Məhkəmə qərarları › İş №1(099)-293/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-293/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-293/2024 27.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Şəki şəhəri, Məmmədyarov küçəsi ev 11-də daimi qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi ev 14, mənzil 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə danışaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri ərazisinə daşımış, 28 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı- Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən, onun İİR-də olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,253 qram, 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,129 qram, ümumi təmiz çəkisi 3,382 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd sellofan kəsiyi bükümlərində qablaşdırılmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,266 qram və 3,827 qram olmaqla, ümumi təmiz çəkisi 4,093 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, heç bir etirazının olmadığını, sadəcə satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, işinin yekunlaşdırılmasını, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Hazırda vəfat etmiş Vüqar adlı tanışı sosial şəbəkə vasitəsi ilə İİR vətəndaşı Arzu adlı şəxslə onu tanış etmiş və Arzunun istifadə etdiyi +98 *** ** ** 15 saylı nömrəsini ona vermişdir. Əvvəllər Arzunun istifadə etdiyi +98 *** ** ** 15 saylı nömrəyə zəng edib onlayn qaydada narkotik vasitə və psixotrop maddə sifariş edib almışdır. 27 avqust 2023cü il tarixdə saat 16 radələrində İİR vətəndaşı Arzunun istifadə etdiyi +98 *** ** ** 15 saylı nömrəyə vatsap proqramı vasitəsi ilə yazaraq ona 200 manat pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu demişdir. Arzunun ona verdiyi ***-***-**-** saylı nömrəyə “Eman” tətbiqi vasitəsi ilə 200 manat pulu göndərmişdir. Həmin gün, yəni 27 avqust 2023-cü il tarixdə saat 19 radələrində Arzu vatsap vasitəsi ilə məkan ataraq narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin atdığı məkanda olduğunu demişdir. O, mobil telefona baxmış və məkan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Aygün Molun” yaxınlığı olmuşdur. Gedib Arzunun ona onlayn qaydada satdığı 1 ədəd sellofan torbacığın içərisində bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini daşın altından götürmüşdür. Əvvəlcədən evdən götürdüyü 1 ədəd kağız bükümdə olan limon duzunu da həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan torbacığa qoyub əynində olan boz rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. 27 avqust 2023-cü il tarixdə saat 22 radələrində taksi ilə Bakı şəhərində avtovağzaldan Şəki şəhərinə yola düşmüşdür. 28 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində Hacıqabul şəhər ərazisində kafenin qarşısında taksi saxlamış və orada olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişdirlər. Polis Şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək video-çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd sellofan torbacığı təqdim edərək həmin torbacığın içərisində 2 ədəd bükümlərdə narkotik vasitə heroin, 2 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və 1 ədəd kağız bükümdə limon duzunun olduğunu bildirmişdir. Qeyd etmişdir ki, üzərindən aşkar edilən narkotik vasitə heroinləri və psixotrop maddə metamfetaminləri 27 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində İİR vətəndaşı Arzu adlı şəxsdən onlayn qaydada 200 manat pul müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Aygün Molun” yaxınlığında daşın altından götürmüşdür. Təqsirləndirilən şəxs qismində vermiş olduğu əlavə ifadəsində isə aşkar edilmiş telefon danışıqlarına münasibətdə isə bildirmişdir ki, “narkotik vasitə və psixotrop maddələri mənə gec çatdırdığı üçün mən Arzunu tələsdirmək məqsədi ilə belə ifadələr səsləndirmişəm, bundan başqa 1-2 dəfə aldığım narkotik vasitə və psixotrop maddələrdən tanımadığım şəxslərə satmışam”. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsində göstərilənləri təsdiq etdiyini, sadəcə həmin predmetləri satış məqsədilə əldə etmədiyini bildirmiş, verilmiş suallara cavab olaraq ona məxsus mobil telefonda aşkar edilmiş “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İİR mobil telefon operatoruna məxsus nömrə ilə aparılmış mətn və səsli danışıqlarına münasibətdə isə sifariş etdiyi narkotik vasitələrin gecikməməsi, bəzən göndərdiyi pulun batması, elə etməsə ona narkotik vasitə verməməsi, həmin şəxsi şirinikləşdirmək və narkotik almaq məqsədilə danışdığını bildirmiş, himayəsində iki övladının olduğunu, böyük səhvə yol verdiyini, aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsinə baxmayaraq, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə 28 avqust 2023-cü il tarixdə “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Bakı-Qazax avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində əməliyyat tədbirini qurmuşdular. 28 avqust 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Bakı-Qazax avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yolun kənarında dayanmasını görmüşdülər. Həmin vaxt o, maşından yerdə olmuş, sərnişin qismində gedirmiş. Bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısının xidməti otağında müdafiəçinin iştirakı ilə video-çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbacığı təqdim edərək, həmin torbanın içərisində 5 ədəd bükümlər olduğunu, 2 ədəd bükümlərin içərisində psixotrop maddə metamfetamin, digər 2 ədəd bükümlərin içərisində narkotik vasitə heroin və 1 ədəd bükümün içərisində isə limon duzunun olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İİR vətəndaşı olan Arzu adlı şəxsdən onlayn qaydada 200 manat pul göndərdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Aygün Mall” adlanan yerin yaxınlığında daşın altından əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Hacıqabul RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Hacıqabul RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 01:30 dəqiqədən faktiki olaraq azadlığı məhdudlaşdırılmış hesab edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 23-24) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd sellofan torbacığın içindən beş ədəd bükümlərdən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər, iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd bükümdə isə ağ rəngli kütlə, şalvarının sol cibindən isə bir ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 26-29) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/852 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan torbacığın içərisində 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,253 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,129 qram, ümumi çəkisi 3,382 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin torbacığın içərisində 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,266 qram, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,827 qram, ümumilikdə təmiz çəkisi 4,093 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,308 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Heroinin ümumi təmiz çəkisi 3,382 qr, tədqiqata sərf edildi-0,1 qr, qalıq 3,282 qr. Metamfetamin ümumi çəkisi 4,093 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 3,993 qr, ağ rəngli maddənin təmiz çəkisi 0,308 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,258 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 34-37) İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(071)-79/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 68-71) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 106) İşdə olan, Şəki Rayon Mərkəzi xəstəxanası X4 daxil olan 14 sentyabr 2023-cü il tarixli, 18-1-71/2-700/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Şəki rayon Mərkəzi Xəstəxanası” X6 Poliklinika şöbəsinin Narkologiya kabinetində F-19.24 “Narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyata alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs “Şəki rayon Mərkəzi Xəstəxanası” X6 Poliklinika şöbəsinin Psixiatriya kabinetinə müraciət etməmiş və qeydiyyata alınmamışdır. (c İ, i.v 107) İşdə olan, xx.xx.2023-cü il tarixli Şəki ŞİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından, 2009-cu il təvəllüdlü və 2003-cü il təvəllüdlü uşaqlarından ibarətdir. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 123-124) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,282 qram qalmış narkotik vasitə heroin, 3,993 qram qalmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Hacıqabul Rayon Polis Şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 127-128) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Samsung A20s” markalı mobil telefonunda İran İslam Respublikasına məxsus +**********15 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilən zaman 26 avqust 2023-cü tarixdə saat 22:32 dəqiqədə “Bir onu bilirəm ki, Arzu saba günorta ikidə uzanacax olacax beş altı sora olacax axşam nəbilim ey canun sağolsun vallah yəni mən hər dəfəsində bir ziyannığım olmalıdıda hər dəfə bir ziyannığım kiminsə yanında biyabır olmalıyamda mən vallah” (səs qeydi – 25 saniyə), 27 avqust 2023-cü il tarixdə saat 12:37 dəqiqədə “Özümnən ötrü götürürəm aparıram ala yəni kiməsə götümürəm haa mən özüm payliyiciyam maa bi söz denə yəni axşamada götürə biliciyəm mən yenə elə buları mən götürən kimi 10 dənəni götürdüyümnən, yəni malı verirəm qutarır ma bidə lazımdı, yəni ən tez nə vağa ata bilər” (səs qeydi – 21 saniyə), 27 avqust 2023-cü il tarixdə saat 12:38 dəqiqədə “5 dənə kola 5 dənə patı bağladarsan Arzu sora ikinci partiya yəni mən dəqiq bilimdə niyə görə, yəni mən 5 kola 5 patını götürən kimi dimirəm məni gözdüyüllər aparıb verirəm vəssalam sora qalıram yəni bomboşda ona görə deyirəm ki sa qurban ikinci partiya dəqiq mal olasıdı yoxsa birinci partiya yəni naxadıdıda naxadı başa düşdün ona görə mal pul şey mal lazımdı qurban olum sa” (səs qeydi – 35 saniyə), 27 avqust 2023-cü il tarixdə saat 14:08 dəqiqədə “Bildim ama 100 faiz atasıdıda Arzu hə dəqiq 2 saat olsun fərqi nədiki yani indi onsuzda saat yarım demişdi Suraxanıya getmək saat yarımdı fərqi nədiki sən diyənə çıxım baş üsdə ama səni Allaha and verəm atasıdı dəqiq bu gün günortaya axşama qalmasın ha camaat gözdiyir ona görə deyirəm” (səs qeydi – 23 saniyə), 27 avqust 2023-cü il tarixdə saat 14:10 dəqiqədə “Hə yaxşı tamam heşnədə gözdiyirəmdə qoy bun götürüm birinci götürüm verim ki, ikincində pulun vurum bağlasında yaxşı, da sənnən xəbər gözdürəm Allaha and verirəm nə qədər tez eliyə bilsən o qədər yaxşı olar qurban sənə”, 27 avqust 2023-cü il tarixdə saat 15:26 dəqiqədə “Arzu sən bidən maraxlana bilərsən təxminən nə vaxta bi saat yarəm keçib keçməyinə prosta sən bidən maraxlanda təxminən nə vaxta şeylirəm qurban sənə bayax demişdinki 2 saata həll olunacax sən atan səs saat yarım demişdi ee məndə camaata 2 saat demişəm ona görə 2 saat sora konum atacaxlar 2 saat sora qurban sənə bidən maraxlan xəbər ver bi kəlmə denən da, məndə camaata deyim, səsim batıb mən bağışda belə danışıram səsim batıb” (səs qeydi – 45 saniyə), 27 avqust 2023-cü il tarixdə 16:37 dəqiqədə “Arzu indi ma zəng vurullar bezdiriblər ee Allaha and olsun ə nolar saa qurban olum bidən saa mesaj yazdım ee o zakazlar çoxdu diyəndə o zakazların içində mənimdə zakazım var yoxsa bizi heç adam yerinə qoyan yoxdu, o həmən zakazın içində məndə malım oların içindədi?” (səs qeydi – 23 saniyə), 27 avqust 2023-cü il tarixdə 16:51 dəqiqədə “Bisən dünənnən bu tərəfəyə saxladı Arzu dünənnən axı dimirəm gecə olarnan danışdım dedi gözdüyürlər axı gecə düzəlmədi allah and olsun sabax saat 2–yə yüzdə yüz düzələsididə saat 2-də oldu 5, indidə da zəng vurullar ki, sən bizi fırladırsan mən səs axı atdım sə səs atmışdın e ma saat yarıma ol Suraxanıda dalıncada deyildiki zakaz çoxdu zakaz çoxdu, yəni mənim dediyim odu ki, həmən o zakaz biz özümüzdə zakazıxda belə pis çıxmasın yəni həmən zakazın içindədi bizim zakazdarımızda uje zəh vurub durullar ma başa düşdün yalançı çıxıramda ay Arzu yalançı çıxmaxdan mən zəhləm gedir qurban olum sa mən sa o qədər inanıram özün bisən yer göy qədər inanıram” (səs qeydi – 56 saniyə), 27 avqust 2023-cü il tarixdə 16:52 dəqiqədə “Sənin qədər klentdərin güdən klentdərin çox istiyən insan mən görməmişəm vallah ama belə pis çıxmasın olarda bizim klentdərimizdi bizdə oları güdməliyixda qurban sə bildin, yəni sənnən sora bizux, bizdən sorada axı varda gözdiyənlər var qala bilməyən düzgün başa düş, hər dəfə bismillah eliyib məsələn bularnan mən işə başlayana hələ 10 dənən qutaran kimi 10 dənəyədə bi zakazım var bildin, olarıda gözlədirəm nolar xayiş elirəm Arzu həblə nağarsan elə bidən birəz tezləşdirdə gör dünənnən bu yerə qədər mən gözləmişəm qurban olum sa didin 2 saat gözlə xəbər elirəm məndə gözlədim bidənə ma tezləşdir gedim götürüm qabağında ölüm” (səs qeydi – 50 saniyə), və 27 avqust 2023-cü il tarixdə 16:54 dəqiqədə “10 dənə kola 5 dənə patı yəni hələ onada söz vermişəm bunnan sorada onu bağladacam inşallah bunu götürüm ki, pulun vurum 10 dənə kola 5 ədənə patında pulun onu götürümdə” kimi səs qeydinin olması müəyyən edilmişdir. (c İ, i.v 131-141) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd qara rəngli “Samsung A20s”” markalı **********85214 və **********85212 imei kodlu mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Hacıqabul rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. (c İ, i.v 142-143) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli, 6539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 146-147) İşdə olan, Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 2947 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, hövsələsizlik, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (c İ, i.v 148-151) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır, telefon danışığı məlumatlarındakı danışıqları isə yalnız istifadəsi üçün narkotik vasitə əldə etmək üçün olmuşdur. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla, daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlamaqla daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 26 dəfə) çox, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 27 dəfə) çox, külli miqdarın aşağı həddindən isə təxminən 2 dəfə çox olub külli miqdar təşkil etməsi, həmin maddələrin iki növdə olmaqla, ümumilikdə dörd ədəd bükümlərə bölünməsi, narkotik vasitə və psixotrop maddənin alqı-satqısına dəlalət edən yuxarıda sadalanmış çoxsaylı telefon danışıqları məlumatlarının olması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələr və psixotorop maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz qabaqcadan əlbir olan bir qrup şəxs haldında satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının və yetkinlik yaşına çatmayan bir uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 28 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun “Şəki rayon Mərkəzi Xəstəxanası” X6 Poliklinika şöbəsinin Narkologiya kabinetində F- 19.24 “Narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,282 qram narkotik vasitə heroin, 3,993 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş ) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,282 qram narkotik vasitə heroin, 3,993 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar