Məhkəmə qərarları › İş №1(099)-267/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-267/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-267/2023 28.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Nəhmətulla oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 147, mənzil 51-də qeydiyyatda olmaqla faktiki Şirvan şəhəri, Mehmandarov küçəsi, ev 44, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,485 qram narkotik vasitə heroini (bundan sonra- heroin) qanunsuz olaraq əldə edib, üzərində saxlamış, daşımış, 29 oktyabr 2022-ci il tarixdə saat 15:20 radələrində Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, X7 küçəsində saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi-3,485 qram kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, tutulduğu vaxta kimi narkotik vasitələrin satışı ilə məşğul olmamış, heroindən şəxsi istifadəsi üçün istifadə etmişdir. Tutulduğu günədək son bir-iki ay olar ki, heroindən mütəmadi olaraq istifadə etmişdir. Son zamanlar şəxsi istifadəsi üçün narkotik vasitə tapmaqda çətinlik çəkmişdir. 29 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Şirvan şəhəri ərazisində yerdən tapmış olduğu içərisində heroin olan bir ədəd bükümü satış məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi məqsədi ilə əynində olan şalvarının sağ yan cibinə qoyaraq üzərində daşımışdır. Üzərində elektron tərəzi daşımadığı üçün həmin bükümdəki heroinin çəkisi ona məlum olmamışdır. Qısa müddət sonra polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib onu Şirvan ŞPŞ-ya aparmış, polis şöbəsinin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı yerdən tapmış olduğu içərisində heroin olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik kütləni üzərində daşımaqda məqsədinin şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Saxlanılarkən və üzərinə keçirilmiş baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. O, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Törətdiyini etiraf etdiyi cinayət əməlindən peşimandır. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 28 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilsə də məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, polis tərəfindən tutulmamışdan bir gün əvvəl tanımadığı şəxsin mobil telefonu ilə Bakı şəhərində yaşayan, hazırda adını və mobil telefon nömrəsini xatırlamadığı şəxsə zəng edib 1 qramını 50 manatdan olmaqla 2 qram narkotik vasitə olan heroin sifariş vermiş, həmin şəxs də, ona bildirmişdir ki, 1 saatdan sonra Hacıqabul yolunda avtomobil yolunun kənarında gözləyərsən, taksi sənə yaxınlaşıb heroini verəcək, o, da, 100 manat heroinə görə, 5 manat pul isə taksi pulu verəcəkdir. 28 oktyabr 2022-ci il tarixdə gedib həmin narkotik vasitəni tanımadığı taksi sürücüsündən götürmüş, 100 manat heroinə görə 5 manat isə yol pulu vermişdir. Taksi sürücüsünün xarici görünüşünü xatırlamamış, həmin şəxsi tanımır, idarə etdiyi avtomobili də xatırlamır. Aldığı 2 qram narkotik vasitə heroindən bir qədərini həmin gecə özü üçün istifadə etmiş, qalan hissəsi isə üzərində olmuşdur. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq etmir, ilkin ifadəsində qeyd etdiyi kimi narkotik vasitəni yerdən tapmışdır, lakin əlavə ifadəsində qeyd etdiyi kimi əvvəllər narkotik vasitəni Bakı şəhərindən tanımadığı adam taksi vasitəsi ilə göndərmişdir. Saxlanılarkən üzərində olan narkotik vasitəni isə tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 oktyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmış, qrup üzvləri ilə birlikdə Şirvan şəhəri, X7 küçəsində Təqsirləndirilən şəxs saxlayıb Şirvan ŞPŞ-yə dəvət etmişlər. Burada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin maddəni yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, sonuncunun həmin şəhər ərazisində narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - ilkin araşdırma materiallarından, yəni 29 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5, 8-9, 31-33). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23-24) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (i.v. 31-33) -materialların məhkəmə ekspertizasının 30 oktyabr 2022-ci il tarixli, 18/1176 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-3,485 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-3,435 qram. ( i.v. 39-41) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 53-54) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-346/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 73-74) - Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(032)-155/2022 saylı qərarından görünür ki, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. ( i.v. 91-93) - Məhkəmə-psixiatriya ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 3216 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır.( i.v. 122- 123) -Ambulator məcburi-narkoloji tibbi 05 yanvar 2023-cü il tarixli 26 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 136-137) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: – narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərində şəxsi istifadəsi məqsədi ilə heroin saxlaması barədə ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 3,485 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamış, daşımışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 30 oktyabr 2022-ci il, “şübhəli şəxs qismində tutma haqqında” 29 oktyabr 2022-ci il tarixli qərarlardan (i.v. 1; 20) görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə başlandıqdan və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,485 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 26 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 3,485 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,485 qram çox olması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən, həmçinin ittiham tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə xahişini, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 30 oktyabr 2022-ci il tarixli, 18/1176 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 26 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 94-95;132-135). Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin sadə residivi vardır və həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - Bakı ŞİH Nəzdində "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış, xasiyyətnamə, nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 147 nömrəli binanın 51-ci mənzilində yaşayır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. (i.v. 113-114; 115-116). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 18.1, 41.2, 58.3, 65.2 və 83.3.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,485 qram olması, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu, əməlində cinayətlərin residivinin olmasından (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən) ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 oktyabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 26 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,435 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 29 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,435 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar