Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-287/2022 20.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə, təmiz çəkisi 3,792 qram təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. 06 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən göstərilən kütlə əynində olmuş şalvarın sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 06 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərindəki “Füzuli” parkında yerdən bir ədəd bükümdə tapdığı heroini satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əynində olmuş şalvarın sol yan cibinə qoymuş, bir qədər getdikdən sonra polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibində bir ədəd bükümdə olmuş heroini çıxarıb təqdim etmiş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt da hazırki ifadəsi ilə oxşar məzmunda izahat vermişdir. Göstərdikləri barədə tərtib edilmiş protokola imza etmişdir. Üzərindən aşkar edilmiş heroinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən təmiz çəkisini mübahisələndirmir. Törətdiyini etiraf etdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın nəticələri barədə sonuncu ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs (bundan sonra - Gündüz) narkotik vasitədən istifadə etməsi və üzərində gəzdirməsi barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında Şirvan şəhəri ərazisində saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Ona daxil olmuş əməliyyat məlumatında Gündüzün narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmədiyinə görə tərtib etdiyi raportda daxil olmuş əməliyyat məlumatında sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını göstərməsini təsdiq etmir. Həmçinin, sonradan müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Gündüzün narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumat müəyyən edilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, əvvəllər ona Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuş, amma narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3, 4, 8, 28-30). - Materialların məhkəmə ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 18/20 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 3,792 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 3,742 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (səh. 37, 38). - Məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 498 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 91, 92). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Şirvan ŞPŞ-nin 07 mart 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini satış məqsədilə əldə etməsi və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən məlumat əldə edilməmişdir (İ cild, səh. 98). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 219 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi zaman və hazırda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması xəstəliyini keçirməmiş və keçirmir. O, həmin əməl törədilərkən və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş və iqtidarındadır. Buna görə də o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (səh. 94, 95). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi həmçinin, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona həmin cinayətə görə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə və törətdiyi cinayət əməlinin tövsifinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.İ maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. - 63.İİ maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarının tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 3,792 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” və “Əməlin tövsif edilməsi haqqında” 07 yanvar 2022-ci, “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2021-ci il tarixli qərarlardan (səh. 1, 47, 48, 103-109) görünür ki, 07 yanvar 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin təhqiqat bölməsində fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış cinayət işi Şirvan ŞPŞ-nin istintaq bölməsinə göndərilməsi və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsindən dərhal sonra ibtidai istintaq orqanı hər hansı araşdırma aparmadan, eləcə də sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “Əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,792 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olması barədə ehtimal xarakterli fikirə istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş, ibtidai istintaqın sonunda qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” qərarda isə həmin mövqeyini, həmçinin daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının göstərilməsi ilə izah etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə etdiyi xahişini ibtidai istintaq orqanının irəli sürdüyü, yuxarıda göstərilmiş dəlillərlə izah etmişdir. Halbuki, Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 06 yanvar 2022-ci il tarixli raportda ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının göstərildiyini rəsmiləşdirsə də, ibtidai istintaq zamanı 14 fevral 2022-ci il tarixdə şahid qismində verdiyi ifadəsində iş üzrə ona daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrdən yalnız istifadə etməsi və üzərində saxlaması ilə bağlı olduğunu, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmadığını göstərmişdir. Digər tərəfdən, Şirvan ŞPŞ-nin 07 mart 2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini satış məqsədilə əldə etməsi və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən məlumatın əldə edilmədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də - məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 498 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, - onun iş üzrə üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 3,792 qram olmaqla, çox bükümdə və külli miqdarının aşağı həddini təşkil edən 2,0 qramdan daha çox çəkidə olmaması, - məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroini satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - Şirvan ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmədiyinə görə tərtib etdiyi raportda daxil olmuş əməliyyat məlumatında sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının göstərilməsini təsdiq etmədiyini, həmçinin, sonradan müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatın müəyyən edilmədiyini göstərməsi, - Şirvan ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər ona Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatlarının daxil olduğu, amma narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmadığını göstərməsi, - əməliyyat-axtarış və ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və hazırlanması üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, telefon danışıqlarını götürməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlaması və daşımasındən ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması, - eləcə də Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, 16 noyabr 2021-ci il tarixdə aşkar edilmiş cinayət əməlini törətməkdə bilinməsi ibtidai istintaq orqanı tərəfindən sonuncunun iş üzrə törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və ittiham tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroini şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 18/20 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 498 nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 219 saylı rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(032)-45/2022 nömrəli hökmünün surəti və 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmü ilə 15 noyabr 2021-ci il tarixdə aşkar edilmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (səh. 83, 99, 100). - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli arayışlar və xasiyyətnamədə göstərilmişdir ki, Əliyev X2 şəhəri, S.Vurğun küçəsi, ev 24, mənzil 35 ünvanında anası və qardaşı ilə birlikdə yaşamış, subaydır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 84-86). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsə Azəbaycan Respublikası CM-in 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlərlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilən bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyi Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmünün çıxarılmasından əvvəl, konkret olaraq 06 yanvar 2022-ci il tarixdə törətməsi aşkar edildiyinə, bu səbəbdən ona iş üzrə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi ilə qəti cəza təyin edilməli olduğuna görə onun hazırki iş üzrə cinayət əməlini törətməsi əməlində cinayətlərin residivini yaratmamışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olması, törətdiyi cinayət əməlindən səmimi peşiman olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının 2 (iki) il 6 (altı) ay müddətə təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı (səh. 66, 67) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasının qərara alındığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,742 qram təşkil edən heroin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(032)45/2022 nömrəli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,742 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-287/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-287/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver