Məhkəmə qərarları › İş №1(099)-294/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-294/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-294/2023 01.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə ümumi təmiz çəkisi 428,124 qram olan külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 87 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq iki ədəd polietilen torba içərisində yaşadığı Sabirabad şəhəri Təbriz küçəsi ev 3 ünvanında saxlamış, 27 oktyabr 2022-ci il tarixdə narkotik vasitə heroinin 0,124 qram çəkidə olan hissəsini bir ədəd kağız bükümdə qablaşdırılmış halda 40 manata yaşadığı həmin ünvanda ünvan 3kini Şahid10 qanunsuz olaraq satmış, həmin tarixdə saat 23 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman, evin zirzəmisində bir ədəd polietilen torbada təmiz çəkisi 428 qram olan narkotik vasitə heroin və bir ədəd polietilen torbada təmiz çəkisi 87 qram olan psixotrop maddə metamfetamin, eləcə də həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı zamanı istifadə etdiyi bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, məhkəməyədək icraat zamanı iş üzrə ifadələr verdiyini, həmin ifadələrini tam təsdiq etdiyini, məhkəmədə ifadə vermək istəmədiyini bildirmiş, əməlindən peşman olduğunu, ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2-3 il olar ki, narkotik vasitələrdən istifadə edir. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, tutulmamışdan təxminən bir ay bundan əvvəl yaşadığı evin yaxınlığında gəzən zaman, yolun kənarında yerləşən daşın yanında sellofan torba görmüşdür. Sellofan torbanı açmış və içərisində bir ədəd sellofan torbada heroin, bir ədəd sellofan torbada metamfetamin olduğunu görmüşdür. O da həmin narkotik vasitələrdən istifadə etdiyi üçün, içərisində narkotik vasitələr olan həmin sellofan torbanı götürüb evlərinə gəlmişdir. Evə gəldikdən sonra həmin narkotik vasitələri yaşadığı evin həyətindəki zirzəmidə gizlətmişdir. Hər gün həmin narkotikdən istifadə edib, yenə də yerinə qoymuşdur. 27 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində zirzəmidəki narkotik vasitə heroindən bir qədər götürüb bir ədəd kağız bükümə qablaşdırıb ürəyi istəyəndə istifadə etsin deyə cibinə qoymuş və hava almaq üçün küçəyə çıxmışdır. Hava alan zaman tanışı Şahid7 görmüşdür. Şahid7 ona ağrıları olduğundan narkotik vasitə heroin lazım olduğunu demişdir. O da Fikrətə narkotikinin olmadığını demişdir. Həmin vaxt o, Fikrətdən nə qədər pulunun olduğunu soruşmuş, Fikrət də ona 40 manat pulu olduğunu demişdir. O da Fikrətə bir daha narkotikinin olmadığını, lakin üzərində bir büküm heroin olduğunu, həmin bükümü verə biləcəyini demişdir. Fikrət də razılaşdıqdan sonra, cibindəki bir ədəd kağız bükümdə olan heroini Fikrətə vermiş, Fikrət də bunun müqabilində ona 40 manat pul vermişdir. 27 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində evdə olarkən polis əməkdaşları yaşadığı evin həyətinə gəlib ona həyətyanı sahədə narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, buna görə də həyətyanı sahəyə və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşları tərəfindən baxış keçirilən zaman iki nəfər şəxs də hal şahidi kimi iştirak etmişdir. Polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış zamanı, həyətyanı sahədə, evin altında olan zirzəmidə saxladığı narkotik vasitə heroin, şüşə deyilən metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bir ədəd sellofan torbadakı heroin və bir ədəd sellofan torbadakı metamfetamin qabalaşdırılaraq götürülmüşdür. Aşkar edilənlərlə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzalarla təsdiq etmişlər. O, ifadəsində həyətyanı sahədəki zirzəmidə saxladığı narkotik tərkibli kütlələrdən heç kimin məlumatının olmadığını, həmin narkotikləri özü istifadə etmək məqsədilə saxladığını, narkotik vasitə heroin və metamfetamindən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə birinci dəfə idi ki, tanışı Şahid7 40 manata narkotik vasitə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərmişdir ki, Samiri tanıyır, ondan heç vaxt narkotik vasitə almamışdır. Samiri bazarda meyvə-tərəvəz alverçisi kimi bilir. Onu üzərindən narkotik vasitə çıxdığına görə həbs ediblər. Həmin narkotik vasitəni tapmışdır və Rəşad Məmmədova da vermişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 7-8 il olar ki, narkotik vasitələrdən istifadə edir. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Sabirabad şəhərində köhnə xəstəxana deyilən yerin yanında kauçuk və dəmir yığan zaman, tanışı Sabirabad rayonu Qalaqayın kənd sakini Rəşad Məmmədovu görmüşdür. Rəşad ona yaxınlaşıb narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş və 30 manat pulu olduğunu bildirmişdir. O da Rəşada 10 manat pulu olduğunu və bir nəfər olduğunu, ondan ala biləcəyini demişdir. Rəşaddan 30 manatı alıb Sabirabad şəhəri Təbriz küçəsində yaşayan Təqsirləndirilən şəxs evlərinin qarşısına gəlmişdir. Samir özü həyət darvazalarının qarşısında dayanmışdır. O, Samirlə danışmırmış, lakin ağrıları olduğuna görə Samirə yaxınlaşmış və ağırlarının olduğunu, heroin lazım olduğunu demişdir. Samir də narkotiki olmadığını, lakin cibində bir bükümdə heroin olduğunu, həmin narkotiki ona verə biləcəyini demişdir. O da razılaşmış və Samir cibindəki bir ədəd bükümdə heroini ona vermişdir. O da bunun müqabilində Samirə 40 manat pul vermişdir. Daha sonra yenidən köhnə xəstəxananın yanına qayıtmış və Samirin ona verdiyi bir ədəd bükümdə heroini Rəşadın yanında iki yerə bölmüşdür. Böldüyü bir ədəd bükümdə heroini özündə saxlamış, digər bükümü isə Rəşada verib oradan uzaqlaşmışdır. Özündə olan narkotiki əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Həmin gün saat 22 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində olan zaman, bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmişlər və onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş iki nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Samirdən aldığı bir ədəd bükümdə narkotik vasitə heroini Rəşadın yanında iki yerə bölmüş və bir-birindən ayrılmışlar. İfadəsi elan olunduqdan sonra Şahid10 həmin ifadəsini təsdiq etmədiyini, həmin ifadəsini oxumadığını, savadının olmadığını bildirdi. Lakin verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs Şahid7 dediklərini təkzib edərək bildirmişdir ki, saxlanılmamışdan əvvəl bir dəfə Şahid7 narkotik vasitə pay vermiş, ola bilər ki, Fikrət saxlanılan zaman da həmin narkotik vasitə ondan aşkarlanıb. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 oktyabr 2022-ci il tarixdə daxil olmuş məlumat əsasında raportla RPŞ-nin rəisinə məruzə edərək X3 üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Sonra həmin tarixdə tərəfindən Rəşad Abdullayevin ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və X5 rayon ərazisində saxlanılıb Sabirabad RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Rəşad Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Rəşad Məmmədov üzərində aşkar edilərək götürülmüş kütləni tanışı Şahid10 aldığını bildirmiş, ona görə də şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Şahid7 saxlanılıb Sabirabad RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Araşdırma zamanı Şahid7 də üzərindən aşkar edilərək götürülmüş narkotik tərkibli kütləni tanışı Təqsirləndirilən şəxs aldığını bildirmiş, ona görə də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs RPŞ-yə daxil olmuş məlumat haqqında məlumat verilmiş və ona görə də yaşıdığı evə, evin həyətinə və həyətindəki yarımtikililərə baxış keçirilməsinin vacib olduğu bildirilmişdir. Baxış keçirilməzdən əvvəl 2 hal şahidi dəvət olunmuş və Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Daha sonra baxış iştirakçıları ilə birlikdə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən, bir ədəd sellofan torba içərisində saxladığı bir ədəd polietilen torbada narkotik vasitə heroin, bir ədəd polietilen torbada psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli kütlələr qablaşrırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahidlər Şahid4, Şahid5 və Şahid6 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, Sabirabad şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Polis əməkdaşları tərəfindən Sabirabad rayonunda yaşayan bir nəfər şəxsin yaşadığı evə, həyətinə və həyətində olan yarımtikililərə baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak etməsi xahiş edilmiş, o da razılaşmışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını sonradan bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə gəlmişlər və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak etmişdir. Baxış keçirilməsində ondan başqa bir nəfər də hal şahidi və polis əməkdaşları da iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən bir ədəd sellofan torbada heroin, bir ədəd sellofan torbada şüşə (metamfetamin) və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik tərkibli kütlələri polis əməkdaşları qabalaşdırıb götürmüşlər. Məhkəmə iclasında Şahid9 Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, X3 üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, X3 ətrafında təxirə salınmadan müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 18) İşdə olan, 27 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması” haqqında protokoldan və fotocədvəldən görünür ki, X3 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki pencəyin üst cibindən bir ədəd kağız büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 21-24) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid10 həmin tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 37) İşdə olan, 27 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması” haqqında protokoldan və fotocədvəldən görünür ki, Şahid10 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd kağız büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 41-44) İşdə olan, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şahid10 üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüş narkotik vasitə heroini, sonuncu Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 47) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, yaşadığı evə, həyətyanı sahəyə və həyətdəki yarımtikililərə baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c İ, i.v 48) İşdə olan, 27 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan və fotocədvəldən görünür ki, 27 oktyabr 2022-ci il tarixdə Sabirabad şəhər Təbriz küçəsi ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman, yaşadığı evin həyətindəki zirzəmidə saxladığı bir ədəd polietilen torbada narkotik vasitə heroinə oxşar, bir ədəd polietilen torbada psixotrop maddə metamfetaminə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 49-53) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 62) İşdə olan, Materialların məhkəmə ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 18/1166 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində : “...X3 üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,060 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təhqiqata sərf edildi 0,03 qram, qalıq 0,030 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 75-77) İşdə olan, Materialların məhkəmə ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 18/1168 №-li rəyin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində : “...Şahid10 üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,064 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təhqiqata sərf edildi 0,03 qram, qalıq 0,034 qram. (c İ, i.v 82) İşdə olan, Materialların məhkəmə ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 18/1167 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində : “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki zirzəmidən...” sözləri yazılmış kağız paketdə 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 428,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 87 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki zirzəmidən aşkar edilərək götürülmüş bir ədəd polietilen torbadakı narkotik vasitə heroin ilə X3 və Şahid10 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. Təhqiqata sərf edildi 0,1 qram, qalıq 427,90 qram heroin, təhqiqata sərf edildi 0,1 qram, qalıq 86,90 qram metamfetamin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 83-86) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(056)-103/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 140-142) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 152) İşdə olan, Sabirabad RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X6 şəhəri, Təbriz küçəsi, 3 nömrəli evdə yaşayır. Ailə tərkibi aravdı və qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 160-161) İşdə olan, xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, cinayət işinin materiallarından Şahid10 barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilməsi, ayrılan cinayət işinə bəzi sənədlərin əsli bəzi sənədlərin isə surəti əlavə olunmuş və ayrılan cinayət işi ********* statistik nömrə ilə qeydə alınmışdır. (c İ, i.v 191-192) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli 7906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 193-194 İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 0,030 qram narkotik vasitə olan heroin, Şahid10 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkisi 0,034 qram qalmış narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkisi 427,90 qram qalmış narkotik vasitə heroin və tədqiqatdan sonra çəkisi 86,90 qram qalmış psixotrop maddə metamfetamin, bundan əlavə bir ədəd elektron tərəzi maddi sübut kimi hesab edilmiş və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti RPŞ-yə verilmişdir. (c İ, i.v 200-209) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)-263/2023 nömrəli qərarından görünür ki, X1 Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN 16421277 nömrəli inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinmiş və 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. (c İİ, i.v 46-47) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Belə ki, işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələrlə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təqsirləndirlən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi etirafedici ifadələrində, eləcədə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid9 və məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq edilmiş Şahid7 ifadəsi ilə sonuncuya Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə satılması ilə bağlı onun bildirdikləri, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (heroinin təxminən 2853 dəfə) çox olub külli miqdar təşkil etməsi, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 580 dəfə) çox olub külli miqdar təşkil etməsi, narkotik vasitə və psixotrop maddə ilə yanaşı elektron tərəzinin aşkar edilməsi, kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələrin satışı ilə məşğul olmuş, habelə o, yaşadığı evin zirzəmisindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmiş, saxlamış və daşımış, 0,124 qram narkotik vasitə heroini isə Şahid7 40 manat müqabilində satmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, daşıması və satması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Bundan başqa məhkəmə şahid qismində ifadə vermiş Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almaması), ondan aşkar edilmiş narkotik vasitə heroinin Təqsirləndirilən şəxs aşkar edilmiş heroinlə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni təkibli olması ilə bağlı xx.xx.2022-ci il tarixli, 18/1167 nömrəli ekspert rəyi, eləcədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələri ilə təkzib edildiyindən sübut kimi qəbul etmir. Bununla yanaşı iş üzrə Şahid10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tətqiq edilmiş ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş üzrə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4cü maddəsinə, törətmiş olduğu əməlini etiraf edib, səmimi peşman olması isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi etdiyi narkotik vasitə heroindən 0,124 qram hissəsini bir ədəd bükümdə olmaqla Şahid7 40 manat qarşılığında faktiki satmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 27 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xx.xx.2022-ci il tarixli 7906 saylı ambulator məcburi narkoloji tibbi yoxlamının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,030 qram, 0,034 qram, 427,90 qram narkotik vasitə heroinlər, 86,90 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 81,69 (səksən bir manat, altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid10 barəsində cinayət işi ayrılaraq ayrıca icraata qəbul edildiyindən, sonuncudan aşkar edilmiş narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza xərci olan 49,74 manat hazırki iş üzrə Təqsirləndirilən şəxs tutulmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,030 qram, 0,034 qram, 427,90 qram narkotik vasitə heroinlər və 86,90 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-81,69 (səksən bir manat, altmış doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar