Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-270/2022 05.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxx 1978-ci ildə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan “Anar” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,428 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb yaşadığı ərazidə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 11 dekabr 2021ci il tarixdə, saat 16 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara rayonunun Şahağacı kəndində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə külli miqdarda-2,428 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər fəhləliklə məşğul olmuşdur.Əvvəllər cinayət törətdiyinə görə bir dəfə Rusiyada məhkum olunmuş, sonuncu dəfə 2020-ci ildə oğurluq etdiyinə görə Astara Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuş, 2021-ci ildə barəsində amnistiya qərarı tətbiq edilərək cəzadan azad eilmişdir.Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.10 dekabr 2021-ci il tarixdə, axşam saatlarında evində olarkən Astara RPŞ-nin Vasif adlı əməkdaşı evinə gəlib onu tutub Astara RPŞ-nə aparmışdır.Polis şöbəsində onu hansısa oğurluqla bağlı sorğu-sual etmişlər.Sonra tanımadığı polis əməkdaşları cibinə bir büküm heroin qoyub “sən narkotiklə bağlı tutulmalısan” demiş və ona qarşı təzyiqlər edib cibinə qoyduqları heroinin ona (Təqsirləndirilən şəxs) məxsus olmasını bildirməsini məcbur etmişlər.Bundan sonra üzərində axtarış olmuş və o, polislərin təzyiqi ilə aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir.Əslində isə aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini cibinə tanımadığı polis əməkdaşlar qoymuşdur.11 dekabr 2021-ci il tarixdə o, Lənkəran şəhərinə getməmiş, evində olmuş, həmin vaxt üzərində qolbaq (təyin olunmuş azadlığın məhdudlaşdarılması cəzasının icrası ilə bağlı ayağına taxılmış elektron qolbaq) olduğundan yaşadığı ərazidən kənara getmək hüququ olmamış, ona görə də onun həmin gün Lənkəran şəhərinə gedib narkotik maddə alması barədə yazılanlar doğru deyildir.Tutulan vaxt üzərində narkotik maddə olmamış, heç kimdən narkotik maddə almamış və narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 10-15 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.11 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhərinə getmiş və Lənkəran bazarında adını “Anar” kimi bildiyi şəxsdən 70 manata bir bükümdə təxminən 2 qram heroin almış və yaşadığı Astara rayonunun Şahağacı kəndinə qayıtmışdır.Həmin gün saat 16 radələrində Şahağacı kəndinin ərazisində küçədə olarkən bir neçə mülki geyimdə olan polis əməkdaşları onu saxlayıb X4 dövriyyəsində şübhəli olduğunu bildirib onu Astara RPŞ-nə aparmışlar.Polis şöbəsində üzərində axtarış aparılarkən özü əynindəki gödəkcənin cibindən bir bükümdə olan heroini çıxarıb təqdim edib istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir.Üzərindən aşkar olunmuş heroin qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür.O, narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində şəxsin axtarışının keçirilmsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir.Əslində üzərində aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, həmin maddəni onun cibinə polis əmkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞ-in əməkdaşıdır. 11 dekabr 2021-ci il tarixdə Astara rayonunun Şahağacı kənd sakini Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat əsasında daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilmişdir.11 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Astara rayonunun Şahağacı kəndində küçədə saxlanılıb narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilib Astara RPŞ-nə gətirilmişdir. Şöbədə təhqiqatçı Elnur Məmmədov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd bükümü çıxarıb təqdim edib bükümdə heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroini Lənkəran şəhərində “Anar” adlı şəxsdən aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bükümün içərisində heroinə oxşar kütlə olmuş və həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır.Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik maddə satmış “Anar” adlı şəxsin kimliyini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir neçə dəfə məlumatlar daxil olsa da, onun narkotik maddə satdığı şəxslərin şəxsiyyətini də müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Astara RPŞ-nin Astara rayonunun Şahağacı kənd sahə müvəkkilinin köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Şahağacı kənd sakini, narkotik vasitələrdən istifadə edən və satışı ilə məşğul olan, həm də işləməyən, tüfeyli həyat tərzi keçirən şəxs kimi tanıyır.11 dekabr 2021-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulduğunu eşitmiş, lakin həmin tədbirdə o, iştirak etməmişdir.Əvvəllər, bir neçə il əvvəl Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə bağlı onun polis şöbəsinə aparılmasında iştirak etmiş, lakin 11 dekabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs görməmiş, onu polis şöbəsinə aparmamışdır. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 11 dekabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Astara rayonunun Şahağacı kənd sakini Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 11 dekabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş məlumat əsasında həmin tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində Astara rayonunun Şahağacı kəndində küçədə saxlanılıb Astara RPŞ-nə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 11 dekabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Astara RPŞ-də təhqiqatçı Elnur Məmmədov tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir.Təqdim olunmuş bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində heroin olduğunu və həmin heroini Lənkəran şəhərində “Anar” adlı şəxsdən aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bilirmişdir.Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və şəxsi axtarışının aparılmasına dair videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm kütlə .’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-2,428 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 2,378 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,378 qram heroin maddi sübut kimi tanınmışdır. Həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə 22 fevral 2022-ci il tarixli qərarla şəxsi axtarışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 aprel 2022-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra Astara RPŞnin əməkdaşları tərəfindən ona qarşı təzyiq və zorakılıq halları olması barədə şikayəti üzrə Astara rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Astara RPŞ-nin tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halların olması təsdiq olunmadığından material üzrə cinayət şinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitəni üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni bir nəfər polis əməkdaşı tərəfindən 10 dekabr 2021-ci il tarixdə tutulub polis şöbəsinə aparılması, tutularkən üzərində narkotik maddənin olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitəni üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Vasif Hüseynovun ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 aprel 2022-ci il tarixli qərarın surəti, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (videofaylda həmin videoçəkilişin tarixi “2021.12.11.” yazılmışdır), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olması və istifadəsi üçün alıb üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Astara Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul edərək üzərində aşkar olunmuş narkotik maddəni almasını və özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,428 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmünün surəti və Astara rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Rusiya Federasiyası, Primorks Diyarı, Naxodninsk Şəhər Məhkəməsinin 22 aprel 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs RF CM-nin 228.1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhrum olunmuş, 26 oktyabr 2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Astara Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum edilmiş və “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2-ci hissəsinin 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdarılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, habelə həmin Qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluğu götürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 noyabr 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Astara rayonunun Şahağacı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 20212-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,378 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,378 narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-270/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-270/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver