Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-296/2023 17.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X11, Təqsirləndirilən şəxs, müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Cəlilabad rayonu, Cəlayir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2021-ci ilin payız aylarında həmkəndlisi X11 ilə Rusiya Federasiyasının Dağıstan Respublikasında görüşüb qida və spirtli içki içən zaman aralarında mübahisə yaranmış, həmin mübahisədən sonra Rahibin onun arxasınca nalayiq ifadələr işlətməsi barədə məlumatlar almış və həmin məlumatların düzgünlüyünü yoxlamaq məqsədi ilə 2022-ci ilin iyul ayında Rahibdən bu barədə soruşmuş, sonuncu bunu təkzib etdiyi üçün həmin ilin avqust ayında yenidən Dağıstan Respublikasına qayıdaraq həmin məlumatları dəqiqləşdirdikdən sonra 2022-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə yaşadığı Cəlilabad rayonu Çəlayır kəndinə gəlmiş, 20 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin mətbəxində istifadə etdikləri dəstəyi sarı rəngli bıçağı götürüb ağ-qara rəngli idman gödəkçəsinin sol cibinə qoyaraq Cəlilabad rayonu, Cəlayir kəndinin mərkəzində yerləşən çayxanaya gələrək özü ilə gətirdiyi həmin bıçaqla Rahib Aslanlının sağ böyür nahiyəsinə bıçaqla bir dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthində qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən deşilmiş və kəsilmiş yara əmələ gəlməsi ilə nəticələnən insan həyatı üçün təhlükəli olan hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar olan xəsarətlər yetirməklə qəsdən X1 AĞİR zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünün qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında Dağıstan Respublikasının Maxaçqala şəhərinə işləmək üçün getmişdir. 2021-ci ilin payız aylarında Maxaçkalada olarkən orada tikintidə işləyən uzaq qohumu-atasının əmisi oğlu Rahib Aslanlı ona zəng etmiş və Kaspiysk şəhərinə dəvət edərək kafeyə yeyib içməyə getməyi ona təklif etmişdir. Kafedə olarkən Rahibdən başqa tanımadığı iki nəfər də olmuşdur. Kafedə yeyib-içərkən Rahiblə aralarında mübahisə yaranmış və bundan sonra o, Rahiblə görüşməmişdir. 2022-ci ilin fevral ayında yaşadığı kəndə qayıtmışdır. Bir müddət sonra tanımadığı bir nəfər ona zəng edərək, onun ailə üzvlərinin arxasınca xoş olmayan sözlər danışıldığını demiş, lakin həmin şəxsin kim olduğunu deməmişdir. Dağıstanda yalnız Rahiblə mübahisəsi olduğundan, həmin adamın Rahib olduğunu düşünmüşdür. Bu söhbətdən sonra eşitmişdir ki, Rahib kəndə qayıtmış, həmin məsələyə aydınlıq gətirmək üçün bu barədə Rahibdən soruşmuş, Rahib isə heç vaxt onun dalınca danışmadığını bildirmişdir. Rahibə onun dalınca danışanın ünvanına nalayiq sözlər işlətmişdir. Bu məsələni aydınlaşdırmaq üçün yenidən 2022-ci ilin avqust ayının sonlarında Dağıstana qayıtmış, orada bir neçə nəfərdən soruşub maraqlanmışdır ki, kim onun dalınca danışıb. Həmin şəxslər də ona nalayiq ifadələr işlədənin Rahib olduğunu demişlər. Rahibdən qisas almaq üçün 2022-ci ilin noyabr ayının əvvəllərində kəndə qayıtmış, Rahibin onunla soyuq münasibətdə olduğunu hiss etmişdir. Hadisə baş verən gün 20 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evin mətbəxindən dəstəyi sarı rəngli olan bıçağı götürüb Cəlayır kənd çayxanasına yollanmış, Rahib çayxanada olarkən ona arxadan yaxınlaşaraq bir bıçaq zərbəsi vurmuş və oradan uzaqlaşmışdır. Rahibi vurduqdan sonra könüllü gedib polisə təslim olmuşdur. Rahibi vurarkən ətrafda kimsə olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında tikintidə işləmək üçün Dağıstan Respublikasının Kaspiysk şəhərinə getmiş, 2021-ci iln payız aylarında həmin vaxt Maxaçkalada işləyən atasının əmisi oğlu Ramilə zəng edib onu yeyib-içmək üçün Kaspiysk şəhərinə dəvət etmiş, Ramillə Kaspiysk şəhərində dəniz kənarında görüşüb orada kafelərin birində oturub yeyib-içmişlər. Həmin vaxt yanında onunla tikintidə işləyən iki nəfər də olmuşdur. İçkili vəziyyətdə olarkən Ramillə mübahisələri olmuş, sonra Ramil çıxıb getmiş və onunla bir daha görüşməmişdir. 2022-ci ilin mart ayında yaşadığı kəndə qayıtmış, həmin vaxt Ramillə kəndin marketinin qarşısında görüşmüş, Ramil ondan Dağıstanda onun dalınca danışıb-danışmadığını soruşmuş, cavabında Ramilə onun dalınca heçnə danışmadığını demişdir. Ramil onun dalınca danışanın ünvanına nalayiq sözlər işlətmiş və aralarında sözlu mübahisə baş vermişdir. 2022-ci ilin noyabr ayının 20də saat 15 radələrində kəndin çayxanasında tanışları Əlisa, Şəmsi və Aləddinlə domino oynayarkən Ramil qəfildən ona yaxınlaşıb bıçaqla sağ böyründən vurmuş, sonra sakitcə hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt aralarında hər hansı bir səs-küy və ya sözlə mübahisə olmamışdır. Özünü itirib yerə yıxılmış, kimsə onu maşına mindirib Cəlilabad RMX-yə çatdırmışdır. Xəstəxanada əməliyyat olunmuş və bir neçə gündən sonra evə gəlmişdir. Ramil onu boğazından bıçaqla vurmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X11 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Cəlilabad rayonu Cəlayir kənd sakini Şahid ifadəsində göstərmişdir ki, 20 noyabr 2022-ci il tarixdə saat 15 radələrində kəndin çayxanasının qarşısında tanışları Rahib, Şəmsi və Aləddinlə domino oynayarkən əvvəllər tanıdığı kənd sakini Ramil qəfildən Rahibə yaxınlaşaraq bıçaqla onun sağ böyründən vurmuş və sonra oradan uzaqlaşmışdır. Dərhal Ramil rayon xəstəxanasına çatdırılmışdır. Rahiblə Ramilin arasında həmin vaxt hər hansı bir səs-küy, dava dalaş, mübahisə olmamışdır. Ramilin Rahibi hansı səbəbə görə bıçaqla vurduğunu bilmir. Hadisə vaxtı orada başqa şəxslər olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Cəlilabad rayonu Cəlayir kənd sakinləri X12 və X4 Şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1090-№-li rəyindən görünür ki, X3 döş qəfəsinin sağ yarısının arxa səthində qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara və alt çənə nahiyəsində kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının arxa səthində qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Alt çənə nahiyəsindəki kəsilmiş səthi yara isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 137 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 3/1718 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kustar üsulla hazırlanmış, deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 3/1704 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş idman gödəkçəsinin və köynəyin arxa hissəsinin sağ aşağı tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi“ haqqında 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X5 məxsus Cəlilabad rayonu, Cəlayir kəndində yerləşən çayxananın qarşısında baş vermişdir. Baxış zamanı X5 məxsus qan izlərinin çayxanın qarşısında olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı iz və ya predmet aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Götürmə aparılması haqqında” 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi X6 vurduğu bıçağı təqdim etmiş və həmin bıçaq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Götürmə aparılması haqqında” 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 20 noyabr 2022-ci il tarixdə əynində olmuş bir ədəd qara rəngli idman gödəkçəsini və bir ədəd qara rəngli qısa qol köynəyi götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, X2 təqdim etdiyi bir ədəd gödəkçə və köynək maddi sübut kimi tanınaraq saxlanması üçün Cəlilabad RPŞ-nin saxlanma kamerasına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, o, 20 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu, Cəlayir kəndində həmkəndlisi X6 bıçaqla vurduğu yeri göstərib, ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə vaxtı hadisəni görmüş digər kənar şəxslərin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş şərxoşluq haqqında tibbi müayinənin 20 noyabr 2022-ci il tarixli 214 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman ayıq olmuşdur. İş materiallarında olan Cəlilabad RİHB-nın Cəlayir kənd İƏDÜ nümayəndəliyindən verilmiş 23 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cəlilabad rayonu, Cəlayir kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi- 1986-cı il təvəllüdlü arvadı X9, 2012-ci il təvəllüdlü oğlu X15, 2016-cı il təvəllüdlü qızı X13 və 2018-ci il təvəllüdlü oğlu X7 ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad RİHB-nın Cəlayir kənd İƏDÜ nümayəndəliyindən verilmiş 22 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, X11 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan notariat tərəfindən təsdiq edilmiş X11 tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə ünvanlanmış 20 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, X11 Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli raportdan və tərtib olunmuş “təqsirini boynuna almaqla könüllü gəlmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə Cəlilabad Rayon Polis X8 yaxınlaşaraq həmkəndlisi X5 bıçaqla xəsarət yetirdiyini bildirərək bir ədəd bıçağı təqdim etmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs qohumu X6, şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla qəsdən vuraraq, ona döş qəfəsinin sağ yarısının arxa səthində qarın boşluğuna keçən və bağırsağı zədələyən deşilmiş və kəsilmiş yara əmələ gəlməsi ilə nəticələnən insan həyatı üçün təhlükəli olan hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına AĞİR zərər vurmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “ağır cinayət” növünə aiddir. Həmin maddənin sanksiyasında 3 ildən - 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə sasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığına və zərərçəkmiş şəxslə barışdığına görə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 8 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən- 6 ildən artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu -20 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). İş materiallarında olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Barəsində 22 noyabr 2022-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut olan və hazırda Cəlilabad RPŞ-də saxlanılan zərərçəkmiş şəxs Rahib Aslanlının hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd uzunqol idman gödəkçəsi və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 144 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablansın. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və hazırda Cəlilabad RPŞ-də saxlanılan zərərçəkmiş şəxs Rahib Aslanlının hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd uzunqol idman gödəkçəsi, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 144 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-296/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-296/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver