Məhkəmə qərarları › İş №1(099)-280/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-280/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-280/2023 25.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Bakı şəhərində yerləşən Neftçilər metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən 300 manat məbləğində pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə, təmiz çəkisi 18,237 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq həmin narkotik vasitə heroini 23 iyun 2022-ci il tarixdə Lənkəran rayonu ərazisinə daşımışdır. Bundan başqa, o, təkrarən 2022-ci ilin iyun ayında tanışı X2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışının realizə edilməsi ilə bağlı razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, bu məqsədlə qrup üzvü Elşən İbrahimovun mobil telefon vasitəsi ilə ona narkotik vasitələrin Lənkəran rayonu ərazisində olması barədə verdiyi məlumat əsasında 23 iyun 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə həmin vaxt olduğu Bakı şəhərindən Lənkəran rayonuna getmək üçün “BOLT” taksi xidmətindən 115 manat gediş haqqı ödəməklə sifarış verdiyi, əvvəllər tanımadığı, onun əsl niyyətindən xəbərsiz olan Bakı şəhəri, Suraxanı rayon sakini Şahid4 sürücüsü olduğu, sonuncuya məxsus “Opel Astra minik” markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu istiqamətində yola çıxmış, yol boyu mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemində əlaqə saxlayaraq qrup üzvü Elşən İbrahimovdan qrupun üzvləri olan digər şəxslər tərəfindən qoyulmalı olan külli miqdarda narkotik vasitələrin Lənkəran rayonu ərazisində əldə edəcəyi ünvan barədə razılaşmış, qeyd olunan tarixdə saat 22 radələrində sifariş verdiyi taksi avtomobilində yeni Ələt-Astara magistral yolun Lənkəran rayonu ərazisindən keçən hissəsində qrup üzvü Elşən İbrahimovun tapşırığı ilə geriyə qayıdıb üzü Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, əvvəlcədən əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq, qrupun istintaqa məlum olmayan digər üzvlərinin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 1 ədəd sellofan bağlamada təmiz çəkisi 730,0 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 3190,0 qr və 480,0 qr olmaqla, ümumi təmiz çəkisi 3670,0 (3 kq, 670 qr) qram olub külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 1 ədəd sellofan bağlamada təmiz çəkisi 141,129 qram təşkil edən, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı Ələt-Astara avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində, Lənkəran rayonu ərazisində yerləşən, üzərində 58 yazısı həkk olunmuş dəmir lövhə ilə paralel qaranlıq ərazidə gizlədilməsi barədə məlumatı “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə qrup üzvü Elşən İbahimovdan aldıqdan sonra, qeyd olunan lövhənin yaxınlığında onun əsl niyyətindən xəbərsiz olan sürücü Şahid4 avtomobili saxlamasını tapşırıb, özü tək avtomobildən düşərək qaranlıq ərazidə axtarış apararkən təkrar satış məqsədi ilə qanunsuz olaraq, qrupun digər üzvlərinin gizlətdiyi 1 ədəd sellofan bağlamada təmiz çəkisi 730,0 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 3190,0 qr və 480,0 qr olmaqla, ümumi təmiz çəkisi 3670,0 (3 kq, 670 qr) qram olub külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 141,129 qram təşkil edən, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı bir ədəd qara rəngli sellofan torbada onların gizlədildiyi yerdən götürməklə əldə edib, yoxlayarkən həmin narkotik vasitələrin heroin, tiryək və qurudulmuş marixuana olduqlarına əmin olduqdan sonra üzərində saxlayaraq sürücü Şahid4 idarə etdiyi avtomobilə daşıyıb, onları avtomobilin arxa sağ oturacağın ayaqaltı hissəsinə qoyaraq, sürücü Şahid4 yola davam edib, Bakı şəhərinə qayıtmağı tapşırmış və ondan xəbər gözləyən qrup üzvü Elşən İbrahimova narkotik vasitələri götürməsi və onların növləri barədə mobil telefon vasitəsi ilə mesajlar göndərməklə məlumat vermiş, sürücü Şahid4 idarə etdiyi avtomobilində üzü Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı DİN-nin BDYPİ-nin Masallı rayonu ərazisində yerləşən 11-ci stasionar yol patrul xidməti postunun yaxınlığında saxlanılaraq həmin postun ərazisində avtomobilə baxış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar satış məqsədi ilə əldə edib, avtomobildə saxladığı və Bakı şəhərinə daşıdığı qeyd olunan çəkilərdə və bağlamalarda külli miqdarda narkotik vasitələr olan heroin, tiryək və qurudulmuş marixuana “Opel Astra minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağının ayaqaltı hissəsində bir ədəd qara rəngli sellofanın içərisində aşkar edilib, qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq regional şöbənin ünvan 4 ünvanına gətirilib, orada üzərində şəxsi axtarış aparılarkən ayrıca satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhərində əldə etdiyi və üzərində saxlayaraq Lənkəran rayonuna daşıdığı 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 18,237 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elşəni bir il olar tanıyır. Elşənlə birlikdə əvvəllər narkotik istifadə etmişlər. 23 iyun 2023-cü il tarixdə Elşən ona zəng edərək Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində, Astara rayonundan Bakı şəhəri istiqamətində, yolun kənarında narkotik vasitə qoyulacağını, həmin bağlamanı götürməsini, bağlamada 1 kq heroin, 200 qram metamfetamin olduğunu, bunun müqabilində isə həmin narkotikdən öz istifadələri üçün narkotik götürəcəklərini bildirmişdir. Bundan sonra o, həmin gün saat 17 radələrində Lənkəran-Astara rayonuna getmək üçün "Bolt" taksi şirkətinə kartla 115 manat ödəniş edərək taksi sifariş etmiş və Elşənin dediyi istiqamətdə Lənkəran rayonuna yola düşmüşdür. Bağlmanın haradan götürməsi ilə bağlı Elşənlə yol boyu istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinin "WhatsApp"ı ilə danışmışdır. Lənkərana çatdıqda Elşənə məlumat vermişdir. Elşənin dediyi yerdə, yəni ”Ələt-Astara” magistral yolunun “58ci kilometr” yol nişanının yanında taksini saxlatdırıb təkcə maşından düşüb narkotik vasitələr olan bağlamanı götürüb taksinin arxa oturacağına əyləşmişdir ki, taksi sürücüsü bağlmanı görməsin. Narkotikdən adını sonradan bildiyi taksi sürücüsü Sədinin məlumatı olmamışdır. Həmin taksi ilə Lənkəran rayonu istiqatəmindən Bakı şəhəri istiqamətinə qayıdarkən saat 22 radələrində Yol Patrul Xidmətinin Masallı postuna çatmamış polis əməkdaşları tərəfindən saxlanılmış, orada videoçəkilişlə maşına baxış keçirilmiş, maşından narkotik vasitələr olan bağlama aşkar edilmişdir. Bundan sonra o, və taksi sürücüsü Sədi polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışlar. Şöbədə olarkən polis əməkdaşları onun üzərinə 18 qram narkotik vasitə qoyaraq ona videoçəkiliş olacağını, çəkiliş zamanı üzərindən aşkarlanan 18 qram narkotik vasitəni guya Bakı şəhəri, Neftçilər metro stansiyasının yaxınlığından 300 manat pul qarşılığında aldığını deməsini, onların dediyini etsə işinin daha da “yüngülləşəcəyini” ona bildirmişlər. Polis əməkdaşlarının hədəsindən qorxduğu üçün onlarla razılaşmış və məcbur olub videoçəkiliş zamanı üzərində aşkar olunan 18 qram heroinin guya ona məxsus olduğunu etiraf etmişdir. Heç kimə narkotik satmamışdır. Üzərində aşkar olunan 18 qram narkotik ona məxsus deyil, maşında aşkar olunan narkotikləri isə Elşənə çatdırmaq üçün götürmüşdür. Özünü yalnız narkotikdən istifadə etməkdə təqsirli bilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə özünün məhkəmədə və ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, habelə dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin əldə etməsi, daşıması, saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, 23 iyun 2022-ci il tarixdə saat 23 radələrində Namiq DYP-nın Masallı rayonu ərazisində olan postunun yaxınlığında Sədi adlı taksi sürücüsünün idarə etdiyi Opel-Astra markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkətdə olarkən saxlanılmışdır. Yerində videoçəkilişlə avtomobilə baxış keçirilmiş, baxış zamanı Namiq maşının arxa sağ oturacağının ayaqaltısında olan bağlamanı təqdim etmiş, bağlamanın içərisində iki ədəd sellofan bükülüdə tiryəkə bənzər, bir ədəd bükülüdə heroinə bənzər və bir ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur.Təhqiqatçı tərəfindən kütlələr elektron tərəzidə çəkildikdə tiryəkə bənzər kütlələr cəmi 3,685 kiloqram, heroinə bənzər kütlə 0,755 kiloqram və qurudulmuş marixuanaya bənzər kütlə 0,165 kiloqram çəkidə olmuşdur.Taksi sürücüsü Sədidə heçnə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Namiq bağlamada olan narkotkilərin Bakı şəhər sakini Elşənə məxsus olduğunu, məhz onun tapşırığı ilə taksi ilə gəlib bağlamanı Astara - Ələt avtomobil yolunun 58-ci kilometrliyindən özü götürdüyünü, narkotiki Bakı şəhəri Nizami rayonuna aparıb Elşən adlı şəxsə çatdıracağını, bunun müqabilində Elşən ona kakos deyilən narkotik vasitə heroin verəcəyini, taksi sürücüsünün bundan məlumatı olmadığını demişdir. Bundan sonra onları Lənkəran rayonunda yerləşən Regional polis şöbəsinə aparmışlar. Vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki şalvarın sağ yan cibində gizlətdiyi selofan bükümdə 19 qram heroin, bir ədəd «Leobank»a aid plastik kart, şalvarın sol yan cibindən «D-Horse» markalı və «İphone» markalı mobil telefon aşar edilmişdir. Namiq bildirmişdir ki, heroin özünə məxsusdur, Bakı şəhərində Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən özü qəbul etmək üçün 300 manata almış, həmin maddədən bir dəfə özü qəbul etmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik vasitə yoxdur. Sürücü Sədinin onun üzərində heroin olmasından xəbəri olmamışdır. Şəxsi axtarış zamanı Şahid4 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Namiqin şalvarının cibinə heç kim tərəfindən narkotik qoyulmamışdır. Namiq özünü müdafiə etmək üçün yalan danışır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını, şalvarınn cibində aşkar olunun 19 qram heroinin özünə məxsus olmasını etiraf etdiyni göstərmişlər. Məhkəmə istintaqında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi tədqiq olunaraq elan edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən verilmiş sifarişə əsasən 23 iyun 2022-ci il tarixdə saat 17.35-də Bakı şəhərindən çıxıb Lənkəran şəhərinə gəlmiş, Lənkərana çatdıqda Namiq Astara rayonunda yaşlı bir kişi ilə görüşəcəyini, həmin kişinin ona pul verəcəyini demişdir. Astara rayonuna çatdıqda Namiq demişdir ki, geri dönüb Bakı istiqamətinə qayıdaq. Geri dönüb yeni yola çıxıb Bakı istiqamətinə bir neçə kilometr getdikdən sonra Namiq birdən demişdir ki, saxla, həmin yeri keçdin. Namiqin dediyi yerdən 30-40 metr irəlidə maşını saxlamış, özü maşından düşməmiş, Namiq isə düşmüş, bir neçə dəqiqə sonra qayıdıb maşının arxa oturacağına əyləşmişdir. Bakı istiqamətinə hərəkətdə olarkən Masallı postunda polis əməkdaşları tərəfindən idarə etdiyi maşın saxlanılmış, videoçəkilişlə maşına baxış keçirilmiş, arxa oturacağın ayaqaltısından qara rəngli bir bağlamada narkotik aşkar olunmuşdur. Namiq bildirmişdir ki, narkotik ona məxsusdur, götürdüyü bağlamanı Bakı şəhəri, Nizami rayonuna aparıb Elşən adlı tanışına çatdıracaqmış, bunun müqabilində Elşən ona narkotik maddə kakos verəcəkmiş. Sonra onlar Lənkəran şəhərində yerləşən Regional polis şöbəsinə aparılmış, vəkilin iştirakı ilə üzərinə axtarış keçirilmiş, üzərində hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Namiqin narkotik dalınca gəlməsindən məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən onlara qarşı qanunsuz hərəkətlər olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin təhqiqatçısı X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının təxminən 23 ya da 24-də Namiq və Sədi adlı şəxslərin saxlanıldığı X9 İdarəsinin Yol Patrul Xidmətinin 11-ci yol patrol tağımının Masallı rayonu ərazisində yerləşən stasionar postuna çağırılmış, saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Sədinin iştirakları ilə sonuncunun idarə etdiyi avtomobilə videoçəkilişlə baxış keçirmişdir. Baxış zamanı avtomobilin arxa sağ tərəfdə sərnişin oturacağının ayaqaltı hissəsindən sürücü qapını açdı, Təqsirləndirilən şəxs həmin yerdən bir ədəd qara rəngli bağlamanı götürüb təqdim etmiş, bağlamadan iki büküm tiryəkə bənzər, bir büküm heroinə bənzər, bir büküm də marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr tərəzidə çəkilmiş, kütlələrin çəkisini xatırlamır. Aşkar olunan bükümlər qablaşdırılmış, sonra Namiq və Sədi adlı şəxslər Regional polis şöbəsinə aparılmışlar. Onların müdafiə hüquqları təmin edilmişdir. Namiqin üzərindən təxminən 19 və ya 20 qram heroin aşkar olunmuş, və o, bildirmişdir ki, maşında olan narkotik vasitələri Bakı şəhərində Elşən adlı şəxsə çatdıracaqmış, Elşən də bunun müqabilində ona narkotik vasitə verəcəkmiş. Təhqiqat müddəti az olduğu üçün Elşən adlı şəxsin müəyyən olunması mümkün olmadı. Namiq üzərindən aşkar olunmuş narkotikin haradan əldə etməsi sualına cavab olaraq bildirdi ki, həmin heroini Bakı şəhərində Neftçilər metrostansiyasının yaxınlığında qoyulan yerdən götürmüşdür. Özü narkotik istifadəçisidir. Sədi adlı şəxs də bildirdi ki, “Bolt” taksi şirkətində sürücü kimi işləyir. Həmin şirkətlə müqaviləsi var. Namiq onun kartına xidmət haqqı kimi 110 manat pul köçürmüşdür. Sədi bildirmişdir ki, narkotikdən məlumatı yoxdur. Namiq də Sədinin taksi sürücüsü olduğunu, narkotikdən məlumatının olmadığını, hətta narkotiki yol kənarından götürüb maşına qoyanda da Sədinin bundan xəbəri olmadığını, özünün arxada oturub istirahət etmək istədiyini Sədiyə bildirdiyini göstərmişdir. Bundan sonra toplanmış materiallar aidiyyəti üzrə göndərilmişdir. Namiqin üzərinə heç kim tərəfindən narkotik qoyulmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 iyun 2022-ci il tarixli 19/729 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid4 idarə etdiyi Opel-Astra markalı **-TS-*** nömrəli avtomaşından Təqsirləndirilən şəxs məxsus 02 ədəd bükümdə tiryəkə bənzər, 01 ədəd heroinə bənzər və 01 ədəd qurudulmuş marixuanaya bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -3190,0 qram, -480,0 qram, ümumi təmiz çəkisi -3670,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 01 ədəd bükülüdə təmiz çəkisi -730,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükülüdə təmiz çəkisi -141,129 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -18,237 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Şahid4 idarə etdiyi Opel-Astra markalı **- TS-*** nömrəli avtomaşından Təqsirləndirilən şəxs məxsus 02 ədəd bükümdə tiryəkə bənzər, 01 ədəd heroinə bənzər və 01 ədəd qurudulmuş marixuanaya bənzər kütlələr....” və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd bağlamadakı və bir ədəd zərfdəki, ümumilikdə sayı 2 büküm olan heroinlər kimyəvi komponent tərkiblərinə görə birbirilərindən fərqlidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyun 2022-ci il tarixli, 1324 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 23 iyun 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Opel-Astra markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ sərnişin oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlama təqdim etmiş, həmin bağlamanın içərisindən 02 ədəd bükülüdə tiryəkə bənzər, 01 ədəd bükülüdə heroinə bənzər, 01 ədəd bükülüdə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bükülüləri Bakı şəhərində yaşayan Elşən adlı tanışının təklifi ilə Bakı şəhərində 115 manat pulu kart vasitəsi ilə ödəyib «Bolt» taksi sifarişi verdikdən sonra Sədi adlı şəxsin idarə etdiyi avtomaşınla gəlib Astara - Ələt avtomobil yolunun 58-ci kilometrliyindən özü götürmüşdür, sürücü Sədinin narkotik maddədən məlumatı olmamışdır. Götürdüyü narkotik vasitələri Bakı şəhəri Nizami rayonuna aparıb Elşən adlı şəxsə çatdıracaqmış, bunun müqabilində Elşən ona kakos deyilən narkotik vasitə heroin verəcəkmiş. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 23 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd narkotik vasitə olan heroinin çəkisi 19,52 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində heroin var, özünə məxsusdur, Bakı şəhərində Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən özü qəbul etmək üçün 300 manata almış, həmin maddədən bir dəfə özü qəbul etmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik vasitə yoxdur. Sürücü Sədinin onun üzərində heroin olmasından xəbəri olmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 09 fevral 2023-cü il tarixli «telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş mobil telefon “İphone” markalı olmaqla kənar və arxa hissəsi boz rənglidir. Telefonda "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı sim nömrə vardır. Telefonda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemində olan sms mətnlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutulduğu gün telefonun kontaktında adı “starşiy brat” olaraq qeyd edilən şəxslə yazılı və səsli ismarıclarla söhbət etmişdir. İsmarıcların məzmunundan görünür ki, həmin şəxs Təqsirləndirilən şəxs Ələt- Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsinə getməsini, orada narkotik vasitə qoyulacağını, narkotik vasitənin dəqiq yerini isə deyilən yerə çatdıqdan sonra ona məlumat verəcəyini bildirir. Təqsirləndirilən şəxs Lənkəranda olduğunu bildirdikdən sonra, həmin şəxs Astaraya gedərək təzə yola daxil olmasını, narkotik vasitənin təzə yolda qoyulacağını bildirir. Daha sonra həmin şəxs narkotik vasitənin təzə yolda, Astaradan Bakı şəhərinə gedəndə 58 kilometr nişanın yanında qoyulduğunu bildirir, Təqsirləndirilən şəxs da narkotik vasitəni götürdükdən sonra həmin şəxsə məlumat verir və kütlənin çox olduğunu deyir. Həmin şəxs Təqsirləndirilən şəxs ehtiyatlı olmasını bildirir, kütlənin içərisində tiryək də olduğunu qeyd edir. Mobil telefonun kontaktına baxış keçirildikdə adı “starşiy brat” olaraq qeyd edilən şəxsə məxsus telefon nömrəsinin +99***-***-**-** olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, adı “starşiy brat” olaraq qeyd edilən şəxs X1r, ismarıcları da Elşən İbrahimov yazmışdır. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükülüdə narkotik vasitə tiryəki, 01 ədəd büküldə narkotik vasitə heroini və 01 ədəd büküldə narkotik vasitə qurudulmuş marixuananı tanışı X2 ilə əlbir olaraq qrup halında əldə etmişdir. Məhkəməyə təqdim olunmuş Lənkəran Şəhər Rayon polis şöbəsinin 17 may 2023-cü il tarixli 154-024 №li məktubundan görünür ki, 5 mart 2023-cü il tarixdə X2 CM-nin 234.4.1 və 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işinin istintaqı davam etdirilir. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi 3670,0 qram narkotik vasitə tiryək, 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi - 748,237 narkotik vasitə heroin, 01 ədəd bükülüdə, təmiz çəkisi 141,129 qram olan narkotik vasitə qurudulmuş marixuana, baxış və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu RPŞ tərəfindən CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib qəti olaraq 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli Masallı Rayon Məhkəməsinin qərarı ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri qanuni hesab edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Onur adında oğlu və 02.10.202-ci il təvəllüdlü İnci adında qızı vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Lənkəran şəhərində yerləşən Cənub Regional polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə olmadığını, üzərindən aşkar edilmiş heroinin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şalvarının yan cibindən bir ədəd sellofan bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim edir, kütlə elektron tərəzidə çəkilir və çəkisi 19,52 qram olduğu müəyyən olunur, həmin kütlənin kiminsə tərəfindən üzərinə qoyulması ilə bağlı hər hansı fikir irəli sürmür. Bu xüsusatı eyni zamanda məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunur. Odur ki, məhkəmə ”şəxsi axtarış və götürmə aparılması haqqında” 24 iyun 2022-ci il tarixli protokolu və videoçəkilişi, şahidlərin ifadələrini, habelə digər sənədləri işin obyektiv hallarına uyğun gəldiyindən ittihamın qanuni və əsaslı həlli üçün Təqsirləndirilən şəxs təqsirliyini təsdiq edən mötəbər sübut kimi qəbul edir. Eyni zamanda, məhkəmədə tədqiq olunmuş avtomobilə “baxış keçirilməsi” haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan killi miqdarda narkotik vasitələri tanışı Elşən İbrahimovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən satış məqsədi ilə əldə etdiyini açıq aşkar etiraf edir. Həmçinin, Təqsirləndirilən şəxs tanışı Elşən İbrahimovla qabaqcadan əlbir olması məhkəmədə tədqiq edilmiş 09 fevral 2023-cü il tarixli «telefona baxış keçirilməsi haqqında» protokolla da tam təsdiq olunmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə üzərində aşkar olunan heroinin ona məxsus olmaması, heç kimə narkotik vasitə satmaq niyyətində olmaması xüsusatları üzrə özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadələrini, habelə dindirilmiş şahid ifadələrini, eskpertizanın rəylərini, “axtarış və baxış” protokollarını, “mobil telefon aparatına baxış keçirilməsi” haqqında protokolları, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən həmin dövrdə CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş və heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində və Bakı şəhərindən gəldiyi avtomobildə külli miqdarda narkotik vasitələrin aşkar edilməsi, narkotiklər olan bağlamanı əldə etməsi ilə bağlı yolboyu Elşən İbrahimovla telefon əlaqəsi saxlaması, bağlamanı Elşənə çatdırmaq məqsədi ilə Lənkəran rayonunun ərazisində 58-ci kilometr yol nişanın yaxınlığından götürməsi onun həqiqətən də Elşən İbrahimov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana, tiryək narkotik vasitələrdir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur, odur ki, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və o, cəzasını çəkməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. 24 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə 23 iyun 2022-ci il tarixdə saat 22.40-da şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri “ağır” cinayətlər növünə aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən yuxarıda qeyd olunan cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törtəməyə meyilli olan şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin gələcəkdə islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 23 iyun 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-nın maddi sübutların saxlama otağında saxlanılan, ümumi təmiz çəkisi 3669,9 qram narkotik vasitə tiryək, 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi -748,137 narkotik vasitə heroin, 01 ədəd bükülüdə, təmiz çəkisi 141,109 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərə dair 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə ona təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olub hazırda Lənkəran ŞRPŞ-nın maddi sübutların saxlama otağında saxlanılan, ümumi təmiz çəkisi 3669,9 qram narkotik vasitə tiryək, 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi - 748,137 narkotik vasitə heroin, 01 ədəd bükülüdə, təmiz çəkisi 141,109 qram olan narkotik vasitə qurudulmuş marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar