Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-288/2023 17.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Ağcabədi rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayon Kürdlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33cü maddəsinin dördüncü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 16 iyul 2022-ci il tarixdə, saat 01 radələrində özünə məxsus “Mercedes Benz” markalı, “E 240” modelli, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağcabədi rayonunun Şərəfxanlı-Yuxarı Qiyaməddinli kənd avtomobil yolunda Şərəfxanlı kəndi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin birinci hissəsinin üçüncü bəndinin və 64-cü maddəsinin birinci hissəsinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də hərəkət etdiyi avtomobil yolunun yaşayış məntəqəsindən keçməsi ilə əlaqədar sürət həddinin 50 km/saatla məhdudlaşdırılmasına dair qadağan nişanı mövcud olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək cinayətkarcasına özünəgüvənmə nümayiş etdirməklə həmin hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməsinə baxmayaraq, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək hərəkətdə olduğu avtomobil yolunun Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisindən keçən hissəsində avtomobilini 100 km/saat sürətlə hərəkət etdirərkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda idarəetməni itirdiyindən həmin avtomobilin hərəkət zolağından çıxaraq yolun sağ tərəfində olan ağaca çırpılması nəticəsində idarə etdiyi avtomobildə sərnişin qismində hərəkət edən Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid sol alın sümüyünün xətti sınığı, baş-beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, sifətin sol yarısının çənə bucağı nahiyəsində əzilmiş-cırılmış yarası, sağ bazunun didilmiş yarası ilə müşayiət olunan xəsarətlər almaqla ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes Benz” markalı, “E 240” modelli, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Avtomobili təxminən 1 il bundan əvvəl almış, ancaq sürücülük vəsiqəsi olmamışdır. Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Şahid3 isə onun qardaşıdır. Fəridin yaşadıqları kəndlərində özünə məxsus çay evi vardır. Həmin çay evində Fərid dönər, çay, pivə və digər sərin suların satışı ilə məşğul olmuşdur. 15 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Fəridin çay evinə getmiş, çay evinin həyətində əyləşib çay içməyə başlamışdır. Bir az keçmiş qardaşı Şəhriyar gəlmiş və Şəhriyar də onun əyləşdiyi masada əyləşib çay içmişdir. Təxminən 2-3 saat oturduqdan sonra artıq 16 iyul 2022-ci il tarixdə, saat 01 radələrində siqaretinin qutardığını, Kəhrizli kəndindən siqaret alıb gələcəyini bildirmişdir. Belə ki, gecə saatlarında yaşadıqları kəndlərində mağazalar bağlı olur, ancaq Kəhrizli kəndində səhərəcən işləyən mağaza vardır. Həmin vaxt Şəhriyar və Fərid onunla mağazaya getmək istədiklərini bildirmişlər. Özünə məxsus avtomobilin sükanı arxasına əyləşmiş, Şəhriyar qabaq sərnişin yerində Fərid isə arxa sərnişin yerində əyləşmişlər. Avtomobili işə salıb Kəhrizli kəndi istiqamətinə sürməyə başlamışdır. İdarə etdiyi avtomobillə Ağcabədi rayonu Şərəfxanlı-Yuxarı Qiyamadınlı kənd avtomobil yolunda Sərvanlar kəndi ərazisindən keçən hissəsində üzü Şərəfxanlı kəndi istiqamətində təxminən 100 km saat sürətlə hərəkətdə olarkən birdən qəfil yolun sağ ehtiyyat hissəsindən eşşəyin yolun hərəkət hissəsinə doğru qaçdığını görmüşdür. İdarə etdiyi avtomobili sola tərəf istiqamətləndirmiş, həmin an avtomobildə idarə etməni itirmiş, avtomobil hərəkətini davam edərək yolun sağ tərəfində olan ağaca çırpılıb dayanmışdır. Eşşəyin qaçaraq yola tərəf çıxmaq istədiyini təxminən 30 metr məsafədən görmüşdür. Avtomobildən düşüb avtomobilin salonuna baxmış, baxanda görmüşdür ki, Şəhriyar huşsuz vəziyyətdə oturmuş, Fərid isə arxa ayaq altına düşmüşdür. Tez arxa qapını açıb Fəridi dartıb maşından çıxardıb avtomobilin yanında yerə uzandırmış, ora-bura baxıb köməyə adam axtarmağa başlamışdır. Həmin vaxt hərəkətdə olan digər avtomobilin işıqlarını görüb qışqırıb saxlamasını bildirmiş, avtomobil saxlayanda görmüşdür ki, gələn həmkəndlisi Toğruldur. Toğrul avtomobili saxlayıb düşüb ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, Toğrula tez kömək elə Fəridi və Şəhriyarı xəstəxanaya çatdıraq cavabını vermişdir. Onlar Toğrulla birlikdə əvvəl Fəridi Toğrula məxsus “Vaz-2106” markalı avtomobilin arxa salonuna əyləşdirmişlər. Bu zaman həmkəndlisi Rəşad özünə məxsus “Vaz-2106” markalı avtomobillə gəlib saxlamış, Şəhriyarı avtomobildən çıxarıb Rəşada məxsus avtomobilin arxa sərnişin yerinə uzatmışlar. Bundan sonra dal-qabaq Rəşad və Toğrulla rayon mərkəzi xəstəxanasına getmişlər. Tez düşüb köməyə adam çağırmış, həkimlər gəlib Fəridi və Şəhriyarı avtomobildən düşürüb içəri aparmışlar. Bir müddət sonra orada həkimlərdən kimsə demişdir ki, biri ölüb, digərinin vəziyyəti yaxşıdır. Onlar olan otağa girəndə Fəridin öldüyünü gərmüşdür. Əməlinə görə Fəridin ölməsindən çox pis olub oradan uzaqlaşıb rayon polis şöbəsinə gəlmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, avtomobildə sərnişin kimi Şəhriyar və Fərid olmuşlar. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs doğma əmisi oğludur, onun hüquqi varisi də doğma əmisidir, Fərid evli olmaqla iki uşağı vardır, həmçinin onunda iki uşağı vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona qarşı şikayət və tələbləri olmamışdır. Avtomobili təxminən 1 il əvvəldən idarə etməyə başlamış, sürücülük məktəbin oxumuş, kənd yerində nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi çox da lazımlı olmadığından sürücülük vəsiqəsinin verilməsi üçün müraciət etməmişdir. Hadisə vaxtı Fərid təhlükəsizlik kəməri taxmamışdır, onun arxasında əyləşmiş, Şəhriyar isə maşının qabaq oturacağında əyləşmişdir. Hadisə nəticəsində sifətindən xəsarət almışdır. Hadisədən sonra əmisigillə münasibəti əvvəlki kimi yaxşıdır. Əvvəllər sürücülük vəsiqəsi olmadığı üçün inzibati məsuliyyətə cəlb olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu olmuş, 16 iyul 2022-ci il tarixdə gecə saatlarında ona zəng edib demişlər ki, oğlu Fərid yol-nəqliyat hadisəsi keçirmiş, Rayon Mərkəzi Xəstəxanasına gəlmiş, orada olan zaman bilmişdir ki, Cümşüd idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədərək ağaca çırpılmış, nəticədə Fərid aldığı xəsarətlərdən ölmüşdür. Avtomobili qardaşı oğlu Cümşüd idarə etmişdir. Cümşüdə qarşı heç bir şikayət və tələbi olmamışdır. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ünvanladığı 11-12 aprel 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs barışmış, ona qarşı heç bir şikayət tələbi yoxdur, istintaqa verdiyi ifadəsini təsdiq edir, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmir, işə onun iştirakı olmadan baxılmasına etiraz etmir. İşdə olan, Zərərçəkmiş şəxs arvadı X2 məhkəməyə ünvanladığı 11 aprel 2023-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs barışmış, ona qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, özünə məxsus “Vaz-2106” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Ağcabədi rayonu, Kürdlər kənd sakini Təqsirləndirilən şəxs tanımış, sonuncu həmkəndlisidir, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 16 iyul 2022-ci il tarixdə, saat 01 radələrində o və həmkəndlisi Şahid2 Balaxan oğlu ilə kəndlərində yolun kənarında dayanmışlar. Həmin vaxt səs-küy eşitmiş və səsdən başa düşmüşdür ki, yol nəqliyyat hadisəsi baş vermişdir. Özünə məxsus avtomobillə, Rəşad da özünə məxsus avtomobillə həmin səs gələn tərəfə getmişlər. Ağcabədi rayonu Şərəfxanlı-Yuxarı Qiyaməddinli kənd avtomobil yolunda üzü Şərəfxanlı kəndi istiqamətində Sərvanlar kəndi ərazisindən keçən hissəsində yolun kənarında ağaca çırpılmış mercedes markalı avtomobil görmüşdür. Hadisə yerinə yaxınlaşanda həmkəndlisi Cümşüd ona tərəf gəlib kömək etməyini xahiş etmiş, köməkli həmkəndlisi Fəridi ona məxsus avtomobilə mindirib Cümşüdlə birlikdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Fəridi müayinə etmiş və öldüyünü bildirmişlər. Onlar gələndən az sonra Rəşad özünə məxsus avtomobillə Şəhriyarı xəstəxanaya gətirmiş, Şəhriyarın heç bir xəsarəti olmamış, qorxmuşdur. Bir müddət sonra kənd adamları yığışmış və Fəridin nəşini kəndlərinə aparmışlar. Hadisə 16 iyul 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Ağcabədi rayon Şərəfxanlı-Yuxarı Qiyaməddinli kənd avtomobil yolunda üzü Şərəfxanlı kəndi istiqamətində Sərvanlar kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə baş verən zaman orada olmamış, hadisəni görməmiş, yolda Cümşüd siqaret almağa gedən zaman qarşısına eşşək çıxdığını, idarətməni itirdiyini və nəticədə avtomobilin ağaca çırpıldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“hadisə yerinə baxış keçirilməsi haqqında” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Yol-nəqliyyat hadisəsinin Ağcabədi rayonu Şərəfxanlı- Yuxarı Qiyamadınlı kənd avtomobil yolunun Ağcabədi rayonu, Sarvanlar kəndi ərazisində baş verməsi müəyyən edilmişdir. Hadisə baş verən ərazinin yaşayış yeri olması, maksimum hərəkət sürətinin 50 km/saat olması, yolun bir hərəkət hissəli, iki hərəkət istiqamətli, iki hərəkət zolaqlı olmaqla döngəsiz, asfalt örtüklü, quru, düz və hamar olması, görmə məsafəsinin məhdud olmaması, yolun sağ və sol kənarlarında iaşə obyektləri və yaşayış evlərinin olması, həmin ərazidə maksimum 50 km/saat yol nişanının olması, sürücülərə ötmə əməliyyatı aparmalarına icazə verilməməsi, yolun hərəkət hissəsinin eninin 6 metr olması müəyyən edilmişdir. ( i.v. 5-11) -BD176910 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyən edilir ki, “Mercedes Benz” markalı, “E 240” modelli, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs mülkiyyətindədir. (i.v. 17) -16 iyul 2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs sərxoş deyildir. ( i.v. 18) -Ağcabədi RPŞ-nin xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixə kimi Baş X14 İdarəsinin mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydə alınmamışdır. ( i.v. 23) -məhkəmə-tibb ekspertizasının 21 iyul 2022-ci il tarixli, 532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər-alnında sıyrıq, sağ qaş üzərində səthi əzilmiş yara, sol üst göz qapağında qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası nəticəsində yarana bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərrə vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. ( i.v. 24-25) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, X8 ölmüş oğlu Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. ( i.v. 30) -məhkəmə-tibb ekspertizasının 10 avqust 2022-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sol alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, sifətin sol yarısında çənə bucağı nahiyəsində əzilmiş-cırılmış yara, sağ bazuda didilmiş yara. Yuxarıda qeyd olunan xəsarətlər həyatı olmaqla Zərərçəkmiş şəxs bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 16 iyul 2022-ci il tarixdə hərəkətdə olan avtomobilin ağaca çırpılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaının əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədərdilər. Zərərçəkmiş şəxs ölümünə bilavasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma, kəllə əsası və alın sümüklərinin sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 saat əvvəl, yəni 16 iyul 2022-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2 promilli etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, babitur turşusu törəmələri, alkoloidlə, fenotiazin, pirazalan, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. (2607/K saylı, 01 avqust 2022-ci il tarixli məhkəmə-kimyəvi akt). ( i.v. 33-36) -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 40) -məhkəmə-yol nəqliyyat ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 8/2493 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E 240” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz E 240” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü C.D. Zamanov “Mercedes Benz E 240” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə maksimum hərəkət surəti 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 41-44) -“əşyanın maddi sübut hesab edilməsi barədə” 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki. “Mercedes Benz E 240” markalı, **-BR-*** qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış, avtomobil məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. (i.v. 49) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 61-62) -“qətimkan tədbirinin seçilməsi haqqında“ 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmişdir. (i.v. 91) -“Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X11 daxil olmuş 26 iyul 2023-cü il tarixli, 103 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyata alınmamışdır. (i.v. 104) -məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 113) -ambulator məhkəmə psixiatrik ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 50 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (i.v. 115-118) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsindən daxil olmuş 10 fevral 2023-cü il tarixli, 3-13-16-1/2-99/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 10 fevral 2023-cü il tarixə qədər Baş X14 İdarəsinin mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydə alınmamışdır. (i.v. 125) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi eyni məzmunlu olduğundan onun səmimi şəkildə bildirdiyi etiraf ifadələri sübut kimi qəbul edilir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı” “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirsə də (ifadəsində idarə etdiyi avtomobillə Ağcabədi rayonu Şərəfxanlı-Yuxarı Qiyamadınlı kənd avtomobil yolunda Sərvanlar kəndi ərazisindən keçən hissəsində üzü Şərəfxanlı kəndi istiqamətində təxminən 100 km saat sürətlə hərəkətdə olarkən birdən qəfil yolun sağ ehtiyyat hissəsindən eşşəyin yolun hərəkət hissəsinə doğru qaçdığını görərək idarə etdiyi avtomobili sola tərəf istiqamətləndirməsi, həmin an avtomobildə idarə etməni itirməsi), məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti nəzərdə tutulmuş və bu əmələ görə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası müəyyən edilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasi kifayət qədər sübuta yetirilmişdir. İşdə olan, Ağcabədi rayon İHB-nın Kürdlər kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Zamanov X4 rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, himayəsində iki az yaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində iki az yaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, cəzalandırılmalı və təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı biri mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, cavan olmasını, zərərçəkmiş şəxs olan əmisi oğlunun dəfn və yas mərasiminin xərclərini tamamilə ödəməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, ictimai təhlükəli olmamasını və zərərçəkmiş şəxsin hüquqi varisinin onu bağışlamasını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. CM-nin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum etmə zamanı əlavə cəza-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınmış “Mercedes Benz” markalı, “E 240” modelli, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli və əlavə cəzanın çəkilmə müddəti-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınmış “Mercedes Benz” markalı, “E 240” modelli, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-288/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-288/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver