Məhkəmə qərarları › İş №1(099)-267/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-267/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-267/2025 15.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Astara rayonunda doğulmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, yəni 2,803 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 28 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu Kakalos kəndində yolun kənarında dayanan zaman saxlanılıb, üstü yoxlanılarkən 01 ədəd kağız bükümdə 2,803 qram narkotik vasitə heroin onun əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Astara rayonu Kakalos kəndində yaşayır, narkotik vasitədən istifadə edir, lakin heroindən istifadə etməmişdir. 28 noyabr 2024-cü il tarixdə saat 13-13:30 radələrində avtomaşınla ipək yolu ilə Lənkəran istiqamətindən Astara istiqamətində getdiyi zaman Astara Rayon Polis Şöbəsinin əməkdaşları Əsədullayev Rauf və İsayev onu saxlamışlar. Polis işçisi Elmir və Kənan da orada olmuşdur. Polis işçiləri onu saxlayarkən üzərində videoçəkilişlə yoxlama aparılmış, heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onu döymüşlər, təzyiq göstərmişlər. Elmir onun cibinə bir ədəd bükümdə narkotik vasitə heroin qoymuşdur. Polis işçiləri onu CM-nin 234.1ci maddəsi ilə məhkəməyə verəcəklərini vəd edərək üzərinə qoyulmuş heroinin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. Əks halda evinə bir kiloqram narkotik qoymaqla hədələmişlər. Ona görə də məcbur olub ikinci dəfə videoçəkilişlə üzərində yoxlama aparılarkən cibinə polis tərəfindən bir ədəd bükümdə qoyulmuş narkotik vasitəni təqdim etmiş və özünə məxsus olduğunu, bir gün əvvəl öz istifadəsi üçün Lənkəran şəhərində Böyük Bazar adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində ona CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrə görə məhkum olunmuşdur. Həbsdən buraxıldıqdan sonra da, təxminən iki ildir ki, narkotik vasitə olan heroindən inyeksiya üsulu ilə istifadə etmişdir. 27 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri ərazisindəki “Böyük Bazar” ərazisində üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün bir ədəd bükümdə heroin almışdır. Narkotik vasitənin bir hissəsini həmin gün istifadə etmişdir. 28 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Kakalos kəndində küçədə piyada hərəkətdə olan zaman anidən yanında avtomobil dayanmışdır. O, avtomobilin dayanmasını görəndə üzərində narkotik olduğuna görə narahatlıq keçirmiş, qaçmaq istəmişdir. Lakin avtomobildən mülki geyimdə düşən polis işçiləri onu saxlamışlar. Polislər ona üzərində narkotik saxlamaqda şübhəli olduğunu bildirmiş və üzərində qanunsuz əşya, o cümlədən narkotik vasitə vardırsa, təqdim etməsini təklif etmişlər. O əynindəki gödəkçənin sağ yan cibindən şəffaf sellofon kağız bükümdəki heroini təqdim etmişdir. Həmin bükümə baxıldıqda içərisində heroin olması müəyyən edilmiş və elektron tərəzidə çəkilərək paketə qoyulub qablaşdırılmış və onun iştirakı ilə bu barədə protokol tərtib olunmuşdur. Daha sonra onunla aparılan şifahi sorğu zamanı kütləni Lənkəran şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını, heç kəsə satmadığını və vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadlələri ilə yanaşı məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkətləri protokolları və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 noyabr 2024-cü il tarixdə ona Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirməklə 28 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində saxlamışlar. Arzuman onları görəndə qaçmaq istəsə də, buna imkan verməmişlər. Saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmalı olduqlarını bildirmiş və üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən o, əynindəki gödəkçənin cibində narkotik vasitə heroin olmasını bildirərək sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümə baxıldıqda içərisində narkotik vaitə heroinəbənzər maddənin olması məlum olmuşdur. Büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini bir gün əvvəl 20 manat müqabilində Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını, onun bir hissəsini istifadə etdiyini, bir hissəsini isə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərməmişlər, onun üzərinə narkotik vasitə polis tərəfindən qoyulmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. 28 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, həmin gün saat 15:57-dən saat 16:05-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd qızılı kağız bükümdə narkotik vasitə heroinəbənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmiş və 3.1 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu, onu 27 noyabr 2024-cü il tarixdə Lənkəran rayonunda 20 manat pul müqabilində aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə-ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 19/753 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,803 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2024-cü il tarixli, 817 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 387 saylı rəyində göstərilmişdir ki, həmin gün müayinə olunarkən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Astara rayon Kakolos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan 2,803 qram, külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və üzərində daşıması əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ilkin ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanılması və üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişdən görünür ki, polis işçiləri onu saxlayarkən dərhal üzərində yoxlama aparmışlar. O, yoxlama zamanı cibindən narklotik vasitəni bir ədəd bükümdə çıxarıb təqdim etmişdir. Bu isə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələr və psixotrop maddələrə aid olmayan, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-ci il tarixli, 8 №-li Qərarının tələblərinə tam uyğundur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 2,703 qram narkotik vasitə heroin məhv edilməli, istintaq hərəkətlərinin videogörüntüləri barədə 03 ədəd DVD disklər cinayət işinində saxlanılmalıdır. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 2,703 qram narkotik vasitə heroin məhv edilsin, istintaq hərəkətlərinin videogörüntüləri barədə olan və iş materiallarına əlavə edilmiş üç ədəd DVD disklər cinayət işinində saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar