Məhkəmə qərarları › İş №1(099)-274/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-274/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-274/2022 02.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi – X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Zərdab rayonu, Məmmədqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində mülkiyyətində olan “Mercedes Benz E-280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ əsasında, amma “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.8-ci maddəsinin tələbinə zidd olaraq orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Saatlı rayonu, Musalı-Novruzlu avtomobil yolunun Musalı kəndi ərazisində yerləşən 5-ci km.-dəki yaşayış məntəqəsində idarə edərkən həmin Qanunun 50.1-ci maddəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördüyünə görə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hərəkəti istiqamətində avtomobil yolunu soldan sağa keçmək istəmiş piyada X7 yolun hərəkət hissəsində ehtiyatsızlıqdan avtomobilin sağ ön hissəsi ilə vurması nəticəsində sonuncunun kəllənin qapalı küt travması, sağ gicgah sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ gicgah nahiyəsi, baş beynin sərt və yumşaq qişası, baş beyin toxuması və yumşaq toxumalarda qansızma, baş beyin və ağciyərin ödemi, daxili orqanların doluqanlığı, sağ təpə-gicgah nahiyəsində, sağ və sol gözaltı nahiyələrdə, sol budun yuxarı 1/3 bayır səthi və orta 1/3-nin ön səthində, sol ayağın üst səthində İİ-İV ayaqdarağı sümüyü proyeksiyasında qançırlar, alın nahiyəsində sağda, sağ və sol gözün üst qapaqları, sağ gözün tiş hissəsi, sağ almacıq sümüyü, sağ və sol ağız bucağı proyeksiyaları, sağ bud çanaq oynağının bayır səthi, sağ və sol diz oynağının ön səthi, sağ və sol kürəküstü nahiyələrdə sıyrıqlardan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb başın qapalı küt travması nəticəsində baş beyin toxumasına qansızma səbəbindən 18 avqust 2021-ci il tarixdə ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuş, bu barədə müvafiq orqanlara məlumat vermədən və zərərçəkmiş şəxsə tibbi yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı 21 fevral 2022-ci il tarixdə verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə saat 19:30 radələrində mülkiyyətində olan, saz vəziyyətdə olmuş “Mercedes Benz E-280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ əsasında, amma toy mərasimində spirtli içki qəbul etməsi səbəbindən sərxoş vəziyyətdə Saatlı rayonu, Musalı kəndindən Saatlı şəhəri istiqamətində 30 km/saat sürətlə idarə edərkən ona münasibətdə yolun sağ tərəfindən sol tərəfinə keçməklə hərəkətdə olmuş X7 (bundan sonra – Elçin) təxminən 15 metr qalmış məsafədə gördükdən dərhal sonra sükanı sola tərəf manevr etməklə hadisənin qarşısını almağa səy göstərsə də, avtomobilin qabaq sağ hissəsi Elçinə dəymiş, sonuncunun başı avtomobilin qabaq alın şüşəsinə çırpılmışdır. Baş vermiş hadisə onda şok təsiri yaratmışdır. Avtomobili piyadının vurulduğu yerdən təxminən iyirmi metr məsafə qarşıda saxlasa da, sərxoş vəziyyətdə olması səbəbindən avtomobildən yerə düşmədən geri çevrilib baxanda vurduğu piyadanın ayağa qalxıb yolun sağ tərəfi istiqamətdə hərəkət etdiyini gördüyünə görə vəziyyətinin yaxşı olduğunu zənn edib hadisə yerindən uzaqlaşıb yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gəlib onu saxlamış və Saatlı RPŞ-yə gətirmişlər. Elçin Məmmədov görülmüş müalicə tədbirlərinə baxmayaraq, 18 avqust 2021-ci il tarixdə ölmüşdür. Törətdiyi əməllərdən səmimi peşimandır. İş üzrə törətdiyi cinayət hadisəsi ilə əlaqədar vurduğu maddi zərərə görə zərərçəkmiş şəxsin hüquqi varisinə müəyyən məbləğdə pul ödəmiş, zərərçəkmiş şəxsin himayəsində olmuş azyaşlı uşaqların daim qayğısına qalır, həyat şəraitləri ilə maraqlanır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. X2 2-ci qrup əlildir. “Daun sindromu” xəstəliyindən əziyyət çəkən xalası X4 onun himayəsindədir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar nəzərə alınaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə yaşadığı evdə olarkən tanımadığı şəxs istifadəsində olan mobil nömrəyə zəng edib ona əri X6 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və Saatlı Rayon Mərkəzi Xəstəxanasına gətirildiyini demişdir. Bundan sonra əri oradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılmış, görülmüş müalicə tədbirlərinə baxmayaraq, 18 avqust 2021-ci il tarixdə ölmüşdür. İş üzrə cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə ona müəyyən məbləğdə pul ödəmiş, himayəsində olan azyaşlı uşaqlarının daim qayğısına qalır, həyat şəraitləri ilə maraqlanır. Buna görə də Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq orqanına təqdim etdiyi, notarial qaydada təsdiq edilmiş ərizəsi (İ cild, səh. 121), məhkəməyə təqdim etdiyi yazılı ərizəsi və notarial qaydada təsdiq edilmiş ərizəsində ümumi şəkildə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmiş, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobildə Saatlı rayonu, Musalı kəndində həmkəndlisi X6 yaşadığı evin qarşısından keçərkən yolun ehtiyyat hissəsində bir nəfər şəxsin üzü-üstə uzanmış vəziyyətdə olduğunu görüb avtomobilini saxlamış və həmin yerə yaxınlaşanda yerdə uzanmış şəxsin Elçin Məmmədov olmasını görmüşdür. Sonuncu təcili yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası təcili tibbi yardım şöbəsinin feldşeri işləyən Şahid1 Elbrus oğlu ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə saat 22 radələrində xidmətdə olarkən “103” çağırış xidmətinə Saatlı rayonun, Musalı kəndi ərazisində bir nəfər şəxsin avtomobil yolunun kənarında huşsuz vəziyyətdə olması barədə daxil olmuş telefon məlumatı əsasında dərhal həmin əraziyə getmişlər. Orada yolun ehtiyyat hissəsində bir nəfər şəxsin üzü-üstə uzanmış vəziyyətdə olduğunu görmüşlər. Həmin şəxsi Saatlı RMX-na aparmışlar. Sonradan həmin şəxsin X13 olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin DYPB-nin YPXnin inspektoru Şahid3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə Saatlı RPŞ-yə Saatlı rayonu, Novruzlu-Musalı avtomobil yolunun Musalı kəndi ərazisində yerləşən 5-ci km.-dəki yaşayış məntəqəsində piyada X6 vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi və sürücünün hadisə yerindən qaçdığı barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs kimi müəyyən edilmiş Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixə keçən gecə tapıb, hadisə vaxtı idarə etdiyi “Mercedes-Benz E280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Saatlı RPŞ-yə, sonra isə özünü hadisə yerinə gətirmişlər. Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı iş üzrə cinayət hadisəsini törətdiyini etiraf etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək iş üzrə hadisə yerinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiyini, Şahid3 ifadəsinin hadisə yerinə baxış keçirilməsi hissəsi barədə sonuncu ilə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Baxış keçirilməsi haqqında” 08 avqust 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “Mercedes-Benz E280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin ön sağ qanad hissəsi və kapotunun əzildiyi, ön alın şüşəsinin sağ aşağı hissəsinin çatladığı və ön sağ faranın yuxarı hissəsinin sındığı müəyyən edilmişdir. Sonuncu Saatlı rayonu, Novruzlu-Musalı avtomobil yolu ilə idarə etdiyi həmin avtomobillə ehtiyatsızlıqdan bir nəfər şəxsi vurduğunu, hadisənin təsirindən həyəcanlı olduğu üçün həmin ərazini tərk etdiyini göstərmişdir (İ cild, səh. 10-15). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 avqust 2021-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Saatlı rayonu, Novruzlu-Musalı avtomobil yolunun Musalı kəndi ərazisində yerləşən 5-ci km.-dəki yaşayış məntəqəsində baş vermişdir. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs izahatında X9 yolu piyada keçmək istəyərkən idarə etdiyi “Mercedes-Benz E280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğunu göstərmişdir. Hadisə yerində əyləc, avtomobil şüşə sınıqları və qanabənzər axıntı izləri aşkar edilməmişdir (İ cild, səh. 23-29). - AD N 425658 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və AC seriyalı, 303277 nömrəli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, “Mercedes-Benz E280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Onun iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur (İ cild, səh. 19, 20). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 08 avqust 2021-ci il tarixli, 225 nömrəli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də müayinə edilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir (İ cild, səh. 9). - “Nəqliyyatın texniki vəziyyətinin müayinə”sinə dair 08 avqust 2021-ci il tarixli aktda göstərilmişdir ki, “Mercedes-Benz E280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildə texniki nasazlıq aşkar edilməmişdir (İ cild, səh. 30). - Məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 13 nömrəli rəyində göstərilmişdir ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş kəllənin qapalı küt travması, sağ gicgah sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ gicgah nahiyəsi, baş beynin sərt və yumşaq qişası, baş beyin toxuması və yumşaq toxumalarda qansızma, baş beyin və ağciyərin ödemi, daxili orqanların doluqanlığı, sağ təpə-gicgah nahiyəsində, sağ və sol gözaltı nahiyələrdə, sol budun yuxarı 1/3 bayır səthi və orta 1/3nin ön səthində, sol ayağın üst səthində İİ-İV ayaqdarağı sümüyü proyeksiyasında qançırlar, alın nahiyəsində sağda, sağ və sol gözün üst qapaqları, sağ gözün tiş hissəsi, sağ almacıq sümüyü, sağ və sol ağız bucağı proyeksiyaları, sağ bud çanaq oynağının bayır səthi, sağ və sol diz oynağının ön səthi, sağ və sol kürəküstü nahiyələrdə sıyrıqlardan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər həyatidir, küt əşyanın təsirindən əmələ gəlmiş, yaranma müddəti 07 avqust 2021-ci il tarixə uyğun gəlir. X13 aparılmış müalicə tədbirlərinə baxmayaraq, 18 avqust 2021-ci il tarixdə ölmüşdür. Ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur (İ cild, səh. 114-118). - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin 15 sentyabr 2021ci il tarixli, 125 nömrəli məktubunda göstərilmişdir ki, M-6 (59 km, Saatlı)-Musalı-Novruzlu avtomobil yolunun 5-ci km.-də avtonəqliyyat vasitələrinin maksimum sürəti 50 km/saatdır (İ cild, səh.120). - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 8/2610 nömrəli rəyində göstərilmişdir ki, Mercedes-Benz E280” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsindən ibarət hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1.8-ci maddəsinin, piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getməsindən ibarət hərəkətində həmin Qanununun 37.4-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir (İ cild, səh. 203-205). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1, 37.1.8 və 37.4-cü maddələrinin tələblərini məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 8/2610 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X6 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı 21 fevral 2022-ci il tarixdə özünün verdiyi tam etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5, şahid qismində dindirilmiş Şahid4, Şahid1 Elbrus oğlu, Şahid2 və Şahid3 verdikləri ifadələr, cinayət işi materiallarında olan “Baxış keçirilməsi haqqında” 08 avqust 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 avqust 2021-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllər, AD N 425658 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və AC seriyalı 303277 nömrəli sürücülük vəsiqəsinin surətləri, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 08 avqust 2021-ci il tarixli, 225 nömrəli akt, “Nəqliyyatın texniki vəziyyətinin müayinə”sinə dair 08 avqust 2021-ci il tarixli akt, məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 13 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 8/2610 nömrəli rəyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin 15 sentyabr 2021-ci il tarixli, 125 nömrəli məktubu, digər istintaq hərəkəti protokolları və sənədlərlə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 112). - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı departamentinin Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 26 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə, ali təhsil haqqında B 064995 nömrəli diplom, AZ-İİİ 812734 və 027865 nömrəli doğum haqqında şəhadətnamələr, Azərbaycan Respublikası Əlillər Cəmiyyəti tərəfindən verilmiş 338 nömrəli üzvlük haqqında biletin surətləri, əlillik haqqında 21 may 2021-ci il tarixli elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidir, evlidir, himayəsində 2013 və 2016cı il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır, arvadı X10 göz xəstəliyi ilə əlaqədar İİ qrup əlildir, “Daun sindromu” xəstəliyindən əziyyət çəkən xalası X4 da Təqsirləndirilən şəxs himayəsində yaşayır. Sonuncu yaşayış yeri üzrə müsbət xarakterizə olunur (İ cild, səh. 130, 131). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, himayəsində iki nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-ci maddəsinə, ali təhsilli olması, əvvəllər məhkum olunmaması, törətdiyi cinayət əməllərindən səmimi peşiman olması, həmin əməllərini etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, arvadının göz xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması və “Daun sindromu” xəstəsi olan xalası X3 da onun himayəsində olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, himayəsində iki nəfər azyaşlı uşağının olması, ali təhsilli olması, əvvəllər məhkum olunmaması, törətdiyi cinayət əməllərindən səmimi peşiman olması, həmin əməllərini etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, arvadının göz xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması və “Daun sindromu” xəstəsi olan xalası X3 da onun himayəsində olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.12-ci maddəsində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal müəyyən edildiyinə və ağırlaşdırıcı hal müəyyən edilmədiyinə görə ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq cəza təyin edilə bilməz. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edərkən nəzərə aldığı hallara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə sanksiyada nəzərdə tutulumuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 5 (beş) il müddətə, əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının 3 (üç) il müddətə, Azərbaycan Respublikası CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə sanksiyada nəzərdə tutulumuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə, yəni 2 (iki) il müddətə, əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilən səbəblərdən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 66.3, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin tutulduğu müddət daxildir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti müəyyən müddətə azalıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2021-ci il tarixli protokol və “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Saatlı RPŞnin müvəqqəti saxlama yerindən azad edilmişdir (İ cild, səh. 46, 47, 77, 78). Məhkəmə buna görə də hesab edir ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət iki gün müddəti kimi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həmin müddət sonuncuya təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, şəxs hökmlərin məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs əsas cəza növü kimi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli olduğuna görə o, barəsində cinayətlərin məcmusu üzrə qəti olaraq təyin edilməli olan 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Buna görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 264-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası müvafiq olaraq iki günə bir gün hesabı ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar