Məhkəmə qərarları › İş №1(099)-290/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-290/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-290/2024 11.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2001-ci ildə Sabirabad rayonu Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində Sabirabad rayonu Nərimankənd kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən toyuq hinində 01 ədəd vedrənin içərisində, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 03 ədədini yetişdirərək kultivasiya etmiş, daha sonra həmin bitkiləri torpaqdan çıxararaq onlardan satış məqsədi olmadan 5,09 qram çəkidə hissələrini toplayıb qurutmaqla 01 ədəd kibrit qutusuna yığaraq üzərində, həmin bitkilərin özünü isə toyuq hininin içərisində odun sobasının arxasında qanunsuz saxlamış, bundan başqa o, təkrarən 2023-cü ilin avqust ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində yerləşən toyuq hinində 01 ədəd ağ rəngli vedrənin içində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 21 ədədini yetişdirərək kultivasiya etmiş, 16 avqust 2023-cü il tarixdə saat 17:10 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sabirabad rayonu Nərimankənd kəndi ərazisində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 18:45 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qısa qol köynəyinin sol sinə nahiyəsindəki cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,09 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra həmin gün saat 20:25 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə yerləşən toyuq hinində 01 ədəd ağ rəngli vedrənin içərisində əkdiyi 21 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,98 qram olan narkotik tərkibli çətənə bitkisi və odun sobasının arxasında saxladığı 03 ədəd qurudulmuş vəziyyətdə ümumi təmiz çəkisi 20,15 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, 26 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olarkən polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsi axtarış aparılarkən üzərindən 1 kibrit qutusunda marixuana aşkar edərək götürmüşlər. Özü marixuannadan istifadə edir. Üzərində olan kibrit qutusunda olan marixuannanı suvarmaq üçün səhraya gedərkən səhradan tapmışdır. Həyətində dibçəkdə təsadüfən çətənə toxumunu səpmiş həmin dipçəkdən 21 ədəd çətənə kolları çıxmışdır. Dipçəkdə əkdiyi çətənə kollarına aqrotexniki qaydada qulluq etməmiş, lakin bir dəfə su vermişdir. Əvvələr də çətənə toxumları səpmiş, lakin qulluq etmədiyi üçün şitillər yanmışdır. Hazırda tutduğu əməldən peşmandır. Lakin, 14 mart 2024-cü il tarixdə keçirilən məhkəmə baxışında Təqsirləndirilən şəxs müdafiəçinin verdiyi suallara cavab olaraq xx.xx.2024-cü il tarixdə məhkəmə baxışında verdiyi ifadəsinin yalnış olduğunu, 16 avqust 2023-cü il tarixdə evdə yatdığını, təxminən 6-7 nəfərdən ibarət polis əməkdaşlarının həyətlərinə gəlib axtarış etdiklərini, həmin vaxtı qardaşı səs-küy saldığı üçün və özünə xəsarət yetirdiyi üçün polislər çıxıb getdiyini, qardaşı özünü kəsdiyi üçün onu xəstəxanaya apardığını, qardaşı DİN-in 102 xidmətinə polislərin qanunsuz evlərinə daxil olmaları barədə şikayət etdiyini, xəstəxanadan qayıtdıqdan sonra saat təxminən 2-3 radələrində polislərin onu tutaraq şöbəyə apardıqlarını, şöbədə təxminən 1 saat qaldıqdan sonra onun üzərinə müdafiəçisinin iştirakı olmadan baxış keçirdiklərini, baxış keçirməzdən əvvəl ona bir ədəd kibrit qutusunda narkotik vasitə verərək şəxsi axtarış zamanı cibində çıxararaq ona məxsus olmasını deməsini, ona şöbədə təziqlər etdikləri üçün və qardaşını da cəlb edəcəklərindən qorxduğu üçün polislərin dedikləri ilə razılaşdığını, heç bir etiraz etmədiyini, polis əməkdaşlarının onu evlərinə gətirərək həyətlərində istifadəsiz olan toyuq damına baxış keçirdiklərini və orada dibçəklərdə çətənə kolları aşkar etdiklərini, həmin bitkilərin ona məxsus olmaması, ümumiyyətlə bitkilərdən məlumatı olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Narkotik vasitə istifadəçisi olduğu üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən toyuq hinində bir ədəd vedrənin içərisində üç ədəd çətənə bitkisi əkmişdir, həmin bitkilərə aqrotexniki qaydada qulluq etmiş, diblərinə su, gübrə tökmüş, buna baxmayaraq yaxşı inkişaf etməmişlər, o da həmin bitkilərin istifadəyə yararlı hissələrini qoparıb şəxsi istifadəsi üçün götürmüş, qalan hissələrini isə hinin içərisində olan odun sobasının arxasına atmışdır. Təxminən avqust ayının əvvəllərində bir ədəd ağ rəngli vedrənin içərisinə çətənə bitkisinin toxumlarını yenidən əkmiş və 21 ədəd çətənə bitkisi cücərərək torpağın üzərində boy qaldırmışdır. 16 avqust 2023-cü il tarixdə saat 13 radələrində fərdi yaşayış evindən yaşadığı kənddən keçən su kanalında çimmək üçün çıxmışdır. Evdən çıxan zaman əvvəl əkdiyi çətənə bitkilərindən yığıb qurutduğu və bir ədəd kibrit qutusunun içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qısa qol köynəyin sol sinə nahiyəsində tikilmiş cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində yaşayış evinə gələn zaman polis əməkdaşları yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabirabad rayon polis şöbəsinə aparmışlar, üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Əynində olan açıq qəhvəyi rəngli qısa qol köynəyin sol yuxarı nahiyəsindəki cibindən bir ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları marixuanadan əlavə narkotik vasitə olub-olmadığı soruşmuşlar, o, da həyətyanı sahədə çətənə bitkiləri əkdiyini, həmçinin 3 ədəd əvvəl əkdiyi, lakin yararsız olan qurudulmuş halda çətənə bitkisinin olduğunu bildirmişdir. Bundan sonra onun yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilmiş ,baxış zamanı polis əməkdaşları tərəfindən həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini təqdim etməyi təklif olunmuş, o da polis əməkdaşlarına əkdiyi çətənə bitkilərini, həmçinin əvvəl əkdiyi, qurudulmuş vəziyyətdə olan 3 ədəd çətənə bitkisini təqdim etmişdir. Sonra vedrədə olan, bir-birindən aralı, torpaqdan hündürlüyü təxminən 13-15 santimetr olan narkotik tərkibli çətənə bitkilərini təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri 15-20 gün əvvəl əkdiyini bildirmişdir. Götürülmüş həmin çətənə bitkiləri sayılmış və 21 ədəd müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə, həmdə ibtidai istintaq zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq “polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoymaları, ona təziqlər etmələri, qardaşının da cəlb edəcəklərindən qorxduğu üçü polislərin dedikləri kimi ifadə verməsi, yaşadığı evin həyətindən aşkar olunmuş çətənə bitkilərinin ona məxsus olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evində yatmışdır. Evdən səs gəldiyini görüb qalxdıqdan polis əməkdaşlarının daxil olduğunu görmüşdür. Polislər evlərində 1 kq narkotik vasitə olduğunu bildirib evi axtarmışlar. Oğlu Əkbər polislərlə mübahisə etmiş, sonra özünə ülgüzlə xəsarətlər yetirmiş, polislər çıxıb getmişlər. O digər oğlu Ülvi ilə birlikdə Əkbəri xəstəxanaya aparmış, xəstəxanada olan vaxtı polislər evlərinə gələrək onların iştirakı olmadan həyətlərindəki hində axtarış aparmışlar. Onlar evə qayıtdıqdan sonra polislər Ülvini tutmuşlar. Polislər hində olan vedrənin içərisində 21 ədəd çətənə kolları aşkar etdiklərini demişlər. Oğlu Əkbər özünü kəsdiyi üçün DİN-in 102 xidmətinə şikayət etmiş, polis əməkdaşları onları sakitləşdirmələri üçün şikayətçi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəni oxumadan imzalamışdır. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Şahid4 verdiyi ifadəsi arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman saat 14 radələrində polis əməkdaşları gələrək oğlu Ülvinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və evə, həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. O və oğlu X5 evdə olmadığını, onun iştirakı olmadan həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etdiklərini bildirmişlər. Oğlu Əkbər 2020-ci il tarixdə 2-ci Qarabağ döyüşlərində iştirak edən zaman yıxılaraq başından travma almışdır. Bu səbəblə də onda psixoloji pozuntular baş verir. Polis əməkdaşları gələn zaman oğlu Əkbər, heç bir əsas olmadan əsəbləşək ülgüc ilə sinə nahiyəsindən özünə xəsarət yetirmişdir. Bununla bağlı Sabirabad rayon X4 Bölməsində araşdırma aparılmışdır. Həmin tarixdə saat 17 radələrində oğlu Ülvi evə gələn zaman polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar, orada Ülvinin cibindən kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir, bundan sonra polis əməkdaşları onların evinə gəlmişlər. Polis əməkdaşları həyətyanı sahəyə gələn zaman o və oğlu Əkbər Nuriyev evdə olmuşlar. Ardından polis əməkdaşları tərəfindən oğlu Ülviyə həyətyanı sahədə əkdiyi çətənə bitkilərini təqdim etməsi təklif olunmuş, Ülvi də polis əməkdaşlarına əkdiyi çətənə bitkilərini, həmçinin əvvəl əkdiyi və odun sobasının arxasında saxladığı qurudulmuş vəziyyətdə olan 3 ədəd çətənə bitkisini təqdim etmişdir. Sonra vedrədə olan, bir-birindən aralı, torpaqdan hündürlüyü təxminən 13-15 santimetr olan narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkiləri göstərib təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri 15-20 gün əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Götürülmüş həmin çətənə bitkiləri sayılmış və 21 ədəd olduğu müəyyən edilmişdir. Həmin bitkilər bir ədəd ağ rəngli zərfə yığılıb müvafiq qaydada möhürlənərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üç ədəd qurudulmuş vəziyyətdə olan tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər bir ədəd ağ rəngli zərfə yığılıb müvafiq qaydada möhürlənərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evində olduğu zaman mülki geyimli şəxslərin ev daxil olaraq polis olduqlarını bildirərək evdə axtarış aparmışlar. O, 2020-ci il tarixdə 2-ci Qarabağ döyüşlərində iştirak edən zaman yıxılaraq başından travma aldığı üçün əsəbləşərək polislərlə mübahisə etmiş, polis əməkdaşları ona yumruqlar vurduğu üçün özünə ülgüzlə özünə xəsarətlər yetirmiş, polislər onun özünə xəsarət yetirdiyini görüb çıxıb getmişlər. Atası və qardaşı Ülvi onu xəstəxanaya aparmış, xəstəxanada olan vaxtı polislər evlərinə gələrək həyətlərindəki hində axtarış aparmışlar. Onlar evə qayıtdıqdan polislər qardaşı Ülvini tutaraq həyətlərindəki hində olan vedrənin içərisində 21 ədəd çətənə kolları aşkar etdiklərini demişlər. O, özünü kəsdiyi üçün DİN-in 102 xidmətinə şikayət etmiş, polis əməkdaşları onları sakitləşdirdikləri üçün şikayətçi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəni oxumadan imzalamışdır. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxs Şahid3 verdiyi ifadəsi arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman saat 14 radələrində polis əməkdaşları gələrək qardaşı Ülvinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və evə, həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Atası Şahid4 və o, Ülvinin evdə olmadığını, onun iştirakı olmadan həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etdiklərini bildirmişlər. O, özü 2020ci il tarixdə 2-ci Qarabağ döyüşlərində iştirak edən zaman başından travma almışdır. Bu səbəblə də onda psixoloji pozuntular baş verir. Buna görə də polis əməkdaşları gələn zaman o, heç bir əsas olmadan əsəbləşək ülgüc ilə sinə nahiyəsindən özünə xəsarət yetirmişdir. Bununla bağlı Sabirabad rayon X4 Bölməsində araşdırma aparılmışdır. Həmin gün saat 17 radələrində qardaşı Ülvi evə gələn zaman polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar, orada Ülvinin cibindən kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir, bundan sonra polis əməkdaşları Ülvi ilə birlikdə onların evinə gəlmişlər. Həmin zaman o, və atası Şahid4 evdə olmuşlar. Ülviyə həyətyanı sahədə əkdiyi çətənə bitkilərini təqdim etməsi təklif olunmuş, Ülvi də polis əməkdaşlarına əkdiyi çətənə bitkilərini, həmçinin əvvəl əkdiyi və odun sobasının arxasında saxladığı qurudulmuş vəziyyətdə olan 3 ədəd çətənə bitkisini təqdim etmişdir. Həmin çətənə bitkiləri sayılmış və 21 ədəd olduğu, bitkilərin ən uzununun 15 sm, ən kiçiyinin isə 13 sm olması müəyyən edilmişdir. Məhkəmə şahidlər Şahid3 və Şahid4 həm məhkəmə, həmdə ibtidai istintaq zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq “polis əməkdaşlarının evlərinə zorla daxil olması, xəstəxanada olan vaxtı polislər evlərinə gələrək onların iştirakı olmadan həyətlərindəki hində axtarış aparmaları, onlar evə qayıtdıqdan sonra polislər Ülvini tutmuşlar. Polislər hində olan vedrənin içərisində 21 ədəd çətənə kolları aşkar etdiklərini demişlər” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və yaxın qohumları olan Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə Sabirabad rayonu Nərimankənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Bundan sonra 16 avqust 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində yerləşən ünvanına getmişlər. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığı müəyyən edilmişdir. Onun atası Şahid4 və qardaşı Şahid3 yaşadıqları evə və həyətyanı sahəsinə Təqsirləndirilən şəxs özü iştirak etmədən baxış keçirilməsinə etiraz etdiklərini bildirmişlər. Həmin zaman Şahid3 heç bir əsas olmadan əsəbləşək ülgüc ilə sinə nahiyəsindən özünə xəsarət yetirmişdir. Şahid3 özünə xəsarət yetirməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi mümkün olmamışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində müşahidə edib ona yaxınlaşaraq Sabirabad rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuananı əynində olan köynəyin sol sinə nahiyəsindəki cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, nə məqsəd ilə əldə etdiyi soruşulduqda, həyətyanı sahədə şəxsi istifadəsi üçün əkdiyi çətənə kollarından yığıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəyə baxış keçirilmiş. Təqsirləndirilən şəxs həyətyanı sahədə əkdiyi çətənə bitkilərini təqdim etməsi təklif olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən toyuq hininin içərisində əkdiyi çətənə bitkilərini, həmçinin əvvəl əkdiyi, odun sobasının arxasında saxladığı qurudulmuş vəziyyətdə olan 3 ədəd çətənə bitkisini təqdim etmişdir. Sonra vedrədə olan, bir-birindən aralı, torpaqdan hündürlüyü təxminən 13-15 santimetr olan narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkiləri göstərib təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri 15-20 gün əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Götürülmüş həmin çətənə bitkiləri sayılmış və 21 ədəd olduğu müəyyən edilmişdir. Aşkar olunmuş çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərinə və həyətyanı sahəyə baxış keçirilərkən ona qarşı heç bir təziq təsir olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 17 avqust 2023-cü il tarixli 16/821 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,09 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər.” sözləri və imzalar olan 1 (bir) ədəd kağız paketdəki, 21 (iyirmi bir) ədəd, ümumi təmiz çəkisi 0,98 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş üç ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər qurudulmuş bitkilər.” sözləri və imzalar olan 1 (bir) ədəd kağız paketdəki, 3 (üç) ədəd, ümumi təmiz çəkisi 20,15 qram bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli kağız paketdə olan marixuana ilə 2 (iki) ədəd kağız paketlərdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonrakı qalıq marixuanna 5,07 qram, 21 ədəd çətənə bitkiləri. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli 7732 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qısa qol köynəyinin sol sinə nahiyəsindəki cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materialına əlavə edilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Sabirabad rayonu Nərimankənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətində yerləşən toyuq hinindən yaş vəziyyətdə ümumi çəkisi 0,98 qram olan 21 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qurudulmuş halda təmiz çəkisi 20,15 qram olan 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materialına əlavə edilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Nərimankənd kəndində yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı həyatyanı sahədə 21 ədəd çətənə bitkisi şitili aşkar edilmişdir. Həmin çətənə bitkisi şitillərinin aqrotexniki qaydada əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 5,07 qram qurudulmuş marixuanna, 21 ədəd 0,77qram və 3 ədəd 20,12 qram çəkidə çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və Sabirabad RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəməyə daxil olmuş 18 avqust 2023-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aprılan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahiq Qəhrəmanovun qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Sabirabad rayon Qaratəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Nuruzadə X2 rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayır, əilə tərkibi atası, anası və iki qardaşından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1, 237.2.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CMin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, gənc olmasını, qardaşı Şahid3 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını məhkəmə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə narkoloji rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 5,07 qram qurudulmuş marixuanna, 21 ədəd 0,77qram və 3 ədəd 20,12 qram çəkidə çətənə bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 16 avqust 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.2 və 237.2.3-cü maddələri ilə ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 5,07 qram qurudulmuş marixuanna, 21 ədəd 0,77qram və 3 ədəd 20,12 qram çəkidə çətənə bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar