Məhkəmə qərarları › İş №1(099)-297/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-297/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-297/2024 15.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X8 (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan, iki azyaşlı olmaqla dörd uşağı olan, fərdi əmək fəaliyyəti (heyvandarlıqla) ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində saxlamışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayında, Lənkəran rayonunda istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi- 13,338 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, onun külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 11 sentyabr 2023-cü il tarixdə, saat 20:45 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran şəhəri, Fizuli küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 21:25 dəqiqədə Lənkəran şəhəri, T.İsmayılov 26 ünvanda yerləşən polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi- 13,338 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı müstəntiqə ifadəsini məcburi şəkildə, yəni təzyiq və təsir altında vermişdir. Məhkəmə istintaqı zamanı yalnız həqiqəti danışacaqdır. 11 sentyabr 2023-cü il tarixdə, axşam saat 21:00 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən həyətyanı torpaq sahəsində olan kiçik fermasında mal-qaranı yerbəyer edib evinə tərəf gedəndə, mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, həmin vaxt qardaşları Təvəkkül və Rövşən də onun yanında olmuşlar. Polis əməkdaşı şöbəyə yeni təyin olunmuş rəis müavininin onunla görüşmək istədiyini bildirmiş, rəis müavininin hansı məsələyə görə onu görüşə dəvət etdiyini soruşduqda, səbəbi bilmədiyini demişdir. Polis əməkdaşına evinə gedib əynində olan çirkli və köhnə paltarları dəyişib, təzə gödəkçəsini geyinəndən sonra polis şöbəsinə getməyi demiş və razılaşmışlar. Həmin vaxt küçədə dayanan ağ rəngli, “Jiquli” markalı avtomobildə mülki geyimdə və polis formasında olan iki nəfərin oturduğunu görmüşdür. Polis şöbəsinə elə həmin avtomobillə getmişlər. Avtomobilin arxa oturacağında, sağ tərəfində bir nəfər mülki geyimdə olan polis əməkdaşı oturmuş, digər mülki geyimdə olan polis əməkdaşı maşını idarə etmiş, qabaqda oturan o biri polis əməkdaşı isə polis formasında olmuşdur. Polis şöbəsində ikinci mərtəbəyə qalxan pilləkanlarda polis rəisinin müavini İltifat Yusibov onu görmüş və polislərlə bir qədər mübahisə etmişdir. Elə oradaca bir-iki dəqiqə ərzində tezbazar protokollaşdırma aparılmış və onu digər otağa aparmışlar. Səbuhi adlı polis əməkdaşı müstəntiqə onun tutulmağı ilə bağlı sənədləri hazırladığını bildirmiş, Səbuhidən onu günahsız yerə həbs etmələrinin səbəbini soruşduqda, “həbs edilməlisən” deyə cavab vermişdir. Daha sonra onu birinci mərtəbəyə aparıb orada olan otaqlardan birinə salmışlar. Bir-iki saat həmin otaqda qalmışdır. Polis əməkdaşı olan Nəvai Kərimov oraya gəlib, onun cibinə bir büküm metafetamin qoyaraq demişdir ki, videoçəkilişlə təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacaq, başını ağrıtmasın, onları əsəbləşdirməsin, müdafiəçi gəlməmiş psixotrop maddəni cibinə qoysun, vəkillə söhbət etməsin, suallara cavab olaraq üzərindən aşkar ediləcək metafetaminin özünə məxsus olduğunu, Fizuli küçəsində piyada hərəkət edən vaxtı yerdən tapdığını bildirsin, lakin o, razılaşmamışdır. Bundan sonra Nəvai ona dediklərini etmədiyi təqdirdə yaşadığı evdən bir kilo narkotik vasitə çıxaracaqlarını bildirmişdir. Bir sözlə polis şöbəsində ancaq təzyiqlə qarşılaşmış, polislər ancaq onu təhqir etməklə məşğul olmuşlar. Sonra polis əməkdaşlarından biri bükümdə olan metafetamini onun əynindəki gödəkçəsinin cibinə qoymuşdur. Nəvainin ona dediklərini etmiş, vəkili İbarət Həsənovla görüşəndə ona heç nə deməmiş, çünki Nəvainin başına oyun açacağından qorxmuşdur. Beləliklə, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qorxusundan metafetamini əynində olan gödəkçəsinin cibindən çıxardıb dindirmə otağındakı masanın üzərinə qoyaraq, metafetaminin ona məxsus olduğunu və yaşadığı evin yaxınlığında küçədən tapdığını demişdir. Metafetamini elektron tərəzidə çəkmişlər, 13 qram olmuşdur. Daha sonra onu şöbənin müvvəqqəti saxlama yerinə yerləşdirmişlər. Səhəri gün müdafiəçisinin iştirakı ilə müstəntiq tərəfindən dindirilmiş, vəkil ona qorxmayıb düzünü danışmağı təklif etsə də, qorxusundan həqiqəti danışa bilməmişdir, çünki Nəvai ilə Səbuhi adlı polis əməkdaşları ona təzyiq, təsir göstərərək, onu yalan danışmağa məcbur etmişlər. Vəkilinə əvvəldən həqiqəti bildirsə də, dindirmə zamanı gerçəyi deyə bilməmiş, vəkil də ona, onu pis vəziyyətdə qoymasını demişdir. Vəkilə verdiyi sözün üstündə dura bilməmişdir. Müstəntiq sənədləri dəyişdirib sıfırdan yazmış, ona narahat olmamağı və hər şeyin yaxşı olacağını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən və özünə məxsus olan fermanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həyətyanı sahəsi Fizuli və Koroğlu küçələrinin arasında yerləşir, orada kiçik bir ferması var və həmin fermada inək saxlayırdı. Polis əməkdaşları tərəfindən fermada işlərini səhmana salıb evinə gedərkən yolda saxlanılmışdır. Onu saxlayan polis əməkdaşlarından biri Şahid1 olmuşdur. Saxlanılarkən üzərində psixotrop maddə aşkar edilməmişdir. Polis şöbəsində ona təzyiq və təsir göstərilmiş, təhdid olunduğu üçün qorxusundan yazılanları etiraf etmişdir. Nəvai Kərimov ona demişdir ki, onların dediklərini etməsə, evindən daha çox çəkidə narkotik vasitə çıxaracaqlar, o da məcbur olaraq həmin qanunsuz kütləni boynuna götürmüşdür. Özü ibadət əhlidir, bir müsəlman kimi həmişə namaz qılıb, heç vaxt hökümətlə problemi olmamışdır. Ola bilsin ki, həbsi dini məsələlərlə bağlıdır. Yalnız Allahına ibadət edir, dövlətinə və millətinə həmişə sadiqdir. Polis şöbəsində fiziki təsirə məruz qalmamışdır. Nəvai ona, həbs edilməli olmasını və videoçəkiliş zamanı aşkar edilən psixotrop maddənin özünə məxsus olduğunu deməli olduğunu konkret olaraq bildirmiş, başa düşmüşdür ki, onun dediklərini etməsə, özü və ailəsi üçün çox pis olacaqdır. Son vaxtlar Lənkəran rayonunda onun kimi dindar adamların başına belə oyunlar açmış, yəni ciblərinə qanunsuz maddələr qoyaraq haqsız yerə həbs etmiş, polislə razılaşmayanlar ailələri ilə təhdid edilmişlər. Bu yaşına qədər heç kəsə pislik etməmişdir. Onu tutub saxlayan polis əməkdaşları, həmçinin Nəvai Kərimovla heç bir problemi olmamış, ancaq başını aşağı salıb öz işləri ilə məşğul olmuşdur. Heç vaxt psixotrop maddədən istifadə etməmiş, həmin maddənin nə olduğunu bilmir və polislər tərəfindən saxlanılanadək, ümumiyyətlə elə bir maddə görməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri, Vaqif küçəsi ev 5/2-də ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Əvvəllər məhkum olunmamış, narkotik vasitə istifadə etməmişdir. 11 sentyabr 2023cü il tarixdə, saat 20:40 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində hərəkətdə olan zaman yerdə şəffaf sellofanda gördüyü büküm ona maraqlı gəldiyindən yerdən götürərək cibinə qoymuşdur. Bundan bir neçə dəqiqə sonra Lənkəran şəhəri, Fizuli küçəsində olduğu zaman Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə polis şöbəsinə gəlmiş, şöbədə ona hüquq və vəzifələri izah edilmiş və müdafiə hüququna əsasən vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da üzərində olan həmin bükümü və 26 (iyirmi altı) manat pulu təqdim etmişdir. Üzərindən aşkar edilmiş bükümün nə olduğunu bilmədiyini demiş, həmin bükümün içinə baxdıqda psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra üzərinə baxış keçirilmiş, üzərindən başqa cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Ondan götürülmüş psixotrop maddə olan metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 14.57 qram müəyyən olunmuş və zərfə qoyularaq, üzərində qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. 26 (iyirmi altı) manat pulu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Üzərində şəxsi axtarış videoçəkilişlə aparılmışdır. O, narkotik vasitə və psixotrop maddədən istifadə etmir və satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan metafetaminə bənzər kütlə özünə məxsusdur, həmin kütləni 11 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, Fizuli küçəsində hərəkətdə olduğu zaman yerdən tapmış və cibinə qoymuşdur. Polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq hərəkətləri olmamış, tam sərbəst ifadə vermişdir (iş vərəqi 59-60). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, yəni psixotrop maddənin nəinki satışı ilə məşğul olmaq, hətta istifadəçisi belə olmadığını, üzərində aşkar olunun psixotrop maddənin ona məxsus olmamasını bildirmiş, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsini əsas götürərək, habelə şahidlərin ifadələrini dinləyərək, həmçinin iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam saat 20:45-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Fizuli küçəsində piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmış, həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq üzərində şəxsi axtarış aparılmasından ötrü onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində təhqiqatçının otağında videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunmuş, Elşən üzərində olan gödəkçənin cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metafetaminə bənzər kütləni təqdim etmişdir. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlənin nə olduğunu bilməmiş, həmin kütləni Lənkəran şəhəri, Fizuli küçəsində tapmış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə onun polis əməkdaşlarından heç bir şikayəti və tələbi olmamış, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Sonda protokol tərtib olunmuş və həmin protokol tərəflərindən imzalanmışdır. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ilə əlaqədar əlavə tədbirlər keçirmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələri və ya psixotrop maddələri kimlərə satması ilə bağlı məlumatları əldə edə bilməmişlər, yəni satışla bağlı məlumatlar öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilən metafetamini Lənkəran şəhəri, Fizuli küçəsində piyada hərəkətlə olduğu vaxt yerdən tapmış və maraq üçün həmin bükümü cibinə qoymuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə ona məxsus ağ rəngdə olan “Jıquli” markalı, “50CH628” dövlət qeydiyyat nişanlı avtomobillə aparmışlar. Təqsirləndirilən şəxs avtomobildə arxa oturacaqda əyləşmiş, yanında isə digər polis əməkdaşı oturmuş və Elşənin qollarına qandal vurulmamışdır. Təqsirləndirilən şəxs diqqətlə nəzarət etmişlər, yanında oturan polis əməkdaşı daha çox diqqətli olmuşdur ki, Elşən fürsətdən istifadə edib, cibində olan bükümü maşının pəncərəsindən çölə ata bilməsin, ona elə bir imkan yaratmamışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs inzibati binanın birinci mərtəbəsində yerləşən təhqiqatçının otağına aparılmış, bundan təxminən on-on beş dəqiqə sonra vəkil gəlmiş və sonuncunun iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı təzyiq və ya təsir göstərilməmiş, fiziki gücdən istifadə edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X3 sahə rəisi, polis kapitanı Şahid2 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis mayoru X13 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun polis əməkdaşları tərəfindən saxlanılmasında, üzərində şəxsi axtarış istintaq hərəkətinin aparılmasında iştirak etməmiş, üzərinə heç bir psixotrop maddə qoymamış, ona bu və ya digər formada təzyiq göstərməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış Şahid5 cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Qardaşı Elşən dini ibadətlə məşğul olmuş, onun psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqəsi olmamış və o, psixotrop maddənin rəngini belə bilməmişdir. Elşən saxlanılan gün, yəni, 11 sentyabr 2023-cü il tarixdə hava yağışlı olmuş və o, Elşənin heyvandarlıqla məşğul olduğu fermanın qarşısındakı çayxanasında olmuşdur. Bu vaxt sonradan polis əməkdaşları olduqlarını öyrəndiyi mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq, ondan qardaşı Elşənin harada olduğunu soruşmuşlar. Onlara cavab olaraq hava yağışlı olduğu üçün Elşənin fermaya gəlmədiyini, evdə olduğunu, nə vaxt gələcəyini bilmədiyini demiş və onların istəməsi əsasında Elşənin mobil telefon nömrəsini onlara vermişdir. İlkin olaraq qardaşı Elşənin süd-qatıq məhsulunun satışı ilə məşğul olması səbəbindən gələn şəxslərin qatıq istədiklərini zənn edərək soruşmuş, onlar isə qatıq almaq üçün gəlmədiklərini bildirmişlər. Həmin vaxt Elşənin fermada olduğunu bilməmişdir, çünki başı çayxanada olan müştərilərə qarışmışdır. Mülki geyimli şəxslər Elşənin mobil nömrəsinə zəng etmək istəyərkən Elşən içəri daxil olmuş və onlarla üzbəüz gəlmişdir. Həmin vaxtı digər qardaşı Şahid4 da aşağıda müştərilər üçün qutab bişirirmiş. Elşən iki-üç dəqiqə sonra geri qayıdaraq əynində olan çəkməsini dəyişmiş, telefonunu ona verib, aşağıya, Təvəkkülün yanına düşərək gələn şəxslərin avtomobilinə əyləşib getmişdir. Təvəkkül Elşənin polis şöbəsinə aparılmağını ona bildirmiş və bundan sonra həmin mülki geyimli şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüşdür. Səhəri gün polis şöbəsinə getmiş, orada Elşəni aparmaq üçün gələn şəxslərdən birini və avtomobili görmüş, həmin şəxsdən Elşənin yerini soruşmuş, o da sonuncunu Səbuhi müəllimin yanına apardıqlarını bildirmişdir. Səbuhinin yanına gedərək Elşəni xəbər almış, o da Elşənin psixotrop maddə ilə tutulduğunu bildirmişdir. Elşənin polis şöbəsində verdiyi etirafedici ifadələrindən vəkili İbarət Həsənovun vasitə ilə xəbəri olmuşdur. Qardaşı Elşənlə aralarında heç vaxt psixotrop maddə ilə əlaqədar dialoqu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin 11 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin 11 sentyabr 2023-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1, X3 sahə rəisi, polis kapitanı Şahid2 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 04-05; 08). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin 11 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də Lənkəran şəhərində tərəflərindən saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 09). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin 11 sentyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 11-12). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin 11 sentyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, həmin polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də Lənkəran şəhəri, Fizuli küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə gətirilmiş, xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütlə və mavi rəngli şalvarın sol yan cibindən 26 (iyirmi altı) manat pul çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində psixotrop maddə metafetaminə bənzər kütlə olduğu, elektron tərəzidə çəkildikdə çəkisi 14,57 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş həmin kütlənin nə olmasını bilmədiyini və Lənkəran şəhəri, Fizuli küçəsində tapıb, üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə edilmiş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 29-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 19/858 nömrəli, 12 sentyabr 2023-cü il tarixli ekspertiza rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metafetaminə bənzər kütlə......” sözlər və imzalar olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi- 13,338 qram olan ağ rəngli kristallardan ibarət maddə metafetamindir. Metafetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İİ). Psixotrop maddə metafetaminin ekspertizadan sonra qalıq qalmış 13,238 qramı geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (iş vərəqi 43-46). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 51-52). Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 4(049)-253/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 68-72). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X16 Yoxlamanın 13 sentyabr 2023-cü il tarixli, 889 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (Nankomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 73). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 “canlı şəxsin ekspertizasına dair” 936 nömrəli, 13 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqi 74-75). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 3-13-96/1-29911-23 nömrəli, 15 sentyabr 2023-cü il tarixli tapşırıq sənədindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metafetamini nə vaxt, harada, kimdən əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi, psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, olduğu təqdirdə həmin şəxslərin dairəsinin əməliyyat yolu ilə müəyyən edilməsi məzmununda şöbənin Cinayət-Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir (iş vərəqi 79). Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx-xx/3095 nömrəli, 19 sentyabr 2023-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsi, şəxsiyyət vəsiqələrinin surətləri və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Rəşidə Hüseynova, qızları 17 mart 2008-ci il təvəllüdlü Şəhrəbanu Hüseynli, 07 avqust 2009-cu il təvəllüdlü Zəhra Hüseynli, 27 iyun 2015-ci il təvəllüdlü Rüqəyyə Hüseynli və oğlu 10 aprel 2019-cu il təvəllüdlü Əlimehdi Hüseynzadədən ibarətdir və o, müsbət xasiyyətləndirilir (iş vərəqi 81-87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 11 noyabr 2023-cü il tarixli, 10907 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil (iş vərəqi 96). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddələrin mənbəyini, əvvəllər kimə, kimlərə narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, şəbəkədə olan məxfi əməkdaşlar təlimatlandırılaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə əvəllər məhkum olunmuş, hazırda həbsdən qayıtmış şəxslərin ətrafında axtarış və profilaktik tədbirlər aparılmış, lakin bütün bunlara baxmayaraq, onun üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini kimdən əldə etməsini, əvvəllər kimlərə narkotik vasitə və psixotrop maddə satmasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 100). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 10 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 13,338 qram psixotrop maddə metafetamin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, qalıq çəkisi 13,338 qram psixotrop maddə metafetamin həmin şöbənin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, DVD diskdə olan videogörüntülərin cinayət işinin materiallarında olması nəzərə alınmışdır (iş vərəqi 102A-102B). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 11 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs imtina ərizəsi əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili X10 cinayət prosesində iştirakına xitam verilmiş, sözü gedən büronun digər vəkili X6 onun müdafiəçisi təyin edilmişdir (iş vərəqi 106). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 12 dekabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış və onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(iş vərəqi 110-116). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 12 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etdiyi psixotrop maddənin mənbəsi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan cinayət işindən ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (iş vərəqi 118-119). Müdafiəçinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Mərkəzi Rayon Xəstəxanası, X2 Təqsirləndirilən şəxs adına verilmiş tibbi sənədlərin məzmunundan görünür ki, o, xəstəliyi ilə əlaqədar əməliyyat keçirmişdir və səhhətində problemlər vardır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 11 (on bir) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə heyəti məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər- ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiq və təsirə məruz qalması, aldadılaraq, yəni, yeni təyin olunmuş rəis müavininin onunla görüşmək istəməsi adı ilə polis şöbəsinə aparılması, şöbədə Səbuhi və Nəvai adlı polis əməkdaşlarının təsirinə məruz qalması, Nəvainin onun cibinə bir büküm metafetamin qoyaraq “videoçəkilişlə təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacaq, baş ağrıtma, bizi əsəbləşdirmə, müdafiəçi gəlməmiş psixotrop maddəni cibinə qoy, vəkillə söhbət etmə, suallara cavab olaraq üzərindən aşkar ediləcək metafetaminin özünə məxsus olduğunu, Fizuli küçəsində piyada hərəkət edən vaxtı yerdən tapdığını bildir” deməsi, lakin onunla razılaşmaq istəməməsi, eyni zamanda da Nəvainin dediklərini etmədiyi təqdirdə yaşadığı evdən bir kilo narkotik vasitə çıxaracaqlarından, başına oyun açacaqlarından qorxması, polis şöbəsində ancaq təzyiqlə qarşılaşması, polislərin ancaq onu təhqir etməklə məşğul olması, polis əməkdaşlarından birinin bükümdə olan metafetamini onun əynindəki gödəkçəsinin cibinə qoyması, qorxusundan həqiqəti danışa bilməməsi barədə dedikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə etmək məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək, sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə imzaladığı ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 11 və 13 sentyabr 2023cü il tarixli ifadələrində üzərindən aşkarlanan psixotrop maddə olan metafetamini 11 sentyabr 2023-cü il tarixdə, axşam saat 20:40 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində hərəkətdə olduğu zaman yerdən tapdığını və büküm ona maraqlı gəldiyindən yerdən götürüb cibinə qoymasını, polis əməkdaşları tərəfindən ona hər hansı bir təsir və ya təzyiq göstərilmədiyini (32-33; 49-50; 59-60-cı vərəqlər) bildirmiş və həmin protokolları imzalamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçəsinin cibindən çıxardıb təqdim etdiyi şəffaf sellofana bükülmüş kütləni təqdim etmiş, həmin bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metafetaminə bənzər maddə aşkar olunmuş, büküm elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərfə qoyulmuş və o, hər hansı hala etiraz etmədən bütün bunlar barədə tərtib olunmuş protokolu imzalamışdır. Göstərilənlər həmin vaxt qeydə alınmış video görüntüdə əks olunmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə şöbənin inzibati binasında üzərinəd şəxsi axtarış istintaq hərəkəti aparılarkən əynindəki gödəkçəsinin cibindən bir ədəd bükümdə olan psixotrop maddə hesab edilən metafetamini çıxardıb stolun üzərinə qoymuş, şifahi sorğu zamanı həmin kütləni Lənkəran şəhəri, Fizuli küçəsində yerdən tapdığını və götürüb maraq üçün üzərində saxladığını demiş, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs onlardan heç bir şikayəti və tələbi olmamışdır. Bundan əlavə, “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə-kimyəvi ekpertizasının 19/858 nömrəli, 12 sentyabr 2023-cü il tarixli rəyi ilə tanış olarkən üzərindən aşkar olunan psixotrop maddə ilə bağlı hər hansı etiraz etməmişdir. Məhkəmədə isə üzərində olan psixotrop maddənin polis əməkdaşı tərəfindən cibinə qoyulmasını bildirmişdir. Bununla əlaqədar məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı X13 təqsirləndirilən şəxsi əvvəllər tanımadığını, onun polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etmədiyini bildirmişdir. Belə olan halda, Nəvai Kərimovun təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə hər hansı psixotrop maddə qoyması absurddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təzyiq göstərilməsi barədə, bu haqda özünün dediyi kimi vəkilinə konfidensial ünsiyyətdə olduğu zaman məlumat versə də, aparılan istintaq hərəkətləri zamanı heç bir söz deməmiş və ya hər hansı bir orqana rəsmi qaydada müraciət etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis şöbəsinin inzibati binasında, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən psixotrop maddə olan metafetamini cibindən çıxarıb təhvil verməsini və bu barədə olan 11 sentyabr 2023-cü il tarixli protokolu, bundan başqa onun eyni tarixli ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində 12-13 sentyabr 2023-cü il tarixli ifadələrini inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşının psixi təzyiqi nəticəsində ona verilən bükümdə olan psixotrop maddə metamfetamini təqdim etməsi, psixotrop maddə istifadəçisi olmaması hissələrdə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunan psixotrop maddənin ona məxsus olmaması, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməməsi barədə bildirsə də, ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə bildirmişdir ki, yerdən tapdığı büküm onda maraq yaratdığı üçün götürüb özündə saxlamışdır. Qeyd olunan səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12- 20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən, habelə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, ibtidai istintaqın qurtarması, cinayət işinin materialları ilə tanış olması barədə protokolları da həmçinin özünün seçdiyi digər vəkilin iştirakı ilə təsdiq etdiyinə, həmin protokollarda hər hansı bir etiraz bildirməməsinə, bütün bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixotrop maddə istifadəçisi olmaması, üzərində psixotrop maddə gəzdirməməsi, ibtidai istintaq zamanı məcburiyyət qarşısında qalıb etirafedici ifadələr verməsi barədə dediklərini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Bundan əlavə, məhkəmə heyəti təqsirləndirilən şəxsin qardaşı Şahid5 əlavə şahid qismində ona ünvanlanmış suallara Təqsirləndirilən şəxs dinlə, ibadətlə məşğul olması, psixotrop maddənin qanunsuz dövriyyəsi ilə hər hansı bir əlaqəsinin olmaması, psixotrop maddənin rəngini belə bilməməsi, polis əməkdaşları tərəfindən onların yanında saxlanılaraq aparılması kimi cavablarını yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcə də, onun təqsirləndirilən şəxsin qardaşı olması səbəbindən təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, müdafiəçisinin vəsatəti əsasında dəvət olunmuş əlavə şahidlər dindirilmişlər, habelə əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilənə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil, yəni, psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir. Həmçinin, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə, qeyd edilən maddədə sadalanan hərəkətlərin külli miqdarda törədilməsi isə bu Məcəllənin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.2, 234.4-cü maddələri arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəyə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ Siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metafetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 13,338 qram olan metafetamini, yəni külli miqdar təşkil edən psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması barədə” qərar və tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlmuş əməli törətməkdə şübhəli şəxs kimi saxlanılması qərara alınmış və o, tutulmuş, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərarla isə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız onun üzərindən aşkar edilmiş metafetaminin təmiz çəkisinin 13,338 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2 (iki) qramdan çox olmasına istinad etməklə ona, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, nə həmin aralıqda, nə də ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə satması hər hansı halla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamətləri, həm də, onun üzərindən aşkar edilmiş metafetaminin bir ədəd bükümdə, təmiz çəkisi 13,338 qram, yəni külli miqdarının aşağı həddindən yalnız altı-yeddi dəfə çox olması, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş tapdığı bükülünü satış məqsədi ilə deyil, onda maraq kəsb etdiyi üçün yerdən götürüb özündə saxlamasını göstərməsi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmalar haqqında), metafetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metafetamini əldə etməsi, üzərində saxlaması, daşımasından ibarət hərəkətlərin, həmin metafetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları onlara ünvanlanmış suala cavab olaraq bildirmişlər ki, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əlavə tədbirlər keçirmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələri və ya psixotrop maddələri kimlərə satması ilə bağlı məlumatları əldə edə bilməmişlər, yəni satışla bağlı məlumatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat tapşırığına cavab məktubunda qeyd olunmuşdur ki, aparılmış genişmiqyaslı əməliyyatlara baxmayaraq, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyini, kimlərə narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərindən aşkar edilmiş metafetamini onda maraq doğurduğu üçün götürüb üzərində saxlamaqla daşıması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi, habelə şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan metafetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı”, “Lenskaya Rusiyaya qarşı” və “Radçikov Rusiyaya qarşı” işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X15rşı iş). “Van de Hurk Niderlanda qarşı”, “Boldea Rumınyaya qarşı” və “Hadjianastassiu Yunanıstana qarşı” işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, iki azyaşlı olmaqla dörd uşağının olmasını, xəstəliyini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 13,338 qram psixotrop maddə metamfetaminin 13,238 qram qalığı məhv edilməli; şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 13,338 qram psixotrop maddə metafetaminin 13,238 qram qalığı məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar