Məhkəmə qərarları › İş №1(099)-285/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-285/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-285/2023 13.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, ali təhsilli, məhkumluğu olmayan, evli, rəsmi olaraq işsiz, Ağdam rayonu, İsmayılbəyli kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 4 saylı yataqxanada yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1980-cı il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, rəsmi olaraq işsiz, Xocavənd rayonu, Xocavənd kəndində pasport qeydiyyatında olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ”Əhməd” adı ilə tanıdıqları İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmişlər, əldə olunmuş cinayətkar razılığa uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən 640 qram çəkidə qurudulmuş marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 05 avqust 2022-ci il tarixdə “Əhməd” kimi məlum olan şəxs Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz” markalı, “AZ **- UD-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Astara rayonu ərazisinə getmişlər, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının 2-ci sahəsindən bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitəni 05 avqust 2022-ci il tarixdə saat 23 radələrində qanunsuz olaraq satış məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 640 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 isə avtomobili ilə hadisə yerindən qaçmış, lakin həmin gün saat 23:55-də Ələt-Astara avtomaqistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində saxlanışlmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, hadisədən 6 ay əvvəl Əhməd adlı İran vətəndaşı “Whatsapp” sosial şəbəkəsində ona yazaraq “əlində narkotik vasitə olduğunu ona sata biləcəyini demişdir. O, onun bu sözü əsasında 2 dəfə Əhmədin vasitəçiliyi ilə Bakı şəhərin müxtəlif yerlərindən 40 və 50 qram narkotik vasitə götürmüşdür. Sonuncu dəfə o, 100 qram narkotik vasitə əldə etmək üçün onun plastik kartına 600 azn pul göndərmiş, lakin o, ona narkotik vasitəni göndərməyərək telefonunu söndürmüşdür. 05 avqust 2022-ci il tarixdə 14 radələrində Əhməd adlı iranlı ona zəng edərək istədiyi narkotik vasitənin hazır olduğunu və həmin narkotik vasitənin Lənkəran şəhərində olduğunu söyləmişdir. Əhməd bunu Təqsirləndirilən şəxs2 da söylədiyini bildirmişdir. O, 05 avqust 2022-ci il tarixdə saat 16 rədələrində Anarın yaşadığı ünvana gedərək onun şəxsi istifadəsində olan avtomobil ilə Lənkəran şəhərinə yola düşmüşlər. Gecə saatlarında Lənkəran çatanda, Əhməd Anarın mobil telefona “konum” atmış və artıq saat 23 radələrində onlar həmin ünvana getmişlər, həmin ünvan Astara rayonu ərazisində yerləşirdi, orada istifadədə olmayan yanacaq doldurma məntəqəsini görmüşdür. Anar avtomobildə qalmış, o isə düşərək narkotik vasitəni axtaran zaman onu sərhəd xidmətinin əməliyyatçıları saxlamışlar. Təqsirləndirilən şəxs2 çıxıb getmişdir. Sərhəd xidmətinin əməkdaşı xidməti avtomobildən içərisində narkotik vasitə olan bağlamanı gətirərək “bu bağlama sənindir” sözlərini bildirmişdir. Narkotik vasitə götürmək üçün gəlmələrinə baxmayaraq, narkotik vasitələri götürməmişdir, sərhəd xidmətinin əməkdaşları narkotiki qoyaraq onu həbs eləmişlər. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, “Əhməd adlı İran İslam Respublikası vətəndaşı Anarın mobil telefona “konum” atmış və onlar həmin ünvana getmişlər, həmin ünvanda Əhmədin əvvəlcədən ona söylədiyi çantanı görmüş və onu götürüb ərazidən uzaqlaşan zaman onu iki nəfər mülki formada şəxslər saxlamışlar, bu zaman Anar şəxsi istifadəsində olan avtomobili sürərək ərazidən uzaqlaşmışdır” sözlərini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Sərhəd xidmətinin əməkdaşı xidməti avtomobildən içərisində narkotik olan bağlamanı gətirərək “bu bağlama sənindir” sözlərini bildirməsi, narkotik vasitə götürmək üçün gəlsə belə, narkotik vasitələri götürməməsi, sərhəd xidmətinin əməkdaşları üzərinə narkotiki qoyması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 onun yaşadığı Binəqədi rayonunda yerləşən qaçqınlar şəhərciyinə gəlmişdir. O, onunla birlikdə rayona gedib-gəlməyini və orada vacib işinin olduğunu demişdir. Bunun müqabilində onun yol xərclərini qarşılayacaqını bildirmişdir. İlqar onun smartfon telefonun işlətdiyini, onun tanışı Əhməd adlı İran İslam Respublikası vətəndaşı “Whatsapp” sosial şəbəkəsində ona yazacağını və onun telefonuna gedəcəkləri istiqaməti göndərəcəyini bildirmişdir. Onlar yolda olarkən o, ona qulağı zəif eşitdiyindən Əhmədlə danışmağı istəmişdir. O, yol boyu bir neçə dəfə İran İslam Respublikası vətəndaşı Əhmədlə istiqaməti dəqiqləşdirməkdən ötrü əlaqə saxlamışdır. Astara rayonu ərazisinə çatan zaman İlqar onu Əhmədin narkotik vasitə göndərdiyini bildirmiş, bu ana qədər narkotikdən məlumatı olmamış, lakin İlqarı tək qoymamağa görə narkotik qoyulan yerə getməyə razılaşmışdır. Artıq saat 23 radələrində həmin yerə çatmışlar, orada istifadədə olmayan yanacaq doldurma məntəqəsi olmuş, o maşında qalmış, İlqar maşından düşərək Əhmədlə danışdığı narkotik vasitəni götürməyə getmişdir. Daha sonra o, iki dəfə İlqar deyərək səslənmiş, İlqar cavab vermədiyindən o, “Mercedes-Menz” markalı AZ **-UD-*** dövlət qeydiyyat nişanlı şəxsi istifadəsində olan avtomobili sürərək ərazidən uzaqlaşmışdır. Daha sonra Masallı rayonu ərazisindən keçərkən onu polis əməkdaşları saxlayaraq Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişlər. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayon Ərçivan kəndi ərazisində “Qazan-daşı” adlanan ərazidə köhnə yanacaqdoldurma tikilisinin yanında pusqu xidmətini təşkil etmişdir. Həmin gün gecə saat 23 radələrində qeyd olunan tikilinin yanında bir ədəd avtomobilin dayanmağını və içərisindən sonradan adının İkqar Mamedov olduğunu bildiyi bir nəfərin düşərək özünü şübhəli aparmasını müşahidə etmişdir. Daha sonra həmin Təqsirləndirilən şəxs1 qeyd olunan yerdə gizlədilmiş 1 ədəd çantanı götürərək ərazidən uzaqlaşmağa cəhd göstərən zaman tərəflərindən saxlanılmışdır. Şübhəli şəxs saxlanılan zaman onu əraziyə gətirən avtomobildəki, digər şəxs qaçaraq ərazidən uzaqlaşmışdır. Bu barədə əməliyyat-axtarış şöbə rəisi dərhal polis əməkdaşlarına məlumat verdikdən sonra ərazidən qaçan avtomobil Astara-Ələt avtomagistral yolunun Masallı rayonu ərazisində Daxili işlər nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq hərbi hissəyə təhvil verilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs2 olması, Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə əldə etmək üçün gəldikləri müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onu Dövlət Sərhəd Xidmətinin 15-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda Mamedov llqar Boran oğlu və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxslərin üzərinə və hadisə yerinə gəldiyi avtomaşına baxış keçiriləcəyi bildirilmişdir. 05 avqustan 06 avqust 2022-ci il tarixə keçən gecə saatlarında hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 saxlanıldığı yeri göstərmişdir. Həmin yerdən Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən köhnə yanacaq doldurma tikintisindən içərisində narkotik olması ehtimal edilən 1 (bir) ədəd bel çantası aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1, aşkar edilmiş bel çantasını götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 götürdüyü bağlamaya baxış keçirilərkən içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 saxlanıldığı əraziyə gəldiyi “Mersedesbenz” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman həmin avtomaşından hansısa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 7/875 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd karton qutuda göy rəngli idman çantasında 1 ədəd üzəri skoçla bağlanmış sarı rəngli bağlamadakı sellofan torbada təmiz çəkisi 640, 0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq 639,98 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat qəpikdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 avqust 2022-ci il tarixli 6/4218 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Xidməti zərflər üçün N 29 dairəvi möhür əksi olan qutuda, bir ədəd göy rəngli idman çantasındakı 5 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 5710 qram şəffaf xırda kristallardan ibarət maddələr kütlərin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr kütlələri narkotik vasitələri, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Ekspertiza tədqiqatından sonrakı qalıq 5709,75 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat qəpikdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6677 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6761 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2833 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2834 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində Astara rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən yancaq doldurma tikilisindən Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə bir ədəd bel çantası götürülmüşdür. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, bir ədəd göy rəngli idman çantasının içərisində 06 (altı) ədəd sellefana bükülmüş çəkiləri bükümlərlə birlikdə ümumi çəkisi 6 kq 475 qram olmaqla 5 kq 780 qram metamfetamin və 695 qram marixuanaya oxşar narkotik vasitə aşkar olunmuşdur. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən üzərindən 1 ədəd «Nokia» markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən üzərindən 1 ədəd «Lenovo» markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 09 avqust 2022-ci il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 639,98 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Lakin, işdə olan Dövlət Sərhəd Xidmətinin məktub və təqririndən, həmçinin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 05 avqust 2022-ci il saat 23:10-da, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 23:55-də azadlıqları faktiki məhdudlaşdırılmışdır. Odur ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyi halda cəzaçəkmə müddətinin əvvəli, azadlıqlarının faktiki məhdudlaşdırıldığı 05 avqust 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Aslanov X4 rayon məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü madəsinə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Baş Probasiya İdarəsinin 26 yanvar 2023-cü il tarixli məktubundan görunür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə idarədə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə ona elektron nəzarəti vasitəsi tətbiq edilərək nəzarət subyekti “Attenti” elektron monitorinq sistemində qeydiyyata alınmış, Səbail rayon məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 avqust 2022-ci il tarixən hesablanmışdır.06 avqust 2022-ci il tarixədən Təqsirləndirilən şəxs2 1 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkmiş, çəkilməmiş hissəsi 2 il 9 ay 28 gün təşkil edir. İş materiallarında olan Xocavənd rayonu, Xocavən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Aslanov X5 rayonu, Xocavənd kəndində pasport qeydiyyatında olan, ünvan 1-da məskunlaşmışdır, ailə tərkibi arvadandan və 13 iyul 2009cu il təvəllüdlü X11 adlı azyaşlı uşağından ibarətdir, barəsində heç bir ərizə və şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağdam rayonu, Bağbanlar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu, İsmayılbəyli kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 4 saylı yataqxanada yaşayır ailə tərkibi arvadından, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2002ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında 07 fevral 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, hazırki cinayət işindən «Əhməd» adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və digər iştirakçılar barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada müalicə olunmamışdırlar. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 mərkəzdə müalicə almayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 mərkəzin xx.xx.2014-cü il tarixli Ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən qeydiyyata götürülmüşdür. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Lenovo” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Samsung A32” markalı mobil telefonlar və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mersedes BENZ” markalı, **-QV-*** dövlət qeydiyyat nişanlı avtombil onların yaxın qohumlarına qaytarılmış. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un əməli CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitə marixuanna görə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olmalarını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü və təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə yəni 1 (bir) il 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - X8 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 639,98 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in hər birindən 93 (doxsan üç) manat tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin, azadlıqlarının faktiki məhdudşaldırıldığı 05 avqust 2022-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 93 (doxsan üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü və təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə yəni 1 (bir) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 93 (doxsan üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - X8 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 639,98 qram qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar