Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-27/2023 10.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Hüseynov Nahid Nəsir oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələr və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci sətirinə və İİ siyahının 67-ci sətrinə müvafiq olaraq narkotik vasitə hesab olunan 44,748 qram təmiz çəkiyə malik kustar üsulla hazırlanmış külli miqdarda heroini və psixotrop maddə hesab olunan 1,708 qram təmiz çəkiyə malik kustar üsulla hazırlanmış metamfetamini qəsdən və qanunsuz olaraq vahid niyyətlə və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq, daimi yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən 62 nömrəli həyətyanı evdə saxlamış, onlardan narkotik vasitə olan 1,926 qram təmiz çəkiyə malik heroini və psixotrop maddə olan 1,708 qram təmiz çəkiyə malik metamfetamini qəsdən və qanunsuz olaraq 2022-ci ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə tanışı - Ağcabədi rayon sakini Şahid3 həmin ünvanında yerləşən yaşadığı evin yaxınlığında vahid niyyətlə satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayətkar əməllərini davam etdirərək, narkotik vasitə hesab edilən 42,822 qram təmiz çəkiyə malik külli miqdarda heroini yaşadığı həmin evdə qəsdən və qanunsuz olaraq satış məqsədi ilə saxlamağa davam etmiş, 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun qeyd edilən ünvanda yerləşən həyətyanı evinə baxış aparılan zaman fərdi yaşayış evinin bayır tərəfdən pəncərəsinin divara birləşən hissəsindən bir ədəd sellofan bükülüdə 42,822 qram təmiz çəkiyə malik kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Moskva şəhərindən yaşadığı Ağacabədi rayonuna qayıtmışdır. xx.xx.2022-ci il tarixdə axşam saat 18-19 radələrində Ağcabədi şəhər sakini dostu Şahid7 ilə görüşmüş və Mehmanın maşını ilə birlikdə Ağcabədi şəhərində yerləşən “NZS” adlı çay evinə getmişlər. Təxminən bir saatdan sonra oradan çıxıb Mehmanın idarə etdiyi avtomobil ilə yaşadığı küçəyə gəlmişlər. O, avtomobildən düşüb evinin qarşısında saxladığı avtomobili işə salıb evin həyətinə salmışdır. Həmin vaxt avtomobildən aşağı düşən zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona tərəf yaxınlaşıb öz idarə etdikləri avtomobilə yerləşdirib birbaşa Ağcabədi RPŞ-ya aparmışlar. Mehmanı da öz maşınında onunla birlikdə Ağcabədi RPŞya gətirmişlər. Şöbədə üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmamışdır. Üzərində yalnız “İPONE 11” markalı mobil telefon aşkar edilmişdir. Mehmanın avtomobilinə də şöbədə baxış keçirilmiş və narkotik aşkar olunmamışdır. Təxminən 4-5 saat keçdikdən sonra polis əməkdaşları gəlmiş və ona evindən narkotik-heroin aşkarlandığını bildirmişlər. Evə baxışda iştirak etməmişdir. Narkotikdən istifadə etmir, heç kimə narkotik satmamışdır. Evdə aşkar olunan heroin ona məxsus deyil. Polis şöbəsində tanımadığı şəxslər tərəfindən ona qarşı zor tətbiq edilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən 62 nömrəli evdə anası ilə birlikdə yaşayır, lakin həyətdə iki ev var, birində özü digərində isə anası yaşayır. Ağcabədi rayon sakini Ramini tanıyır, sonuncunun tanışı Fuadı isə tanımır. Raminə narkotik satmamışdır. “İnstaqram” vasitəsilə heç kimdən narkotik istəməmişdir. Behzat adında iranlının narkotik satışı ilə məşğul olmasını eşidib onu ifşa etmək üçün öz mobil telefonu ilə ona səsli mesaj atıb ondan narkotik istəmişdir. Behzatın mobil nömrəsini adını xatırlamadığı tanışlardan götürmüşdür. Polis əmkdaşları tərəfindən 17 yanvar 2022-ci il tarixdə saat 19 radələrində öz həyətlərində saxlanılmışdır. Rusiya Federasiyası tərəfindən dövlətlərarası axtarışda olmasından məlumatı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, hökmlərin surəti, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə rayonda keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Fuad və Ramin adlı şəxslər saxlanılmışlar. Ramin heroini rayon sakini Şəmildən alıb Fuada satdığını göstərmidir. Əməliyyat qrupu yaradılmış və 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Şəmilin yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Qapını Şəmilin anası Təranə Hüseynova açmış, onun razılıq ərizəsinə əsasən evin müxtəlif yerlərinə adlarını və soyadlarını sonradan bildiyi hal şahidləri Şahid5 və Şahid6 iştirakları ilə baxış keçirilmiş, evin çöl tərəfdən pəncərənin aşağı hissəsindən pəncərə örtüyünün altından bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümü açıb içərisinə baxış keçirən zaman içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğunu görmüşlər. Hal şahidlərinin iştirakı ilə həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 53 qram olması müəyyən edilmişdir. Anası bildirmişdir ki, həyətdə oğlu Şəmil ilə birlikdə yaşayır, həmin narkotikdən xəbəri yoxdur. Şəmil saxlanıldıqdan sonra onun üzərində “İPONE 11” markalı mobil telefondan başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Şəmilə heç kim tərəfindən zor tətbiq olunmamış, ona qarşı qanunsuz hərəkətlər olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, polis əməkdaşı Şahid1 rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olub sonuncunun anası Təranə İsmayılovanın razılığı və iştirakı ilə evə baxış keçirməyə başlamışlar. Evin müxtəlif yerlərinə baxış keçirildikdən sonra evin çöl tərəfdən pəncərənin aşağı hissəsindən pəncərə örtüyünün altından bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümü açıb içərisinə baxış keçirən zaman içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğunu görmüş, kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 53 qram olması müəyyən edilmişdir. Şəmil saxlanıldıqdan sonra polis şöbəsində üzərində axtarış aparılmış və mobil telefondan başqa üzərində qadağan olunmuş predmet aşkar olunmamışdır. Anası bildirmişdir ki, həyətdə oğlu Şəmil ilə birlikdə yaşayır, həmin narkotikdən xəbəri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Eldan oğlu ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında Ağcabədi şəhəri, E.Sadıqov küçəsində olarkən tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özünü təqdim edib Ağcabədi rayon polis şöbəsinin əməkdaşının olduğunu bildirmiş, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin istifadəsində və satışında şübhəli olduğu üçün onun yaşadığı E.Sadıqov küçəsi 62 N-li evə baxış keçirəcəklərini və baxış zamanı onun da orada hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Onlarla razılaşmış, özündən başqa digər hal şahidi də dəvət olunmuş və evin müxtəlif yerlərinə baxış keçirilmiş, sonda evin çöl tərəfindən pəncərənin aşağı hissəsindən bir ədəd sellofan büküm tapılmışdır. Həmin bükümü açıb baxış keçirilmiş və içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 53 qram olması müəyyən edilmişdir. Baxışda evin sahibi adını sonradan bildiyi Təranə da iştirak etmişdir. Təranəni və orada olan polis əməkdaşlarını tanımır, birinci dəfə idi ki, həmin evdə olurdu. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında Ağcabədi şəhəri, E.Sadıqov küçəsində olarkən tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özünü təqdim edib Ağcabədi rayon polis şöbəsinin əməkdaşı olduğunu, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin istifadəsində və satışında şübhəli olduğu üçün onun yaşadığı E.Sadıqov küçəsi 62 N-li evə baxış keçirəcəklərini və baxış zamanı onun da orada hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Onun iştirakı ilə evin bir neçə yerini axtardıqdan sonra evin çöl tərəfindən pəncərənin aşağı hissəsindən bir ədəd sellofan büküm tapılmışdır. Həmin bükümü açıb içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 53 qram olması müəyyən edilmişdir. Şəmilin anası Təranəni və orada olan polis əməkdaşlarını tanımır, birinci dəfə idi ki, həmin evdə olurdu. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı istintaq Təcridxanasında saxlanılan Şahid3 ifadəsində göstərmişdir ki, Ağcadəbi rayon sakini Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Şəmil ona narkotik vasitə verməmiş və satmamışdır. Fuadı tanıyır, ona narkotik verməmişdir. Hazırda Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə CMnin 234.1 və 234.2-ci maddələrlə məhkum olunmuş, dörd il azadlıqdan məhrum edilmiş, cəzasını çəkir. İbtidai istintaq zamanı narkotiki Şəmildən almasına dair ifadələrində göstərdiyi xüsusatları təsdiq etmir. Şahid3 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun 21 yanvar 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi təqsirləndirilən şəxs qismində olan və 17 mart 2022-ci il tarixdə şahid qismində olan ifadələri elan olunmuş, o, həmin ifadələrində Şəmilin uzun müddət Rusiya Federasiyasında yaşadığını, son bir il olar ki, Ağcabədi rayonuna qayıtdığını, Şəmilin narkotik aludəçisi olduğunu, dəfələrlə Şəmil ilə birlikdə narkotikdən istifadə etdiklərini, Şəmilin tanışı Fuada narkotiki pul ilə satdığını, lakin ondan isə heç vaxt pul almadığını, sonuncu dəfə Fuad ona “mal” lazım olduğunu, ancaq pulunun olmadığını deyərək Şəmildən nisyə heroin almasını, pulunu isə sonra verəcəyini xahiş etdiyini, birlikdə Şəmilin yaşadığı ünvana gəldiklərini, özü Şəmil ilə görüşüb ona “Fuad mal istəyir, pulunu sonra verəcək” deyərək Şəmildən 1 qrama yaxın heroin aldığını, heroini gətirib Fuada verdiyini, iki dəfə Şəmil ilə birlikdə Bakı şəhərinə getdiklərini, onu şəhərdə düşürüb özünün harasa getdiyini, sonra gələndə Şəmilin narkotik alıb gətirməsini bildiyini, Şəmildən narkotik alan şəxslərin tutulduğunu, lakin onun adını heç vaxt çəkmədiklərini göstərmişdir (cild 1 i.v.143-144). Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, oğlu Şəmillə eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşamışlar. 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında gələn səs-küyə həyətə çıxmış və Şəmilin mülki geyimli şəxslər tərəfindən zorla maşına mindirilib aparıldığını görmüşdür. 2 saat sonra kim olduqlarını bilmədiyi bir neçə şəxs həyətə girmiş və narkotiklə bağlı axtarış edəcəklərini bildirmişlər. Evdə tək olduğundan yaxınlarından kimisə çağırmağını onlara desə də, ona qulaq asmadan evə daxil olub axtarış etməyə başlamışlar. Həyətdə olan hər iki evi axtardıqdan sonra iki nəfər şəxs ona yaxınlaşıb evin çöl tərəfdən pəncərənin aşağı hissəsindən pəncərə örtüyünün altından bir ədəd sellofan bükümdə narkotik tapdıqlarını bildirmişlər. Sonradan onların polis əməkdaşları olduğunu bilmişdir. Həmin şəxslər təxminən 2 saat sonra iki hal şahidini evə dəvət etmişlər. Evə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizəni özü könüllü yazmışdır. Baxışda özü də iştirak etmişdir. Hal şahidlərini tanımır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18-19 radələrində dostu Şəmil ilə görüşmüş və öz maşını ilə birlikdə Ağcabədi şəhərində yerləşən “NZS” adlı çay evinə getmişlər. Təxminən bir saat oturduqdan sonra oradan çıxıb öz maşını ilə Şəmilin yaşadığı küçəyə gəlmişlər. Şəmil avtomobildən düşüb evinin qarşısında saxladığı maşını işə salıb evin həyətinə salmışdır. Həmin vaxt maşından aşağı düşən zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona tərəf yaxınlaşıb öz idarə etdikləri avtomobilə yerləşdirib birbaşa Ağcabədi RPŞ-ya aparmışlar. Onu da öz maşınında şöbəyə aparmışlar. Şöbədə üzərinə və maşınına baxış keçirilmiş və narkotik vasitə aşkar olunmamış, sonra onu buraxmışlar, Şəmil isə şöbədə qalmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 18/70 N-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs yaşadığı evin...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 42,822 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş. “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Aşkar edilmiş heroinin təmiz çəkisi – 42,822 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 42,772 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 13 aprel 2022-ci il tarixli, 18/425 N-li rəyindən görünür ki, Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroin eyni tərkiblidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompyuter-texniki ekspertizasının 25 may 2022-ci il tarixli, 5/511 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 17 yanvar 2022-ci il tarixdə istintaqa təqdim edilmiş özünə məxsus sensor ekranlı “İOS 15.0.2” əməliyyat sistemi ilə təchiz olmuş “İphone 11” markalı “A2111” modelli **********5374, **********41913 imei kpodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “İphone 11” markalı “A 2111” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video fayllar, “VhatsApp” VhatsApp Business” proqram təminatları, “İnstaqram” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) məlumatlar müəyyən olundu. Müəyyən edilmiş məlumatlar bir ədəd diskə köçürülüb rəyə əlavə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi narkolojitibbi yoxlamanın 24 may 2022-ci il tarixli, 700 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Psixonevroloji Dispanserin 10 fevral 2022-ci il tarixli, 87 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 17 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsi, ev 62 ünvanına baxış keçirlmiş, baxış zamanı evin çöl yan tərəfində yerləşən pəncərənin aşağı hissəsində 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 42,822 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 25 aprel 2022-ci il tarixli "xxxx" MMC-dən götürülmüş telefon zənglərinə dair məlumatların yazıldığı bir ədəd CD diskə “baxış keçirilməsi haqqında” protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına Azercell MMC-də ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə əlaqə saxlanılmış Azercell abunəçilərinin siyahısına baxış keçirilərkən sorğu edilən ***-***-**-** mobil nömrəsinin ünvan 4 ünvanında yaşayan X1 adına qeydə alınması məlum olmuş, həmçinin həmin siyahıya baxış keçirilərkən, təqsirləndirilən şəxs Şahid3 adına olan ***-***-**-** mobil nömrəsinin də olması məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə Şahid3 istifadəsində olmuş ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 10:41 dəqiqədə, 16:11 dəqiqədə və həmin gün saat 16:14 dəqiqədə sms yazılması, hər iki abunəçinin Ağcabədi rayonu ərazisində olması, əvvəlki iki mesajların mətninin göstərilməməsi, sonuncu mesajın mətnində “ETO RAMİN” sözlərinin yazılması məlum olmuş, Şahid3 istifadəsində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 05:20 dəqiqədə mətni məlum olmayan sms yazılması, sms yazılan anten dairəsinin Ağcabədi rayon ərazisi olması, bundan əlavə Şahid3 istifadəsində olmuş ***-***- **-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə 19:26 dəqiqədə zəng olunması, 25 saniyə müddətində danışıqlarının olması, Şahid3 Ağcabədi şəhəri, Səfərəliyev küçəsində olması, Təqsirləndirilən şəxs isə Ağcabədi ərazisində olması məlum olmuş, bundan başqa həmin gün saat 19:31 dəqiqədə Şahid3 qeyd edilən nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**- ** mobil nömrəsinə mətni olmayan sms-in yazılması məlum olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus və istintaqa təqdim etdiyi «İphone 11» markalı «A2111» modeli mobil smartfonun yaddaşında mövcud olub silinmiş, lakin ekspertiza zamanı smartfonun yaddaşında bərpa edilmiş (Kontaktlar, zənglər, SMS mesajlar, foto, audio, video fayıllar, «VhatsApp», «VhatsApp Business» proqramm təminatları, «İnstaqram» sosial şəbəkəsi vasitəsiilə aparılmış məlumat mübadilələri və sairə fayıllar ) yazılmış bir ədəd DVD-R diskə “baxış keçirilməsi haqqında” 2 iyun 2022-ci il tarixli protokolla «İphone 11» markalı mobil smartfonun yaddaşından müxtəlif formalı elektron tərəzilərin üzərində, sellofan torbaya qablaşdırılmış vəziyyətdə psixotrop maddə metamfetminin çəkilərini əks etdirən çoxsaylı fotoşəkillər, narkotik vasitə qurudulmuş marixuananın fotoşəkilləri, narkotik vasitə heroinin sellofan torbaya qablaşarılımış çoxsaylı fotoşəkilləri, narkotik vasitə olan heroinin açıq vəziyyətdə fotoşəkilləri, narkotik vasitə olan heroinin sellofan bükümlərdə elektron tərəzinin üzərində çəkilərini əks etdirən çoxsaylı fotoşəkillər, pisxotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin istifadə edilməsi üçün nazik falqa adlanan gümüşü kağızın üzərində yandırıldıqdan sonra çəkilmiş çoxsaylı fotoşəkillər və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə çəkdikdən sonra çəkdirdiyi ehtimal edilən fotoşəkillər, həmçinin, Təqsirləndirilən şəxslə Şahid3 selfi fotoşəkilləri müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs «VhatsApp» proqrammı ilə «Behzat» adlı şəxsə «Behzat salam nə var nə yox nətərsən? Behzat rayonda «patın» varsa nə qədər olur olsun 10, 20, 30, 40, 50, 100 nəyin varsa quzukəsim mənə ver. Sroçnu mənə patı lazımdı» məzmunda səs yazısı göndərməsi müəyyən edilmişdir. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2022-ci il tarixli, 182 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotiki İran-İslam Respublikası vətəndaşı olan Bezat adlı şəxsin vasitəsi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona ilkin baxış zamanı “Vhatsapp” ani mesajlaşma proqramı vasitəsilə səsli mesajlarda ondan müxtəlif kütlələrdə müxtəlif narkotik və psixotrop vasitələri istəməsi, həmçinin Təqsirləndirilən şəxs arvadı və uşağı olmadığına, qardaşı Sadiq Fərzəliyevin ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığına görə Təqsirləndirilən şəxs tutulduğu günə kimi yəni 17 yanvar 2022-ci il tarixədək daimi qeydiyyatda olduğu Ağcabədi şəhəri E.Sadıqov küçəsində yerləşən 62 saylı evdə anası Təranə İsmayılova ilə birlikdə yaşaması müəyyən olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yeni tikilmiş başqa fərdi yaşayış evi olsada 17 yanvar 2022-ci il tarixədək yeni tikilmiş fərdi yaşayış evində yaşayış üçün heç bir şərait olmamışdır. Təqsirləndirilən şəxs həbs edildikdən bir neçə ay sonra onun yaxınları tərəfindən həyətlərində olan yeni tikilmiş evə bəzi ev əşyaları və Təqsirləndirilən şəxs şəxsi əşyaları daşınmaqla yeni evdə guya əvvələr yaşayış olması görüntüsü yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq çoxsaylı şəxslərə, o cümlədən Şahid3 narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satması müəyyən edilmişdir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümə qablaşdırılmış 42,822 qram narkotik vasitə heroin, ********* nömrəli cinayət işi üzrə Şahid4 üzərindən aşkar edilərək götürülmüş 1,926 qram narkotik vasitə heroin və 1,370 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs məxsus bir ədəd «İPhone 11» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəməyə təqdim olunmuş 5 may 2022-ci il tarixli Ağcabədi Rayon Məhkəməsinin hökmündən görünür ki, Şahid4 Saməddin oğlu CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkir. Məhkəməyə təqdim olunmuş 7 sentyabr 2022-ci il tarixli Ağcabədi Rayon Məhkəməsinin hökmündən görünür ki, Şahid3 CM-nin 234.1 və 234.2.-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkir. Ağcabədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi barədə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında Ağcabədi RPŞ-nın 17 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlilləri yəni, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi, ev 62 ünvanda yaşasa da belə, anası ilə ayrı-ayrı fərdi evlərdə qaldıqlarını, aşkar edilən külli miqdarda narkotki vasitə heroinin ona məxsus olmadığı, heç vaxt narkotikdən istifadə etmədiyini, Ramini tanısa da ona və ya digər şəxslərə narkotik satmadığını, polis şöbəsində ona qarşı zor tətbiq olunaraq döyülməsinə dair ifadələrində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən döyülməsi və rüşvət tələb edilməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə ibtidai istintaq zamanı Ağcabədi rayon prokurorluğunda araşqdırma aparılmış, cinayət işinin başlanması üçün mövcud əsaslar olmadığına görə 10 may 2022ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istərsə də onun vəkili Müdafiəçi2 Ağcabədi rayon prokurorluğunun 10 may 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında müvafiq məhkəmyə müraciət etməmişlər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs evində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat onun anası ilə birgə yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun anasının razılığı və iştirakı, həmçinin hal şahidlərin iştirakları ilə baxış keçirilmiş, evin çöl tərəfdən pəncərənin aşağı hissəsindən örtüyün altından bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapıldığını göstərmişər. Bu xüsusatı öz razılıqları ilə baxışda iştirak edən şəxsi maraqları olmayan hal şahidləri Şahid5 və Şahid6 də təsdiq etmişlər. Eyni zamanda məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Təranə İsmayılova da ifadəsində polis əməkdaşları tərəfindən yaşadığı həyətə baxana pəncərənin örtüyünün altından bir büküm aşkar olunduğunu, büküm açıldıqda içərisində narkotikə bənzər kütlə olduğunu təsdiq edərək həmin ünvanda oğlu Şəmildən və özündən başqa heç kimin yaşamadığını göstərmişdir. Eyni zamanda, məhkəmə Şahid3 hazırda Təqsirləndirilən şəxslə eyni İstintaq Təcridxanasında saxlanılmasını, həbsdə olan şəxslər arasında münasibətlərin və davranışın özünəməxsusluğunu və bilavasitə Təqsirləndirilən şəxs üzünə qarşı doğru ifadə verməkdə çətinlik çəkməsini nəzərə alıb Şahid3 məhkəmədə verdiyi ifadəsində saxlanılmamışdan bir neçə gün əvvəl Təqsirləndirilən şəxs tanışı Şahid4 satmaq üçün hər hansı bir narkotik vasitə almamasına dair göstərdiyi xüsusata tənqidi yanaşaraq onun bu ifadəsini işin obyektiv hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə, Şahid3 saxlanılmamışdan bir neçə gün əvvəl yaşadığı Ağacabədi şəhərində Təqsirləndirilən şəxs 1 qram heroini tanışı Şahid4 satmaq üçün almasına dair məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu təqsirləndirilən şəxs qismində 21 fevral 2022-ci il tarixli və şahid qismində 17 mart 2022-ci il tarixli ifadələrində göstərdiyi xüsusatları işin obyektiv hallarına uyğun gəldiyi üçün Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə Şahid4 üzərində aşkar olunan heroinin Təqsirləndirilən şəxs evində aşkar olunan heroinlə eyni tərkibli olmasına dair ekspertizanın 13 aprel 2022ci il tarixli 18/425 N-li rəyini də Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Hazırda qüvvədə olan Ağcabədi Rayon Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Şahid3 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən 62 saylı evin yaxınlığında 1,926 qram heroini və 1,370 qram metamfetamini satış məqsədi ilə əldə etdikdən sonra narkotik vasitəni və psixotrop maddəni 80 manat pulun müqabilində tanışı Şahid4 satdığına görə CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün iş üzrə ziddiyyət təşkil edən hissəyə münasibətdə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs mobil telefonundakı çoxsaylı müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif formalarda müxtəlif elektron tərəzilərdə çəkilərkən fotoşəkillərin aşkar edilməsi və Behzat adlı şəxsdən almaq üçün psixotrop maddə metamfetamin istəməsi, habelə Şahid4 aşkar olunan heroinin Təqsirləndirilən şəxs evində aşkar olunan heroinlə eyni tərkibli olması, Şahid3 heroini Təqsirləndirilən şəxs almasına dair ifadələrində göstərdiyi xüsusatlar, Ağcabədi Rayon Məhkəməsinin hökmləri və işin digər halları bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şahid3, sonuncu da tanışı Şahid4 narkotik vasitə satmış, ümumiyyətlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yaşadığı evdə saxlamış və mütəmmadi olaraq onların satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotki vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 metamfetamin və heroin satmas, həmçinin Təqsirləndirilən şəxs evində aşkar olunan külli miqda heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. 17 yanvar 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin gün Ağcabədi Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2019-cu ildə Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə (qəsdən adam öldürmə) cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində dovlətlərarası axtarışı elan edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin arayışından və xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlər nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəza çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs profilaktiki narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi RPŞ-də saxlanılan 42,772 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “İPHONE 11” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Şahid4 aşkar olunmuş 1,876 qram narkotik vasitə heroin qalğının və 1,320 qram psixotrop maddə metamfetamin qalığının Ağcabədi Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə ləğv olunması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 161 (yüz altmış bir) manat 69 (altmış doqquz ) qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi RPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan 42,772 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “İPHONE 11” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Şahid4 aşkar olunmuş 1,876 qram narkotik vasitə heroin qalğının və 1,320 qram psixotrop maddə metamfetamin qalığının Ağcabədi Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə ləğv olunması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 161 (yüz altmış bir) manat 69 (altmış doqquz) qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-27/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-27/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver