Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-280/2025 24.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hazırda ƏN-nin PX-in Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Tohid” ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Tohid” ləqəbli şəxsin sifarişi, daha sonra isə gələcəkdə “müştərilərə” çatdırılması üçün müəyyən pul təklifi müqabilində sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı-Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində yol kənarında yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda – 8 kq 555 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz olaraq əldə edib idarə etdiyi “BMW” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində saxlayaraq Astara-Ələt-Bakı avtomobil yolunun 143-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı stasionar postuna qədər daşımış, 06 dekabr 2024-cü il tarixdə, saat 10:00-da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayanın yol-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən qeyd olunan postda etibarnamə ilə idarə etdiyi avtomobillə birlikdə saxlanılmaqla həmin gün saat 14:35-dən etibarən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən özünün razılığı və iştirakı ilə idarə etdiyi “BMW” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 08 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram, 1510 qram, 975 qram, 770 qram, 975 qram, 1285 qram, 1035 qram və 1010 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 8 kq 555 qram olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Tohid adlı iranlı şəxslə əlaqə saxlamış, həmin şəxs ona bir iş Bakı şəhərinə narkotik vasitə aparıb bir nəfər şəxsə çatdırması qarşılığında o, həbsdə olan dostunun ailəsinə yardım edəcəyini və onun cəzacəkmə müəssisəsindən çıxmasına köməklik göstərəcəyini bildirmişdir. Ona narkotik vasitənin təqribi səkkiz kiloqrama yaxın olacağı deyilmişdir. Narkotik vasitəni bir nəfər şəxsə verəcəkmiş, onu satmaq və ya başqa niyəti olmamışdır. 06 dekabr 2024-cü il tarixdə Ələt-Astara yolunda “BMW” markalı **-RL-*** qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Yol Patrul Xidmətinin əməkdaşı onu saxlamış, özünü itirmiş, polis əməkdaşı avtomobildə qanunsuz əşya olub-olmamasını soruşmuş, o, yalan danışmağın mənasız olduğunu başa düşüb maşında narkotik vasitə olduğunu etiraf etmiş, bundan sonra o, polis şöbəsinə aparılmış, orada da əməlini səmimi etiraf etmişdir, ona qarşı təzyiq olmamışdır, əməlindən peşmandır. Sonda təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın baş inspektoru vəzifəsində işləyir, 06 dekabr 2024-cü il tarixdə Masallı Rayon Postunda xidmətdə olarkən Ələt Astara yolunun 143-cü kilometrliyində yerləşən 726 saylı stasionar postda xidmətdə olan zaman «BMW» markalı, **-RL-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünü sənədlərinin yoxlanılması məqsədilə həmin günü saat 10:00 radələrində saxlamış, onun saxla işarəsindən sonra sürücünün maşını çox irəlidə saxlayaraq qaçaraq onun yanına gəlməsi onda şübhə oyatmış, sürücünün özünü itirməsi, həyəcanlı olması da onda şübhə oyatmış, maşına yaxınlaşıb orada hər hansı qanunsuz əşya olub-olmamasını soruşmuş, sürücü səmimi olaraq maşında narkotik vasitə olduğunu bildirmiş, ağlamış, peşman olduğunu bildirmişdir. Bundan sonra, aidiyyəti quruma raportla müraciət edilmiş və müvafiq tədbirlər görülmüşdür. Narkotik vasitəyə baxışda da iştirak etmiş, orada da Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan : - «Şübhəli şəxsin tutulması haqqında» 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:41-də ARCM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 21) - «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 06 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “BMW” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılmış, “BMW” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə 06 dekabr 2024-cü il tarixdə saat 14:35-dən etibarən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa yük yerindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkəti 06 dekabr 2024-cü il tarixdə saat 14:35-də başlamış və həmin tarixdə saat 15:01-də bitmişdir. (i.v. 29-31) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirildikdə hər hansl qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. (i.v. 33-34) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 75-76) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli, 4(005)- 1449/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 104-108) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 2334.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (i.v. 188-189) - Məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2024-cü il tarixli, 6/117 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı 8 (səkkiz) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 995,0 qram, 1510,0 qram, 975,0 qram, 770,0 qram, 975,0 qram, 1285,0 qram, 1035,0 qram, 1010,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-8555,0 qramdır. Təqdim olunmuş 8 (səkkiz) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi çəkisi-8555,0 qram (1-8№-li ob.), tədqiqata istifadə olundu cəmi – 0,4 qram (hər obyektdən 0,05 qram), qalıq – 8554,6 qram). (i.v. 45-48) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 7935 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 170-171) - «Maddi sübut hesab edilməsi» 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8554,6 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 122-123) - «Maddi sübut hesab edilməsi haqqında» 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8554,6 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 122-123) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründəki etirafedici ifadələri iş üzrə digər sübutlarla təsdiq olunduğundan, məhkəmə ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd edilən və məhkəmə istintaqında tədqiq olunan sübutlarla birlikdə həmin ifadələri mötəbər sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni bir nəfərə çatdıqmaq niyətilə əldə etməsi, satış məqsədinin olmaması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları nəzərə alır: Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 500 qram, külli miqdarının (qramla) isə aşağı həddi 50000 qramdır. Göründüyü kimi, yuxarıda qeyd edilən qanunvericilik normaları, Ali Məhkəmənin tövsiyələri nəzərə alındıqda təqsirləndirilən şəxsin əməlinin narkotik vasitənin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını rəhbər tutaraq, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, şəxsi axtarış və götürmə, baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, «ambulator-məcburi narkoloji tibbi yoxlama»-nın, «Məhkəmə-bioloji ekspertizası»-nın rəyləri, Təqsirləndirilən şəxs oğıunun idarə etdiyi “BMW” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən ümumilikdə külli miqdarda təmiz çəkisi 8 kq 555 qram olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - AR DİN-in BƏSİİ-dən verilmiş 13 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 126) - Zəngilan RİHB-nin Bartaz kənd İƏDÜN tərəfindən verilmiş xasiyyətnamə və 23 dekabr 2024-cü il tarixli, 147 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, yaşadığı ərazinin ictimai-siyasi həyatında fəal olmamışdır. Ərazi icra nümayəndəliyi ilə təmasda olmadığı üçün barəsində hər hansı bir məlumat vermək imkan xarici olmuşdur. Lakin onunla bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 132-133). Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və əməlindən səmimi peşman olmasını ARCM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, ailəsi onun varlığının maddi və mənəvi təminatından aşağı həddə məhrum olunsun, bununla belə cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2024-cü il tarixdən hesablanmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli, 4(005)-1449/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan 8 kq 55 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə, baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza xərci olan 72 (yetmiş iki) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan 8 kq 55 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci kimi 72 (yetmiş iki) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-280/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-280/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver