Məhkəmə qərarları › İş №1(099)-273/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-273/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-273/2023 05.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxx 1988-ci ildə Rusiya Federasiyasının Stavropol vilayətinin Trunovski rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının axırlarında saat 01 radələrində tanışları X1 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Saatlı rayonu, Dədə Qorqud kəndində olan Şirvan regional enerji təchizatı və satışı idarəsinin Saatlı elektrik şəbəkəsinə məxsus bir ədədinin dəyəri 507 manat olan iki ədəd dəmir dayaqların söykənəcəyini çıxarıb Zamin Cahangirova məxsus “MTZ 80” markalı, 49-T-470 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna qoyub aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Şirvan regional enerji təchizatı və satışı idarəsinin Saatlı elektrik şəbəkəsinə cəmi 1014 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, 2021-ci ilin oktyabr ayının son günlərində, saat 01 radələrində tanışları X1 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Saatlı rayonu, Dədə Qorqud kəndində olan Şirvan regional enerji təchizatı və satışı idarəsinin Saatlı elektrik şəbəkəsinə məxsus bir ədədinin dəyəri 507 manat olan üç ədəd dəmir dayaqların söykənəcəyini Zamin Cahangirova məxsus “MTZ 80” markalı, 49-T-470 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna qoyub aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Şirvan regional enerji təchizatı və satışı idarəsinin Saatlı elektrik şəbəkəsinə cəmi 1521 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Həmçinin o, 2021-ci ilin noyabr ayının əvvəlində, saat 01 radələrində tanışları X1 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı rayonu, Dədə Qorqud kəndində olan Şirvan regional enerji təchizatı və satışı idarəsinin Saatlı elektrik şəbəkəsinə məxsus bir ədədinin dəyəri 507 manat olan üç ədəd dəmir dayaqların söykənəcəyini Zamin Cahangirova məxsus “MTZ 80” markalı, 49-T-470 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna qoyub aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Şirvan regional enerji təchizatı və satışı idarəsinin Saatlı elektrik şəbəkəsinə cəmi 1521 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 500 ədəd həbin tərkibinə metadonun təsiredici maddənin ümumi miqdarı 20,0 qram metadonu və külli miqdarda psixotrop maddə olan ümumi təmiz çəkisi 295 qram metamfetamini İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, sonra şəxsiyyəti istintaqa Ədalət adı ilə məlum İran İslam Respublikası vətəndaşı 30 aprel 2022-ci il tarixdə, saat 17-18 radələrində istintaqa məlum olmayan yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq İİR-dən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu qeyd olunan külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib, saxlayıb daşımış, "sərhəd gözətçisi" sərhəd naryadı tərəfindən 02 may 2022-ci il tarixdə, saat 18:20 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Babı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 11ci sahəsinin ərazisində saxlanıldığı yerdən təxminən 10 metr aralıda ona məxsus qara rəngli gödəkçənin içərisindən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 500 ədəd həbin tərkibinə metadonun təsiredici maddənin ümumi miqdarı 20,0 qram metadon və külli miqdarda psixotrop maddə olan ümumi təmiz çəkisi 295 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni oğurluqla bağlı təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında küçədə olarkən bibisi oğlu Zamin və məhlədən tanıdığı Murad adlı şəxs onu çağıraraq oğurladıqları işıq dirəklərinin borularını daşımaq üçün ondan kömək istəmişlər, əvvəl onlara narazılığını bildirsə də, sonradan onlara kömək etmiş və boruları evlərinin yaxınlığında olan zavodun qarşısına yığmışlar. Tanışı Əlibala ondan boru istəməmişdir. Bu hadisədən 10 gün sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə çağırılmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında Xırdalan şəhərinə usta kimi işləməyə getmiş və orada kirayə ev tutmuşdur. 2022-ci ilin aprel ayında Xırdalan şəhərində, “AAAF Park” yaşayış kompleksinə yaxın ərazidə yerləşən parkda tanımadığı, sonradan adını bildiyi Əlibaba adlı şəxs ona yaxınlaşaraq siqaret istəmiş, söhbət əsnasında Əlibabaya fəhləlik etdiyini və maddi vəziyyətinin pis olduğunu bildirdikdə Əlibaba ona, yaxşı qazanc gətirən iş bildiyini, bu işin Füzuli rayonu ərazisində İranla sərhəd olan Araz çayının sahilinə gedib oradan verilən bir torba qızılı deyilən yerə aparmaqdan ibarət olduğunu demişdir. Əlibaba ilə razılaşmış və ondan əlaqə saxlayacağı şəxsin İran İslam Respublikasına məxsus operatora aid mobil nömrəsini götürmüşdür. Həmin iranlı şəxslə görüntülü danışdıqda o, götürəcəyi qızılları ona göstərmiş, torbanı Azərbaycanda deyilən yerə aparmalı olduğunu demiş, bunun müqabilində ona 4000 manat pul təklif etmiş, o, pula ehtiyacı olduğundan Ədalətin bu təklifi ilə razılaşmışdır. Aprel ayının axırlarında, dəqiq tarixi xatırlamır, Horadiz şəhərinə yollanmış, «şamlıq» deyilən ərazidən İranın Parsabad rayonuun Aslandüz qəsəbəsi istiqamətinə olan sərhəd zonasına çatmış, iranlının göndərdiyi konumla hərəkət etmiş, ətrafda heç kimi olmadığına əmin olub məftillərin arasından keçib Araz çayının sahilinə yaxınlaşmışdır. Danışdığı iranlı şəxsin dediyi yerə çataraq onu gözləmişdir. Sonradan həmin şəxs İran tərəfdən Araz çayını üzərək Azərbaycan Respublikasının ərazisinə keçmiş, bağlamanı ona vermiş və Bakı şəhərində onun deyəcəyi yerə çatdırmasını bildirmişdir. İranlı Araz çayını üzərək geri qayıtmışdır. Bağlamanı əldə etdikdən sonra yolu tapa bilmədiyindən azmış, bir gün sərhəd tərəfdə meşəlikdə kolluqlarda qalmış, həmin müddətdə bağlamanı açıb içinə baxmış və içində qızıl deyil narkotik olduğunu görmüşdür. 2022-ci ilin may ayının 2-də saat 18 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır.Torbaya baxış keçirilmiş, içərisində metamfetamin və metadon aşkar edilmişdir. Saxlanılarkən sərhədçilər tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı oğurluq cinayət əməli ilə bağlı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək 2021-ci ilin təxminən oktyabr ayında tanışı Əlibala ona boru lazım olduğunu demiş, 2021-ci ilin oktyabr ayının sonlarında həyətlərindən bel götürüb Miradla birlikdə küçələrində olan iki işıq dirəklərinin dibini qazaraq oraya söykənmiş boruları çıxarıb yaxınlıqda olan köhnə zavodun qarşısına yığmışlar. Boruları aparmaq üçün traktor sürən bibisi oğlu Zamini çağırmış, birlikdə boruları tarktorun qoşqusuna yükləyib Əhmədbəyli kəndinə Əlibalanı həyətinə boşaltmışlar. Boruların bir ədədini 30 manata satmış, Əlibala ona cəmi 60 manat vermişdir. Zaminə 10 manat yanacaq pulu vermişdir. Qalan 50 manatı isə Murada vermişdir. Bundan təxminən 2-3 gün sonra 2021-ci ilin oktyabr ayının axırlarında Əlibala ona zəng edərək yenə boru lazım olduğunu demiş. Bir gün sonra saat gecə 1 radələrində Zamin və Muradla birlikdə yolun kənarındakı işıq dirəklərinə söykənmiş boruların diblərini qazıb 3 ədəd boru çıxarıb köhnə zavodun qarşısına, oradan da boruları Zaminin traktoruna yükləyib Əlibalanın yaşıdığı həyətə boşaltmışlar. Borunun bir ədədini 40 manat satmışlar, ümumilikdə Əlibala onlara 120 manat vermişdir. Aldığı 120 manatın hamısını Murada vermişdir. Bir neçə gün sonra 2021-ci ilin noyabr ayının əvvəllərində Əlibala yenə ondan boru istəmiş, Əhmədbəyli kəndində Muradın əmisinin yaşadığı küçəyədəki işıq dirəklərinin dibini qazıb Muradla birlikdə 3 ədəd borunu çıxarıb Zaminin traktoruna yükləyib Əlibalanın həyətinə boşaltmışlar. Əlibala hər boruya görə 40 manat pul vermiş, aldığı 120 manatdan 50 manatını Zaminə yanacaq pulu vermiş 10 manatı da özünə götürmüş, 60 manatı isə Murada vermişdir. Ümumilikdə 300 manat pul əldə etmişlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadələri ilə yanaşı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi-Saatlı elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsinin aparıcı mühəndisi Nümayəndə Bəşir oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən dekabr ayının əvvəllərində Saatlı rayonu, Dədə Qorqud kəndinin ərazisindəki elektrik dirəklərinin söykənəcəklərindən 5 ədədinin, Əhmədbəyli kəndinin ərazisindəki elektrik dirəklərinin söykənəcəklərindən isə 3 ədədinin diblərinin qazılaraq oğurlandığını müəyyən etmişdir. Bununla bağlı Saatlı RPŞ-yə müraciət edilmişdir. Oğurlanmış dirəklər 7,8 metr uzunluğunda, divarının qalınlığı 28 mm olan, 127 ml-lik borulardır. Həmin borular 2016-cı ildən istismarda olmuşdur. Şirvan regional enerji təchizatı və satışı idarəsindən Saatlı RPŞ-yə daxil olmuş müraciətdə dəmir dayaqların söykənəcəyinin quraşdırma və digər iş xidmət xərci ilə olan 1 ədədinin dəyəri 446,38 manat, işdə olan ekspertizanın rəyində 7,8 metr uzunluğunda, 2016-cı ildən istismarda olan,127 ml-lik, metal dirəyin (boru) orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təqribən 507 manat müəyyən edilsə də, qeyd edilən dirəklərin qiymətləri barədə dəqiq heç nə bilmir. Sonradan məlum olmuşdur ki, həmin dirəkləri Saatlı rayon sakinləri Murad, Elşən və Zamin oğurlamışlar. Qeyd edilən dirəklərin söykənəcəyinin oğurlanması nəticəsində elektrik enerjisinin verilməsində heç bir problem yaranmayıb, elektrik enerjisinin özü talanmamışdır.Hazırda dəymiş ziyan tam ödənilmiş, onlara qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, heç bir şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2 may 2022-ci il tarixdə N saylı hərbi hissənin 17-ci sərhəd zastavasında sərhəddə saxlanılan adını soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə keçirdiyi torbaya keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Hadisə yerinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman o, bildirmişdir ki, həmin yer Füzuli rayonunun Babı kəndində yerləşən N nömrəli hərbi hissənin kolluq ərazisindən ibarətdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən təxminən 10-15 metr aralıda, kolluqda qara rəngli uzunqol gödəkçənin daxilində sol iç hissəsinin cırılmış yerində 2 ədəd sıx yapışqan lentlə bağlanılmış bükümlər aşkar olunaraq götürülmüş, gödəkçənin özünə məxsus olduğunu, hazırda adını xatırlamadığı iranlı bir nəfərin həmin gödəkçəni ona verdiyini və gödəkçənin iç cibində olan bağlamanın narkotik vasitələr olduğunu demiş və əlavə suala cavab olaraq 4000 manat müqabilində həmin bağlamanı Bakı şəhərinə apararaq sonradan ona deyiləcək şəxsə çatdırmalı olduğunu bildirmişdir. Bağlamadan 300 qrama yaxın ağ kristallik, metamfetaminə bənzər kütlə və 500 ədəd metadon həbi aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç kim tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 Şahid3 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmuş, o, həmin ifadəsində Elşəni, Muradı və Zamini tanıdığını, atası Əlibalanın hazırda Rusiya Federasiyasında olduğunu, 2021-ci il in noyabr ayının sonlarında atası Əlibalanın həyətlərində çardaq düzəltdiyini gördüyünü, atasından çardağın dəmirlərini haradan aldığını soruşduğunu, atasının da cavabında dəmirləri Elşəndən aldığını, aldığı dəmir turbaları da Zaminin traktoru ilə gətirdiyini, polis şöbəsinə çağırdıqdan sonra Elşənin və Zaminin onlara satdığı dəmirlərin və turbaların oğurluq olduğunu bildiyini göstərmişdir. Həmin vaxtadək turbaların və dəmirlərin oğurluq olduğundan məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9/9212 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 7,8 metr uzunluğunda, 2016-cı ildən istismarda olan, divarının qalınlığı 22 mm olan, 127 ml-lik, metal dirəyin (boru) orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 507 manat (7,8 metr x 65man.) müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 3 may 2022-ci il tarixli, 6/2551 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün 21" dairəvi möhür əksi olan bağlamada təmiz 295,0 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin bağlamada 5 ədəd üzərində "Methadone 40 mg" yazılan qutuda, hər qutuda 10 ədəd konvalyut, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi sayı 500 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə - metadon olub, 500 ədəd həbin tərkibinə metadonun təsiredici maddənin ümumi miqdarı 20,0 qramdır (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Ekspert rəyinin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi - 295,0 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq 294,95 qram və metadon həbləri 500 ədəd, tədqiqata sərf edilən miqdar - 10 ədəd, qalıq 490 ədəddir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4324 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2186 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlıdır, onun hərəkətləri CM-nin 21 və 22-ci maddələrin təsiri altına düşmür, məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 10 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Saatlı elektrik şəbəkəsinə məxsus Saatlı rayonu, Dədə Qorqud kəndində yerləşən 5 ədəd elektrik dirəklərinin söykənəcəyini və Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən 3 ədəd elektrik dirəklərinin söykənəcəyini haradan oğurladıqlarını, həmin söykənəcəkləri götürdükləri yeri, həmin əşyaları oğurladıqdan sonra hara apardıqlarını və satdıqları yeri əyani olaraq göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 02 may 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və fotocədvəldən görünür ki, baxış yeri Füzuli rayonunun Babı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasının 11-ci sahəsinin mühəndis-texniki çəpərinin içəri istiqamətidir. N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavası Füzuli rayonu Kərimbəyli kəndində yerləşir, oraya qədər olan məsafə 50 metr təşkil edir. 17-ci sərhəd zastavaşıdan 11-ci sahəsinə qədər olan məsafə 1000 metr təşkil edir. 11-ci sahədən dövlət sərhəd xəttinə qədər olan məsafə 1000 metr təşkil edir. 11-ci sahədən Azərbaycan Respublikası istiqamətində Füzuli rayonunun Babı kəndi yerləşir, oraya qədər olan məsafə 1200 metr təşkil edir. 11-ci sahədən müqabil dövlətin ərazisində İran İslam Respublikasının Aslandüz şəhərinin Bürcək kəndi yerləşir oraya qədər olan məsafə 3000 metr təşkil edir. 17-ci sərhəd zastavasının 11-ci sahəsi istiqamətində olan nəzarətedici vasitələr və dövlət sərhəd xətti yoxlanılarkən, nəzarət-iz zolağında heç bir iz aşkar olunmamışdır. 11-ci sahə istiqamətində dövlət sərhəd xəttinə və Araz çayının sahilinə baxış keçirilmiş, orada hər hansısa bir iz aşkar olunmamışdır. 11-ci sahənin mühəndis-texniki çəpərin içəri istiqamətinə baxış keçirilmiş, mühəndis-texniki çəpərin içəri istiqaməti əkin və otlaq sahələrində ibarət olan ərazidir. Maneə çəpərindən 100 metr aralıda olan qamış bitkilərindən ibarət olan ərazidədir. Saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 10 metr məsafədən aralıda sıx kol və qamışlıqda qara rəngli, uzunqol gödəkçənin sol qolunun içəri hissəsinin cırılmış yerində 2 ədəd sıx yapışqan lentlə bağlanılmış bükümlər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş torbaları götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 02 may 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 02 may 2022-ci il tarixdə, saat 18:20 radələrində N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasının 11-ci sahəsi istiqamətində saxlanılmış Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayon sakini Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 10 metr aralıda sıx kol və qamışlıqda qara rəngli, uzunqol gödəkçənin sol qolunun içəri hissəsinin cırılmış yerində 2 ədəd sıx yapışqan lentlə bağlanılmış bükümlərin daxillərinə baxış keçirilmişdir. Orada psixotrop maddə olan metamfetaminə oxşar 310 qram və üzərində «Metadon-40» yazılmış 500 ədəd dərman preparatlarına oxşar həblər təşkil etmişdir. Aşkar olunmuş psixotrop maddə və dərman preparatlarına oxşar maddələr qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni və dərman preparatlarına oxşar maddələri İran İslam Respublikasının vətəndaşı Ədalət adlı şəxsdən Araz çayı yaxınlığında götürdüyünü bildirmişdir. 12 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus bir 1 ədəd “Samsung Duos” markalı, “G925F” modelli, qızılı rəngli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon aparatı 1 simkartlıdır və üzərinə simkart quraşdırılmışdır. Sim 1-ə “Azercell” mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrəsi quraşdırılmışdır. Mobil telefonun "Kontakt" bölümündə yaddaşda saxlanılan digər adlarla yanaşı iş üçün əhəmiyyət kəsb edən İran İslam Respublikasına məxsus +98-***-***-**-** saylı mobil nömrə (cinayət işinin materiallarında bu mobil nömrənin sahibi şəxsiyyəti istintaqa İran İslam Respublikası vətəndaşı Ədalət adlı şəxs kimi məlumdur), eyni zamanda "Siruz ????" və "Cehun Siruz" kimi qeyd olunmuş ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Mobil telefonun "WhatsApp" tətbiqinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Ədalət adlı şəxsin istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə, saat 12 radələrində "Salam qardawim salamatcilqdi" və "Salam" sözləri göndərilmişdir. Mobil telefon aparatının zənglər, "SMS", "Qalereya" və digər bölümlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat aşkar edilməmişdir. "xxxx" MMC-nin təqdim etdiyi məlumatlara 18 iyun 2022-ci il tarixdə keçirilmiş baxış protokoldan görünür ki, şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı “Ədalət” adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə Azərbaycan Respublikasına məxsus mobil operatorlar arasında danışıq qeydə alınmamışdır. "xxxx" MMC-nin təqdim etdiyi məlumatlara baxış keçirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, "SMS" bölümündə İran İslam Respublikasına məxsus **********10 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 15:49 radələrində "Salam qardawim qel whatciatb yeq men", xx.xx.2022-ci i tarixdə saat 14:40 radələrində "Salam qardawim salamtcilqdi" və xx.xx.2022-ci il tarixdə saat 15:14 radələrində "Qardawim yeq men Behnam de Hardasen noldu" məzmunlu mesajlar göndərilmişdir. İş materiallarında olan X9 Təchizatı və Satışı İdarəsinin Saatlı elektrik şəbəkəsinin 03 dekabr 2021-ci il tarixli, 23/882 nömrəli ərizəsindən görünür ki, məlum olmayan vaxtda Dədə Qorqud kənd ərazisində əhaliyə xidmət edən 0.4 kv-luq sip kabel hava xəttinin 0.4 kv-luq dəmir dayaqlarının 8 ədəd söykənəcəyi gizli yolla oğurlanmışdır. 20 may 2022-ci il tarixli qərarla təmiz halda qalıq çəkisi – 294,95 qram psixotrop maddə metamfetamin və narkotik vasitə olan 490 ədəd metadon həbləri, habelə Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar edilərək götürülmüş qara rəngli gödəkcə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin məktubundan görünür ki, 2 may 2022-ci il tarixdə, saat 17:30-dan saat 22:30-dək 17-ci sərhəd zastavasının 11-ci sahəsinə «Sərhəd Gözətçisi» sərhəd naryadı xidməti təyin edilmiş baş naryad əsgər Şahid1 və naryad üzvü əsgər Şahid2 xidmət zamanı saat 18:20 radələrində xidməti ərazidə bir nəfər şəxsin itlərin hürməsindən qorxub kolluğun arasından çıxdığını görmüş və əlverişli mövqe seçərək həmin şəxsə «Dayan!» çağrışını verərək onu saxlamışlar. Saxlanılan şəxsdən 10 metr aralıda sıx kol və qamışlıqda qara uzunqol gödəkcənin daxilində 2 ədəd bükümlər aşkar olunmuş və bu barədə sərhəd zastavasına məlumat vermişlər. Saxlanılan şəxs özünü Saatlı rayon sakini Təqsirləndirilən şəxs kimi təqdim etmiş, gödəkçənin özünə məxsus olduğunu bildirmiş və əlavə etmişdir ki, xx.xx.2022-ci il tarixdə həmin əraziyə gələrək Araz çayının sahilinə qədər getmiş, həmin tarixdə, saat 17- 18 radələrində İran İslam Respublikası vətəndaşı Ədalət adlı şəxs çayı üzərək Azərbaycan Respublikası istiqamətində keçmiş, sonra əlindəki torbadan həmin gödəkçəni çıxararaq ona vermişdir. Bundan sonra o, qayıtmaq üçün bir neçə dəfə cəhd etsə də ərazini tapa bilməyib azmışdır. Təqsirləndirilən şəxs Araz çayının yaxınlığında ona məxsus gödəkçədən götürdüyü 2 ədəd bükümlərə baxış keçirilmişdir. Həmin gödəkçənin daxilində 2 ədəd bükümlərin daxillərində təqribən çəkisi 310 qram psixotrop maddə olan metamfetaminə bənzər və ümumi sayı 500 ədəd, üzərinə «Metadon-40» sözləri yazılmış, narkotik vasitə metadon olması ehtimal edilən dərman preparatları aşkar olunmuşdur. İş materiallarında olan 1 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işindən İran İslam Respublikasının vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə baxışında təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək oğurluq cinayətində yalnız bibisi oğlu Zaminə və tanışı Murada boruları daşımaqda köməklik etdiyini, boruların oğurlanmasında bilavasitə iştirak etmədiyini, habelə Ədalət adında iranlının tapşırığı ilə qaçaqmalçılıq yolu ilə əldə etdiyi torbanın içərisində narkotik vasitə və psixotrop maddənin olmasından məlumatının olmadığını, həmin torbada qızıl məmulatlarının olmasını zənn etdiyini saxlanılarkən sərhədçilər tərəfindən ona zor tətbiq olunduğunu göstərmişdir. Məhkəmə onun ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsi elan olunmuş, o, həmin etirafedici ifadəsində tanışı Əlibalanın tapşırığı ilə Murad adında tanışı və bibisi oğlu Zaminlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək boruları birgə talamışlar. Yəni, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs, Zamin Cahangirov və Murad Abdullayev oğurluq cinayətini qabaqcadan əlbir olub qrup halında birgə icra etmişlər. Odur ki, məhkəmə oğurluq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs bağlamada qızıl olmasına dair ifadəsində göstərdiyi xüsusata münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Füzuli rayonu Babı kəndi ərazisində yerləşən N sərhəd zastavasının 11-ci sahəsinin ərazisində qara rəngli gödəkçənin içliyinə gizlədilmiş bağlamanı istintaqa Ədalət adı ilə məlum olan İran vətəndaşından təhvil aldıqdan sonra həmin bağlamanı açıb baxmış və içərisində narkotik vasitənin və psixotrop maddənin olmasını bilavasitə görmüş, həmin gödəkçəni və bağlamanı özündə saxlayaraq daşımış, daha sonra yolu azdığı üçün bir neçə gün həmin ərazidə qalmış, sonra sərhədçilər tərəfindən qara rəngli gödəkçənin içərisində narkotik vasitə və psixotrop maddə olan bağlama ilə birgə saxlanılmışdır. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəlcədən Ədalət adında iranlının ona göndərdiyi qara rəngli gödəkçənin içliyinə gizlədilmiş bağlamada narkotik vasitənin və psixotrop maddənin olmasından məlumatı olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində içərisində “qızıl” olan bağlamanı götürmək Füzuli rayonu Babı kəndi ərazisində yerləşən N saylı hərbi hissənin N sərhəd zastavasının 11-ci sahəsinin ərazisinə gəlməsinə dair göstərdiyi xüsusatı mötəbər sübut növü kimi qəbul etmir. Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək hər hansı bir şəxs tərəfindən zorakılığa məruz qalması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisələrin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, eskpertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq irandan ona göndərilən külli miqdarda narkotik vasitələri və psixotrop maddə olan bağlamanı Füzuli rayonu Babı kəndi ərazisində yerləşən N saylı hərbi hissənin N sərhəd zastavasının 11-ci sahəsinin ərazisində «Ədalət» adlı iranlının tapşırığı ilə qanunsuz əldə edib üzərində daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri və psixotrop maddəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metadon narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən İİR vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs CM-nin 206.3.2-ci maddəsilə törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, dövlət ittihamçısı çıxışında məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 206.3.2-ci maddəsində həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövisf olunmasını xahiş etmişdir. Çıxış onunla əsaslandırılır ki: -Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CMin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən , təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Göstərilən plenum qərarında belə nəticəyə gəlinmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs istintaqa Ədalət və Əlibaba adı ilə məlum olan şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qaçaqmalçılıq yolu ilə keçiriləcək narkotik vasitənin və psixotrop maddənin “satışına” kömək edəcəyi barədə razılaşmış, həmin şəxslər tərəfindən qaçaqmalçılıqla keçirilmiş narkotik vasitə və psixotrop maddəni İranla sərhəddə yerləşən Füzuli rayonunun Babı kəndində N saylı hərbi hissənin 1-ci sərhəd zastavasının 11-ci sahəsində əldə edərək qanunsuz saxlayıb daşımışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə köməkçi qismində iştirak etmiş, onun bu əməli Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 2 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün inzibati qaydada tutulmuş, 4 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 5 may 2022-ci il taixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 2 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş vəsiqənin surətindən görünür ki, X2 (Təqsirləndirilən şəxs əmisi oğlu) “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq cinayətinə münasibətdə dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışmasını, habelə əmisi oğlu Əsədulla Qədirovun “Vətən müharibəsi iştirakçısı” olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2-ci maddələri “az ağır”, 32.5, 206.3.2, 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 177.2.1, 177.2.2-ci maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 32.5, 206.3.2-ci maddənin sanksiyasında beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb məhkəmə hesab edir ki, oğurluq cinayətinə münasibətdə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən – 3 il 7 aydan artıq olmamalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan 2 may 2022ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan 294,95 qram psixotrop maddə olan metamfetamin, 490 ədəd narkotik vasitə olan metadon həbləri və 1 ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 138 (yüz otuz səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrilə ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 2 may 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan 294,95 qram psixotrop maddə olan metamfetamin, 490 ədəd narkotik vasitə olan metadon həbləri və 1 ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar