Məhkəmə qərarları › İş №1(099)-275/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-275/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-275/2022 19.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi, X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə İran İslam Respublikası Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, İran İslam Respublikası, Ərdəbil ostanı, Germi şəhərində qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş X10 (X9) oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İran İslam Respublikasının vətəndaşı X7 qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, cinayətkar qrupun üzvləri ilə görüşüb, 07 sentyabr 2021-ci il tarixdə külli miqdarda - 3172 qram heroini, külli miqdarda 2995 qram qurudulmuş marixuananı, külli miqdarda-2265 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə sonunculardan əldə etmiş, saxlamış, həmin tarixdə saat 22 radələrində cinayətkar qrupun digər üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə, özləri ilə daşıdıqları göstərilən miqdarda maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və qeyd olunan külli miqdarda müxtəlif növ narkotik vasitələr və külli miqdarda psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X7 ona Azərbaycan Respublikası CM-nin 306.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 06 sentyabr 2021-ci il tarixdə yaşadığı Germi şəhərində uşaqlıq dostu Xudayar Namvər adlı şəxslə görüşərkən sonuncu ona qaçaq yolla çətənə bitkisini İran İslam Respublikasından Azərbaycan Respublikasına aparacağını, əgər bu işdə köməklik edə bilərsə, bunun qarşılığında ona pul verəcəyini demişdir. Həmin vaxt Xudayarla razılaşmışdır. Xudayar 07 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində əvvəllər tanımadığı bir nəfərlə gələrək onu avtomaşına götürmüş, Aslandüz şəhəri istiqamətində hərəkət edərək Araz çayını İran İslam Respublikası sahilinə çatmışlar. Orada 3 nəfər şəxsin onları gözlədiyini görmüşdür. Həmin şəxslərin yanlarında bir ədəd bel çantası və bir ədəd polietilen bağlama olmuşdur. Xudayar Namvər adlı şəxslə avtomaşından düşdükdən sonra əvvəlcə sürücü, daha sonra isə həmin vaxt orada olan bel çantasının və polietilen bağlamanın yanındakı üç nəfər şəxsdən ikisi də oradan uzaqlaşmışdır. Beləliklə də, içərisində narkotik vasitələr olan bel çantasının və polietilen bağlamanın yanında o, Xudayar və həmin bel çantası ilə polietilen bağlamanın sahibi qalmışdır. Araz çayını keçə bilmək üçün ip olmadığını görmüş, həmin ipin onları Araz çayının sahilinə gətirən sürücünün avtomaşınında qaldığını təxmin etmişlər. Bundan sonra yanlarındakı çantanın sahibi olan adını bilmədiyi şəxs sürücü ilə telefonla əlaqə saxlayıb sonuncuya ipi gətirməsini bildirmiş, bir qədər sonra sürücü ipi gətirib verməklə ərazidən uzaqlaşmışdır. Həmin vaxt Xudayar Namvər 2 nəfər bələdçinin gəlməsini gözlədiyini demiş, bir qədər gözləsələr də, həmin bələdçilər gəlmədiyindən Xudayar onunla özünün birlikdə qaçaq yolla Araz çayını keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gedəcəklərini, bel çantasını və polietilen bağlamanı lazımı yerə qoyub qayıdacaqlarını demişdir. O və Xudayar birlikdə 07 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Araz çayını keçməklə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişlər. Həmin vaxt Xudayarın əlində sellofan bağlama, onun üzərində isə bel çantası olmuşdur. Dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçib bir qədər irəlilədikdən sonra kimsə uca səslə “Dayan!” deyə qışqırmışdır. Tutulacaqlarından qorxduqları üçün qaçmağa başlamışlar. Havaya xəbərdarlıq atəşi açıldığını eşitmişlər. Bundan sonra yenidən qaçmağa davam etdikdə silahdan atəş açılmağa başlamış və o, sol qolundan yaralanmışdır. Həmin vaxt Xudayar Namvər ərazidən qaçıb uzaqlaşmış, o isə sərhədçilər tərəfindən saxlanılmışdır. Ona dərhal ilkin tibbi yardım göstərilmiş, saxlanıldıqdan sonra üzərində daşımaqla qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdiyi bel çantası və Xudayar Namvərin üzərində gətirdiyi polietilen bağlama ərazidən aşkar edilərək götürülmüşdür. Qeyd olunan bel çantası ilə polietilen bağlamanın içərisinə baxış keçirilən zaman içərilərindən narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Xudayar Namvər adlı şəxslə birlikdə qaçaq yolla gətirdikləri içərisindən narkotik vasitələr və psixotrop maddə aşkar edilmiş bel çantasının və polietilen bağlamanın Azərbaycan Respublikasında kimə çatacağını, haraya qoyulacağını bilməmiş, bu barədə maraqlanmamış, heç kim bu barədə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs X4 cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmədə göstərdi ki, baş leytenant olmaqla N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisidir. Dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində narkotik vasitələrin gətiriləcəyinə dair daxil olmuş məlumata əsasən xx.xx.2021-ci il tarixdə saat 21:00-dan xx.xx.2021-ci il saat 04:00-dək 18-ci sərhəd zastavasının 33-cü sahəsinə “pusqu” xidməti təşkil edilmişdir. «Pusqu» xitmətində gizir Şahid1 ilə birlikdə təyin edilmişlər. Xidmətdə olduqları zaman xx.xx.2021-ci il tarixdə saat 02 radələrində 33-cü sahə istiqamətində iki nəfər şəxsin dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində gəldiklərini müşahidə etmişlər. Maskalanaraq sərhəd pozucularının bir qədər də yaxınlaşmalarını gözləmişlər. Bu vaxt tərəflərindən “Dayan!” çağırış komandası verildikdə həmin şəxslər Azərbaycan Respublikasından İran İslam Respublikasına doğru qaçmağa başlamışlar. O, havaya bir neçə dəfə xəbərdarlıq atəşi açsa da, sərhəd pozucuları dayanmadıqları üçün həmin şəxsləri tutmaq və ölkə hüdudlarından qaçıb uzaqlaşmalarının qarşısını almaq məqsədi ilə onlardan birinə doğru silahını tuşlayaraq sol qol nahiyyəsindən yaralamışdır. Bu vaxt sərhəd naryadının üzvü gizir Şahid1 yaralanmış sərhəd pozucusuna yaxınlaşmış, o isə digər sərhəd pozucusunu yaxalamaq məqsədi ilə sonuncunun qaçdığı istiqamətdə atəş açaraq hərəkət etmişdir. Lakin, qeyd olunan sərhəd pozucusu havanın qaranlıq olmasından, ərazinin sıx qamışlıq və kolluqlardan ibarət olmasından istifadə edərək ərazidən qaçıb Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçməyə müvəffəq olmuşdur. Bundan sonra gizir Şahid1 və yaralı sərhəd pozucusunun olduğu yerə gedib baş vermiş hadisə barədə aidiyyəti üzrə məruzə etmişdir. Sonradan onlara məlum olmuşdur ki, X4 üzərində daşımaqla qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi bel çantasına və onunla birlikdə qaçaq yolla gəlmiş şəxsin əlindən atıb qaçdığı və hadisə yerindən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirildikdə həmin çantanın və bağlamanın içərisindən müxtəlif növlü narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Şahid4 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il tarixdə o və Şahid3 18-ci sərhəd zastavasının inzibati binasına İran İslam Respublikasının vətəndaşı X4 dövlət sərhədindən qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi bir ədəd qara rəngli sellofan torbada olan bir ədəd bağlamaya və bir ədəd qara rəngli bel çantasında olan on dörd ədəd bağlamalara baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Bir ədəd qara rəngli polietilen torbada bir ədəd şəffaf yapışqanlı lentlə bağlanılmış, ağ rəngli polietilen torbada olan bağlama aşkar edilmişdir. Qara rəngli bel çantasında 14 ədəd bağlama olduğu müəyyən edilmişdir. Çantanın içərisində olan bağlamaların hamısı şəffaf yapışqanlı lentlə sarılmış vəziyyətdə olmuşlar. Həmin bağlamalar çəkilərək qablaşdırılmış və götürülmüşdür. Şahid3 da Şahid4la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. xx.xx.2021-ci il tarixli telefonoqramdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu, Böyük Bəhmənli kəndi yaxınlığındakı 18-ci sərhəd zastavasının 33-cü sahəsinin xidməti ərazisində sərhəd naryadı təşkil edən baş leytenant Şahid2 dövlət sərhəd xəttindən təxminən 30 metr aralıda iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmalarını müşahidə etmiş, naryadın “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı istifadəsində olan “AK-74” markalı avtomat silahdan atəş açmağa başlamışdır. Nəticədə sərhəd pozucularından X7 yaralanaraq yerə yıxılmış, digəri isə İran İslam Respublikası istiqamətində qaçaraq ərazidən uzaqlaşmışdır. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı X1 yerin yaxınlığından aşkar edilərək götürülmüş, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş, içərisində narkotik vasitələrə bənzər maddələr olan bağlamalara baxış keçirilən zaman bir ədəd qara rəngli sellofan torba açılmış və onun içərisindən bir ədəd şəffaf yapışqanlı lentlə bağlanılmış, ağ rəngli sellofan torbada olan bağlama aşkar edilmişdir. Həmin bağlamanın çəkisinin 865 qram olduğu müəyyən edilmişdir. Daha sonra qara rəngli bel çantasına baxış keçirilərkən həmin bel çantasının içərisində 14 ədəd bağlama olduğu müəyyən edilmiş, çantanın içərisində olan bağlamaların hamısı şəffaf yapışqanlı lentlə sarılmış vəziyyətdə olmuş və həmin bağlamalar şərti olaraq 1-dən 14-ə qədər işarələnmişdir. Şərti olaraq «1» rəqəmi ilə işaralənmiş bağlamanın çəkisinin 535 qram, «2» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 530 qram, «3» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 515 qram, «4» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 540 qram, «5» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 305 qram, «6» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 970 qram, «7» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 975 qram, şərti olaraq «8» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 1,02 kiloqram, «9» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 695 qram, «10» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 320 qram, «11» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 705 qram, «12» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 565 qram, «13» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 1,255 kiloqram və «14» rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin 975 qram olması müəyyən edilmişdir. Məhkəmə-bioloji materialların məhkəmə ekspertizasının 09 sentyabr 2021-ci il tarixli, 18/977-18/978 №-li rəyindən görünür ki, Zəmani Mirəsgərdən götürülmüş 1 ədəd qara rəngli çantada olan 5 bükümdə ümumi təmiz çəkisi 2265 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 7 ədəd bükümdə nəm halda ümumi təmiz çəkisi 4880 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, həmin heroinin quru halda ümumi təmiz çəkisi 3172 qramdır, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2150 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bundan başqa bir ədəd polietilen torbada təmiz çəkisi 845 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4829 nömrəli rəyindən görünür ki, Zəmani Mirəsgərdə opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hazırkı cinayət işinin materiallarından Zəmani Mirəsgər və digər sərhəd pozucularının saxlanılması zamanı sərhəd dəstəsinin əməkdaşı tərəfindən avtomot silahdan atəş açılmaqla sərhəd pozucusunu yaralanması fakt ilə bağlı araşdırma aparılması üçün 15 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 339.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zəmani Mirəsgərin digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olun heroini, qurudulşmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə edərək, Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqəsindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında keçməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Zəmani Mirəsgərin əməli CMnin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Zəmani Mirəsgərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Zəmani Mirəsgərin oğlunun cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Zəmani Mirəsgərə CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza müəyyən edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxs Zəmani Mirəsgərə Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Zəmani Mirəsgərə CM-nin 52.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli və CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan nəm halda 4879,65 qram narkotik vasitə heroin, 2994,94 qram narkotik vasitə qurudulmuş marixuana və 2264,75 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 99 manat 49 qəpik təqsirləndirilən şəxs X3 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X10 (Təqsirləndirilən şəxs) oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablansın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən X7 təyin edilən əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respubliksı CM-nin 52.1-1-ci maddəsinə əsasən X4 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan nəm halda 4879,65 qram narkotik vasitə heroin, 2994,94 qram narkotik vasitə qurudulmuş marixuana və 2264,75 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 99 manat 49 qəpik təqsirləndirilən şəxs X3 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, X6 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar