Məhkəmə qərarları › İş №1(099)-28/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-28/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-28/2024 02.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X5 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev-2, mənzil-22-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141ci kilometrliyi göstərən yol nişanın yanında gizlədilmiş bir ədəd bağlamadakı, 1 (bir) ədəd bükümdə külli miqdarda 200,0 qram, 1 (bir) ədəd bükümdə külli miqdarda, 825,0 qram olmaqla ümumilikdə külli miqdarda, 1025,0 qram çəkidə narkotik vasitə heroini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 11 fevral 2023ci il tarixdə saat 22:35 radələrində cinayətlər barədə xəbərsiz olan Şahid4 idarə etdiyi «Chevrolet Cruze» markalı **-EC-***6 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən qeyd edilən narkotik vasitə avtomobilin arxa sol oturacağının altından bir ədəd qara rəngli sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunda Qoşqar adlı şəxsin ona pul borcu olmuş, həmin pulu ondan almaq məqsədilə yaşadığı Sumqayıt şəhərindən taksi fəaliyyəti ilə məşğul olan qonşusu Şahid4 idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gəlmişdir. X4 rayonunda onu gözləyəcəyi yerə gəlməmiş, onu tapa bilməmişdir. Odur ki, gəldiyi avtomobillə Bakı şəhərinə qayıdarkən Biləsuvar rayonu ərazisində DYP əməkdaşları onları saxlamış, sürücüdən sənəd soruşmuş, sonra isə onları Biləsuvar RPŞ-nə gətirmişlər. Orada polis əməkdaşları ona barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılacağını bildirmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. Həmçinin, Elgünün avtomobilində aşkar olunan narkotik vasitə onun olmamışdır, həmin narkotik vasitənin kim tərəfindən maşina qoyulduğunu bilmir, hesab edir ki, həmin narkotik vasitəni polis əməkdaşları avtomobilə qoymuşlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ona Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 11 fevral 2023-cü il tarixdə saat 22:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan «Chevrolet Cruze» markalı avtomobil Biləsuvar rayonu Xırmandalı kəndi ərzisində yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir qədər sonra həmin avtomobil Biləsuvar rayonu ərazisində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olan zaman rayon polis şöbəsinin dövlət yol patrul bölməsinin əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman əməliyyat qrupunun digər üzvləri ilə birlikdə avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxsla avtomobilin sürücüsünü idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan edilmiş narkotik vasitə və yaxud əşya aşkar olunmamışdır. Daha sonra sürücünün də üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və onun da üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Elgünün idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı onlara avtomobildə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim edilmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobildə ona məxsus narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra avtomobilin arxa sol oturacağının altından bir ədəd qara rəngli sellofana bükülmüş bağlamanı təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İİR-nın vətəndaşı ilə razılaşaraq Biləsuvar rayonunda əldə etdiyini, narkotik vasitənin onun olduğunu, sürücü Elgünə aidiyyəti olmadığını bildirmişdir. Bağlamada təxminən 1 kiloqrama yaxın narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində heç bir təzyiq və təsir olmamış, o, müdafiəçi ilə təmin edilmişdir. Elgünün «Chevrolet Cruze» markalı avtomobilini DYP əməkdaşı idarə edərək polis şöbəsinə gətirmiş, həmin vaxt sürücü və Təqsirləndirilən şəxs avtomobildə olmuş, maşın şöbəyə gətirildikdən sonra qapıları açarla bağlanmış və açar sürücüyə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, şöbəyə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, o da qrupun tərkibində olmuşdur. 11 fevral 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan «Chevrolet Cruze» markalı avtomobil rayon ərzisində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüş və Biləsuvar rayonu Xırmandalı kəndi ərzisində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olan zaman dövlət yol patrul bölməsinin əməkdaşı tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxsla avtomobilin sürücüsünü idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Orada onların üzərlərində şəxsi axtarış keçirilmişdir. Keçirilən şəxsi axtarış zamanı üzərlərində qanunla qadağan edilmiş narkotik vasitə və yaxud əşya aşkar olunmamışdır. Sonra sürücü Şahid4 idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı onlara avtomobildə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobildə ona məxsus narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra avtomobilin arxa sol oturacağının altından bir ədəd qara rəngli sellofana bükülmüş bağlama aşkar olunaraq götürülmüş, bağlamada iki ədəd sellofana bükülmüş narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünün olduğunu bildirmiş, Elgünün idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobil şöbəyə gətirildikdən sonra qapıları açarla bağlanmış və açar sürücüyə verilmişdir. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs baxış zamanı onun üzərindən qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya aşkar olunmamış, o, Biləsuvar rayonu ərazisinə Hüseyn adlı İİR vətəndaşı ilə razılaşaraq narkotik vasitə üçün gəldiyini, Biləsuvar rayonu ərazisindən narkotk vasitə götürdüyünü və həmin narkotik vasitənin saxlanıldığı avtomobildə olduğunu, müdafiəçinin sualına cavab olaraq isə ona qarşı saxlanıldıqdan sonra heç bir qanunsuz hərəkət olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 idarə etdiyi «Chevrolet Cruze» markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə ona məxsus narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İİR-nın vətəndaşı Hüseyn adlı şəxslə razılaşaraq Biləsuvar rayonunda əldə etdiyini və sürücü Şahid4 həmin narkotik vasitə barəsində heç bir məlumatının və xəbərinin olmadığını bildirmişdir. Bundan sonra avtomobilin arxa sol oturacağının altından bir ədəd qara rəngli sellofan bükülmüş bağlama aşkar olunaraq götürülmüşdür. Həmin sellofan bükülüyə açılaraq baxıldıqda içərisində 2 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş olması müəyyən edilmişdir. Bükülülərdən biri açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisində çəkildikdə 825 (səkkiz yüz iyirmi beş) qram olması məlum olmuşdur. Daha sonra digər bükülü açılıb baxılarkən içərisində narkotik vasitə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisində çəkildikdə 200 (iki yüz) qram olması müyyən edilmişdir. Hər iki bükülü tərəzidə çəkilərkən 1025 (min iyirmi beş) qram olması müyyənləşdirilmişdir. Baxış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X2 12 fevral 2023-cü il tarixli 19/192 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şahid4 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bükülülər....» sözlər və imzalar olan bir paketdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi- 825,qram; -200 qram;-ümumi təmiz çəkisi-1025,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli 216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Məlikov X3 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm xx.xx.2016-cı il tarixdə qüvvəyə minmişdir. Bundan sonra o, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlləri cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halı, cəzasını yüngülləşdirən halların olmamasını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1025,0 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1024,8 qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 ( səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1025,0 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1024,8 qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar