Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-284/2022 28.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 14 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 28, mənzil 31-də qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, həmçinin Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Belə ki, o, 04 dekabr 2021-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində məlum edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bağlamada tərkibindəki təsiredici maddəsinin miqdarı 7,96 qram təşkil edən 398 ədəd həb formasında, habelə bir ədəd plastik qabda tərkibindəki təsiredici maddəsinin miqdarı 0,13 qram təşkil edən 130 ml. həcmində məhlul formasında olmaqla, ümumilikdə təsiredici maddəsinin miqdarı 8,09 qram təşkil edən külli miqdarda metadon narkotik vasitəsini əldə etmiş, həb formasında olanları əynindəki gödəkçənin sağ cibinə, məhlul formasında olanı isə əl çantasının içərisində olan şəxsi əşyalarının arasına yerləşdirərək saxlamış, 05 dekabr 2021-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrək daşımış və həmin tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində fəaliyyət göstərən Astara gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə narkotik vasitənin əldə edərək Azərbaycan Respublikası ərazisinə keçirməsində satış məqsədinin olmadığına görə özünü qismən təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadələrə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, uzun müddətdir qaraciyərində «Hepatit C» xəstəliyindən əziyyət çəkir, bundan əlavə mədə xorası xəstəliyi vardır. 2013-2018-ci illərdə marixuana və heroin narkotik vasitələrindən istifadə etmişdir və bu asılılıqdan azad olmaq üçün 2018-ci ildə könüllü olaraq “Narkoloji Mərkəz”ə müraciət edərək orada stasionar müalicə almışdır, həmin maddələrdən asılılığı azalmış, lakin tam olaraq narkotik asıllılığı aradan qalxmamışdır. O, həmin narkotik vasitələri həm xəstəliklərinə görə yaranmış şiddətli ağrılarını azaltmağa, həm də anasının ağır xəstəlikdən əziyyət çəkməsinə, çəkdiyi mənəvi əzabdan qurtulmağa görə istifadə etməyə başlamışdır. Belə ki, anası bağırsaq xərçəngindən əziyyət çəkirmiş və bu xəstəlik anasına dözülməz ağrılar vermişdir, o da anasının bu halını qəbul edə bilmədiyindən mənəvi iztirablarını azaltmaq üçün narkotik vasitələrdən istifadə etmişdir. Belə istifadə onda asılılıq vəziyyəti yaratdığından o, asılılıqdan qurtulmaq üçün könüllü olaraq tibb müəssisəsinə müraciət etmişdir. Əziyyət çəkdiyi «Hepatit C» xəstəliyinin müalicəsi İran İslam Respublikasında daha ucuz başa gəldiyi üçün mütəmadi olaraq müalicə məqsədi ilə İrana gedirmiş. Sonuncu dəfə, 04 dekabr 2021-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərinə getmiş və orada müalicə işlərini bitirərək 04 dekabr 2021-ci il tarixdə orada yerləşən, “Sadıx” adlı şəxsin işlətdiyi aptekə daxil olaraq həkimin ona yazdığı resepti təqdim edib orada yazılan dərmanları ona verməsini xahiş etmiş, “Sadıx” da 400 ədəd həb və 1 ədəd plastmas flakonda təxmini həcmi 130 ml təşkil edən məhlulu ona təqdim etmişdir. “Sadıx” həblərin yüngül ağrıkəsici olduğunu, məhlulun isə mədə dərmanı olduğunu söyləmişdir. Həmin həblər konvalyutda olmadığından o, “Sadıx”dan həmin həbləri Azərbaycan Respublikasına aparmaqda hər hansı problem yaşayıbyaşamayacağını soruşmuş, “Sadıx” isə cavab olaraq ona problem olmadığını, həmin həbləri gömrükdən keçməklə Azərbaycan Respublikası ərazisinə apara biləcəyini söyləmişdir. Həmin maddələrə görə 160000 İran tüməni ödəmiş, maddələri götürüb çıxmış, lakin həkim reseptini aptekdə unutmuşdur. Bundan sonra həbləri iki ədəd sellofan paketdə qablaşdırıb əyninə geyindiyi gödəkçənin sağ cibinə, plastmas qabda olan məhlulu isə əl çantasında şəxsi əşyalarının arasına qoymuşdur. Bundan sonra İran İslam Respublikasının Astara şəhərinə getmiş və 05 dekabr 2021-ci il tarixdə İran-Azərbaycan dövlət sərhədini keçib günorta saatlarında Azərbaycanın Astara gömrük postuna daxil olmuşdur. Posta daxil olmamışdan əvvəl, bədənində olan ağrılara görə həmin həblərdən iki ədədini qəbul etmiş və həmin maddənin təsiri altında olmuşdur. Posta daxil olduqdan sonra gömrük əməkdaşı onunla şifahi formada sorğu-sual apararaq üzərində və ya əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hansısa predmetin olub-olmadığını soruşmuş, o da öz növbəsində üzərində və əl yüklərində belə predmetlərin olmadığını söyləmişdir. Bundan sonra əl yüklərini rentgen aparatına qoyub özü metalaxtaran detektordan keçərkən gömrük əməkdaşı üzərində olan predmetləri təqdim etməsini söyləmiş, bu zaman o, bağlamalardan birini cibindən çıxarıb gömrük işçisinə təqdim etmiş, digərini isə rentgen aparatının üzərinə qoymuşdur. Bundan sonra gömrük əməkdaşı hər iki bağlamanı götürüb onlara baxış keçirmiş və 398 ədəd ağ rəngli, yumru formalı həblər olduğu məlum olmuş, sonra gömrük nəzarətinə təqdim etdiyi əl yükü gömrük yoxlamasından keçirilmiş və əl çantasının içərisində olan şəxsi əşyalarının arasından həmin məhlul aşkar edilmişdir. Sənədləşmə işləri tamamlandıqdan sonra gömrük əməkdaşları aşkar edilmiş maddələrlə bağlı araşdırma aparılacağını, zərurət olduqda çağıracaqlarını söyləyib onu sərbəst buraxmışlar. 07 dekabr 2021-ci il tarixdə gömrük əməkdaşları onu yenidən araşdırma zərurəti ilə əlaqədar gömrük orqanına dəvət etmişlər, bu zaman onda aşkar edilmiş həb və məhlulun tərkibində metadon narkotik vasitəsinin olduğu məlum olmuş, nəticədə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, həmin həbləri və məhlulu “Sadıx” adlı şəxsin Təbriz şəhərində işlətdiyi aptekdən resept əsasında almış, həmin şəxsdən əvvəllər də dərmanlar almışdır, lakin həmin dərmanların narkotik olmasından məlumatı olmamış, sonuncu hadisələrdən sonra ona məlum olmuşdur ki, İrandan aldığı dərman narkotik vasitə metadondur. Həmin həblər ağrıkəsici kimi, məhlul isə mədə xorası xəstəliyinə görə İranlı həkim Əbülfəz Purhəsən tərəfindən yazılmışdır. Reseptə əsasən gündə 2 ədəd həbb, məhlulu isə gündə 12 ml həcmində qəbul etməliymiş. Uzun müddətdir ki, İrandan əvvəllər də gətirdiyi həblərdən gündə iki ədədini qəbul edirmişdir. Həmin maddələr onun bədənində olan ağrıları kəsməklə yanaşı, həm də onda narkotiklərə olan asıllığı da aradan götürürmüş. Həmin həbləri və məhlulu şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına gətirmişdir. Gətirdiyi maddələri heç kimə satmamış, satış məqsədi olmamış, ümumiyyətlə heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. O, həmin həbləri və məhlulu gömrük işçisinə bəyan etməli olduğunu bilmədiyi, eyni zamanda gömrük əməkdaşı tərəfindən üzərində yad predmetin olduğu halda təqdim etməsini dediyi halda həmin dərman pereparatlarının yad predmet yəni narkotik tərkibli olmasını bilmədiyi üçün əvvəlcədən bu barədə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, İranda müayinədən keçərkən həkimin ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o da cavab olaraq arada istifadə etdiyini söyləmişdir, bundan sonra həkim ona gömrük nəzarətindən keçərkən üzərindən aşkar edilmiş dərman preparatını almağını söyləyib bununla bağlı ona resept yazmışdır, o da həmin resept əsasında dərmanı almışdır. Həkim ona birbaşa olaraq həmin dərmanı narkotik asılılığına görə yazdığını söyləməsə də, o elə güman edir ki, həkim onun narkotik vasitələrdən asılı olduğunu düşünərək həmin dərman preparatını almağını ona məsləhət görüb bu barədə resept yazmışdır. Ola bilər ki, həkim onun asılılığının ümumi olaraq onun digər xəstəliklərinin müalicəsinə mane olduğunu düşünüb bu problemimi aradan qaldırmaq istəmişdir. “Covid-19” pandemiyasına görə xaricə getmək çox çətin olduğuna və hər dəfə bunun üçün icazə almağa çox vaxt sərf etdiyinə görə o, dəfələrlə İrana getməmək üçün həmin dərmandan çox almışdır. O, narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olmamışdır, həmin maddələrin şəxsi istehlakı üçün ölkə ərazisinə gətirməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində də göstərmişdir ki, İran İslam Respublikasından aldığı metadonu şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamış, hər hansı bir şəxsə satmamışdır. Məhkəmədən əməlinin düzgün tövsif olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin baş müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, 05 dekabr 2021-ci il tarixdə “Astara” gömrük postunun fiziki şəxslər üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 13 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən fiziki şəxslər üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı hərəkətləri Təqsirləndirilən şəxs narkotik sərxoşluq halında olmasında şübhəsi yaranmışdır. Belə ki, peşə vərdişi ilə əlaqədar artıq vətəndaşların davranış və hərəkətlərində narkotik sərxoşluqda şübhəni görür. Elə Təqsirləndirilən şəxs sərhəd keçərkən onun narkotik sərxoşluq vəziyyətində olmasından şübhələndiyi üçün sonuncunu saxlayaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq üzərində və əl yükündə gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş, o cümlədən dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış predmetlərin olub-olmaması barədə şifahi formada sorğu-sual aparmışdır. Təqsirləndirilən şəxs üzərində və əl yükündə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış predmetlərin olmadığını bildirmişdir. Lakin, onda şübhə doğurduğu üçün iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində və ona məxsus əl yükündə gömrük yoxlaması həyata keçirmişdir. Təqsirləndirilən şəxs metal axtaran qurğudan keçirilmiş, cibində olan predmetləri təqdim etməyi təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs gödəkçənin sağ cibindən iki ədəd şəffaf bağlama çıxararaq ona təqdim etmişdir. Hər iki bağlamaya baxış keçirilmiş və baxış zamanı iki ədəd bağlamada ümumilikdə 398 ədəd ağ rəngli, yumru formalı, naməlum həblər olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından Təqsirləndirilən şəxs əl yükünə gömrük yoxlaması tətbiq etmiş, rentgen aparatından keçirilərkən, əl yüklərinin içərisində rəngli fonda şübhəli cizgilər müşahidə etmiş və əl çantasının içərisində, şəxsi ləvazimatların arasında bir ədəd plastik qabda spesifik iyi olan məhlul aşkar etmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş, sonradan ona məlum olmuşdur ki, həmin maddələr narkotik vasitə metadondur. Təqsirləndirilən şəxs həmin maddələrin dərman olmasını, əziyyət çəkdiyi xəstəliyə görə müalicə üçün aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Astara” gömrük postuna gələn şəxslərin yüklərinin yüklənib-boşaldılmasında fəhləlik etməklə günəmuzd işləyir. 05 dekabr 2021-ci il tarixdə “Astara” gömrük postunun inspektoru Şahid1 onu və onunla ilə birlikdə həmin postda fəhləlik edən Şahid3 bir nəfər şəxi gömrük yoxlamasından keçirilməsində hal şahidi kimi iştirak etməyə dəvət emişdir. Bundan sonra “Astara” gömrük postundan İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn, sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində və ona məxsus olan əl yüklərində gömrük yoxlamasının keçirilməsinə başlanmışdır. İlk öncə gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində və əl yükündə gömrük nəzarətinə mütləq bəyan olunmalı və ya gizlədilmiş olub-olmamasını soruşmuş, sonuncu isə üzərində və əl yükündə qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs metal detektordan keçmiş, gömrük əməkdaşı cibində olan əşyaları təqdim etməsini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən iki ədəd şəffaf bağlama çıxararaq gömrük əməkdaşına təqdim etmişdir. Hər iki bağlamaya baxış keçirilmiş və ümumilikdə 398 ədəd ağ rəngli, yumru formalı, naməlum həblər olduğu məlum olmuşdur. Daha sonra əl yükləri rentgen aparatından keçirilərkən, əl çantasının içərisindən bir ədəd plastik qabda məhlul aşkar edilmişdir. Yoxlama tam başa çatdıqdan sonra aşkar edilmiş naməlum həblər və məhlul gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 05 dekabr 2021-ci il tarixli «baxış və götürmə haqqında», həmçinin «malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə “Astara” gömrük postundan keçməklə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, fiziki şəxslər üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı onun hərəkətləri şübhə doğurduğundan saxlanılmış və onunla üzərində və əl yükündə gömrük yoxlaması keçirilərkən gödəkçəsinin cibindən iki ədəd bağlamada ümumilikdə 398 ədəd ağ rəngli, yumru formalı, naməlum həblər, həmçinin qara rəngli əl çantasının içərisində bir ədəd plastik qabda spesifik iyli məhlul aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 06 dekabr 2021-ci il tarixli 6/5386 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd plastik flakonda 130 ml həcmində məhlulun tərkibində ümumilikdə təmiz çəkisi 0,13 qram, 398 ədəd tabletin tərkibində ümumilikdə təmiz çəkisi 7,960 qram olan narkotik vasitə-metadon müəyyən edilmişdir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Eskpert tədqiqatı zamanı 130 ml həcmində məhlul formasında olan metadon narkotik vasitəsinin 20 ml-i, 398 ədəd həb formasında olan metadon narkotik vasitəsinin isə 4 ədədi sərf edilmiş, nəticədə məhlul formasında olan metadonun qalıq həcmi 110 ml, həb formasında olan metadonun sayı isə 394 ədəd təşkil etmişdir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 109 manat 90 qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 29 dekabr 2021-ci il tarixli 6/5610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd plastik qabda 110 ml həcmində məhlul kustar üsulla hazırlanmış dintetik narkotik vasitə - metadonun məhluludur və həmin məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,110 qramdır. 394 ədəd ağ rəngli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 7,880 qram təşkil edir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Eskpert tədqiqatı zamanı 110 ml həcmində məhlul formasında olan metadon narkotik vasitəsinin 10 ml-i, 394 ədəd həb formasında olan metadon narkotik vasitəsinin isə 4 ədədi sərf edilmiş, nəticədə məhlul formasında olan metadonun qalıq həcmi 100 ml, həb formasında olan metadonun sayı isə 390 ədəd təşkil etmişdir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 81 manat 82 qəpik təşkil edır. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli 995 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2“ publik hüquqi şəxsin 10 yanvar 2022-ci il tarixli 04/241 nömrəli məktubdan görünür ki, metadon dərman vasitəsinin apteklərdə satışına icazə verilmir, yalnız ixtisaslaşdırılmış tibbi müəssisələrdə opiat asılılığın müalicəsi zamanı detoksikasiya məqsədilə (heroin asılılığı və digər morfinəbənzər narkotiklərdən asılılıq), eləcə də opiat narkomaniyası xəstəliyi olan pasiyentlərin dəstəkləyici müalicəsi üçün istifadə edilir. Metadon dərman vasitəsinin yalnız narkotikdən asılı pasiyentlərin müalicəsində təcrübəsi olan həkim təyin etməli və pasiyentlər müntəzəm olaraq ciddi həkim nəzarəti altında olmalıdır. Hər bir ayrı-ayrı halda dozanı pasiyentin psixofizioloji vəziyyətini və müvafiq patoloji dəyişikliyi nəzərə almaqla həkim müəyyən edir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 31 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 100 ml qram məhlul və 390 ədəd metadon həbləri maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsnin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 14 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Nokia” markalı mobil telefon məhkəmənin yekun qərarı ilə həll edilməsi üçün iş materiallarına əlavə edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 fevral 2022ci il tarixli məktubundan görünür ki, Abbasov X5 Nazirliyinin «B və C» viruslu hepotitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyasına 2019-cu ildə müraciət etmiş və təqdim olunmuş tibbi sənədlərə əsasən komissiyanın müvafiq qərarı ilə ona Hepatit «C» diaqnozu ilə müalicə təyin edilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 07 dekabr 2021ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan «Respublika Narkoloji Mərkəzinin” 22 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Opoidlərin qəbulu nəticəsində asılılıq sindiromu” diaqnozu ilə xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək mərkəzdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin məktubundan görünür ki, X3 barəsində rayon polis idarəsində hər-hansı bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə məlumat olmuş, lakin narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. İş materiallarında olan istintaq orqanın verdiyi əməliyyat tapşırığının 04 mart 2022-ci il tarixli Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirlərinin cavabından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş metadon narkotik vasitəsini satmaq və ya digər şəkildə kiməsə vermək barədə başqa şəxslərlə sövdələşmə, razılaşma əldə edib-etməməsi, cinayətin törədilməsində başqa kimlərin iştirak etməsi, digər şəxslərin cinayət barədə qabaqcadan məlumatı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin “telefon danışıqlarına dair ələ keçirilmiş məlumatlara”, həmçinin ona məxsus “mobil telefona baxış keçirilməsi” haqqında protokollardan görünür ki, baxış nəticəsində iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 28, mənzil 31-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı azyaşlı oğlundan ibarətdir, yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düz tövsif edilmiş, lakin həmin məcəllənin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunmuş CM-in 234.4.3-cü maddəsinə münasibətdə sübutları aşağıda göstərilən qaydada müqayisəli tədqiq etmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq təsiredici maddəsinin miqdarı 7,96 qram təşkil edən 398 ədəd həb formasında, həmçinin bir ədəd plastik qabda təsiredici maddəsinin miqdarı 0,13 qram təşkil edən 130 ml. həcmində məhlul formasında olmaqla, ümumilikdə isə təsiredici maddəsinin miqdarı 8,09 qram külli miqdarda narkotik vasitə metadonu əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2022-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. (iş vərəqləri 234-249) İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən artıq qüvvədən düşümüş “Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 1№-li Qərarının 3-cü bəndinə istinad edərək göstərmişdir ki, satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə istinad edərək göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin çəkilib bir neçə xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq və digər vasitələrin olması, həmçinin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Daha sonra, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vərərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin satış məqsədi ilə əldə etməsi “toplanmış sübutlarla tam təsdiq edilmişdir” sözlərindən sonra Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 09 dekabr 2021-ci il tarixli qərarında göstərilən eyni cümlələri özündə əks etdirən ittiham göstərilməklə “elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq hər hansı bir sübuta istinad edə bilməyərək əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, satışı ilə məşğul olamadığını, satış məqsədi güdmədiyini göstərmiş və qeyd etmişdir ki, o, narkotik alüdəçisidir, bununla bağlı stasionar müalicədə olmuş, hər gün iki həb metadon qəbul edir. Həmçinin, həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarından da görünür ki, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs onda aşkar edilmiş vasitələri özünün müalicəsi üçün dərman kimi aldığını bildirmişdir. Məhkəmədə tətqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əgqan oğlunda opiodlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə isə təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə iş materiallarında olan istintaq orqanının özünün topladığı sübutların məcmusu təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmadığından dəlalət edir. Cinayət içinin materiallarında olan təhqiqatçı tərəfindən yazılmış “Şübhəli şəxsin tutulması haqqında”, “Müdafiəçi dəvət edilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərarlarda, “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma” haqqında protokolda və digər təhqiqat sənədlərinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə etməklə üzərində gəzdirərək daşımada şübhəli bilindiyi üçün tutulmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat və ya dəlil əməliyyat və təhqiqat orqanlarında olmamışdır. (iş vərəqləri 29, 31-32, 39) Bununla belə, CM-in 234.4.3-cü maddəsinə münasibətdə heç bir dəlil və sübut olmadan, əsassız olaraq istintaq orqanının 08 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və istintaq orqanının əsas şahidi olan Gömrük Xidməti əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitəni gömrük sərhədində bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirməsini təsdiq etmiş, lakin aşkar edilmiş narkotik vasitənin sərhəddən keçirilməsində Təqsirləndirilən şəxs satış məqsədi güddüyü, eyni zamanda onun barəsində hər hansı əməliyyat məlumatının daxil olması barədə hər hansı bir məlumat bildirməmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, peşə vərdişi ilə əlaqədar vətəndaşların davranış və hərəkətlərində narkotik sərxoşluğu görə bilir. Elə Təqsirləndirilən şəxs sərhəd keçərkən onun narkotik sərxoşluq vəziyyətində olmasından şübhələndiyi üçün Təqsirləndirilən şəxs gömrük yoxlamasına məruz qoymuşdur. Məhkəmə Şahid1 ifadəsində “Təqsirləndirilən şəxs gömrük yoxlaması zamanı narkotik sərxoşluq halında olması”, sonuncunun isə ifadəsində “gömrük postuna daxil olarkən iki həb qəbul edib metadon təsiri altında olması” xüsusatlarına qiymət verərkən hesab edir ki, Təqsirləndirilən şəxs hətta gömrük yoxlamasından keçəcəyini bildiyi halda belə narkotik qəbul etməsi, onun narkotik asılılığından əziyyət çəkməsi, bir sözlə narkotik alüdəçisi olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs “telefon danışıqlarınına dair ələ keçirilmiş məlumatlara” və ona məxsus “mobil telefona baxış keçirilməsi” haqqında protokollarda “iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməməsi”, həmçinin əməliyyat tədbirlərinin keçirilməsinə dair tapşırığın cavabında Təqsirləndirilən şəxs tərəfindən “narkotik vasitəni satmaq və ya digər şəkildə kiməsə vermək barədə başqa şəxslərlə sövdələşmə müəyyən edilməməsi”, təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə polis idarəsindən daxil olmuş sənədlərdə isə Təqsirləndirilən şəxs “barəsində hər-hansı bir təqsirləndirici material və ya cinayət işi olmaması”, “narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə məlumat olmuş, lakin narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır” cümlələrin öz əksini tapmasına Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsində satış məqsədi güddüyünü nəinki təsdiq etmir, hətta satış məqsədini istisna etməyə əsas verir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin yalnız külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkotik vasitə metadonun istifadəçisi olan Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Bundan başqa, Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunmuş CM-in 206.2-ci maddəsinə münasibətdə sübutları tədqiq edərək onun əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həmin maddə ilə tövsif edilməsi qənaətinə gəlir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, №10-li Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda, yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. 13-cü bəndinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. 14-cü bəndinə əsasən dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X4rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X10 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Bununla yanaşı, Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün göstərdiyi dəlilləri də müqayisəli şəkildə tədqiq etməklə qiymət vermişdir. Belə ki, Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmədə, həm də məhkəməyədək icraat zamanı verdiyi ifadələrində “İran İslam Respublikasından əldə etdiyi dərmanların narkotik vasitə metadon olmasından məlumatı olmadığı, həmin dərmanları məhz bədənində olan ağrılara və əziyyət çəkdiyi xəstəliklərdən müalicə məqsədi ilə qəbul etməsi” hissəsinə tənqidi yanaşaraq, məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadələrində göstərdiyi yuxarıda qeyd olunan xüsusat obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs elə özünün ifadəsində “narkotik vasitələrdən istifadə etməsi, narkotiklərdən asılılığı olması, bununla bağlı əvvəllər stasionar müalicə alması, lakin asılılığın tam aradan qalxmaması, hər gün iki ədəd həbb (metadon) qəbul etməsi, hətta gömrük yoxlamasına keçməzdən az əvvəl iki ədəd həbb qəbul etməsi” hallarını təsdiq etmiş, şahid qismində dindirilmiş gömrük əməkdaşı da ifadəsində Təqsirləndirilən şəxs narkotik sərxoşluq vəziyyətdə olmasını göstərmiş, həmçinin iş materiallarında olan sənədlərdə də, onda narkomaniya xəstəliyinin olması (məhkəmə-narkoloji rəyi), narkomaniya asılılığından stasionar müalicə kursu keçməsi (tibbi arayış), yaşadığı ərazi polis idarəsindən daxil olmuş məktubda da onun narkotik vasitələrinin qəbul etməsi göstərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında əldə etdiyi maddələrin konkret olaraq narkotik vasitə hesab edilən metadon olmasından məlumatı olmuşdur. Onda yaranan asılılıq sindromuna (narkomaniya xəstəliyi) görə öz şəxsi istifadəsi üçün satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda metadonu əldə edərək, daşımaqla qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və o, həmin maddələrin sanksiyası hədlərində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.2-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmiş, həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2012-ci il təvəllüdlü bir oğlan övladı var. Həmçinin iş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs evli olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opiodlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakılara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində saxlanılan saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- təsiredici maddəsinin miqdarı 0,110 qram olan 100 ml. məhlul ormasında və təsiredici maddəsinin miqdarı 7,880 qram olan 390 ədəd həbb formasında metadon narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və iş materiallarında saxlanılan bir ədəd “Nokia” markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 191 (yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 191 (yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- təsiredici maddəsinin miqdarı 0,110 qram olan 100 ml. məhlul formasında və təsiredici maddəsinin miqdarı 7,880 qram olan 390 ədəd həbb formasında metadon narkotik vasitəsi məhv edilsin. İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon aparatı onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-284/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-284/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver