Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-294/2024 20.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 11 avqust 1993-cü ildə Neftçala rayonu, Mirzəqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Mirzəqurbanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsi olmayan fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxslə danışaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla cinayətə aidiyyəti olmayan taksi fəaliyyəti ilə məşğul olan Şahid4 etibarnamə əsasında idarə etdiyi “Opel Corsa minik” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu ərazisinə daşımış, 01 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı- Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən Nəvahi kəndi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 720 saylı stasionar postunda saxlanılaraq avtomobillə birlikdə Hacıqabul RPŞ-yə aparılmış, onun iştirakı ilə sərnişin qismində əyləşdiyi “Opel Corsa minik” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılarkən onun məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 1400,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 44,018 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əyləşdiyi oturacağın ayaqaltı hissəsində olan ona məxsus bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamanın içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «İnstagram» sosial şəbəkəsi vasitəsilə Nasir adında tanımadığı iranlı ilə tanış olmuşdur. Nasir ona Hacıqabul rayonunda deyəcəyi yerdən bağlamanı götürüb onun Bakı şəhərinə aparmağı demiş və bunun qarşılığında ona ***-**** manat arası pul təklif etmişdir. Bağlamanı iranlının dediyi yerə çatdırdıqdan sonra pulu iranlı onun göndərdiyi karta atacaq idi. Pula ehtiyacı olduğundan iranlının təklifi ilə razılaşmışdır. 01 sentyabr 2023-cü il tarixdə Nasir ona Hacıqabul rayonu ərazisində magistral yolun kənarında yerləşən “Qədirxum” adlanan restoranın qarşısına gəlməsini bildirmiş, o, Nasirin dediyi kimi Bakı şəhərindən çıxıb tanımadığı yol maşını ilə Hacıqabul rayonunda yerləşən “Qədirxum” restoranın qarşısına gəlmişdir. Bundan sonra iranlının ona “vhatsapp” vasitəsilə atdığı məkana getmək üçün başqa taksiyə oturmuş və “Mollahəsənli” yazılan lövhənin altından iranlının dediyi bağlamanı götürmüşdür. Bağlamanı götürüb Bakı istiqamətinə getmək üçün magistral yolda tanımadığı bir taksiyə minmiş və Nəvahi postunda polis əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə aparılmışdır. Bağlamada narkotik olduğundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, heç kimə narkotik satmamışdır. Əvvəllər marixuanadan istifadə etmiş, heroin və metamfetamindən istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən şöbədə ona qarşı zor tətbiq olunmamışdır. Maşının sürücüsü Elvini və maşında olan sərnişin Rövşəni əvvəllər tanımamışdır, birinci dəfə idi ki, onları görürdü. Onların bağlamadan məlumatları olmamışdır. Bakı şəhərinə getmək üçün 5 manat verəcək idi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, həmin ifadələrində o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Nasir adlı iranlının ona göndərdiyi bağlamada narkotik vasitənin olduğunu bilmişdir. Bağlamanı Hacıqabul rayonu ərazisindən götürdükdən sonra Bakı şəhərinə getmək üçün tanımadığı Opel markalı maşına minmiş, həmin maşın Nəvahi postunda saxlanılmış və Hacıqabul RPŞ-yə aparılmışlar. Maşında aşkar olunan ayrı-ayrı bağlamalara keçirilən baxış zamanı bir bağlamada 1442 qram heroinin, digərində isə 50 qram metamfetaminin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində məhz 1000 manat pulun müqabilində həmin bağlamanı Hacıqabul rayonunun ərazisindən götürüb Bakı şəhərinə çatdırmalı olduğunu israrla etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlər, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Məlum olmuşdur ki, Cavid Hacıqabul rayonu istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkət edən “Opel” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişindir. Dərhal polis əməkdaşları ilə birlikdə BDYP-nın Nəvahi postuna yollanmışlar. Həmin günü saat 20 radələrində Cavidin sərnişin qismində olduğu “Opel” markalı avtomobil Nəvahi postunda saxlanılmış, Elvin adında sürücü, maşında olan Cavid adında sərnişin və digər sərnişinlər Hacıqabul RPŞ-yə aparılmışlar. Maşını Elvin özü idarə etmişdir. Şöbədə avtomobilə baxış keçirilmiş, Cavid avtomobilin arxa oturacağın ayaq alt hissəsində olan polietilen paket torbanı təqdim etmiş və bağlamanın özünə məxsus olduğunu etiraf etmişdir. Bağlamaya baxış keçirlərkən içərisində 1442 qram heroin və 50 qram metamfetamin aşkar olunmuşdur. Bundan sonra Cavid mobil telefonunu təqdim etmiş, həmin telefonda Cavidin iranlı ilə narkotik vasitə ilə bağlı aralarında olan səsli mesajları dinləmişdir. Şifahi sorğu zamanı Cavid bildirmişdir ki, iranlı ilə aralarında olan razılaşmaya əsas pulun müqabilində həmin bağlamanı Bakı şəhərinə çatdırmalı idi, narkotikdən avtomobilin sürücüsünün və sərnişinlərin məlumatları olmamışdır. Bundan sonra avtomobilin sürücüsü və sərnişinlər sərbəst buraxılmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023 tarixdə axşam saatlarında dostu və qonşusu olan Şahid6la idarə etdiyi “Opel Corsa” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonundan Bakı şəhərinə qayıdarkən Hacıqabul rayonunda “Karvan” adlanan restoranın yaxınlığında yolun kənarında dayanan, əlində polietilen torba olan, adının sonradan Cavid olduğunu öyrənən sərnişini 5 AZN pul müqabilində Bakıya aparmaq üçün razılaşmışdır. Maşın Hacıqabul rayonun Nəvahi postunda polis əməkdaşları tərəfindən saxlanılmış, Cavid adlı sərnişinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlar Hacıqabul RPŞ –yə aparılmışlar. Avtomobili özü idarə etmişdir. Şöbənin həyətində avtomobilə Cavidin və onların iştirakı ilə baxış keçirilmiş və Cavidin arxada əyləşdiyi tərəfdə ayaqaltında içərisində narkotik olan torba aşkar edilmişdir. Cavid həmin narkotikin özünə məxsus olduğunu etiraf etmişdir. Həmin narkotikdən məlumatsızdır. Cavidi yalnız sərnişin qismində yoldan götürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Teyfur oğlu Şahid4 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan materialların məhkəmə ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 18/868 nömrəli rəyinə əsasən “...Təqsirləndirilən şəxs məxsus... avtomobildən təqdim etdiyi..." sözləri yazılmış və imzalar olan polietilen torbadakı: -1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 1400,0qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi- 44,018qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 2646 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir PSİXİ XƏSTƏLİKDƏN əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır, hadisə baş verən zaman emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 6899 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli «baxış və götürmə haqqında» protokoldan görünür ki, Şahid4 idarə etdiyi «Opel Corsa» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Təqsirləndirilən şəxs məxsus 1442 qram heroin və 50 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. İşdə olan 15 sentyabr 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalan 43,968 qram psixotrop maddə metamfetamin və 1399,9 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-yə təhvil verilmiş, avtomobilə baxış keçirilməsi haqqında disk isə cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində saxladığı bağlamanın içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olmasından məlumatının olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunan bağlamada külli miqdarda heroinin və metamfetaminin olmasından məlumatsız olması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, videoçəkilişlə avtomobilə baxış keçirmə haqqında protokolla və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə avtomobildə olan bağlamanı təqdim edir. Bağlamada narkotikin və ya psixotrop maddənin olmasından məlumatının olmaması ilə bağlı hər hansı bir dəlillər irəli sürmür, əksinə hadisənin mexanizmi ilə bağlı məntiqli və ardıcıl izah verir. Təqsirləndirilən şəxsin bağlamada narkotik vasitələrin olmasından məlumatsız olması ilə bağlı məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs bağlamada narkotik vasitənin olmasından əvvəlcədən məlumatının olması ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertizanın rəylərini, «baxış keçirmə və götürmə aparılması» haqqında protokolu, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin bağlamada narkotikin olmasından məlumatsız olduğuna dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Bununla da, təqsirləndirilən şəxsin üzərində külli miqdarda heroinin və metamfetaminin aşkar edilməsi Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir Neftçala rayonu Mirzəqurbanlı kəndində yaşamadığı üçün barəsində geniş məlumat vemək mümkün deyildir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Hacıqabul Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 1 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Hacıqabul RPŞ-də saxlanılan 1399,9 qram narkotik vasitə heroin və 43,968 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 1 sentyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Hacıqabul RPŞ-də saxlanılan 1399,9 qram narkotik vasitə heroin və 43,968 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-294/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-294/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver