Məhkəmə qərarları › İş №1(099)-272/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-272/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-272/2023 28.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Cabbarov Azad Atabala oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 31 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 4(071)-138/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 0,873 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla, tanışı Şahid8 idarə etdiyi “Chevrolet” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının cib hissəsində saxlamış, 16 avqust 2022-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat axtarış tədbiri nəticəsində avtomobilə baxış keçirilərkən, avtomobilin sağ qapısının cib hissəsində eynək qutusunun içərisində 01 ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda- 0,873 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-44,641 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda-9,071 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 08 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 01 bükümdə 9,071 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,752 qram və 27,889 qram olmaqla ümumi təmiz çəkisi 44,641 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən üç ildir narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhərində olarkən yol kənarında qara eynək qutusu görmüş, həmin qutunu götürüb içərisinə baxdıqda 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana görmüşdür. Özü narkotik vasitələrdən istifadə etdiyi üçün həmin maddələri götürmüş və özündə saxlamışdır. Tapdığı narkotik maddələrdən istifadə etmişdir. 16 avqust 2022-ci il tarixdə Sabirabad şəhərində şahmat məktəbinin yanında yolda gedərkən tanışı Vasif ona zəng etmiş, harada olduğunu soruşmuş, Sabirabad şəhərində şahmat məktəbinin yanında olduğunu Vasifə bildirmiş, sonuncu isə orada gözləməyini demişdir. Şahmat məktəbinin yanında Vasifi gözləmiş, Vasif idarə etdiyi avtomobil ilə onun yanına gəlmiş, Vasinin idarə etdiyi avtomobildə əyləşmiş, Vasif ona haradasa oturub çay içməklərini təklif etmiş, Vasifə aptekə getməli olduğu deyərək avtomobili aptekə sürməyini bildirmişdir. Vasif avtomobili aptekin yanında saxlamış, aptekə düşüb uşağına lazım olanları almış, yenidən Vasifin avtomobilinə əyləşmiş, avtomobilə əyləşərkən üzərində daşıdığı içərisində narkotik vasitələr olan eynək qutusunu avtomobilin qapısının cibinə qoymuşdur. Vasiflə söhbət etmiş, sonra Vasifə evə gedəcəyini demiş, Vasif də onu evə aparacağını bildirmişdir. Onlar yaşadığı evə doğru gedərkən, yolda bir avtomobil onlara işarə edərək saxlamaqlarını bildirmiş, Vasif də avtomobili saxlamış, avtomobildən düşən şəxslər polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin saxlanmasında, daşınmasında şübhəli olduğunu demişlər və Vasif ilə onu RPŞ-nə aparmışlar. RPŞ-də üzərində narkotik vasitələrin olub-olmamasını soruşmuşlar, narkotik vasitənin avtomobilin qapısında olduğunu demiş, həmçinin Vasifdən də üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, Vasif də özünə məxsus pul qabında narkotik vasitə olduğunu pul qabının da avtomobilin qol altı hissəsində olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları iki nəfər hal şahidi dəvət etmişlər və avtomobilə baxış keçirtmişlər. Baxış zamanı avtomobildə o, əyləşən tərəfin qapısının cib hissəsində qoyduğu eynək qutusunun içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra avtomobilə baxış zamanı avtomobilin salonunun qolaltı hissəsində Vasifə məxsus pul qabında 01 ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş kütlələr qabladırılmışdır. Avtomobildən hər hansısa qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Baxışla bağlı protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. Bundan əlavə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfində saxlanılması ilə bağlı bildirmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə internet vasitəsi ilə “Facebook” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə danışarkən narkotik vasitə barədə söhbət etmişdir. Söhbət zamanı narkotik vasitə istəmiş və söhbətləri alınmışdır. Həmin şəxsin ona yazdığı kart nömrəsinə 200 manat pul köçürtmüş və həmin miqdarda narkotik vasitə istəmişdir. Həmin şəxsi görməmiş və onun kart nömrəsi yadında qalmamışdır. Həmin şəxs Bakı şəhərində Zığ şossesi yazılan plakatın altında narkotik vasitəni selofanlarda qoyacağını və ona konum atacağını bildirmişdir. 30 oktyabr 2022-ci il tarixdə Sabirabad rayonundan yoldan keçən bir taksiyə minib Bakı şəhərinə gedib pulunu verdiyi narkotik vasitəyə götürmək üçün çıxmışdır. Öz telefonu bağlı olduğundan taksi sürücüsünün telefonu ilə əlaqə saxlayıb, konum atdırmışdır. Bakı şəhərinə həmin taksi ilə getmiş, taksidən düşdükdən sonra qeyd olunan yerə getmişdir. Zığ şossesi yazılan plakatın dirəyinin qırağında selofan bükümləri görmüş və götürmüşdür. Həmin bükümlər 3 ədəd selofan bükümləri olmuş, həmin bükümləri açıb baxdıqda iki selofanda heroin, bir selofanda isə metamfetamin olduğunu görmüşdür. Bükümləri götürüb şalvarının cibinə qoymuşdur. Həmin gecə Bakı şəhərində gəzdikdən sonra Sabirabad rayonuna qayıtmaq üçün Lökbatan qəsəbəsinə getmişdir, həmin vaxtı artıq 31 oktyabr 2022-ci il tarix olmuşdur. Tanımadığı şəxsin idarə etdiyi yol maşını ilə Sabirabad rayonuna getmək üçün yola düşmüş, həmin maşın Kürdəmir rayonuna gedəcəyindən Hacıqabul rayonunda “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında düşmüşdür. Orada Sabirabad rayonuna getmək üçün maşın gözləyərkən Hacıqabul RPŞnin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması ondan soruşulmuşdur. Həmin vaxtı əynində olan göy rəngli cins şalvarın qabaq sol cibində gizlətdiyi iki büküm narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə olan metamfetamin olmaqla ümumilikdə 3 ədəd sellofan kəsiyi bükümlərini təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə olduğunu bildirmiş, sonra isə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, müdafiəçisinin iştirakı ilə həmin protokolu imzalamışdır. Narkotik vasitə qəbul etsə də narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış, ona qarşı Hacıqabul RPŞ-də heç bir təziq və ya zor tətbiq edilməmişdir. Məhkəmədən işinə tez baxılmasını, az yaşlı uşağının olmasını, yeni evlənməsini və xəstə anasının olmasını nəzərə alaraq ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 16 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumat əsasında tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş, sonra isə RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması əməliyyat marağı doğurduğu üçün Sabirabad şəhəri A.Abdullayev küçəsində tanışı Şahid8 idarə etdiyi avtomobildə olarkən, avtomobil tərəflərindən saxlanılaraq, RPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməsini bildirmişlər, Təqsirləndirilən şəxs avtomobilin sağ qapısının cib hissəsində özünə məxsus psixotrop maddə və narkotik vasitələrin olmasını demiş, iki nəfər hal şahidinin iştirakı avtomobilə baxış keçirilmiş, avtomobilin sağ qabaq qapısının cib hissəsində eynək qutusunun içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Şahid8 avtomobilində ona məxsus narkotik vasitənin olmasını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Avtomobilin salonunda olan saxlanc yerindən Şahid8 məxsus pul qabının içərisindən 01 ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Protokol tərətib edilmiş, hal şahidlərinin və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə xidmətdə olarkən Sabirabad şəhəri, A.Abdullayev küçəsi ev 45A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqla saxlaması barədə məlumat daxil olmuş, həmin məlumatla bağlı tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, həmin qərarın icra edilmis ilə bağlı Post-patrul xidməti tağımının polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Şahid2 ilə birlikdə Hacıqabul rayonunda yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yanına getmişlər. Həmin ərazidə olarkən yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, sonuncunu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş və birlikdə Hacıqabul RPŞ-nə gəlmişlər, raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişlər, sonra isə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sol cibində gizlətdiyi 3 ədəd bükümü təqdim etmiş, həmin bükümlərin birində psixotrop maddə metamfetamin, digər bükümlərdə isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, digər ikisində isə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 200 manat müqabilində əldə etdiyini bildirmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılmış, protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs şahidlərin düzgün ifadə verdiklərini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 28 aprel 2023-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək səhhəti ilə əlaqədar çağrışa gəlmə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 329cu maddəsinə əsasən şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tətqiq edilmiş və müəyyə edilmişdir ki, Şahid8 Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Sabirabad RPŞ-də Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitə gəzdirməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 16 avqust 2022-ci il tarixli raport, “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, hal şahidlərinin iştirakı ilə baxış keçirilməsi istintaq hərəkəti, iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və baxış keçirilməsinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .73-74, 76-80) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 89) - «Baxış keçirilməsi haqqında» 16 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid8 idarə etdiyi “Chevrolet” markalı avtomobilin qabaq sağ qapısının cib hissəsində olan eynək qutusunun içərisində Təqsirləndirilən şəxs məxsus 01 ədəd sellofan kəsiyi bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd kağız bükümdə narkotik vasitə heroin, 01 ədəd kğaız bükümdə narkotik vasitə qurudulmuş marixuana, avtomobilin salonunda qolaltı hissədə olan saxlanc yerindən Şahid8 məxsus pul qabının içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (i.v. 76-80) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. ( i.v. 146-147, 156-157) -Hacıqabul RPŞ-də Təqsirləndirilən şəxs barəsində 31 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-4, 23-25). -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 89) -«Şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə Hacıqabul RPŞyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın qabaq sol cibində gizlətdiyi 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə isə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (i.v. 23-24) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir və Hacıqabul Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 4(071)-138/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. ( i.v. 41-42, 54-56) - «Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının» 17 avqust 2022ci il tarixli 18/890-891 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd qara rəngli qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,051 qram olan qəhvəyimtil rəngli maddə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,873 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,20 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 134-138) -«Məhkəmə-kimyəvi ekspertizasının» 31 oktyabr 2022-ci il tarixli, 18/1177 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 16,752 qram, 27,889 qram, ümumi çəkisi 44,641 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 9,071 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 31-34) - «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 17 oktyabr 2022-ci il tarixli, 6110 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 177-178) - «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 15 dekabr 2022-ci il tarixli, 7617 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 231-232) -«maddi sübut kimi tanımaq haqqında» 21 avqust 2022-ci il tarixli qərarından görünür ki, Şahid8 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ona məxsus tədqiqatdan sonrakı təmiz çəkisi 0,028 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus tədqiqatdan sonrakı təmiz çəkisi 0,823 qram psixotrop maddə metamfetamin, 0,031 qram narkotik vasitə heroin və 0,18 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i.v. 158-159) -«cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında» 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Sabirabad RPŞ-nin İB-də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Hacıqabul RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək X2 barəsində Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə bir icraatda istintaqı aparılmışdır. (i.v. 195-196) -«sübutların qiymətləndirilməsi haqqında» 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 44,641 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 44,541 qram qalığı, 9,071 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 9,021 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i.v. 244-257) -«sübutların qiymətləndirilməsi haqqında» 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, avtomobildən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus 0,051 qram narkotik vasitə heroin, 0,20 qram narkotik vasitə qurudulmuş marixuana CM-nin 234.1-ci maddəsinin tərkibini yaratmadığından sonuncu barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə material ayrılaraq Hacıqabul rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən örü qərarın surəti aidiyyəti üzrə Sabirabad RPŞ-nə göndərilmişdir. (i.v. 244-257) -“Sabirabad Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 3(056)-1405/2022 nömrəli qərarından görünür ki, Şahid8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. (i.v. 230-231) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 65-66,168-169) -Sabirabad RMX X1 daxil olmuş 28 aprel 2023-cü il tarixli, 473 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2018-ci il tarixdən ND-dispanser qeydiyyatındadır. -Sabirabad RMX X1 daxil olmuş 28 aprel 2023-cü il tarixli, 473 nömrəli arayışdan görünür ki, Baxşizadə X3 rayon poliklinikasında əsəb-ruhi kabinetində heç bir xəstəliklə qeydiyyatda yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolu, protokola əlavə edilmiş videoçəkiliş, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə (narkotik vasitələrin satışı ilə məşğul olmaması) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdarda olmaqla 44,641 qram, psixotrop maddə metamfetamin külli miqdarda olmaqla 9,071 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib, saxlaması və daşıması onun məhz həmin kütləni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı tam etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid5 ifadələri, Sabirabad RPŞ-də Təqsirləndirilən şəxs lduğu maşına baxış keçirilməsi haqqında, Hacıqabul RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar, həmin istintaq hərəkətinə əlavə edilmiş videogörüntü, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış külli miqdarda-narkotik vasitə olan heroin və külli miqdarda-psixotrop maddə olan metamfetamin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 65-66,168-169) -Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı və 2021-ci il təvəllüdlü oğlundan ibarətdir. Sabirabad şəhəri, A.Abdullayev küçəsi 45A-da yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (i.v. 198-99). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində azyaşlı uşağının olmasından (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 oktyabr 2022-ci il tarixdən hesablanmalı, Hacıqabul Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 4(071)-138/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, şübhəli şəxs kimi tutulduğu 16 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixə kimi olan 2 gün müddət ona qəti olaraq verilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 17 oktyabr 2022-ci il tarixli, 6110 nömrəli, 15 dekabr 2022-ci il tarixli, 7617 nömrəli rəyləri nəzərə alınaraq və Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 145 (yüz qırx beş) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,823 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 44,541 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 9,021 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,823 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 44,541 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 9,021 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 16 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixə kimi olan 2 gün müddət ona verilmiş 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmaqla onun üzərində 6 (altı) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Hacıqabul Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 4(071)-138/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,823 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 44,541 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 9,021 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar