Məhkəmə qərarları › İş №1(099)-290/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-290/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-290/2023 12.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi X2 iştirakı ilə, xx xxxx 1996-cı ildə Ağcabədi rayonu Aran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Aran kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüş və qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, o, bacısı Zərərçəkmiş şəxs evli olduğu halda başqa şəxslə sevgi münasibətləri yaşamaqla yüngül əxlaqlı həyat tərzi keçirməsini təsdiq edən telefon danışığının audio yazısının tanışları və qohumları arasında yayılması, Zərərçəkmiş şəxs qeyd edilən hərəkətlərinə görə əri və ərinin valideynləri tərəfindən qısnamalara məruz qalması səbəbindən sonuncunu Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ailə üzvləri ilə birgə yaşadığı evdən götürərək birdəfəlik özünün də yaşadığı Ağcabədi rayonun Aran kəndində yerləşən atası evinə gətirmək məqsədi ilə 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində istifadəsində olan “Qaz 3110” markalı olan **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı həmin kəndə gedib sonuncunu qeyd edilən avtomobilin ön sərnişin oturacağında əyləşdirərək Ağcabədi rayonunun Aran kəndi istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs sevgi münasibətində olduğu kənar şəxslə telefon danışığının audio yazısına sonuncunun yanında bir daha qulaq asaraq və Zərərçəkmiş şəxs həmin hərəkətlərini ailəsinin adına, namusuna, tanış və qohumları arasındakı nüfuzuna xələl gətirən amillər kimi qəbul edərək bu məzmunda sonuncu ilə mübahisə edərkən Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qəsdən öldürmək qərarına gəlib, Ağcabədi rayonunun Aran kəndi yaxınlığında yerləşən “Harami düzü” adlanan ərazidə avtomobilini saxlamaqla aşağıya enərək Zərərçəkmiş şəxs saçlarından tutub zorla avtomobilindən çıxardıqdan sonra istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edərək həmin avtomobilində gəzdirdiyi soyuq silah hesab olunan zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı ov bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə qəsdən zərbələr endirməklə Zərərçəkmiş şəxs ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyunun ön səthinin orta hissəsində bir ədəd və boyunun ön səthində nisbətən solda bir ədəd qan damarlarının kəsilməsi ilə müşayiət edilən kəsilmiş yaralar, habelə döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət edilən bir ədəd və qarının sol yarısının yuxarı şöbəsindən qarın boşluğuna keçərək bağırsağın zədələnməsi ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yaralar kimi sonuncunun həmin yaralardan əmələ gələn kəskin qanitirmə nəticəsində hadisə yerində baş vermiş ölümü ilə birbaşa səbəbli əlaqəli olan ümumilikdə dörd ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs işin mahiyyəti üzrə ifadə verməmiş, susaraq danışmamış və ona verilən sualları cavablandırmayaraq susmuşdur. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında dindirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdi ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilirək göstərmişdir ki, Əslən Laçın rayonundan olsalar da, Laçın rayonunun işğal olunmasından sonra valideynləri Ağcabədi rayonunda məskunlaşmışlar. Kiçik bacısı Tamilədə onkoloji xəstəliklər olmuş və bununla bağlı bir neçə dəfə müxtəlif tibb müəssisələrində müalicə almışdır. Lakin ağrılara dözə bilmədiyinə görə 2018-ci ildə yaşadıqları evdə özünü asaraq intihar etmişdir. Böyük bacısı Lamiyə 2011-ci ildə Şahid4 ilə ailə həyatı qurmuş və Ağcabədi rayonunun Yeni Qaradolaq kəndinə köçmüşdür. Ailə qurduqları ilkin vaxtlardan etibarən Lamiyə və Ariz yola getməmiş və mütəmadi olaraq ailədaxili səbəblərdən münaqişə etmişlər. Bir müddət sonra Lamiyədə psixi-nevroloji xəstəliklər yaranmışdır. Bir neçə dəfə Arizlə münaqişə etdikdən sonra Lamiyə özünü öldürmək məqsədi ilə müxtəlif həblər qəbul etmiş və biləklərini kəsmişdir. Buna görə o, Lamiyəni Ağdam və Bərdə rayonlarında, həmçinin Bakı şəhərində müalicə üçün xəstəxanaya aparmışdır. Sonuncu dəfə Lamiyə 21 mart 2022-ci il tarixdə yaşadıqları evdə qollarını doğrayıb özünü öldürməyə cəhd etmişdir. Bacısı Lamiyənin kənar şəxslə sevgi münasibətində olduğunu bilməmişdir. Hadisədən 3-4 gün əvvəl Lamiyə Arizin evini tərk edib ata evinə gəlmişdir. Bu vaxt Lamiyənin bədəninin müxtəlif nahiyələrində, əsasən sağ ayağında yaralar olmuşdur. Lamiyənin deməsinə görə əri Ariz tərəfindən döyülmüşdür. O, bununla əlaqədar Lamiyənin qayınatası Pənaha zəng edib iradını bildirmişdir. Lamiyə həmin gecəni onlarla qalmış, növbəti gün axşam saatlarında ərinin evinə qayıtmışdır. 16 iyul 2022-ci il tarixdə saat 21-22 radələrində isə Lamiyə ona zəng edib əri Ariz, qayınatası Pənah və qayınanası Əfifə tərəfindən döyüldüyünü demişdir. Lamiyə bununla bağlı DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Lakin özü də “Qaz 3110” markalı yük avtomobili ilə Lamiyənin yaşadığı evə getmişdir. O, polis əməkdaşları ilə eyni vaxtda Lamiyənin yaşadığı evə çataraq içəriyə daxil olub Lamiyənin döşəmənin üzərində hərəkətsiz vəziyyətdə uzandığını, sol qolunda, qarınında və boğazında xəsarətlər olduğunu görmüşdür. O, Lamiyəni özünün avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparmışdır. Polis işçiləri Lamiyədən izahat aldıqdan sonra növbəti gün tibbi ekspertizadan keçirilərək xəstəxanadan buraxılmışdır. Lamiyə ərinin evinə qayıtmaq istədiyini dediyi üçün sonuncunu Arizin evinə düşürdükdən sonra özü yaşadığı evə getmişdir. Ariz və sonuncunun qardaşı Oruc onun əmilərinin yanına gedərək Lamiyənin İbrahim adlı şəxsə sevgi münasibəti yaşadığını bildirmiş, bununla bağlı Lamiyə və İbrahimin aralarında 2022-ci ilin mart ayında aparılan telefon danışığını onlara dinlətmiş, Lamiyənin pozğun olduğunu demiş, hətta “gəlin, fahişə qızınıza sahib çıxın” kimi sözlər işlətmişlər. Həmin vaxt o, mobil telefonunda internet funksiyasını aktiv etdikdə Orucun “WhatsApp” vasitəsi ilə ona audio yazı göndərdiyini görmüşür. Həmin audio yazı Lamiyə və İbrahimin arasında aparılmış telefon danışığının yazısı olmuşdur. O, danışığa qulaq asdıqda onların arasında sevgi münasibətlərinin olduğuna əmin olmuşdur. O, Lamiyənin hərəkətlərindən əsəbiləşərək sonuncu ilə söhbət etmək üçün həmin yük avtomobilinə əyləşib Yeni Qaradolaq kəndinə, yəni Lamiyənin yaşadığı evə tərəf getmişdir. Bu vaxt ailə üzvləri onun Lamiyənin evinə getdiyini bilməmişlər. Lamiyənin yaşadığı evə çatdıqda orada heç kimin olmadığını, Lamiyənin qonşusu Könülün evinə keçdiyini görmüşdür. O, Lamiyəni bayıra çağırıb avtomobilin ön sərnişin oturacağına əyləşdirmiş və sonuncunu yaşadıqları evə aparmaq üçün Aran kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Əsas yol kəndin mərkəzindən keçdiyindən və orada həmişə xeyli insan olduğundan, Lamiyənin başqa şəxslə sevgi münasibətləri yaşaması isə kənd sakinlərinə məlum olduğundan utandığına görə yolunu “Harami düzü” adlanan ərazidən salmışdır. “Harami düzü” kənd sakinlərinin örüş-otlaq sahəsi kimi istifadə etdikləri torpaq sahəsidir. Onun məqsədi Lamiyəni yaşadıqları atası evinə aparmaq olmuşdur. Belə ki, Lamiyənin bundan sonra ərinin evində qala bilməyəcəyini düşünmüşdür. “Harami düzü”nə daxil olduqdan sonra Lamiyədən İbrahimlə münasibətinin olub-olmadığını soruşmuşdur. Lamiyə, İbrahimlə heç bir münasibətinin olmadığını, deyilən sözlərin yalan olduğunu bildirmişdir. O da avtomobili dayandıraraq Orucun göndərdiyi audio yazını Lamiyəyə dinlətmişdir. Lamiyə susaraq heç bir cavab verməmişdir. O, Lamiyənin İbrahimlə danışıqlarına təkrar qulaq asdıqda onların bir-birlərinə “sevgilim”, “canım” kimi sözlər dediklərini eşidib hiddətlənmiş və həmin anda bir anlıq əsəblə Lamiyəni öldürmək qərarına gəlmişdir. Bu məqsədlə avtomobilin sürücü qapısının cibində saxladığı açılıb-qatlanan bıçağı götürərək Lamiyənin əyləşdiyi tərəfə keçmişdir. Lamiyəni saçlarından tutub avtomobildən çıxartmış və bıçaqla sonuncunun boyun, sinə və qarın nahiyələrinə ardıcıl zərbələr endirmişdir. Zərbələrin təsirindən Lamiyə yerə yıxılaraq çapalamağa başlamışdır. Bütün proseslər təxminən bir-iki dəqiqə ərzində baş vermişdir. O, əllərimin qana bulandığını görərək həmin vaxt şokdan ayılmışdır. Bundan sonra istifadəsindəki mobil telefondan DİN-in “102” xidməti-zəng mərkəzinə zəng edərək törətdiyi hadisə barədə məlumat vermişdir. Lamiyə artıq tam hərəkətsiz vəziyyətdə uzanmışdır. O, Lamiyənin öldüyünü görərək avtmobilinə əyləşməklə yaşadığı evə getmişdir. Cinayəti törətdiyi bıçağı və özünün mobil telefonunu yataq otağında olan dolabın yuxarı gözündə paltarların altına qoyaraq polislərin gəlib ona aparmalarını gözləmişdir. Bir müddət sonra isə polis əməkdaşları gəlib onu rayon polis şöbəsinə aparmışlar. Cinayəti törətdiyi bıçağı təxminən iki il əvvəl Hüsülü kəndində yerləşən mal-qara bazarından 20 manata almışdır. İbrahim adlı şəxsi qiyabi olaraq Yeni Qaradolaq sakini kimi tanımış və heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, onun Lamiyəni öldürməyə yönəlmiş niyyəti avtomobili ilə yaşadığı evə tərəf gedərkən sonuncunun İbrahimlə telefon danışığının audio yazısına təkrarən qulaq asdıqda qəfil yaranmışdır. Bir anlıq əsəblə Lamiyəyə dörd dəfə bıçaq zərbəsi endirmişdir. Həmin vaxt niyyəti Lamiyəni öldürmək olmuşdur və hazırda törətdiyim əməldən peşmandır. Hər hansı şəxs onu Lamiyəni öldürməyə təhrik etməmişdir. O, yaşadığı evdən çıxarkən də ailə üzvləri onun Lamiyənin evinə getdiyini bilməmişlər. Onun Lamiyəni öldürmək niyyəti qəflətən yaranmışdır. O, Lamiyənin yaşadığı evə doğru gedərkən məqsədi sonuncunu ərinin evindən ata evinə gətirmək olmuşdur. Həmin vaxt Lamiyəni öldürmək niyyəti olmamışdır. Həmin niyyəti avtomobildə olarkən Lamiyə ilə İbrahimin danışığına təkrarən qulaq asdıqda onların birbirlərinə dedikləri sözlərdən əsəbiləşdiyindən qəfil yaranmışdır. O, az hallarda spirtli içkilərdən pivə içmişdir. Digər alkoqollu içkilərdən, həmçinin narkotik vasitələrdən və psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. O, bıçaqla Lamiyəyə xəsarətlər yetirərkən sonuncu ona heç bir müqavimət göstərə bilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Lamiyə doğma qızıdır. Həm Bayramın, həm də Lamiyənin psixoloji problemləri olmuşdur. Bayramla Lamiyənin münasibətləri həmişə yaxşı olmuş. Bayram Lamiyəni çox istəmişdir. Bayram Lamiyəni öldürmək istəməsi barədə heç kimə bir söz deməmişdir. Onun telefonuna atılan səsdən sonra o, Lamiyənin başqa kişi ilə danışdığını öyrənmiş və Lamiyəni öldürmüşdür. Oğlu Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Bayramda psixoloji xəstəliyin olduğunu onunla ailə qurandan sonra öyrənmişdir. Evdə olarkən də yeməyi biraz gecikdirən kimi Bayram əsəbiləşir ətrafında olan əşyaları vurub sındırırmış. Mərhum Lamiyə onun baldızı, Bayramın bacısı imiş. Bayramla Lamiyənin münasibətləri həmişə yaxşı olmuşdur. Hadisədən sonra Bayramın Lamiyəni başqa kişi ilə danışdığına görə öldürdüyünü öyrənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bayram onun doğma oğludur, Lamiyə doğma qızıdır. Bayramın psixoloji problemləri olmuşdur. Hadisə günü evdə olarkən qohumları evə gələrək Bayramın Lamiyəni öldürdüyünü demişlər. Sonradan öyrənmişdir ki, Bayram Lamiyəni başqa kişi ilə danışdığına görə öldürmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Vaqif oğlu ifadəsində göstərmişdir ki, Bayram onun qardaşı oğludur. Bayram ailəsi ilə birlikə atası və anası ilə yaşayırmış. Bayramın uşaqlıqdan psixoloji problemləri olmuşdur. Lamiyənin əri Ariz ona Lamiyənin başqa kişi ilə danışmasına dair əlində səs yazısı olduğunu və bunu bütün kəndə yayacağını demişdir. Arizə məsələni böyütməməsini və öz aralarında həll etməyi demişdir. Sonradan Bayramın səs yazısı barədə məlumatı olduğunu və Lamiyəni başqa kişi ilə danışdığına görə öldürdüyünü eşitmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lamiyə onun arvadı olmuşdur. Lamiyənin həmkəndlisi İbrahim adlı şəxslə əlaqəsinin olduğundan şübhələnirmiş. Bu barədə Lamiyənin özünə dəfələrlə xəbərdarlıq etmiş. Əgər kimləsə danışırsa boşanacaqlarını Lamiyəyə demişdir. Lamiyə ona kimləsə danışmadığını, ona şər atdığını deyirmiş. Bayrama da Lamiyədən şübhələndiyini bildirmişdir. Sonradan qardaşı Orucun telefonunda Lamiyə ilə İbrahimin telefon danışığına dair səs yazısını aşkarlamışlar. Bayramın əmisi Osmana bu barədə bildirmiş və Bayramın digər əmisi Aslangilin evinə getmişdir. Onlar səsə qulaq asdıqdan sonra ona Lamiyə ilə boşanmağını bildirmişlər. Evə getdikdən sonra qardaşı Oruca səs yazısını Bayrama göndərməsini bildirmişdir. Həmin gün axşam saatlarında Bayramın Lamiyəni öldürdüyünü eşitmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Lamiyə onun qardaşı Arizin arvadı olmşdur. Ariz və Lamiyənin tez-tez ailə daxili mübahisələri olurmuş. Ariz Lamiyədən şübhələndiyindən telefonunu əlindən almışdır. Lamiyə onlara gələrkən ondan qohumu ilə danışması üçün telefonunu istəmişdir. Sonradan telefonda Lamiyənin başqa kişi ilə danışığına dair səs yazısını aşkar etmişlər. Ariz Bayrama həmin səs yazısını onun telefonundan göndərmişdir. Səs yazısını göndərdikləri günün axşamı Bayramın Lamiyəni öldürdüyün eşitmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Hadisə yerinə baxış keçirilməsi haqqında» 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Ağcabədi rayonu Aran kəndinin yaxınlığında yerləşən Haramı düzü adlanan ərazidir. Həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyiti Ağcabədi rayonunun Aran kəndi ilə Yeni Qaradolaq kəndinin kəsişməsində olan “Harami düzü” adlanan ərazidə arxası üstə uzadılmış vəziyyətdə aşkar edilmişdir. Meyitin qurşaqdan yuxarı hissəsinin torpaqla təmas etdiyi yerdə qan gölməçəsi aşkar edilərək, üç ədəd pambıq tamponla həmin qan gölməçəsindən nümunələr götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonunun Aran kəndində yerləşən həyətyanı evin yataq otağındakı dolabdan sonuncuya məxsus “Poco X3” markalı mobil telefon cihazı və cinayətin aləti olan bir ədəd açılıb-qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 özünə məxsus olan “Xiaomi” markalı olmaqla “Redmi 9A” modelli mobil telefon cihazını istintaqa təqdim etmiş və həmin telefon cihazına baxış aparılmışdır. Baxış aparılması haqqında 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin cihazdan 17 iyul 2022-ci il tarixdə saat 11:09 dəqiqədə “WhatsApp” tətbiqi proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonuna Zərərçəkmiş şəxs telefon danışığını əks etdirən audio yazı göndərilmişdir. Həmin audio yazı Təqsirləndirilən şəxs mobil telefon cihazına 17 iyul 2022ci il tarixdə saat 11:12 dəqiqədə daxil olmuş və sonuncu həmin audio yazıya 11:13 dəqiqədə baxmışdır. Zərərçəkmiş şəxs ilə X7 arasında 04 mart 2022-ci il tarixdə aparılmış telefon danışığını əks etdirən həmin audio yazıda onların arasında 06 dəqiqə 35 saniyə ərzində səmimi danışığın aparılması və aralarında sevgi münasibətlərinin mövcudluğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış aparılması haqqında 06 oktyabr 2022-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs 18 oktyabr 2020ci il tarixədək istifadəsində olmuş ***-***-**-** nömrəli telefonu ilə beş müxtəlif şəxslə, o cümlədən X7 ilə səmimi və intim mövzularda SMS mesajlaşmalar aparmış, həmçinin bu şəxslərlə mütəmadi olaraq uzunmüddətli telefon danışıqları aparmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonu ilə 17 iyul 2022-ci il tarixdə saat 10:00-dan 18:00-dək əmiləri və digər qohumları çoxsaylı danışıqlar aparmış, həmçinin 16:00-dan 16:13-dək Şahid5 ilə beş dəfə danışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 17:30 dəqiqədə DİN-in “102” xidməti-zəng mərkəzinə zəng etmişdir. Həmin vaxta qədər cinayət hadisəsinin baş verdiyini nəzərə aldıqda, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsin qayınatası X8, əmisi Şahid2, arvadı X3 ilə əlaqə saxlamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonundan cinayət hadisəsinin baş verdiyi gün, yəni 17 iyul 2022-ci il tarixdə saat 17:30 dəqiqədə DİN-in “102” xidməti zəng mərkəzinə etdiyi müraciətin audio yazısı əldə edilərək baxışı aparılmışdır. Baxış aparılması haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə DİN-in “102” xidməti-zəng mərkəzinin operatoru arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: Operator: “102” polis xidməti, polis serjantı Hüseynova. Buyurun. Təqsirləndirilən şəxs: Alo, salam. Operator: Salam, buyurun. Təqsirləndirilən şəxs: Sizi Ağcabədi rayonunun Aran kəndindən narahat eləyirəm. Operator: Buyurun, eşidirəm. Təqsirləndirilən şəxs: Mən öz bacımı öldürmüşəm. Yəni özüm məlumat verdim ki, biləsiniz. Operator: İndi öldürmüsünüz? Təqsirləndirilən şəxs: Bəli, bəli. Operator: Harada öldürmüsünüz? Ünvanı deyin, zəhmət olmazsa. Təqsirləndirilən şəxs: Ağcabədi rayonunun Aran kəndi, “Harami”də. Operator: Ağcabədi, Aran kəndi? Təqsirləndirilən şəxs: Aran kəndi, bəli. Operator: Aran kəndinin harasında? Təqsirləndirilən şəxs: Aran kəndinə gəlsinlər, ünvan oradadır. Operator: Özünüzü təqdim edin. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs. Operator: Nə? Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs. Operator: Mən polis göndərirəm. Zəhmət olmazsa, mənim suallarımı cavablandırın. Adı nədir bacınızın neçə yaşı var? Təqsirləndirilən şəxs: Bilmirəm onu, yəni mən məlumat verdim. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə meyitə baxış aparılması haqqında 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin törədildiyi vaxt Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları və onun bütün əl barmaqlarından dırnaq nümunələri götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əynində olmuş geyim əşyaları 18 iyul 2022-ci il tarixli protokolla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 17 iyul 2022-ci il tarixli 24 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) boyunun ön səthinin orta hissəsində qan damarlarının kəsilməsi ilə müşayiət edilən kəsilmiş yara; b) boyunun ön səthində nisbətən solda qan damarlarının kəsilməsi ilə müşayiət edilən kəsilmiş yara; c) döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara; ç) qarının sol yarısının yuxarı şöbəsindən qarın boşluğuna keçərək bağırsağın zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara; d) qarının ön divarında və sol saiddə cızıqlar; e) sol budun yan bayır səthində iki ədəd qançır. - Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər iti ucu və kənarı olan yastı tiyə tipli deşici kəsici əşyanın (bıçağın) təsirindən törənmişdir, hadisə yerinə baxış aparılması zamanı götürülmüş bıçaqla və ya buna oxşar digər bıçaqlarla yetirilə bilərdi. Göstərilən bütün deşilmiş-kəsilmiş və kəsilmiş yaraların eyni bir alətlə yetirilməsi inkar edilmir. - Zərərçəkmiş şəxs boynunda olan kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək ağciyərin zədələnməsi ilə müşayiət edilən deşilmişkəsilmiş yara və qarının sol yarısının yuxarı şöbəsindən qarın boşluğuna keçərək bağırsağın zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara xəsarətlərinin hər biri həyati olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. - Zərərçəkmiş şəxs qarnının ön divarında, sol saiddə olan cızıqlar və sol budda olan iki ədəd qançır küt əşyanın təsirindən törənmişlər, yetirilmə müddəti məhkəmə-tibbi müayinədən bir-iki sutka əvvələ uyğun gəlməklə, 17 iyul 2022-ci il tarixə uyğun gəlmir, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir və mərhumun ölümü ilə heç bir səbəbli əlaqələri yoxdur. - Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun ön səthində və boyunun ön səthində nisbətən solda kəsilmiş yaralar, döş qəfəsinin sol yarısından döş boşluğuna keçərək ağciyərin zədələnməsi və qarının sol yarısının yuxarı şöbəsindən qarın boşluğuna keçərək bağırsağın zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. - Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 03-06 saat əvvəl, yəni 17 iyul 2022-ci il tarixdə baş vermişdir. - Zərərçəkmiş şəxs xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Həmin xəsarətlər yetirilərkən o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti mərhumun və xəsarət yetirən şəxsin ayaq üstə olduğu vəziyyətdir. - Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 18 iyul 2022-ci il tarixli 544 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbibioloji ekspertizanın 15 sentyabr 2022-ci il tarixli 571/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, hadisə yerinə baxış aparılması zamanı aşkar edilmiş qan gölməçəsindən götürülmüş üç ədəd pambıq tamponda, Zərərçəkmiş şəxs məxsus koftanın, şalvarın, büstqalterin və Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələrinin qrup mənsubiyyəti “AB0” sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin “alfa” və “beta” aqqlyutininləri alınmışdır. Həmin qan ləkələri Zərərçəkmiş şəxs, eləcə də hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa sonuncuya məxsus ola bilər. Hadisə yerinə baxış aparılması zamanı götürülmüş bir ədəd bıçağın və Zərərçəkmiş şəxs məxsus bir cüt rezin yay başmağının üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizanın 21 sentyabr 2022-ci il tarixli 456-MTKŞ/2022 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd və ön səthində bir qədər solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Həmin zədələr ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. - Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd və ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr onun döş qəfəsinin sol yarısının yuxarı şöbəsində bir ədəd və qarının sol yarısının yuxarı şöbəsində bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs boynunun ön səthinin yuxarı şöbəsində müəyyən edilmiş iki ədəd xəsarət isə bədənin müvafiq nahiyəsinin paltarla örtülmədiyi üçün ona məxsus koftada öz əksini tapmamışdır. - Zərərçəkmiş şəxs məxsus şalvarda və büstqalterdə hər hansı bir zədə aşkar olunmamışdır. - Təqsirləndirilən şəxs məxsus qısaqol köynəkdə və şalvarda hər hansı bir zədə aşkar olunmamışdır. - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi üzrə: a) Zərərçəkmiş şəxs məxsus koftanın ön və arxa səthində, əsasən yuxarı nahiyəsində, həmçinin hər iki qolunda, büstqalterin hər iki çiyinlik və yan hissəsində, şalvarın bel nahiyəsində, şalvarın sağ və sol yuxarı nahiyəsində öndə, sol ayağının ön aşağı hissəsində olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. b) Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin yuxarı nahiyəsində, ön səthinin sol nahiyəsində ortada və şalvarın ön səthində solda yuxarıda olan qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə əsasən yuxarıdan aşağıya, bir qədər bucaq altında, ola bilsin ki, az hündürlükdən səthə düşən damcılar ola bilərdi. c) Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində orada olan qan ləkələri səthi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. ç) Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində aşağıda, bir qədər solda və şalvarın sol ayağının ön aşağı hissəsində olan qan ləkələrinin qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə trasolojiballistik ekspertizanın 19 avqust 2022-ci il tarixli 3/1036, 3/1045 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Hadisə yerinə baxış aparılması zamanı götürülmüş bıçağın səthində əl-barmaq izləri və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri aşkar olunmadığından, eyniləşdirmə tədqiqatı üçün yararsızdır. - Hadisə yerinə baxış aparılması zamanı götürülmüş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici və ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. - Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində olan zədələr öz formasına, quruluşuna və digər ümumi əlamətlərinə görə bir tərəfi kəsici və ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici və ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən hadisə yerinə baxış aparılması zamanı götürülmüş bıçağın tiyəsi də aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 22 avqust 2022-ci il tarixli 6/4070 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində, hadisə yerinə baxış aparılması zamanı götürülmüş bıçağın və Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq nümunələrinin üzərində kənar lif mikrohissəcikləri vardır. - Zərərçəkmiş şəxs məxsus şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Hadisə yerinə baxış aparılması zamanı götürülmüş bıçağın üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq nümunələrinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 25 avqust 2022-ci il tarixli 521/173 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzunmüddətli müayinə məqsədi ilə onun stasionar məhkəməpsixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 02 dekabr 2022-ci il tarixli 144 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, həmin pozuntu disforik hal ilə təzahür etmişdir. Odur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. - Təqsirləndirilən şəxs mübtəla olduğu üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hazırda da davam edir. Bununla əlaqədar Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. - Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. - Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir. - Təqsirləndirilən şəxs kofliktə və mübahisəyə meyillilik, qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik, kobudluq, tez özündən çıxmaq, davranışında özünü idarəetmənin çatışmazlığı kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Emosional halını onda müəyyən edilən psixi pozuntu şərtləşdirmişdir. - Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. - Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizanın 27 yanvar 2023-cü il tarixli 06 nömrəli rəyində göstərilmişdir ki, - Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, disforik hal və davranış pozuntusu ilə” psixi pozuntusunu keçirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi həmin psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. - Təqsirləndirilən şəxs düçar olduğu üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Azərbaycan Respublikası CM-in 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. - Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 15 oktyabr 2022-ci il tarixli 1554 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir və narkomaniya xəstəliyindən əzab çəkmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən verilmiş 19 avqust 2022-ci il tarixli 7580 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2014-cü tarixdən 15 may 2014-cü il tarixədək və 18 noyabr 2014-cü il tarixdən 19 noyabr 2014-cü il tarixədək həmin səhiyyə müəssisəsinin stasionar şöbəsində müalicələrdə olmuş və ona “hal-hazırda psixi xəstəlik aşkar edilmir. Primitiv şəxs” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən verilmiş 30 avqust 2022-ci il tarixli xx/xx-11567 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə olmamışdır və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli 328 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisənin nevroloji, narkoloji və onkoloji kabinetlərində, həmçinin vərəm şöbəsində qeydiyyatda dayanmır, əvvəllər ambulator və ya stasionar qaydada müraciət etməmişdir və əlillik dərəsi mövcud deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 avqust 2022-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Ağcabədi rayon icra hakimiyyəti başçısının Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli 122 və 123 nömrəli arayışlardan və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Laçın rayonunun Şeylanlı kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonunun Aran kəndində faktiki yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Ağcabədi rayon icra hakimiyyəti başçısının Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli 159 və 160 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla faktiki yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 14 fevral 2023-cü il tarixli qərardan görür ki, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi vaxt üzərlərində olmuş geyim əşyaları, sonuncunun meyitindən götürülmüş dırnaq nümunələri, hadisə yerindən aşkar edilmiş qan gölməçəsindən pambıq tamponla götürülmüş qan nümunələri, cinayətin aləti olmuş bıçaq üzərində cinayətin izlərini daşıdığından maddi sübut hesab edilmişdir və Ağcabədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. İş üzrə DİN-in Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş Təqsirləndirilən şəxs DİN-in “102” xidməti-zəng mərkəzinə müraciətinin audio yazısının mövcud olduğu kompakt disk, sonuncunun mobil telefon cihazından bərpa olunmuş məlumatların mövcud olduğu kompakt disk, Şahid5 telefon cihazına baxış aparılması zamanı götürülmüş audio yazının mövcud olduğu kompakt disk və "xxxx" MMC-dən verilmiş telefon məlumatların mövcud olduğu kompakt disk 14 fevral 2023-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar komisyon stasionar kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası ilə bağlı tərtib olunmuş 19 may 2023-cü il tarixli 68 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, « Təqsirləndirilən şəxs ittaham olunan cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, cinayət əməlini törətdiyi zaman həmin psixi pozuntu disforik hal ilə təzahür etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilir. Onun əməli Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxsdə müəyyən edilən üzvi mənşəli şəsiyyət pozuntusu hal-hazırda dekompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etdiyi üçün onun cəza çəkməsini istisna edir. Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır». İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında işin mahiyyəti üzrə dindirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxsin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Həmin maddənin müddəalarına əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk edilməsi qabiliyyətinə malik olmadığı səbəbindən ifadələrinə sübuti əhəmiyyət verilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi məhkəmədə araşdırılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilməsə də, məhkəmə tədqiq olunmuş digər mötəbər sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş əməli-şəxsi münasibət zəminində qısqanclıq niyyəti ilə zərərçəkmiş şəxs bacısı Zərərçəkmiş şəxs qəsdən öldürmə, yəni onu qəsdən həyatdan məhrum etmə, qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə əməllərini anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində (bu maddəyə aid 93.1-1.1-ci maddəsində) nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi pozuntusunun özünə və başqa şəxslərə yeni zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan məhkəmə-psixiatrik ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində ixtisaslaşdırılmış psixiatiriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X14 tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək (ixtsaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi vaxt üzərlərində olmuş geyim əşyaları, sonuncunun meyitindən götürülmüş dırnaq nümunələri, hadisə yerindən aşkar edilmiş qan gölməçəsindən pambıq tamponla götürülmüş qan nümunələri, cinayətin aləti olmuş bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə DİN-in Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş Təqsirləndirilən şəxs DİN-in “102” xidməti-zəng mərkəzinə müraciətinin audio yazısının mövcud olduğu kompakt disk, sonuncunun mobil telefon cihazından bərpa olunmuş məlumatların mövcud olduğu kompakt disk, Şahid5 telefon cihazına baxış aparılması zamanı götürülmüş audio yazının mövcud olduğu kompakt disk və "xxxx" MMC-dən verilmiş telefon məlumatların mövcud olduğu kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə və ekspertiza tədqiqatı xərclərini ödəməkdən Təqsirləndirilən şəxs azad edilməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.3-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ona X1 məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X14 tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək (X1 məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi vaxt üzərlərində olmuş geyim əşyaları, sonuncunun meyitindən götürülmüş dırnaq nümunələri, hadisə yerindən aşkar edilmiş qan gölməçəsindən pambıq tamponla götürülmüş qan nümunələri, cinayətin aləti olmuş bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə DİN-in Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş Təqsirləndirilən şəxs DİN-in “102” xidməti-zəng mərkəzinə müraciətinin audio yazısının mövcud olduğu kompakt disk, sonuncunun mobil telefon cihazından bərpa olunmuş məlumatların mövcud olduğu kompakt disk, Şahid5 telefon cihazına baxış aparılması zamanı götürülmüş audio yazının mövcud olduğu kompakt disk və "xxxx" MMC-dən verilmiş telefon məlumatların mövcud olduğu kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə və ekspertiza tədqiqatı xərclərini ödəməkdən Təqsirləndirilən şəxs azad edilsin. Qərardan elan olunduğu (barəsində həbs qətimkan tədbiri seçilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar