Məhkəmə qərarları › İş №1(099)-283/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-283/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-283/2022 08.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan,barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə, saat 00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu halında yaşadığı Cəlilabad rayonu, Sabirabad kəndindəki toy şənliyində əsassız irad tutduğu qonşusu Zərərçəkmiş şəxs ona “get işinlə məşğul ol” deməsini bəhanə edərək heç bir səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evə gələrək istintaqa məlum olmayan mənbədən əldə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını götürüb həmin toy şənliyinə qayıtmış, lakin toy şənliyində insanların çox olmasını görüb həmin bıçağı üzərində götürərək Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlib sonuncunun evə gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs anası Şahid1 və azyaşlı oğlu Şahid2 ilə birlikdə yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısına çatan zaman yaxınlaşaraq Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək üçün əlindəki bıçaqla sonuncunun anası və azyaşlı övladının gözü qarşısında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədəninin həyat üçün mühüm olan nahiyələrinə zərbələr vuraraq döş qəfəsinin sol yarısının aşağı hissəsinin ön səthinin qarın boşluğuna keçən və mədə-köndələnçənbər bağırsaq bağını zədələyən bir ədəd, sol qarınüstü nahiyədə qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, qarının sol yarısının ön divarının və sol çiyin qurşağı nahiyəsinin orta səthinin hərəsinin bir ədəd kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra zərəçəkmişin şəxsin anası Şahid1 yaxasından tutaraq yenidən bıçaq zərbələri vurmasının qarşısını aldığından və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bu hərəkəti ilə o, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 noyabr 2021-ci il tarixdə həmkəndlisi Xəzərin Sabirabad kəndi ərazisində toy məclisi olmuşdur. Toy mərasimi mağarda təşkil edilmiş, ailə üzvlərindən anası, atası və arvadı da həmin toy məclisinə iştirak etməkdən ötrü getmişlər. O, isə toya dəvət olunmadığı üçün evdə tək qalmışdır. O, evdə olarkən yarım litrlik spirtli içki qəbul etmiş, təxminən saat 21 radələrində həmin toy məclisinə getmişdir. O, toy mağarından çöldə dayanıb tamaşa edərkən, qonşusu Samirin toyda iştirak edən tanımadığı bir qadına çiyni ilə vurduğunu görüb ona iradını bildirmişdir. Samirin ona qarşı işlətdiyi alçaldıcı sözlər ona çox pis təsir etdiyindən o, yaşadığı evə gdərək evdən bıçaq götürüb toy məclisinə qayıtmışdır. Oraya qayıtmaqda məqsədi Samir yenidən ona qarşı nəlayiq sözlər işlədərsə, ona bıçaqla xəsarət yetirmək olmuşdur. Toy məclisinə geri qayıtdıqdan sonra Samirə yenidən yaxınlaşaraq hansı səbəbə ona qarşı nalayiq ifadələr işlətməsini soruşmuş, Samir yenə də ona qarşı alçaldıcı sözlər demiş və o Samirlə yaxalaşmışlar. lakin, orada olan şəxslər onları ayıraraq dava etmələrinin qarşısını almışlar. O, Samirlə sonuncu dəfə söhbət etmək, əgər ondan üzr istəyib, sözlərini geri götürməzsə bıçaqla xəsarət yetirməkdən ötrü gedib Samirgilin yaşadığı evin qarşısında onu gözləmişdir. O, təxminən 2 saat orada gözlədikdən sonra saat təxminən bir radələrində Samirin anası Sevinclə birlikdə yaşadıqları evə gəldiklərini görmüş o, yaxınlaşaraq Samirdən hansı səbəbə onu təhqir etdiyini soruşduqda, Samir də yaxşı elədiyini bildirib onun yaxasından tutmuş, o da cibində olan bıçağı çıxararaq, Samirin bədən nahiyəsinə bıçaqla bir neçə zərbə vurmuş, zərbələrin təsirindən Samir yerə yıxılmışdır. Sevinc Samirin yerə yıxıldığını görərək ona kömək etməyə çalışmışdır. O, bıçağı cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonra da polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. O Samiri öldürmək niyyəti olmamış, onu bıçaqla vurmaqda məqsədi onu cəzalandırmaq olmuşdur. O, ifadəsində daha sonra göstərmişdir ki, toyda Samirin sataşdığı qadının kim olduğunu və onlar mübahisə edərkən onları aralaşdıran şəxslərin kimliyini xatırlamır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi özünün qismən etirafedici ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 noyabr 2021-ci il tarixdə yaşadığı Sabirabad kəndi ərazisində həmkəndlisi Xəzər Hüseynovun toy mərasiminə ailə üzvləri ilə birlikdə gedib iştirak etmişlər. Orada onu kiçik toy məclisi görə söhbət etməkdən ötrü mağardan çölə çağrdıqlarından o çölə çıxaraq, həmin şəxslə bir qədər söhbət etdikdən sonra mağara geri qayıtmışdır. Mağara qayıdarkən Yaşar ona özünü düz apar demiş o, Yaşarla qonşu olduğundan onun sözünə məhəl qoymayaraq öz işinlə məşğul ol deyərək, mağara qayıtmışdır. Saat təxminən 23 radələrində anası Sevinc həmin toy məclisinə onun oğlu Tunarla birlikdə gələrək ona evə qayıtmasını demiş, o da toy məclisində bir qədər də qaldıqdan sonra anası və oğlu ilə birlikdə saat təxminən bir radələrində yaşadığı evə qayıtmışlar. Evlərinə yaxınlaşarkən Yşar onu çağırdığından o Yaşara yaxınlaşmış, həmin anda Yaşar onun qarınından bərk vurmuş, o əvvəlcə Yaşarın onu yumruqla vurduğunu düşünmüş, lakin ikinci dəfə vuran zaman Yaşarın onu bıçaqla vurduğunu hiss etmiş, əlini qarın nahiyəsinə qoyduqda qan axdığını görmüş, həmin vaxt darvazanın yanında olan anası Sevinc qaçaraq onların yanına gəlmiş və Yaşarın yaxasından tutmuş, Yaşarın onu bıçaqla vurmasının qarşısını almağa çalışmışdır. O, həmin vaxt bıçaq zərbələrinin təsirindən halsızlamış, qarın və döş qəfəsindən əli ilə tutaraq əyilmiş, həmin anda Yaşar onun kürək nahiyəsindən bir dəfə də bıçaqla vurmuş, o yerə yıxılmışdır. Anası qışqıraraq qonşuları çağırmış, Yaşar onun yerdə hərəkətsiz vəziyyətdə qaldığını görüb, həmdə hadisə yerinə avtomobilin yaxınlaşdığını görüb, qaçıb oradan uzaqlaşmışdır. O, anasının köməkliyi ilə ayağa qalxmış, atası Saleh anası ilə birlikdə onu dərhal rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmişdir. O ifadəsində dah sonra bildirmişdir ki, həmin toy məclisində ümumiyyətlə onun hər hansı bir qadınla, nə də ki, Yaşarla arasında mübahisə baş verməmişdir. Yaşar ona heç bir səbəb olmadan, özünü düz apar demişdir. O da onun sözünə heç bir əhəmiyyət verməmiş və öz işinlə məşqul ol deyə cavab cavab vermişdir.Yaşar hadisə zamanı ona 4 dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. O isə Yaşara heç bir xəsarət yetirməmiş və buna heç onun imkanı olmamışdır. O Yaşarla barışmamışdır. Barışmaq niyyəti də yoxdur. Ona ağır cəza verilməsini xahiş edir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 noyabr 2021-ci il tarixdə həmkəndlisi Xəzər Hüseynovun toy mərasimində o əri Saleh və oğlu Samir dəvət aldıqlarından iştirak etmişlər. O əri ilə toy məclisindən evə tez qayıtmışlar. Samir isə toyda qalmışdır. O, evdə olarkən evin qarşısında Yaşarın dayandığını görmüş və Yaşarın Samiri öldürəcəyini deməsini eşitmişdir. Ona görə də gözləri yaxşı görmədiyindən nəvəsi Tunarı özü ilə götürüb, Samiri evə gətirməkdən üçün toy məclisi olan həyətə getmişdir. O, toy məclisində iştirak edən şəxslərdən Samirlə Yaşar arasında dava baş verib-vermədiyini soruşduqda onlar heç bir hadisə olmadığını ona demişlər. Ona görə də Samirə Yaşarın hərəkəti barədə heç nə bildirməmiş və Samirə evə getmələrini demişdir. Samir bir qədər də toyda iştirak etdikdən sonra onlarla birlikdə yaşadıqları evə qayıtmışlar. Yaşadığı evə çatdıqda kiminsə Samir səni olar dediyini eşitmiş və həmin şəxsin Yaşar olduğunu bilmişdir. Samir ona evə girməyini bildirmiş və o nəvəsi ilə birlikdə darvazaya doğru getməyə başlamışlar. Həmin vaxt Yaşar Samirin üzərinə hücum çəkərək onun qarın nahiyəsindən vurmağa başlamışdır. O, dərhal qaçaraq Yaşarın yaxasında tutmuş və Yaşarın Samiri bıçaqladığını görmüşdür. O, Yaşarın yaxasında tutaraq, Samiri vurmasının qarşısını almağa çalışmışdır. Həmin vaxt Samir halsızlaşmış və əyilmişdir. Həmin anda da Yaşar onun kürək nahiyəsindən də bir dəfə bıçaqla zərbə vurmuş, Samir yerə yıxılmış, o, isə Yaşarın yaxasından tutmuş və uca səslə qonşuları köməyə çağırmışdır. Yaşar onun müqavimət göstərdiyini görüb, əlindən çıxaraq oradan qaçaraq uzaqlaşmışdır. Hadisə zamanı nəvəsi Tunar da orada olmuş, Yaşar oğlu Samirə bıçaq zərbələri vuran zaman nəvəsi Tunar uca səslə ata səni bıçaqla vurur deyə qışqırmışdır. O, səs-küy salaraq Samiri çətinliklə ayağa qaldırıb həyətlərinə aparmış sonra da dərhal, əri Salehin idarə etdiyi avtomobillə onu Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada Samirə tibbi yardım göstərilmişdir. Hadisə zamanı əgər o, orada olmasaydı və Yaşara müqavimət göstərməsəydi, səs-küy salmasaydı, Yaşar Samiri öldürəcəkdi. Məhkəmədə qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə dindirilmiş azyaşlı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman o, ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı da təstiq etmişdir. İş materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman o, ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı bir daha təstiq etmişdir. İş materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman o, ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı da təstiq etmişdir. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 yanvar 2022-ci il tarixli istintaq hərəkəti protokolundan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çatdıqdan sonra avtomobili saxlatdırıb, 08 noyabr 2021-ci il tarixdə saat 00 radələrində törətmiş olduğu cinayət hadisəsinin baş vermə mexanizmini hadisə yerində yenidən ardıcıl olaraq əyani şəkildə göstərməklə ifadəsində göstədiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” haqqında 20 noyabr 2021ci il tarixli istintaq hərəkəti protokolundan göstərilmişdir ki, hadisə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında, küçədə baş vermişdir. Küçədən torpaq örtüklü kəndarası yol keçir. Hadisə yerinin sağ və sol tərəfində kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və hadisə yerinin sol tərəfində Zərərçəkmiş şəxs yaşadığı bir mərtəbədən ibarət fərdi yaşayış evi yerləşir. İş materiallarında olan “götürmə aparılması” haqqında 08 noyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan göstərilmişdir ki, Təqsirləndirilən şəxs bir ədəd qara rəngli dəstəyi olan, düymə ilə açılıb-bağlanan bıçağı təqdim edərək 07 noyabr 2021-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirdi. Bıçağa baxış keçirilərkən üzərində qan izlərinə bənzər ləkələr olduğu müəyyən olundu. İş materiallarında olan “götürmə aparılması” haqqında 10 noyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan göstərilmişdir ki, götürmədə iştirak edən Zərərçəkmiş şəxs bir ədəd boyunluq hissəsi qara rəngli, sinə nahiyəsi ağ rəngli, üzrindən sarı rəngli zolaqlar olan, qol hissələri ağ rəngli, ətək hissəsi isə qara rəngli olan qısaqol köynəyi və bir ədəd ağ rəngli alt paltarını(mayka) təqdim edərək, 07 noyabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirən zaman əynində həmin geyimlərin olduğunu bildirdi. Köynəyə baxış keçirilən zaman ön ətək hissəsində üç ədəd, sol çiyin nahiyəsində isə bir ədəd bıçaqla zədələnməyə xarakterik deşiklər olduğu müəyyən olundu. Həmin nahiyələrdə qan ləkələrinin , alt paltarının ön tərəfində üç ədəd bıçaqla zədəsinə xarakterik zədələr, eyni zamanda ön tərəfdə qan ləkəsi olması müəyyən olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 28 noyabr 2021-ci il tarixli raportda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 07 noyabr 2021-ci il tarixdə Sabirabad kəndində, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında onunla həmkəndlisi Təqsirləndirilən şəxs arasında münaqişə baş vermiş, həmin münaqişə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən özü ilə hadisə yerinə gətirmiş olduğu bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurmuşdur. Hadisə zamanı orada Zərərçəkmiş şəxs anası Şahid1 və oğlu Şahid2 də hadisə yerində olmuşdur. Hadisə yerində başqa hər hansı şəxs olmamışdır. Hadisəyə səbəb həmin gün Sabirabad kəndi ərazisində baş tutan toy məclisində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs irad tutması olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, 07 noyabr 2021-ci il tarixdə Sabirabad kəndi ərazisində baş tutan həmin kənd sakini Xəzər Hüseynovun toy məclisində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hər hansı münaqişə baş verməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 938 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının aşağı hissəsinin ön səthinin qarın boşluğuna keçən və mədə-köndələnçənbər bağırsaq bağını zədələyən 1/bir/ ədəd, sol qarınüstü nahiyədə qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara, qarının sol yarısının ön divarının və sol çiyin qurşağı nahiyəsinin orta səthinin hərəsinin 1/bir/ ədəd kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın və ya əşyaların təsirindən törənmişdir, bıçaqla vurma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 07 noyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön səthinin aşağı hissəsinin və sol qarınüstü nahiyənin qarın boşluğuna keçən mədə-köndələnçənbər bağırsaq bağını və nazik bağırsağı zədələyən (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik və trasoloji ekspertizasının 3/117, 3/133 nömrəli, 21 fevral 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 17 fevral 2022-ci il tarixli, 399 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, onu cəzalandırmaq üçün xəsarətlər yetirdiyini bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyan ifadə olmaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin və şahidlərin işin faktiki hallarına uyğun gələn ifadələri ilə, məhkəmədə tədqiq edilmiş zərəçəkmiş şəxsə bıçaqla 4 ədəd xəsarət yetirilməsini və həmin xəsarətlərdən 2 ədədinin bədənin mühüm orqanları yerləşən nahiyələrə nüfuz edən ağır dərəcəli bədən xəsarətlərinə aid olması haqqında məhkəmə tibbi ekspertizasının, məhkəmə kriminalistik və məhkəmə psixiatirik ekspertizasının rəyləri ilə, təqsirləndirilən şəxslə zərəçəkmiş şəxsin və şahidlərin üzləşdirmədə istintaq hərəkəti protokolları ilə, hadisə yerinə baxış və götürmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin yerində yoxlanılması haqında protokollarla tamamilə təkzib edildiyindən məhkəmə həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Müdafiə tərəfin vəsatətinə əsasən məhkəməyə dəvət edilib dindirilmiş şahidlərtəqsirləndirilən şəxsin atası X3 və arvadı X2 ifadələrində 07 noyabr 2021-ci il tarixdə həmkəndliləri Xəzər Hüseynovun toy məclisinə dəvət edildiklərindən orada iştirak etdiklərini, toyda olarkən Yaşarın kiminləsə mübahisə etdiyini eşitdiklərini, lakin həmin mübahisəni görmədiklərini, Yaşarın mübahisə etdiyini bilsələr də onu axtarıb bu barədə soruşmadıqlarını və sonra Yaşarın Samiri bıçaqladığını eşitdiklərini bildirmişlər. Məhkəmə onların bu ifadəsini təqsirləndirilən şəxsin yaxın qohumları olmaqla onu müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən habelə işin faktiki hallarına uyğun gəlmədiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə məhkəmədə mübahisəsiz surətdə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun anası Şahid1 və oğlu Şahid2 gözü qarşısında, müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə onlara aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə zərbə vuraraq xəsarətlər yetirdikdən sonra zərəçəkmiş şəxsin anası Şahid1 onun yaxasından tutaraq yenidən bıçaq zərbələri vurmasının qarşısını aldığından və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, onu xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Xuliqanlıq niyyəti ilə adam öldürmə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeyidliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəmnində başqa şəxsi həyatdan məhrmetmədə ifadə olunur. Xüsusi amansızlıq zərərçəkmiş şəxsin onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər. Yaxın adamlar zərəçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Bu cür xüsusi amansızlıq ərin öz arvadının, yaxud uşaqların öz valideynlərinin, valideynin öz uşaqlarının gözü qarşısında öldürülməsində və s. ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumu da bu mövqedən çıxış edir. Qərarın 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa , həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər.Bu zaman təqsirkar öz əməlini (hərəkət və hərəkətsizliyinin)ictimai tıhlükəli olduğunu dərk edir,onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərəçəkmişin fəal müqaviməti,ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrdə göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adamöldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan,mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəmnində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Bu qərarın 6-cı bəndinin 1-ci hisəsində göstərilir ki, qəsdən adam öldürmə cinayəti o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Qərarın 8-ci bəndinin 2-ci hissəsində göstərilir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (coxlu miqdarda xəsarətlər yetirmə və.s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə ola bilər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildyi maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuşdur. Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. CM-in 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CMnin 29,120.2.2 və 29,120.2.4-cü maddələrinin sanksiyasında başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçü həddində (yəni 15 il müddətə) azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-in 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə olan əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, cəzasını CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 08 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutların məsələsi də həll edilməlidir. Ona görə də cinayət işi üzrə maddi sübut olan və Cəlilabad Rayon Prokurorluğunda saxlanılan cinayətin aləti olan 1 ədəd bıçaq, zərərçəkmiş şəxsə məxsus olan 1 ədəd qısaqol köynək və 1 ədəd mayka məhv edilməlidir. İş üzrə sair maddi sübut və mülki iddia yoxdur. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 132, 346, 351- 353,356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 08 noyabr 2021-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Cəlilabad Rayon Prokurorluğunda saxlanılan 1 ədəd bıçaq, 1 ədəd qısaqol köynək və 1 ədəd mayka məhv edilsin. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar