Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-297/2023 13.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakı ilə xx xxxxx 1983-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs eyni həyətdə və evdə olmaqla ayrı-ayrı otaqlarda yaşadıqları Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən atalarına məxsus olmuş evin və həyətyanı torpaq sahəsinin bölgüsü ilə bağlı özü və arvadı X10 ilə aralarında narazılıq və mübahisələr olan bacısı X11 ilə 15 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında növbəti dəfə baş vermiş mübahisə zamanı bacısı Xalidə Əliyevaya yad kişiləri yaşadığı evə gətirməsinə irad tutduğuna görə sonuncunun onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməsi və öz əxlaqa zidd hərəkətlərini davam etdirəcəyini deməsi səbəbindən əsəbiləşib onu qəsdən öldürmək qərarına gələrək əvvəlcə həyətdən götürdüyü və əlində olan ağac parçası ilə evin dəhlizində Xalidə Əliyevanın boyun nahiyəsinin arxa hissəsinə bir dəfə zərbə vuraraq ona sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, başın sol ənsə nahiyəsində fasiləli sıyrıqdan ibarət xəsarət yetirmiş, daha sonra yaşadığı evin eyvanının məhəccərindən asılı olan pres ipini götürüb ağac zərbəsinin təsirindən arxasıüstə dəhlizdə yerə yıxılmış bacısının sinəsi üzərində oturaraq həmin ipi Xalidə Əliyevanın boynuna dolayıb onu boğaraq sonuncunun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik, boyun nahiyəsində bir ədəd stranqulyasiya şırımı və boyunun yumşaq toxumalarına qansızmadan ibarət xəsarət yetirərək onu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Cəlilabad rayonunun Sabirabad kəndində atasına məxsus olmuş evdə yaşamışdır. X26 bacısıdır, 2015-ci ildən etibarən bacısı Xalidə də bir azyaşlı uşağı ilə onun yaşadığı evdə, yəni atalarına məxsus evdə yaşamışdır. Xalidə təxminən 2007-ci ildə adını bilmədiyi Biləsuvar rayon sakini ilə qeyri-rəsmi qaydada evlənmiş və bir müddət həmin şəxsin evində yaşamışdır. Bir neçə aydan sonra Xalidə qeyri-əxlaqi hərəkətlərinə yol verdiyinə görə görə onu qəbul etməmişlər və Xalidə geri-yaşadığı kəndə, evə qayıtmışdır. Sonradan Xalidə yenə də öz hərəkətlərini davam etdirmiş və həmkəndlisi Furqan adlı şəxslə qeyrirəsmi sevgi münasibətlərində olmuşdur. Xalidə təxminən 1 ilə qədər ata evində yaşamış, sonra onun bu hərəkətlərinə görə atası Xalidəni evdən qovmuşdur. Xalidə bir müddət qardaşı Şahid2 evində yaşamağa başlamışdır. Xalidə qardaşı Fikrətin evində yaşadğı müddətdə Furqanla nikahdan kənar münasibətindən bir oğlan uşağı doğulmuşdur. Xalidə Fikrətin evində bir neçə il yaşadıqdan sonra 2014-cü ildə Fikrət və arvadı Könül Xalidənin onlarla birlikdə yaşamasını istəmədiyi üçün onu evdən çıxarıb onların yaşadıqları ata evlərinə gətirmişlər. Atası Xeyrulla da məcbur qalıb Xalidənin uşağı ilə onlarla birlikdə yaşamasına razılıq vermiş və Xalidə onlarla yaşamağa başlasa da, o, demək olar ki, onu danışdırmamış, yalnız nəsə olduğu halda onunla qısa danışmışdır. Atası Xeyrulla 2017-ci ildə vəfat etdikdən sonra Xalidə ilə münasibətləri pisləşmişdir. Buna səbəb isə Xalidənin tez-tez evdən çıxıb harasa getməsi və müxtəlif şəxslərlə görüşməsi olmuşdur. Həmçinin Xalidə ondan ata mülkünün, yəni həyətyanı torpaq sahəsinin yarısını tələb etmiş və 2019cu ildən qardaşlarının da köməkliyi ilə ata evlərinin həyətində özünə ev tikməyə başlamışdır. O, nikahdan kənar uşağının olmasına və qeyri-əxlaqi hərəkətlərinə görə Xalidənin onlarla birlikdə ata mülkündə yaşamasını istəməmiş, bununla bağlı Xalidə və qardaşları ilə arasında dəfələrlə mübahisələri olmuşdur. Atası Xeyrulla sağlığında yaşadıqları evi və həyəti böyük qardaşı Şamilin oğlu Malikə vəsiyyət etdiyindən o, məcbur qalıb Xalidənin orada ev tikməsi ilə razılaşmışdır. Həmçinin birgə yaşadıqları müddətdə məişət və təsərrüfat işləri ilə bağlı Xalidənin onunla və arvadı Təranə ilə tez-tez mübahisələri olmuşdur. O, tez-tez kənd ərazisində Xalidənin əxlaqsız hərəkətlər etməsi barədə söz-söhbətlər eşitmiş və bu səbəbdən də, Xalidəyə qarşı qəzəbli olmuşdur. Xalidə ata evində evin girişindən soldakı və giriş qapısı ilə üzbəüz otaqda uşağı ilə birlikdə yaşamışdır. Xalidə evin girişi ilə üzbəüz qapını da bağlamış və həmin qapıdan istifadə etməmiş, otağa giriş başqa yerdən olmuşdur. Özü də ailəsi ilə birlikdə evin girişindən sağdakı otaqlarda qalmış, Xalidə və uşağı onların qaldıqları otaqlara və mətbəxə gəlməmiş, həmçinin onlar da Xalidəgilin qaldığı otağa getməmişlər. 15 noyabr 2022-ci il tarixdə, gecə saatlarında o, ayaqyoluna gedərkən həyətində olan mətbəx otağından həyətə çıxarkən Xalidə üçün tikilən ev tərəfdən işıq gəldiyini görmüş və orada Xalidənin əlində fənər olan bir nəfər kişi ilə tikilməkdə olan evə daxil olduqlarını görmüşdür. Həmin vaxt Xalidənin orada kiminləsə görüşməsindən şübələnsə də, ora getdiyi halda özünü saxlaya bilməyib nəsə hadisə törədəcəyindən ehtiyat edib ora getməmişdir. Həmin gün saat 02 radələrində mətbəxin pəncərəsindən Xalidənin evin arxasından gələrək evəotağına daxil olduğu görmüşdür. 15 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində o, həyətdə odun doğrayarkən Xalidəni görüb onun axşam həyətlərində kiminləsə görüşməsindən qəzəbli olduğu üçün özünü saxlaya bilməyib ona niyə belə hərəkətlər etdiyini, evə yad kişi gətirdiyini və onları kənddə biabır etdiyini bildirmiş, Xalidə isə ona “əcəb edirəm, öz həyatımdı, özüm bilərəm” demişdir. O, Xalidənin belə danışmağından daha da qəzəblənib həmin anda onu öldürməyi qərara almış və doğradığı odun parçalarından birini götürüb eyvana getmişdir. Həmin vaxt Xalidə evin girişində dayanıb onun həyatına heç kimin qarışa bilməyəcəyi və sair məzmunda danışmağa davam etmiş, onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. O, evin giriş qapısından içəri daxil olan kimi əlindəki ağac parçası ilə Xalidənin boyun nahiyəsinə bir dəfə zərbə vurmuş və zərbənin təsirindən Xalidə arxasıüstə yerə yıxılmışdır. Sonra o, yerə yıxılmış yarıhuşsuz halda olan Xalidənin sinəsi üzərində oturub əli ilə onu boğmağa başlamış, lakin Xalidə ona müqavimət göstərib əlindən çıxmağa çalışıb onu kənara itələməyə çalışarkən üzünü cırmaqlamış və sifətinin sağ nahiyəsi sıyrılmışdır. O, Xalidəni əli ilə boğub öldürə bilmədiyi üçün evin eyvanında, məhəccərdən pres ipi asıldığını görüb həmin ipi götürüb yenidən yarıhuşsuz vəziyyətdə uzanmış Xalidənin sinəsi üzərində oturub pres ipini onun boynuna dolayıb boğmağa davam etmişdir. Təxminən 2-3 dəqiqə sonra Xalidənin hərəkət etmədiyini və onun artıq öldüyünü bilmişdir. Həmin vaxt arvadı Təranə eyvana qalxmış və onun Xalidənin üzərində oturub onu boğduğunu görüb onlara tərəf gəlib onu kənara itələmişdir. Təranə Xalidənin əlindən tutub onu yuxarı qaldırmaq istəmiş, lakin o, Təranəyə Xalidənin artıq öldüyünü demişdir. Təranə ondan nə baş verdiyini soruşanda o, Xalidə ona nalayiq sözlər dediyi üçün və etdiyi hərəkətlərinə dözə bilməyib onu boğaraq öldürdüyünü bildirmişdir. Sonra o, Təranəyə oradan getməsini, bu barədə heç kimə heç nə deməməsini bildirmişdir. Təranə ona Xalidəni öldürdüyü üçün onu həbs edəcəklərini dedikdə, o, Xalidənin meyitini gizlədəcəyini deyib bir daha Təranəyə bu barədə heç kimə heç nə deməməsini bildirmişdir. Bundan sonra o, Təranəyə kartof sahələrində işləmək üçün fəhlə tapmağı tapşırmış və Təranə eyvandan düşüb fəhlə axtarmağa getmiş, o isə evdən adyal gətirib Xalidənin meyitini adyala bükmüşdür. Xalidənin meyitini adyala bükərkən onun üzərindən markasını bilmədiyi mobil telefon yerə düşmüş, o da telefonu götürüb cibinə qoymuşdur. Sonra o, Xalidənin meyitini kimsənin görməməsi üçün həyət darvazasının yanındakı cücə damına aparmış, həmin vaxt Xalidənin telefonunu söndürüb yenidən cibinə qoymuşdur. Bundan sonra həyətdə, evin qarşısında saxladığı özünə məxsus, VAZ- 21011 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili cücə damının qarşısına sürmüş və Xalidənin meyitini adyala bükülü halda avtomobilin baqajına qoymuşdur. Sonra o, törətdiyi cinayəti gizlətmək üçün Xalidənin meyitini kartof bitkisi əkdiyi torpaq sahəsinin yaxınlığına aparıb orada basdırmağı, həmçinin hadisə vaxtı özünün əynində və Xalidənin əynində olan paltarları yandırmağı qərara almışdır. Bir qədər sonra arvadı Təranə qayıdıb gəlib kartofu çıxarmaq üçün fəhlə danışdığını demişdir. Təranə onunla Xalidəni öldürməsi ilə bağlı danışmaq istəsə də, ona bu mövzunu bir daha açmamasını demişdir. Bir qədər sonra o, avtomobili idarə edib Cəlilabad rayonunun Uzuntəpə kəndinə, kartof bitkisi əkdiyi yerin yaxınlığında çöllük əraziyə getmişdir. O, avtomobillə Sabirabad-Uzuntəpə avtomobil yolunda olarkən yolun kənarında avtomobili saxlayıb Xalidəyə məxsus, cibində olan mobil telefonun üzərindəki iki ədəd simkartı çıxarmış, sonra simkartları və telefonu yolun kənarındakı kanala atmış, bundan sonra avtomobili sürüb Uzuntəpə kəndinə, kartof bitkisi əkdiyi yerin yaxınlığındakı çöllük əraziyə getmişdir. Orada o, çökəklik yer tapmış və Xalidənin meyitini avtomobilin baqajından götürüb həmin çökəklik əraziyə aparıb qamışlıq ərazidə meyiti gizlətmişdir. O, gündüz vaxtı meyiti basdırmaq üçün qazıntı işləri apardığı halda kiminsə görə biləcəyini düşünüb meyiti qamışlıqda gizlədib qaranlıq düşdükdən sonra qayıdıb basdırmağı qərara almışdır. Sonra o, avtomobillə yaşadığı evə qayıtmış və saat 15 radələrində arvadı Təranə ilə birlikdə avtomobili ilə Təranənin Qarazəncir kəndində yaşayan əmisigilə yas mərasiminə getmişdir. Evə gəldikdən sonra arvadından xəbərsiz özü üçün təmiz paltarlar götürüb avtomobilə qoymuşdur ki, Xalidənin meyitini basdırdıqdan sonra hər hansı bir iz qalmaması üçün paltarlarını dəyişsin, özünün və Xalidənin əynində olan paltarları isə yandırsın. 15 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində qaranlıq düşdükdən sonra o, avtomobili ilə əvvəlcə meyiti basdırmaq üçün torpaq qazarkən istifadə etmək üçün bel götürmək məqsədilə kartof sahəsinə gedib oradan iki ədəd bel götürdükdən sonra Xalidənin meyitini gizlətdiyi yerə getmişdir. Ətrafda heç kim olmadığından əmin olduqdan sonra meyiti basdırmaq üçün yeri qazımış, sonra Xalidənin meyitini bükdüyü ədyalı açıb onun əynindəki üst paltarlarını çıxarmış, daha sonra Xalidənin meyitini alt palarında qazdığı yerə atıb üzərini torpaqlamışdır. Xalidənin meyitini basdırdıqdan sonra öz paltarlarını dəyişib həmin gün əynində olan göy rəngli cins şalvar, qara rəngli ayaqqabı və göy rəngli uzunqol köynəyi, habelə Xalidənin həmin gün əynində olmuş qara rəngli parça şalvar və ağ rəngli köynəyi sellofan torbaya qoymuşdur. Sonra qazıntı zamanı istifadə etdiyi belləri, meyiti bükdüyü ədyalı və paltarları yığdığı sellofan paketi avtomobilə qoyub Cəlilabad şəhəri, Kirovka adlanan yer istiqamətində, öz kartof sahəsinin yaxınlığına getmiş, ora gedərkən kanalizasiya sularının axıdıldığı arxın yanında avtomobili saxlamış və meyiti torpağa basdırarkən istifadə etdiyi belləri orada avtomobilində olan mişarla kəsib bir neçə hissəyə bölüb arxa atmışdır. Sonra avtomobilə əyləşib avtomobili bir qədər də irəli sürüb arxın kənarında saxlamış və içərisində su olmayan arxda Xalidənin və özünün paltarlarını, meyiti bükdüyü adyalı və Xalidəni boğduğu pres ipini üzərinə benzin töküb yandırmışdır. Bundan sonra avtomobilə əyləşib yaşadığı evə qayıtmış, arvadı Təranə ondan Xalidənin meyitini hara apardığını soruşmuş, o da Xalidənin meyitini çöllük ərazidə basdırdığını bildirib başqa məlumat verməmişdir. Bacısı Xalidəni öldürməsini arvadı Təranadən başqa heç kim bilməmiş, görməmiş və məlumatı olmamışdır. Əvvəllər yaşadığı evin həyətində kanalizasiya yeri düzəltmək üstündə Xalidə ilə aralarında mübahisə olmuş və buna görə də Xalidə DİN-nin 102 xidmətinə zəng edib ondan və arvadı Təranədən şikayət etmişdir. Xalidə mübahisə vaxtı onların ata evində qalmalarını istəmədiyini və evdən çıxmalarını bildirmiş, o isə əksinə onun ata yurdunda yaşamağa layiq olmadığını, əxlaqsız hərəkətləri ilə nəslin adını batırdığı üçün onun ata yurdundan çıxmalı olduğunu demişdir. Əvvəlcədən Xalidəni öldürmək fikri olmasa da, hadisə olan günü Xalidənin dediyi nalayiq sözlərə görə daha da qəzəblənib onu iplə boğaraq öldürmüşdür. Xalidəni tək öldürmüş, bu işdə ona heç kim, o cümlədən arvadı Təranə və qayını Qismət kömək etməmiş, Xalidəni öldürdükdən sonra Təranə onun yanına gəlib bu hadisənin şahidi olmuşdur. Bu hadisədən bir neçə gün sonra bacısı Xalidənin evdən çıxıb getməsi ilə bağlı qardaşı rayon polis şöbəsinə ərizə verdiyindən onlar polis şöbəsinə çağırılıb dindirilərkən o, 20 noyabr 2022-ci il tarixdə törətdiyi cinayət hadisəsini tam etiraf edib bacısı Xalidəni öldürdüyünü bildirmiş, sonra Xalidənin meyitini basdırıldığı yeri istintaq orqanına göstərmiş və Xalidənin meyiti həmin yerdən çıxarılmışdır. Dediyi səbəblərə görə, yəni əxlaqsızlıqla məşğul olduğu üçün bacısı Xalidəni öldürmüşvə və buna görə də əməlindən peşman deyildir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, X26 bacısı, Təqsirləndirilən şəxs qardaşıdır. Mərhum bacısı Xalidə bir azyaşlı uşağı ilə birlikdə, həmçinin qardaşı Təqsirləndirilən şəxs də öz ailəsi ilə birlikdə atalarına məxsus evdə yaşamışdır. Bacısı Xalidə bir neçə il əvvəl Biləsuvar rayon sakini ilə evli olmuş, sonra həmin şəxslə münasibətləri pozulduğundan evinə qayıtmışdır. Sonradan bacısı Xalidə yaşadıqları kənddə başqa bir şəxslə qeyri-rəsmi münasibətdə olmuş və bu şəxsdən bir oğlan uşağı vardır. Xalidə bir müddət qardaşı Fikrətin evində yaşamış, sonra yenə də, azyaşlı uşağı ilə birlikdə atasının evinə köçüb orada ayrıca girişi olan otaqda yaşamağa başlamışdır. Atası evində qaldıqları müddətdə qardaşı Famil və onun arvadı Təranə ilə Xalidənin münasibətləri pis olmuşdur. Atası Xeyrulla vəfat etdikdən sonra 2019cu ildən etibarən ata evlərinin həyətində Xalidə üçün ev tikməyə qərara almışlar. Ata evlərinin həyətində Xalidə üçün ev tikmək istəmələrinə qardaşı Famil istəməsə də, buna etiraz da etməmişdir. Xalidə üçün ev tikməyə başladıqdan sonra Xalidə ilə Famil və onun arvadının münasibətləri daha da pisləşmiş və bu səbəbdən də onların arasında tez-tez mübahisələri olmuşdur. 2022-ci ilin sentyabr ayında bacısı Xalidə ilə Familin arvadı Təranənin arasında mübahisə olmuş və Xalidə DİN-nin 102 xidmətinə zəng edib Təranədən şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təranə həyətlərində ev tikdiyi üçün Xalidə ilə mübahisə etmiş, Xalidə də onun barəsində şikayət etmişdir. Xalidənin dediyinə görə Təranə mübahisə vaxtı onu öldürməklə hədələmişdir. 16 noyabr 2022-ci il tarixdə, axşam saatlarında bacısı Xalidənin oğlu Pərvizin deməsindən bilmişdir ki, anası Xalidəni sonuncu dəfə 15 noyabr 2022-ci il tarixdə, səhər məktəbə gedərkən görmüş, həmin vaxtdan sonra anası Xalidəni görməmiş, harada olmasını bilmir və anasının mobil telefonuna zəng də çatmır. Sonra bütün qohumlarından Xalidəni soruşub axtarmış, hamı onun görmədiklərini, harada olmasını bilmədiklərini bildirmiş və onlar Xalidəni tapa bilməmişlər. Həmin vaxt qardaşı Famil və onun arvadı Təranə Xalidənin 15 noyabr 2022-ci il tarixdə, səhər saatlarında evdən getdiyini, həmin vaxtdan sonra onu görmədiklərini demişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib bacısı Xalidənin itkin düşməsi barədə məlumat vermiş, sonra Cəlilabad RPŞ-nə gedib ərizə də vermişdir. Bacısı Xalidənin itkin düşməsi ilə bağlı polis şöbəsində araşdırma aparılarkən qardaşı Famil, onun arvadı Təranə və digər şəxslər dindirilmişlər. Bu işdə qardaşı Famil və onun arvadı Təranədən şübhəli olsalar da, Famil və arvadı Təranə Xalidədən hər hansı məlumatları olmadıqlarını bildirmişlər. 20 noyabr 2022-ci il tarixdə, səhər saatlarında polis əməkdaşları Familin evinə gəlib onunla təklikdə söhbət etmişlər. Həmin vaxt polis əməkdaşları onlara Xalidənin Famil tərəfindən öldürülməsindən şübhələndiklərini deyib Famillə cinayəti etiraf etməsi ilə bağlı söhbət etmələrini demişlər. Bundan sonra o, və digər qardaşları Famili kənara çəkib bu cinayət törətdiyini etiraf etməsini bildirmiş, həmin vaxt Famil ağlayaraq ona və digər qardaşlarına Xalidəni təklikdə öldürdüyünü və onun meyitini aparıb başqa yerdə basdırdığını bildirmişdir. Famil onlara Xalidəni öldürməsini etiraf etdikdən sonra bu barədə polis əməkdaşlarına məlumat vermişlər və polis əməkdaşları gəlib Famili tutub şöbəyə aparmışlar. Polis əməkdaşları Famili apararkən Təranə Familə tərəf qışqıraraq “mən eləməmişəm, mənim heç nədən xəbərim yoxdur” demişdir. Sonradan bilmişlər ki, Familin göstərdiyi yerdən Xalidənin meyiti aşkar olunmuşdur. O, Familin Xalidəni təklikdə öldürməsinə inanmır və güman edir ki, Famil arvadı Təranə və qayını Qismət ilə birlikdə Xalidəni öldürmüş, həm də Xalidənin öldürülməsinə səbəbkar da Təranədir. Təranə Xalidə ilə yola getməmiş, onların yaşadığı həyətdə Xalidəyə ev tikmələri ilə barışa bilmədiyindən Təranə və Famil bu cinayəti birlikdə törətmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi hazırda təqsirləndirilən şəxslə barışmamış, törətdiyi cinayətə görə qardaşı Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Əliyevin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid X10 özünə aid hissədə əri (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli, P790-22 №-li protokolla və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi yerə-Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində, köhnə Ələt-Astara avtomobil yolundan 2,6 km, Uzuntəpə-Cəlilabad avtomobil yolundan 2,7 km məsafədə yerləşən çökəklik əraziyə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bacısı X4 meyitini həmin yerdə torpağa basdırdığı bildirmişdir. Qeyd olunan yerə baxış zamanı mərhum X4 meyiti basdırıldığı ərazidən çıxarılmış, həmin yerdə bir ədəd büstqalter və bir ədəd gecə köynəyi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs meyitin basdırıldığı yerdən aşkar edilmiş bir ədəd büstqalter və bir ədəd gecə köynəyinin bacısı Xalidə Əliyevaya məxsus olduğunu, meyiti basdırarkən üst paltarlarını çıxarıb özü ilə götürdüyünü, alt paltarlarını isə həmin yerə atdığını bildirmişdir. İstintaq orqanı tərəfindən aşkar edilmiş bir ədəd büstqalter və bir ədəd gecə köynəyi qablaşdırılaraq istintaq orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli, P793-22 №-li protokolla və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi yerə- Cəlilabad şəhəri ərazisində, köhnə Ələt-Astara avtomobil yolundan təxminən 1,0 km, Uzuntəpə- Cəlilabad avtomobil yolundan təxminən 1,3 km məsafədə yerləşən, üzümlük sahəsi və əkin sahələri arasında yerləşən əvvəllər suvarma məqsədləri üçün istifadə olunmuş su arxına baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə zamanı özünün əynində olan, habelə mərhum bacısı X4 əynində olmuş paltarları götürüb göstərdiyi yerdə yandırdığını bildirmişdir. Baxış zamanı həmin yerdə yanmış kütlə hissələri aşkar edilmiş və istintaq orqanı tərəfindən həmin yerdən 03 ədəd kül nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bacısının meyitini basdırdığı vaxt istifadə etdiyi belləri atmasını bildirdiyi yerə-Cəlilabad şəhəri ərazisində, köhnə Ələt-Astara avtomobil yolundan təxminən 1,0 km, Uzuntəpə-Cəlilabad avtomobil yolundan təxminən 1,1 km məsafədə yerləşən, üzü Uzuntəpə-Cəlilabad avtomobil yolu istiqamətində dayandıqda sol tərəfdə yerləşən kanalizasiya sularının axıdıldığı arxa, habelə Təqsirləndirilən şəxs bacısının meyitini gizlətməyə gedərkən bacısı Xalidəyə məxsus üzərində iki ədəd simkart olan mobil telefonu atdığı yerə-Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində, Uzuntəpə-Cəlilabad avtomobil yolundan 2 metr sol tərəfdən keçən su kanalına baxış keçirilmiş, lakin həmin predmetləri aşkar etmək mümkün olmamışdır. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli, P795-22 №-li protokolla və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və mərhum X4 yaşadıqları ünvana- Sabirabad kəndində yerləşən fərdi yaşayış evində hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadıqları evin eyvanında bacısı Xalidə Əliyeva ilə həyət bölgüsünə görə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əlində olan ağac parçası ilə Xalidənin boynunun arxa sol nahiyəsinə bir dəfə zərbə vurduğunu, həmin zərbənin təsirindən arxasıüstə yerə yıxılmış bacısı Xalidənin sinəsi üzərində oturub pilləkənin ətrafındakı məhəccərdən götürdüyü pres ipini onun boğazına dolayaraq boğub öldürdüyünü, daha sonra onun meyitini avtomobili ilə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisinə aparıb orada çöllük ərazidə basdırdığını bildirmişdir. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, mərhum X4 meyitinə baxış zamanı boyunun yuxarı 1/3 hissəsində, arxadan önə, yuxarıdan bir qədər aşağı istiqamətdə yerləşmiş, 0,6-0,7 sm enində, 0,1 sm dərinliyində, qapanan bir ədəd stranqulyasiya şırımı və boyunun arxa səthinin yuxarı 1/3 hissəsində, sol ənsə nahiyəsinə yaxın hissədə 2,4x1,0 sm ölçüdə bir ədəd fasiləli sıyrıqdan başqa xəsarət aşkar edilməmişdir. Meyitdən dırnaq nümunələri qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Honor” markalı mobil telefon aparatı istintaq orqanı tərəfindən götürülüb baxış keçirilmiş və telefonun yaddaşında qalmış iş üzrə əhəmiyyət kəsb edən məlumatlar (hallar) aşkar edilməmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, mərhum X4 ölümünə boyun üzvlərinin ilgəklə (ola bilər ki, pres ipi ilə) sıxılması nəticəsində əmələ gəlmiş asfiksiya səbəb olmuşdur. Gecikmiş meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başladığı vaxtdan 4-6 gün əvvəl baş vermişdir. Xalidə Əliyevanın meyitində boyun nahiyəsində 1 (bir) ədəd stranqulyasiya şırımı, boyunun yumşaq toxumalarına qansızma və başın sol ənsə nahiyəsində fasiləli sıyrıq müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər həyati olub şəxsin ölümündən bir qədər əvvəl törənmiş, başqa şəxs tərəfindən törənməsi inkar olunmur, törənmə müddətləri 15 noyabr 2022-ci il tarixə uyğun gələ bilər. Boyun nahiyəsindəki stranqulyasiya şırımı və boyunun yumşaq toxumalarına qansızma ilgəklə sıxılma (ola bilər ki, pres ipi ilə) nəticəsində əmələ gələ bilər, həmin xəsatlər kəskin tənəffüs çatışmazlığına səbəb olduğundan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Başın sol ənsə nahiyəsindəki sıyrıq bərk küt əşyanın təsirindən törənmişdir, ağacla vurulma nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən əlamətlərə malikdir. Stranqulyasiya şırımının yerləşmə nahiyəsinə və istiqamətinə əsasən deməkar olar ki, ölüm bədənin öz ağırlığı altında ilgəkdən asılma nəticəsində deyil, kənar şəxs tərəfindən ilgəklə (pres ipi ilə) sıxılma nəticəsində əmələ gəlmişdir. Xalidə Əliyevanın meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə şakar edilməmişdir. İşdə olan, məhkəmə tibbi-kriminalistik ekspertizasının 15 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş və mərhum X8 məxsus olmuş maykanın arxa səthində küt yaranma mexanizminə malik və maykanın müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik olan 02 (iki) cırılma zədəsi vardır. Qeyd olunan zədələrin fiziki qüvvənin təsirindən törənməsi istisna olunmur. Maykanın üzərində bıçaqla yaranmaya xarakterik heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və Xalidə Əliyevaya məxsus olmuş büstqalterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. İşdə olan, məhkəmə tibbi-bioloji ekspertizasının 23 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, X9 ABO sistemi üzrə qan qrupu-A beta (İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-A beta (İİ), Şahid4 ABO sistemi üzrə qan qrupu-A beta (İİ) və X5 ABO sistemi üzrə qan qrupu-B alfa (İİİ)-dür. Tədqiqata təqdim edilmiş Xalidə Əliyevaya məxsus 05 ədəd dırnaq kəsikləri üzərində insan qanı aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, həmçinin Xalidə Əliyevaya, Təqsirləndirilən şəxs və ya Şahid4 məxsus ola bilər (əgər hadisə zamanı onların bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Həmin qan ləkələrinin ABO sistemi üzrə Qismət Qasımova məxsus olması inkar olunur. Tədqiqata təqdim olunmuş kəndir üzərində qan, tər, ağız suyu, dəri toxumasına məxsus hər hansı bir hissəcik və digər əhəmiyyət kəsb edən bioloji ləkələr aşkar olunmamışdır. Xalidə Əliyevaya məxsus dırnaq kəsikləri üzərində tər, ağız suyu, dəri toxumasına məxsus hər hansı bir hissəcik və digər əhəmiyyət kəsb edən bioloji ləkələr aşkar olunmamışdır. Tədqiqata təqdim olunmuş kəndirin üzərindən götürülmüş 03 ədəd tük insanın baş tükləridir, rənglənməyə məruz qalmışlar. Bu tüklər əsas morfoloji əlamətlərinə görə öz aralarında oxşarlıq təşkil edirlər və morfoloji əlamətlərinə görə eyni bir şəxsə məxsus ola bilərlər. Xalidə Əliyevanın tük nümunələri təqdim olunmadığı üçün həmin tüklərin ona məxsus olub-olmadığı haqqında fikir söyləmək mümkün deyildir. Tüklər az miqdarda olduğu üçün, tədqiqata sərf olunmağını nəzərə alaraq, həmçinin digər tədqiqatlara saxlanıldığından qrup göstəricilərinin təyini məqsədə uyğun hesab edilməmişdir. İşdə olan, məhkəmə-lifli ekspertizasının 27 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 03 ədəd kağız zərflərdə olan yanğından sonrakı qalıqların içərisində torpaq-kül nümunələri, parçaya bənzər qalıqlar vardır. Həmin parçaya bənzər qalıqlar tam kömürləşdiyindən tərkib lif mikrohissəciklərini müəyyən etmək mümkün deyildir. Tərkib lif mikrohissəcikləri tam kömürləşdiyindən həmin parçaya bənzər qalıqların hansı lif təbiətli obyektlərin tərkib hissəsi olduğunu müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat təşkil edir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istinat edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona istinad edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimati təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. İşdə olan, “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə istifadə olunmuş +**********17 şəhər telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/529-00-71 mobil telefon nömrəsinə 15 noyabr 2022-ci il tarixdə, saat 12:23-də, 14:24-də və 19:37-də telefon danışığı qeydə alınmışdır. Anten məlumatlarına əsasən ilk danışıq zamanı Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Günəşli kəndi ərazisində, digər danışıqlar zamanı Cəlilabad rayonunun ərazisində olmuşdur. Telefon danışıqlarının götürüldüyü dövrdə X5 istifadəsində olan 051/405-24-25 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/529-00-71 mobil telefon nömrəsi arasında 19 noyabr 2022-ci il tarixdə, saat 16:05-də, 20 noyabr 2022-ci il tarixdə, saat 09:10-da telefon danışığı qeydə alınmışdır. 19 noyabr 2022-ci il tarixdən əvvəl qeyd edilən nömrələr arasında, habelə Qismət Qasımovun istifadəsində olan 051/405-24-25 mobil telefon nömrəsi ilə 15 və 16 noyabr 2022-ci il tarixlərdə danışıq qeydə alınmamışdır. Şahid4 istifadəsində olan 050/542-56-01 mobil telefon nömrəsi ilə 13, 14 və 15 noyabr 2022-ci il tarixlərdə hər hansı telefon danışığı qeydə alınmamışdır. Həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/529-00-71 mobil teefon nömrəsi arasında 16, 17 və 19 noyabr 2022-ci il tarixlərdə müxtəlif müddətlərdə telefon danışıqları qeydə alınmışdır. İşdə olan, “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokolla müəyyən edilir ki, X4 istifadəsində olmuş 077/567-02- 42 mobil telefon nömrəsi 15 noyabr 2022-ci il tarixdə, saat 10:18 dəqiqəyədək istifadə edilmiş, danışıqların götürüldüyü dövrdə həmin telefon nömrəsi ilə az sayda telefon nömrəsi arasında telefon danışıqları qeydə alınmışdır. İşdə olan, Cəlilabad RPŞ-nin 06 fevral 2023-cü il tarixli məktub-arayışda (istintaq orqanının əməliyyat tapşırığına cavabda) göstərilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, birgə yaşadıqları Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən atalarına məxsus evin və həyətyanı torpaq sahəsinin bölgüsü ilə bağlı Təqsirləndirilən şəxs və arvadı Şahid4 ilə X11 arasında əvvəldən narazılıq və mübahisələri olmaqla sonuncu öldürüldüyü vaxtadək bu mübahisələr davam etmişdir. Habelə müəyyən edilmişdir ki, X4 qeyri-rəsmi nikahdan bir övladı vardır. Hadisə baş verdiyi gün, yəni 15 noyabr 2022-ci il tarixdə, səhər saat 11 radələrində birgə yaşadıqları evdə Təqsirləndirilən şəxs Xalidə Əliyevaya qeyri-əxlaqi hərəkətlərinə görə irad tutması ilə bağlı onların arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əvvəlcə əlindəki ağac parçası ilə Xalidə Əliyevanın boyun nahiyəsinin arxa hissəsinə bir dəfə zərbə vurmuş, daha sonra həmin zərbənin təsirindən arxasıüstə yerə yıxılmış bacısının sinəsi üzərində oturaraq yaşadığı evin eyvanından götürdüyü pres ipini Xalidə Əliyevanın boynuna dolayıb onu boğaraq öldürmüşdür. Hadisəni görmüş şəxs və ya şəxslərin dairəsinin müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Xalidə Əliyevanın meyitini aşkar olunduğu yerdə təkbaşına gizlətməsi müəyyən edilmiş, habelə meyitin, cinayətin alət və izlərinin gizlədilməsində başqa şəxsin iştirak etməsi, habelə Şahid4 və ya başqa şəxslərin baş vermiş hadisədə iştirak etmələrinə dair məlumatlar əldə edilməmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən iş üzrə götürülmüş bir ədəd mayka, bir ədəd büstqalter, dırnaq, qan, tük və kül nümunələri, bir ədəd VAZ-21013 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd kəndir, bir ədəd mişar və bir ədəd “Honor” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, həmin maddi sübutlar Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında və VAZ-21013 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad RPŞ-nin avtomobil duracağında saxlanması üçün təhvil verilmiş, habelə istintaq hərəkətləri ilə bağlı videoçəkilişlərin yazıldığı üç ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən X10, X12 və qeyrilərinin X4 qəsdən öldürülməsi cinayətində hər hansı formada iştirakları, eləcə də, qabaqcadan vəd etmədən həmin cinayətin gizlədildiyi, habelə Qismət Qasımovun cinayətin törətdilməsindən xəbəri olduğu halda bu barədə xəbər vermədiyi müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı hissədə X10, X12 və qeyrilərinin barəsində cinayət təqibinin başlanqması rədd edilmişdir. X1 barəsində CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Əliyevin ifadəsi (qardaşı Familin arvadı Təranə və qayını Qismətlə birlikdə bacısı Xalidəni öldürmələrinə dair xüsusatlar istintaq orqanı tərəfindən araşdırılıb hüquqi qiymət verilərək Təranə Qasımovanın və Qismən Qasımovun barəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsini məhkəmə nəzərə alınıb bu halları sübut kimi qəbul etməyib əsassız hesab etdiyindən bu ifadədə göstərilən xüsusatlara aid hallar istisna olunmaqla), həm də şahidlər Şahid1 və Təranə Qasımovanın ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Əliyevin ifadəsi (qardaşı Familin arvadı Təranə və qayını Qismətlə birlikdə bacısı Xalidəni öldürmələrinə dair xüsusatlar istisna olunmaqla), şahidlər Şahid1 və Təranə Qasımovanın ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2, 3 və 4-cü bəndlərində izah edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Xalidə Əliyevaya yad kişiləri yaşadığı evə gətirməsinə irad tutduğuna görə sonuncunun onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməsi və öz əxlaqa zidd hərəkətlərini davam etdirəcəyini deməsi səbəbindən əsəbiləşib onu qəsdən öldürmək qərarına gələrək əlindəki ağac parçası ilə evin dəhlizində Xalidə Əliyevanın boyun nahiyəsinin arxa hissəsinə bir dəfə zərbə vuraraq ona sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, başın sol ənsə nahiyəsində fasiləli sıyrıqdan ibarət xəsarət yetirmiş, daha sonra pres ipi ipi Xalidə Əliyevanın boynuna dolayıb onu boğaraq sonuncunun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik, boyun nahiyəsində bir ədəd stranqulyasiya şırımı və boyunun yumşaq toxumalarına qansızmadan ibarət xəsarət yetirərək onu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Cəlilabad rayonunun Sabirabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamə, habelə nikahın bağlanması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri-arvadı və dörd azyaşlı uşağı (xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X17) ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə icra nümayəndəliyi tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan, Cəlilabad rayonunun Sabirabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, mərhum 04 aprel 1976-cı il təvəllüdlü X11 bir azyaşlı uşağı ilə birlikdə Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd mayka, bir ədəd büstqalter, bir ədəd kəndir, bir ədəd mişar, kül, tük, qan və dırnaq nümunələri hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefon aparatı, habelə maddi sübut olan və Cəlilabad RPŞ-nin avtomobil duracağında saxlanılan VAZ-21011 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni quvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs arvadı Təranə Qasımovaya (ünvan: Cəlilabad rayonunun Sabirabad kəndi) qaytarılmalıdır. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutar olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mayka, 1 (bir) ədəd büstqalter, 1 (bir) ədəd kəndir, 1 (bir) ədəd mişar, kül, tük, qan və dırnaq nümunələri hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Honor” markalı mobil telefon aparatı, habelə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan VAZ-21011 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni quvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs arvadı X6 (ünvan: Cəlilabad rayonunun Sabirabad kəndi) qaytarılsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-154 (bir yüz əlli dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-297/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-297/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver