamış, polis əməkdaşları tərəfindən tövləsinin içərisində torpağa basdırılmışdır. Polis əməkdaşları tərəfindən döyülmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş özünün ibidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlər, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Astara rayonu Sərək kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 5 radələrində yaşadığı evdən çıxıb küçə ilə gedərkən saxlanılaraq Lənkəran rayonunda yerləşən BNMİ-nin X4 şəbəyə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə Siyasətin üzərinə axtarış keçirilmiş və o, şalvarının sağ yan cibindən bir büküm heroini və “Samsunq” markalı mobil telefonu çıxarıb təqim edərək narkotiki öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Şifahi sorğu zamanı Siyasət evində də narkotik gizlətdiyini demişdir. Bundan sonra birlikdə onun evinə yollanmışlar və evə baxış keçirilən zaman həyətdəki tövlənin içərisində yerə basdırılmış aliminium qab aşkar olunmuş, qabın içində isə bir bağlama heroinin və bir bağlama qurudulmuş marixuananın olduğu müəyyən edilmişdir. Siyasət bildirmişdir ki, narkotikləri saxlanılmamışdan 4 ay əvvəl kəndin yaxınlığındakı çayın kənarından tapmışdır. Heç kimə narkotik satmamışdır. Narkotiklərdən özü istiafdə etmişdir. Təqsirləndirilən şəxs üzərinə heç kim narkotik qoymamış, onu döyən incidən olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları - Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək heç kim tərəfindən Siyasətin üzərinə narkotikin qoyulmadığını, onu döyən incidən olmadığını göstərmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə səhər saat 5 radələrində evdə yatarkən yataq otağına 5-6 nəfər şəxs daxil olaraq əri Siyasəti döyərək həyətə çıxarmışlar. Ərinin paltarlarını ona vermiş, Siyasət əynini geyinmiş və onu aparmışlar. İki nəfər polis əməkdaşı isə onların həyətində qalmışlar. Saat 12 radələrində polislər Siyasəti evə gətirmişlər və həyətlərinə baxış keçirilərkən tövlədə yerə basdırılmış qabda narkotiklər aşkar edilmişdir. Həyətdə çəkiliş aparılmışdır. Həmin narkotkilərdən məlumatı olmamışdır. Bundan başqa evindən 15000 manat pul da oğurlanmışdır. Bu barədə müvafiq təşkilatlara şikayət etmiş, araşdırma aparılmışdır. Rasimə Həziyeva verilən suallara cavab olaraq bildirmişdir ki, polislər gecə vaxtı həyətə hasardan keçmişlər. Qapının qabağında səhərə kimi tanımadığı iki nəfər polis əməkdaşı durmuşdur. Polislər evin aşağı mərtəbəsinə də baxmışlar. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Sərək kəndində qardaşı Siyasətin evindən təxminən 120 metr aralı yaşayır. xx.xx.2023-cü ildə gecə vaxtı həyətdən səs-küy eşitmiş, evdən bayıra çıxıb qardaşı Siyasətgilə yollanmışdır. Orada polis əməkdaşları onu və Siyasətin arvadını bir otağa salıb həyətə buraxmamışlar. Bir neçə saatdan sonra Siyasəti gətirmişlər, həyətə baxış keçirilən zaman orada olmamışdır. Polislər tərəfindən həyətə narkotik qoyulmasını görməmişdir. Siyasətin polislər tərəfindən döyüldüyünü görmüşdür. Fərasət Həziyev verilən suallara cavab olaraq bildirmişdir ki, Siyasətin həyətindən aşkarlanan narkotikdən məlumatı olmamışdır. Qaranlıq olduğundan Siyasəti aparan zaman üzündə xəsarət görməmişdir. Siyasət aparıldıqdan sonra onun həyətində iki nəfər polis əməkdaşı gözləmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 27 avqust 2023-cü il tarixli, 19/823 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 31,298 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş 01 ədəd bükülüdə heroinə və 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -3435,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi: -895,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş 01 ədəd bükülüdə heroinə və 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə 2 ədəd olmaqla ümumi təmiz çəkisi - 3466,298 qram heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 avqust 2023-cü il tarixli, 844 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan “Şəxsi axtarış keçirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm və şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni saxlanıldığı gündən təxminən 4 ay əvvəl yaşadığı Astara rayon Sərək kəndində çay kənarında olarkən kolun dibindən tapmış, qalan hissəsini yaşadığı ünvanda gizlətmiş və təqdim edə biləcəyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “Baxış və götürmə aparılması haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Sərək kəndində yerləşən yaşadığı evin həyətinə girdikdə sol tərəfdə yerləşən tövlədə yerə qoyulmuş beton piltəni qaldırıb torpağı qazaraq yerdən bir ədəd aluminium qapaqlı qabı götürüb təqdim etmiş və qabın içərisinə baxıldıqda içərisində bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər və bir ədəd sellofan bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni əldə etməsi və gizlətməsi barədə ailə üzvlərinin və digərlərinin məlumatı olmamışdır. Aşkar olunmuş kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlə 3 kq 535 qram və qurudulmuş marixuanaya bənzər kütlə 985 qram çəkidə olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla 3466,098 qram naroktik vasitə heroin və 894,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-yə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Astara Rayon Məhkəməsinin qərarı ilə “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslıı hesab edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünün müdafiəsi üçün dəlillər gətirərək həmin narkotiklərin özünə məxsus olmadığını, narkotikin polis əməkdaşları tərəfindən tövləsinin içərisində torpağa basdırıldığını və üzərinə qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünü, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində və həyətində aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə “şəxsi axtarış və götürmə aparılması”, “evə baxış keçirilməsi” haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən heroini, habelə evin həyətində tövlənin içərisində torpağa basdırılmış aliminium qabın içərisində olan bağlamanı çıxarıb təqdim edərək narkotik vasitələrin özünə məxsus olduğunu, saxlanılmamışdan 4 ay əvvəl yaşadığı kəndin çayın kənarından tapdığını səmimi etiraf edir, narkotiklərin üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlillər irəli sürməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 876 №li rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və toplanmış materialın aidiyyəti üzrə göndərilməsi haqqında” Azərbaycan Respublikası Baş prokurorluğunun qərarı ilə Təqsirləndirilən şəxs evinə polisə əməkdaşları tərəfindən narkotik vasitələrin qoyulması, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunaraq təhqir edilməsi ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən pulların, ov tüfənglərinin və digər əşyaların polis əməkdaşları tərəfindən aparılması ilə bağlı olan xüsusatların araşdırılması isə Astara rayon prokurorluğuna həvalə edilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli Astara rayon prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs evindən pul və digər əşyaların oğlurlanması faktı üzrə aparılmış araşdırma ilə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, “evə baxış keçirilməsi” haqqında” protokolları, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə, hazırkı iş üzrə Təqsirləndirilən şəxs saxlanıldığı yerə dair hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Sərək kəndində evinin yaxınlığında saxlanıldığı qeyd olunmuşdur. Lakin Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onun yaşadığı evin yataq otağına daxil olub oradan regional şöbəyə aparmışlar. Həmin xüsusatı məhkəmədə əlavə şahid qismində dindirilmiş onun yaxın qohumları - arvadı Rasimə Həziyeva və doğma qardaşı Fərasət Həziyev da ifadələrində göstərmişlər. Məhkəmə hesab edir ki, Rasimə Həziyeva və Fərasət Həziyev Təqsirləndirilən şəxs yaxın qohumları olduğu üçün sonuncuların təqsirləndirilən şəxsin saxlanılması yerinə dair göstərdikləri xüsusat istintaqın səhv istiqamətə yönəldilməsinə hesablanmışdır. Odur ki, məhkəmə əlavə şahid qismində dindirilmiş Rasimə Həziyevanın və Fərasət Həziyevin ifadələrində Təqsirləndirilən şəxs yaşadığı evində polis əməkdaşları tərəfindən saxlanılmasına dair göstərdiyi xüsusatı ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, marixuana və metadon narkotik vasitələrdir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CMnin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Rasimə Həziyevadan və xx.xx.2009-cu il təvəllüdlü qızı Aylin Həziyevadan, xx.xx.2011-ci il təvəllüdlü qızı Qəlbinur Həziyevadan ibarətdir, yaşayış yeri qənaətbəxş xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 3466,098 qram heroin və 894,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 3466,098 qram heroin və 894,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar