Məhkəmə qərarları › İş №1(099)-291/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-291/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-291/2023 26.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X8 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1985-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sabirabad Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işsiz, Sabirabad rayonu Minbaşı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 2,187 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 26 oktyabr 2022-ci il tarixdə saat 20:10-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 okyabr 2022-ci il tarixdə saat 20 radələrində şəhərin Leytenant İbrahimov küçəsində onu Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları saxlayaraq üzərində narkotik olmasından şübhələndiklərini bildirib, Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Orada vəkil Ulduzə Əhmədovanın iştirakı ilə videoçəkilişlə üstünü axtarmışlar. Axtarış zamanı üstündən heç bir şey çıxmamışdır. Lakin ona bir bükümdə narkotik verib, həmin narkotikin üstündən çıxmasını qəbul etməsini, əks halda çoxlu narkotik vasitə olacağını demişlər. Ona görə də o razılaşaraq həmin narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Həmin vaxt o yaxşı eşitmədiyindən əməliyyatçı ona kağız üzərində yazmaqla lazım olanları ondan soruşmuşlar, o da cavab vermişdir. İstintaq vaxtı hüquqlarını iki vəkil müdafiə etmişdir. İfadə verərkən və bütün istintaq hərəkətləri vəkillərinin iştirakları ilə keçirilmişdir. Üstündən götürülmüş narkotik vasitə ona aid olmamışdır. Həmin narkotik vasitə onun üzərinə qoyulmuşdur. Lakin narkotik vasitəni onun üzərinə kim tərəfindən qoyulmasını deyə bilmir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin o narkotik vasitələrin istifadəçisi olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o həmin ifadəsində 26 okyabr 2022-ci il tarixdə saat 17 radələrində şəhərin Leytenant İbrahimov küçəsində piyada gəzərkən yolun kənarında yerdə bir ədəd sellofan büküm görüb, həmin sellofan büküm diqqətini çəkdiyindən yerdən götürüb açıb içərisinə baxdığını, içərisində narkotik vasitə heroin olduğu görüb onu istifadə etmək üçün üzərində saxladığını, həmin gün saat 20 radələrində şəhərin Leytenant İbrahimov küçəsində olarkən mülki geyimdə olan şəxlər ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını, üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını deyib, onu polis şöbəsinə dəvət etdiklərini və orada vəkil Ulduzə Əhmədovanın iştirakı ilə videokamera vasitəsi ilə üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edildiyini, o da əynində olan şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin sellofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin sellofan büküm onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisindən narkotik vasitə olan heroin aşkar edildiyini, sorğu edilərkən, üzərindən aşkar edilmiş heroini yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmin narkotik vasitənin qablaşdırıldığını və bu barədə protokol tərtib edildiyini, həmin vaxt ona heç bir fiziki və mənəvi təzyiq olunmadığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübut və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər X2rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 oktyabr 2022-ci il tarixdə Sabirabad rayon sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlimatı daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 26 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində o, X9 əməliyyat müvəkklili Şahid2 ilə birlikdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində Təqsirləndirilən şəxs saxlayaraq onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona əgər üzərində narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmet varsa təqdim etməsi ona təklif olunmuş, o da cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxılarkən içərisində heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Sorğu edilərkən Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokolla Təqsirləndirilən şəxs müdafiəçi ilə birlikdə tanış olmaqla imzalamışlar. Təqsirləndirilən şəxs Şirvan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitə satması müəyyən edilməmişdir. O saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmədə qeyd edilən istintaq hərəkətlərinin qeydə alındığı DVD diskdə olan videogörüntülər nümayiş etdirilmişdir. Axtarış və götürmə istintaq hərəkəti protokolunda qeyd edilən xüsusatların nümayiş etdirilən videogörüntülərlə üst-üstə düşməsi təsdiq olunur. İşdə olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X10 23 noyabr 2022-ci il tarixli 1534 nömrəli məktubundan görünür ki, Ələsgərov X6 RMX-nın Poliklinika şöbəsinin “Əsəb-ruhi” kabinetində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən Sabirabad RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində dispanser qeydiyyatdadır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 18/1158 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs əyinində...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,187 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinidir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,137 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 03 dekabr 2022-ci il tarixli 3217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş kəllə beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altıan düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının əsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zamanı xarici qulaq keçəcəklərinin sərbəst, sağda təbil pərdəsinin normal, solda isə çapıqlı dəyişiklikliyinin və kamertonla müayinədə ancaq vibrasiyanı hiss etdiyi müəyyən edilmişdir. Bu da baş beyin travmasından sonra eşitmə sinirinin nevriti ilə əlaqədar ola bilər. Təqsirləndirilən şəxsla istintaq zamanı keçiriləcək hərəkətlərdə həkim mütəxəssisin (LOR həkimi və.s) iştirakı məqsədə müvafiqdir. Məhkəmədə Təqsirləndirilən şəxs eşitmə qüsuru olduğundan onunla keçirilən bütün prosessual hərəkətlər məhkəmə köməkçisi Vüsal Abiyevin iştirakı ilə kompyuter vasitəsi ilə aparılmışdır. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı çəkisi 2,137 qram narkotik vasitə heroinin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin saxlanc anbarına verilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə təklifini və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş və üzərində aşkar edilən heroini o Şirvan şəhəri ərazisində taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı nə də ki, məhkəmədə onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə olunmamışdır. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 2,187 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin sonradan heç bir əsas göstərilmədən onun hərəkəti CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində ondan aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona aid olmadığını həmin narkotik vasitənin onun üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan və məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməklə üzərindən aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona məxsus olduğunu, onu evlərinin yanından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə də göstərilən xüsusatlar öz təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1985-ci il tarixdə Sabirabad rayonunda doğulmuşur. Sabirabad rayonu, Minbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində bir nəfər azyaşlı uşağı var. İİİ qrup əlildir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin başlanğıcı 26 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Sabirabad Rayon Məhkəməsinin hökmündən və Sabirabad rayon üzrə icra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərarı ilə 19 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş, o 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq edilməklə ona 02 il 04 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzanın 07 ay 04 gün hissəsini çəkmiş, 01 il 05 ay cəzası çəkilməmiş qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Ələsgərov X6 Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67ci maddəsi tətbiq edilməklə ona 02 il 04 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzanın 07 ay 04 gün hissəsini çəkmiş, 01 il 05 ay cəzası isə çəkilməmiş qalmışdır. Göründüyü kimi bu hal CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi halını yaratmır və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar olmaqla ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda CM-nin 68.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabrabad Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 il 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 8 ay 15 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının əsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 26 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,137 qram heroin məhv edilməlidir. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay müddətinin iki günü bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, 8 ay 15 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,137 qram heroin məhv edilsin. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar