Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-295/2024 13.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" QSC-nin Hacıqabul stansiyasında qatar konduktoru işləmiş, məhkum olunmamış, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi 52 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, 02 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 4(071)-95/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq külli miqdar psixotrop maddə metamfetamini və narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, M.F.Axundov küçəsinə daşımış, 02 oktyabr 2023cü il tarixdə saat 15:10 dəqiqədə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman külli miqdarda-2,430 qram ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,434 qram çəkidə qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan göy rəngli şalvarının sol yan cibində gizlətdiyi bir ədəd kibrit qutusunun içərsində 02 ədəd politelin bükümlərinin içərsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham ilə özünü təqsirli bilmədiyini, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə səhər vaxtı məhəllədə oturan zaman polis əməkdaşları gəlib onu saxlamışlar, orada hansı səbəbdən oturduğunu soruşmuşlar, o isə məhəlləsi olduğu üçün oturduğunu demişdir. Polis əməkdaşları onu saxlayan zaman üstündə kibrit qutusu olmuş, kibrit qutusunun içində limon duzu ilə «puzerok» olmuşdur. Hacıqabul Rayon Polis Şöbəsinə aparıldıqdan sonra üzərindən 2,430 qram psixotrop maddə metamfetamin və 0,434 qram narkotik vasitə heroin çıxarmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, RPŞ-yə aparılan zaman üzərində olan «puzerok» içində narkotik vasitə olmamışdır. «Puzerok»u gizlədəcəkdir, çünki arada həmin «puzerok»dan istifadə etməklə narkotik vasitə qəbul etmiş, saxlanılan zaman üzərində şpiris olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişdə də demiş, həmin vaxtı limon duzunun içinə metamfetamin yığılmasından xəbərsiz olmuşdur. Videoçəkilişdə kibrit qutusunun özünün olmasını soruşmuşlar, o da kibrit qutusunun özünün olmasını təsdiq etmişdir. Polislər onu saxlayanda üzərində heroin və metamfetamin olmamış, ona fiziki təsir göstərərək onu döymüşlər. Ancaq bədəni üzərində heç bir xəsarət qalmamışdır. Şahid1 onu saxlamamış, ancaq üzərində şəxsi axtarış istintaq hərəkəti icra edən zaman Şahid1 iştirak etmişdir. Onu serjantlar Farid və Cavid saxlamışlar. Şahid1 üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymamışdır. Saxlanıldığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsi ilə RPŞ-i arasında məsafə çox azdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, 2 ildir ki, narkotik vasitə və psixotrop maddə metamfetamin qəbud edir. 02 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb Hacıqabul şəhəri, M.F.Axundov küçəsi ilə gəzən zaman yerdə daş parçasını qaldıran vaxtı orada kibrit qutusunu görmüş, kibrit qutusunu açdıqda içərsində 2 ədəd sellofan bükümdə birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olduğunu bilmiş, qəbul etmək üçün həmin bükümləri büküb yenidən kibrit qutusunun içərisinə qoymuş və kibrit qutusunu bağlayıb əynindəki göy rəngli cins şalvarının sağ qabaq cibinə qoyaraq evə getmək istəyərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən RPŞ-yə dəvət olunmuş, RPŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olubolmamasını soruşulmuş, o, da əynində olan göy rəngli şalvarının sağ ön cibində saxladığı bir ədəd kibrit qutusunun içərsində bir bükümdə narkotik vasitə heroini və bir bükümdə isə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə tərtib edilmş protokolun məzmunu ilə tanış olduqdan sonra protokol tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən döyüldüyündən psixotrop maddə metamfetamin və narkotik vasitə heroini yerdən tapdığını və cibində saxladığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitə istifadəçisi olduğunu, RPŞ-yə aparıldıqdan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, onu serjantlar Farid və Cavid saxladıqlarını, döyüldüyü üçün üzərinə qoyulmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin özünə məxsus olması barədə etirafedici ifadə verdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 02 oktyabr 2023-cü il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 15:10-da Hacıqabul RPŞ-nin İTBnin Xİ-ə baş inispektoru Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri, M.F.Axundov küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs RPŞ-yə dəvət olunmuş, RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə Kərim Maşıyein üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının sağ ön cibində saxladığı bir ədəd kibrit qutusunun içərsində bir bükümdə narkotik vasitə heroini və bir bükümdə isə psixotrop maddə metamfetamini təqdim etmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satması barədə məlumat daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. Bu barədə cinayət işinin materiallarında olan «raport»u yazmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olduğu üçün saxlanılmışdır. Təqsirləndirilən şəxs özü saxlamış, təqsirləndirilən şəxs bu barədə yalan ifadə vermişdir. RPŞ-də olan serjantlar, o cümlədən Farid və Cavid əməliyyat-axtarış tədbiri keçirə bilməzlər. Təqsirləndirilən şəxs saxlanılmasında Farid və Cavid serjantlar iştirak etməmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsi ilə RPŞ-i arasında məsafə azdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda-2,430 qram psixotrop maddə metamfetamini və 0,434 qram narkotik vasitə heroini əldə edərək daşıyıb özündə saxlaması, 02 oktyabr 2023-cü il tarixdə saat 15:10-da Hacıqabul RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə keçirilən zaman həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülməsi faktı ilə bağlı Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. (i.v. 1-45) -Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Hacıqabul RPŞ-nin rəisinə ünvanlanmış 02 oktyabr 2023-cü il tarixli «raport»dan görünür ki, Təqsirləndirilən şəxsın üzərində narkotik vasitə saxlaması və daşıması barədə məlumatın daxil olması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün ətrafında təxirəsalınmaz əməliyat-axtarış tədbirlərinin keçirilməsinin zəruri olması bildirilmişdir.(i.v. 3) -«Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur.(i.v. 4-5) -«şübhəli şəxsin tutulması haqqında» 02 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolda tutulmasının əsasları kimi Təqsirləndirilən şəxsın üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, bununla bağlı olaraq Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində polis şöbəsinin inzibati binasına gətirilməsi olmuşdur.(i.v. 26-27) -«şəxsi axtarış və götürmə haqqında» 02 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə keçirilən zamanı onun əynində olan göy rəngli şalvarının qabaq sol ön cibində bir ədəd kibrit qutusunun içərsində 2 ədəd politelin bükümlərinin içərsindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. RPŞ-yə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya qanunsuz hərəkət edilmədiyini bildirmişdir.(i.v. 30-32) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 03 oktyabr 2023-cü il tarixli, 18/966 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərində» sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda 01 ədəd bükümdə təmiz çəkisi-0,434 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-2,430 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə mateamfetamindir. Heroin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (1 siyahı). Metamfetamin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı1) daxildir.(i.v. 37-41) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 4(071)- 95/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 50-51, 64-67) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 21 oktyabr 2023-cü il tarixli, 6905 nömrəli rəyindən görünür ki, müayinə zaman Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 89-90) -«Hacıqabul Rayon Mərkəzi Xəstəxanası» X10 daxil olmuş 26 oktyabr 2023-cü il tarixli, 18-1-41/2-528/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir.(i.v.100) -«maddi sübut kimi tanımaq haqqında» 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi-0,384 qram narkotik vasitə heroin və ekspertizası tədqiqatından sonra qalıq çəkisi 2,330 qram psixotrop maddə mateamfetamin və 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və psixotrop maddə mateamfetamin saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş və 1 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir.(i.v.108-109) -«kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizası»nın 14 oktyabr 2023-cü il tarixli, 2875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlini faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakteril məcburi müaicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir dəyişiklik yarnmamışır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (i.v.112-115) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, döyülməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyataxtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə, heroin isə narkotik vasitə hesab edilir. Siyahılara əsasən metamfetamin və heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döydülməsi, üzərindən-cibindən çıxan psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə döyülməsi barədə hər hansı orqana müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman belə Təqsirləndirilən şəxs döyülməsi barədə məhkəməyə hər hansı bir məlmat verməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır.(i.v. 81-82) «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə təqsirləndirilən şəxs Kərim Maşyevin özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə dair niyyətinin satış deyil, həmin kütlələri yerdən taparaq götürdüyünü və özü istifadə etmək üçün cibində saxlaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroini satış məqsədilə əldə etməsini təstiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, M.F.Axundov küçəsinə daşımış, 02 oktyabr 2023-cü il tarixdə saat 15:10 dəqiqədə Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman təmiz çəkisi 2,430 qram ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini və 0,434 qram çəkidə qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan göy rəngli şalvarının sol yan cibində gizlətdiyi bir ədəd kibrit qutusunun içərsində 02 ədəd politelin bükümlərinin içərsindən aşkar edilərək götürülmüşdür. İş materiallarında Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 2,430 qram psixotrop maddə metamfetamini və 0,434 qram narkotik vasitə heroini isə onun satış məqsədi ilə saxlanmasını təstiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddələrin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,430 qram psixotrop maddə metamfetamini və 0,434 qram narkotik vasitə heroini o, əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Əməliyyat qrupuna rəhbərlik etmiş Şahid1 ifadəsində, daxil olmuş əməliyyat məlumatının məzmununun Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, saxlaması və gəzdirməsindən ibarət olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onda məlumat olmadığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 2,430 qram, narkotik vasitə heroinin 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 0,434 qram olması, -onun ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış deyil, yerdən taparaq istifadə etməsi üçün üzərində saxlaması və daşımasını göstərməsi, məhkəmə istintaqında narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmaması, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X3 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Barbera, Messegi və Cabardo İspaniyaya qarşı» və «Yanoseviç İsveçə qarşı» işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo prinsipi» tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Yanoseviç İsveçə qarşı» və «Falk Niderlanda qarşı» işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. «Ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 21 oktyabr 2023-cü il tarixli, 6905 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Əksinə həmin rəy Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini təsdiq edir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə mateamfetamini yerdən taparaq üzərində saxlaması, həmin kütlələrə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqın ilkin dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə heroin və psixotrop maddə mateamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.98-99) - Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 1792 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.F.Axundov küçəsi 52 saylı evdə yaşamış, ailəlidir, 06 avqust 2009-cu il təvəllüdlü- Bayram Maşıyev, 26 fevral 2011-ci il təvəllüdlü-Leyla Maşıyeva, 02 avqust 2015-ci il təvəllüdlü-Gülay Maşıyeva adlı uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.96-97) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal üç azyaşlı uşağının olması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X8rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X7 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 oktyabr 2023cü il tarixdən hesablanmalı və Hacıqabul Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 4(071)-95/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 21 oktyabr 2023-cü il tarixli, 6905 nömrəli rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,384 qram olan narkotik vasitə heroin və 2,330 qram olan psixotrop maddə mateamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə barədə» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Hacıqabul Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 4(071)-95/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,384 qram olan narkotik vasitə heroin və 2,330 qram olan psixotrop maddə mateamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə barədə» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-295/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-295/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver