Məhkəmə qərarları › İş №1(099)-297/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-297/2025

27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-297/2025 27.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədli Ənnağı Əbdül oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 fevral 2026-cı il tarixdə saat 14:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd çantanın içərisində 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 1555,0 qram - xüsusilə külli miqdarda narkotik vasitə olan heroin, 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 193,391 qram – külli miqdarda psixotrop maddə olan metamfetamin, 10 (on) ədəd listdən ibarət olmaqla 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 1990,525 qram – külli miqdarda narkotik vasitə olan həşiş qatranı, 5 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 5670,0 qram – külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 10 (on) ədəd konvalyutda olmaqla 100 ədəd əsas təsiredici maddəsinin miqdarı 4,0 qram – külli miqdarda narkotik vasitə olan metadon həblərinin Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” restoranının yaxınlığında sanitar qovşağın içərisində gizlədilməsi barədə məlumat verildikdən sonra 11 yanvar 2025-ci il tarixdə saat 14 radələrində həmin əraziyə gəlmiş, içərisində külli və xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan çantanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla həmin ərazidən uzaqlaşarkən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 11 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” restoranının yaxınlığında saxlanılmış, həmin gün saat 14:49-dan etibarən üzərinə baxış keçirilən zaman sol çiyinində olan bel çantasından 1 (bir) ədəd bağlamada qablaşdırılmış təmiz çəkisi 1555,0 qram - xüsusilə külli miqdarda narkotik vasitə olan heroin, 1 (bir) ədəd bağlamada qablaşdırılmış təmiz çəkisi 193,391 qram - külli miqdarda psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bağlamada qablaşdırılmaqla 10 ədad listdə ayrı-ayrılıqda təmiz çəkiləri 194,549 qram, 200,072 qram, 190,426 qram, 201,240 qram, 202,129 qram, 192,828 qram, 195,295 qram, 206,589 qram, 199,999 qram, 207,398 qram olmaqla ümumi təmiz çəkisi 1990,525 qram - külli miqdarda narkotik vasitə həşiş qatranı, 5 (beş) ədəd bağlamada qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1040,0 qram, 1010,0 qram, 2215,0 qram, 1060,0 qram, 345,0 qram olmaqla ümumi təmiz çəkisi 5670,0 qram – külli miqdarda narkotik narkotik vasitə qurudulmuş marixuana, 10 (on) ədəd konvalyutda olmaqla əsas təsiredici maddəsinin çəkisi ümumilikdə 4 qram olan 100 (yüz) ədəd - külli miqdarda narkotik vasitə metadon həbləri, həmçinin sağ çiyininə doğru asdığı əl çantasından Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin çantada saxlamaqla daşıdığı 2 (iki) ədəd bükümdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,668 qram, 0,239 qram olmaqla ümumi təmiz çəkisi 0,907 qram – xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxs ona narkotik vasitə təklif etmişdir. O, həmin vaxt iranlının təklifini qəbul etməmişdir. 09 yanvar 2025-ci il tarixdə isə özü “İnstagram” sosial şəbəkəsində həmin şəxslə əlaqə yaradaraq ondan şəxsi istifadəsi üçün 370 qram narkotik vasitə qurudulmuş marixuana istəmişdir. İranlı ilə razılaşdıqdan sonra tanışı Musanın avtomobili ilə 10 yanvar 2025-ci il tarixdə Hacıqabul rayonuna yola düşmüşdür. Maşında dostu Əlisafa və Musanın tanışı, əvvəllər tanımadığı Talib də olmuşdur. O, tək yola çıxmaq istəmədiyi üçün Əlisafadan onunla birlikdə gəlməyi xahiş etmişdir. Əlisafa, Musa və Talibin onun Hacıqabul rayonuna hansı niyyətlə getməsindən xəbəri olmamışdır. Hacıqabul rayonu istiamətində hərəkətdə olarkən iranlı ona “Whatsapp” mobil tətbiqi vasitəsilə məkan haqqında konum göndərmiş və narkotik vasitənin Cəlilabad rayonu ərazisində gizlədildiyini bildirmişdir. O, Musaya avtomobili Cəlilabad rayonuna sürməyi, bunun əvəzində yol haqqı olaraq əlavə pul verəcəyini bildirmişdir. Onlar Cəlilabad şəhərinə çatdıqda onları polis əməkdaşları saxlamış, Cəlilabad şəhərinə hansı məqsədlə gəldiklərini sorğu-sual etmişlər. O isə polis əməkdaşlarına Cəlilabad rayonuna istirahət məqsədilə gəldiklərini bildirmişdir. Cəlilabad şəhərində olarkən o iranlının göndərdiyi konum üzrə hərəkət edib narkotik vasitəni tapmayaraq geri qayıtdıqda polis əməkdaşlarının Musagili yenidən sorğu-sual etdiklərini görmüşdür. O, bununla bağlı DİN-in 102 zəng xidmətinə müraciət edərək şikayətini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad RPŞ-nin inzibati binasına aparmışlar. Orada olarkən onun üzərindəki əl çantasına baxış keçirilmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Polis şöbəsində DİN-in 102 zəng xidmətinə etdiyi şikayətini geri götürməsi barədə ərizə yazdıqdan sonra onları buraxmışlar. Onlar həmin gecə Cəlilabad şəhəri ərazisində kafedə olmuşlar. Səhər saatlarında o, Musagildən ayrılmış, iranlının göndərdiyi konum istiqamətinə getmişdir. O, parkın içində yerləşən sanitar qovşağa daxil olduqda böyük bel çantası görmüş, çantanın böyük olmasından şübhələndiyindən iranlıya zəng etmiş, lakin həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar. O, polis əməkdaşlarına 370 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək zor tətbiq etməyə başlamış, ondan çantanın içərisində olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. Polis əməkdaşları onun əl çantasını sonradan gətirərək içərisinə iki bükümdə metamfetamin qoymuşlar. Polis əməkdaşları ona qarşı zor tətbiq etdiklərindən və evinə narkotik vasitə qoyacaqları ilə hədələdiklərindən məcbur qalıb polis əməkdaşlarının tələbləri ilə razılaşmış, videoçəkiliş zamanı çantanın içərisində olan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları polis şöbəsində olarkən də ona qarşı fiziki təzyiqlər etmişlər. Döyülməsi ilə əlaqədar halı pisləşdiyindən təcili tibbi yardım çağırılaraq ona tibbi yardım göstərilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, təxminən iki-üç il müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən 5-10 qram qurudulmuş marixuana almışdır. 5 qram qurudulmuş marixuananı adətən 20-25 manat pul qarşılığında əldə etmişdir. Sonuncu dəfə şəxsi istifadəsi üçün daha böyük miqdarda narkotik vasitə əldə edib saxlamağa qərar vermişdir. Bununla əlaqədar özünü ona Hafiz adı ilə tanıdan şəxslə əlaqə saxlayaraq 370 qram qurudulmuş marixuana istəmişdir. Həmin şəxslə narkotik vasitələrin satışı ilə bağlı heç bir sövdələşməsi olmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İranlı şəxsin “m10” hesabına narkotik vasitəyə görə 100 manat pul göndərmişdir. Aralarındakı razılaşmaya görə onun göndərəcəyi narkotik vasitəni əldə etdikdən sonra iranlıya yol haqqı da nəzərə alınmaqla əlavə 100 manat pul göndərəcəkmiş. O, iranlının göndərdiyi konuma 370 qram narkotik vasitə əldə etmək üçün getmiş, çantanın içərisində olan digər narkotik vasitələrdən məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən 11 yanvar 2025-ci il tarixdə saat təxminən 10-11 radələrində saxlanılmışdır. Polis əməkdaşları onun bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik zərbələri vurmaqla həmçinin saqqalını dartmaqla zor tətbiq edib işgəncə vermişlər. Əl çantası onun üzərində olmamış, çanta Musanın avtomobilində qalmışdır. Polis əməkdaşları həmin əl çantasını sonradan gətirərək içərisinə iki büküm metamfetamin qoymuşlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, bir neçə müddət olmuşdur ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 4-5 gün əvvəl Bakı şəhərində “Sovetski” adlanan məhəllədən 2 ədəd bükümdə metamfetamin tapmışdır. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin metamfetamini əl çantasında gizlədərək üzərində gəzdirmişdir. Lakin, real şərait olmadığı üçün metamfetamindən istifadə edə bilməmişdir. Həmçinin təxminən 2024-cü ilin dekabr ayının sonlarında “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemində təsadüfən İran İslam Respublikası vətəndaşı Hafiz adlı şəxslə tanış olmuşdur. Onlar bir neçə gün Hafiz adlı İİR vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə əlaqə saxlamağa başlamışlar. O, İİR vətəndaşı Hafiz ilə əlaqə saxlayarkən söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu, maddi problemlərinin olduğunu bildirdikdə Hafiz ona bu barədə kömək edə biləcəyini bildirmişdir. Onlar bir neçə gün danışdıqdan sonra 2025-ci ilin yanvar ayının əvvəllərində Hafiz ona Hacıqabul şəhərində narkotik vasitə və psixotrop maddələr olduğunu, əgər onun dediyi narkotik vasitə və psixotrop maddələri olduğu yerdən götürüb dediyi yerə aparılacağı təqdirdə pul verəcəyini bildirmişdir. Hafiz bunu ona dedikdə puldan ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Həmçinin ondan nəğd pul yox, onun əvəzinə narkotik vasitə verməsini xahiş etmişdir. Çünki, fikirləşmişdir ki, həmin narkotik vasitəni satıb daha çox pul qazanar. Hafiz ona narkotik vasitələrdən 370 qram qurudulmuş marixuana götürəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Lakin, ümumilikdə Hafizin ona dediyi narkotik vasitələrin miqdarı və növü barəsində məlumatı olmamışdır. Hafiz yola çıxmağını bildirəndə o, taksi kimi tanıdığı Musa ilə danışmışdır. O, zəhmət haqqı kimi ondan 150 manat pul istəmişdir. O, Musaya benzin vuracağını, sonra pulu olanda verəcəyini xahiş etmişdir. Musa da ona etiraz etməmiş və onlar razılaşmışlar. Həmçinin tək uzaq yol getdiyi üçün istəmişdir ki, yol yoldaşı kimi dostu Əlisafaya onunla getməsini xahiş etsin. Bu barədə Əlisafaya dedikdə o da ona bekar olduğunu, gedə biləcəyini bildirmişdir. Bakı şəhəri ərazisində onlar görüşmüşlər. Hacıqabula gedəndə Musanın dostunun da yol yoldaşı kimi yanında gəldiyini görmüşdür. Dostunun adı Talib olmuşdur. Hacıqabula gedəndə yerdən tapdığı 2 büküm metamfetamin də əl çantasında olmuşdur. Onun Hacıqabul rayonuna narkotik vasitə üçün getdiyi barədə və üzərində metamfetamin olması barədə nə Əlisafanın, nə Musanın, nə də Talibin məlumatı olmamışdır. O, Musa və Əlisafaya şəxsi işi ilə əlaqədar gedəcəyini bildirmişdir. Hafiz Hacıqabula çatmamışdan qabaq ona narkotik vasitənin olduğu ərazinin bildirişini və şəkillərini atacağını bildirmişdir. Hacıqabula az qalmış Hafiz ona Cəlilabad rayonunun ərazi bildirişini ataraq narkotik vasitələrin orada olduğunu bildirmişdir. O, Musanı aldadaraq yenidən avtomobili Cəlilabad rayonuna sürdürmüşdür. Cəlilabad rayonuna çatdıqdan sonra onlar tanımadığı restoranda oturub çörək yemişlər. Həmin vaxt Musa 150 manat pulunu ondan istəmişdir. O isə hal-hazırda üstündə pul olmadığını bildirmişdir. Sonra bununla bağlı aralarında narazılıq olmuşdur. Hətta onun pulu olmadığı üçün yeməyin hesabını da onlar ödəmişdir. Sonra onlar ayrılmışlar. Əlisafa da Bakı şəhərində işi çıxdığını bildirərək Musagillə getmişdir. Onun onlardan məlumatı olmamışdır. O isə Hafizdən xəbər gözlədiyi üçün Cəlilabadda yerləşən mərkəzi parkda tək gözləmişdir. 11 yanvar 2025-ci il tarixdə, təxminən saat 11-12 radələrində Hafiz ona narkotik vasitənin yerinin bildirişini və fotoşəkillərini göndərmişdir. Həmçinin Hafiz narkotik vasitələrin bel çantasında Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” şadlıq sarayının sanitar qovşağının tavanında gizlədildiyini bildirmişdir. O, Hafizin dediyi yerə tərəf getmiş və orada sanitar qovşağı olduğunu görmüşdür. Sonra narkotik vasitəni Hafizin dediyi yerdən taparaq götürmüşdür. Orada başqa insanlar da olduğundan qorxub kənara çəkilərək bir müddət gözləmişdir. Sonra isə Bakı şəhərinə qayıtmaq üçün taksi axtarmağa çalışmışdır. Həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Ona yaxınlaşan şəxslər özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirmişlər. Şifahi sorğu zamanı bel və əl çantasındakı narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr orada ölçülmüş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. O da onlara etiraz etməyərək birlikdə Cəlilabad RPŞ-nin inzibati binasına gəlmişlər. Polis şöbəsində hüquqları izah olunaraq ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə ondan aşkar edilərək götürülmüş əşyalara yenidən baxış keçirilmiş, çəkisi ölçülmüş və ekspertizaya göndərilməsindən ötrü üzərinə imzalar çəkilməklə möhürlənmişdir. Həmçinin mobil telefonu da iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bunlardan başqa ondan qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa bildirmişdir ki, o, polis şöbəsinə gətirilərkən və inzibati binada olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. Hafizdən əldə etdiyi narkotik vasitələri deyilən yerə çatdırdıqdan sonra bunun müqabilində həmin narkotik vasitələrdən 370 qram qurudulmuş marixuana götürəcəkmiş. Məqsədi qazanc əldə etmək olmuşdur. Cəlilabad rayonu ərazisindən götürdüyü narkotik vasitə və psixotrop maddələrin kim tərəfindən yerləşdirilməsi və haradan göndərilməsi barədə hər hansı bir məlumatı olmamışdır. Həmçinin, Bakı şəhərindən Cəlilabad şəhərinə birlikdə gəldiyi Əlisafa, Musa və Talib adlı şəxslərin onun Cəlilabad şəhərində narkotik vasitə və psixotrop maddə əldə edəcəyindən məlumatları olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ifadəni polis əməkdaşlarının təzyiqi altında vermişdir. Hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 11 yanvar 2025-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin qrupa o rəhbərlik etmişdir. Əməliyyat qrupuna polis əməkdaşları Şahid2, Şahid4, Şahid7 və Şahid6 daxil olmuşlar. 11 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri 20 Yanvar küçəsi “Tut bağı” restoranının yanında piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və ona külli miqdarda narkotik vasitələri əldə edib daşımaqda şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs öz növbəsində həm bel, həm də əl çantasında narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan bel çantasına baxış zamanı metamfetamin, qurudulmuş marixuana, həşiş qatranı, on ədəd blisterdə hər birində on ədəd olmaqla ümumilikdə 100 ədəd metadon həbləri, daha sonra əl çantasına baxış zamanı bir ədəd şüşə borucuq və iki bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bel çantasında olan narkotik vasitələri Hafiz adlı iranlının təlimatına əsasən Cəlilabad rayonundan əldə edib Bakı şəhərinə aparacağını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən bir il əvvəl tanımış, onlar Bakı şəhərində İçərişəhər ərazisində yerləşən restoranda birlikdə işləmişlər. Həmçinin, onlar qonşuluqda yaşadıqlarından aralarında yaxın dostluq münasibəti yaranmışdır. 10 yanvar 2025-ci il tarixdə Hüseynin təklifi ilə görüşmüşlər. Görüş zamanı Hüseyn ona Hacıqabul rayonuna getməli olduğunu bildirirərək onunla getməyi təklif etmişdir. Onlar Musa və Taliblə birlikdə Hacıqabul rayonuna yola düşmüşlər. O, Musa və Talibi əvvəllər tanımamışdır. Hacıqabul rayonu istiqamətində olarkən Hüseyn Cəlilabad rayonuna getməli olduqlarını bildirmişdir. Onlar birlikdə Cəlilabad rayona gəlmişlər. Cəlilabad rayonuna çatdıqda onları polis əməkdaşları saxlamış, Cəlilabad rayonuna hansı məqsədlə gəlmələri barədə sorğu-sual etmişlər. Daha sonra polis əməkdaşları onları təkrar saxlamış, bu zaman Hüseyn bununla bağlı DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad RPŞ-nin inzibati binasına aparmışlar. Daha sonra onları polis şöbəsindən buraxmışlar. Onlar yaxınlıqda yerləşən kafeyə getmişlər. Kafedə yemək yeyərkən hesabın ödənilməsi ilə bağlı aralarında mübahisə yaranmış, səhər saatlarında Musa və Talib onlardan ayrılaraq çıxıb getmişlər. O da işə getməli olduğundan Hüseyndən ayrılıb taksi ilə Bakı şəhərinə yola düşmüşdür. İki gün sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət etmiş, polis şöbəsində Hüseynin Cəlilabad rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid10 göstərmişdir ki, o, Hüseynin Cəlilabad rayonuna narkotik vasitə əldə etmək üçün getdiyini bilməmiş, Hüseyn bu barədə ona heç bir məlumat verməmişdir. Həmçinin, Hüseynin kiminləsə narkotik vasitə ilə bağlı mobil telefonda danışmasını eşitməmişdir. Hüseynin Cəlilabad rayonuna qızla görüşmək üçün getdiyini düşündüyündən bu barədə ona artıq sual verməmişdir. Polis əməkdaşları gecə onları Cəlilabad RPŞ-nin inzibati binasına apararkən Hüseynin əl çantası Musanın avtomobilində qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Hüseyni hadisədən təxminən bir ay əvvəl tanımışdır. 10 yanvar 2025-ci il tarixdə Hüseyn ona zəng edərək dostu ilə görüşmək üçün Hacıqabul rayonuna getməli olduğunu bildirmişdir. O, Hüseynə 150 manat pul qarşılığında Hacıqabul rayonuna aparıb gətirə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra həmin gün saat 22 radələrində Hacıqabul rayonuna yola düşmüşlər. Hüseynin yanında əvvəllər tanımadığı Əlisafa adlı şəxs də gəlmişdir. O isə gecə yuxusu gələrsə avtomobili idarə etməsi üçün dostu Talibi çağırmışdır. Onlar birlikdə Hacıqabul rayonuna gedərkən yolda Hüseyn ünvanın dəyişdiyini, Cəlilabad rayonuna getməli olduqlarını bildirmişdir. O, Hüseynə narazılığını bildirsə də, Hüseyn ona əlavə yol haqqı verəcəyini bildirmişdir. Onlar Cəlilabad rayonuna çatdıqda onları polis əməkdaşları saxlayaraq sorğu-sual etmişlər. Mübahisə olduğundan Hüseyn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Lakin, qısa zaman sonra Hüseyni polis şöbəsindən buraxmışlar. Daha sonra onlar Cəlilabad şəhəri ərazisində kafeyə gedərək orada yemək yemişlər. Yemək yedikdən sonra hesabın ödənməsi ilə bağlı onlar arasında mübahisə yaranmışdır. Belə ki, Hüseynin üzərində pul olmadığından o məcbur qalıb hesabı ödəmişdir. Bundan sonra onlar Hüseyndən ayrılaraq Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Hüseyndən ayrılanda Hüseynin əl çantası Hüseynin üzərində olmuş, Hüseynin heç bir əşyası avtomobildə qalmamışdır. Az sonra polis əməkdaşları onları saxlayaraq Cəlilabad RPŞ-yə dəvət etmişlər, orada Hüseynin Cəlilabad rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini öyrənmişlər. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-nin 327.1.2 və 329.1-ci maddələrinə əsasən (məkəmə baxışı şahidin iştirakı olmadan aparıldıqda) Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş, həmin ifadəsində Şahid9 Şahid8 oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstrdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, Cəlilabad RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenant Hüseyin Mirzəli tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış 11 yanvar 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v. 6;) İşdə olan, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman o, sol çiyinindən asdığı qara rəngli bel çantasından bir neçə bükülü çıxarıb təqdim edərək, içərisində narkotik vasitə və psixotrop maddələr olmasını bildirmiş, həmin bükülülərə baxış keçirilən zaman 1 ədəd bükümdə narkotik vasitə heroinə, 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 10 listdən ibarət olmaqla 1 ədəd bükümdə narkotik vasitə həşiş qətranına, 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya, 10 ədəd konvalyutda olan 100 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələr olması müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs sol çiyinindən sağ çiyini istiqamətində asdığı əl çantasını təqdim edərək, içərisində psixotrop maddə olmasını bildirmiş, içərisinə baxış keçirilən zaman 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd şüşə borucuq olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, i.v. 12- 13;) İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 17:21-dən saat 18:19-dək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindəki bel çantasında aşkar edilmiş 1 (bir) ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütləyə, 1 (bir) ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləyə, 10 (on) ədəd listdən ibarət olmaqla 1 (bir) ədəd bağlamada həşiş qatranına bənzər kütləyə, 5 (beş) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 10 (on) ədəd konvalyutda olmaqla 100 ədəd metadon həblərinə bənzər həblərə, həmçinin iki bükümdə qablaşdırılmış metamfetaminə bənzər kütləyə və “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 11 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntüyə baxış keçirilmiş, qeyd olunan predmetlər qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i.v. 17-19;) İşdə olan, “şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 11 yanvar 2025-ci il tarixdə saat 18:46-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 19;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş məhkəmə kimyəvi və bioloji ekspertizasının 12 yanvar 2025-ci il tarixli, 19/08 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlələr....." sözlər və imzalar olan bir ədəd çantadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -1555,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 ədəd olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri: -193,391 qr; -0,668 qr; -0,239 qram: -ümumi təmiz çəkisi: -194,298 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə 10 list ayrı-ayrılıqda təmiz çəkiləri: -194,549 qr: -200,072 qr: -190,426 qr: -201,240 qr: -202,129 qr: -192,828 qr: -195,295 qr: -206,589 qr: -199,999 qr: -207,398 qram: ümumi təmiz çəkisi: -1990,525 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranlarıdır; 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -1040,0 qr: -1010,0 qr: -2215,0 qr: -1060,0 qr: -345,0 qram: ümumi təmiz çəkisi: -5670,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -4,0 qramdır (bir həbdə -0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş şüşə borucuq.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd şüşə borucuğun içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Qeyd: - heroinin təmiz çəkisi – 1555,0 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1554,9 qram, metamfetaminin təmiz çəkisi – 194,298 qram, cəmi tədqiqata sərf edildi – 0,3 qram, qalıq – 193,998 qram, həşiş qətranının təmiz çəkisi – 1990,525 qram, cəmi tədqiqata sərf edildi – 1,0 qram, qalıq – 1989,525 qram, marixuananın təmiz çəkisi – 5670,0 qram, cəmi tədqiqata sərf edildi – 0,5 qram, qalıq – 5669,5 qram, metadon həbləri – 100 ədəd, cəmi tədqiqata sərf edildi – 10 ədəd, qalıq – 90 ədəd. (Cild 1, i.v. 97-101;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 125-126;) İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(073)-1/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxışı zamanı özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu bildirmişdir. (Cild 1, i.v. 143-146;) İşdə olan, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v. 187;) İşdə olan, “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 1554,9 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 193,998 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1990,525 qram olan narkotik vasitə həşiş qətranı, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 5669,5 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq sayı 90 (doxsan) ədəd olan narkotik vasitə metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd şüşə borucuq, həmçinin “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 11 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 11 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 199-200;) İşdə olan, “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs məxsus “İphone 11” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, i.v. 208;) İşdə olan, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 2 №-li sahə dairəsi üzrə nümayəndəliyindən 19 mart 2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan Təqsirləndirilən şəxs atası- X11, anası- X9, bacısı- X4 ilə birlikdə yaşadığı, xasiyyətnamədən Yasamal rayonu ərazisində yaşadığı müddət ərzində sakinlərdən və dövlət qurumlarından hər hansı yazılı və ya şikayət daxil olmadığı göstərilmişdir. (Cild 1, i.v. 237-239;) İşdə olan, Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 20 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 240;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X16 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 204 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. (Cild 1, i.v. 241-243;) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, i.v. 251-253;) Məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş sənədlərdən: İşdə olan, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının xx.xx.2025-ci il tarixli 402/2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədən səthində xəsarət izi aşkar edilməmişdir. (Cild 3) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə nazirliyi 2 nömrəli Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 1/2064 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “yüngül ifadəli istero-nevrotik reaksiyalar, anamnezində özünükəsmələr” diaqnozu ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “yüngül dərəcəli dissosiativ-konversion pozuntusu, səthi özünükəsmələrlə” diaqnozu ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “mülayim dərəcəli dissosiativ-konversion pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə “mülayim dərəcəli dissosiativ-konversion pozuntusu” diaqnozu ilə müayinədə olmuşdur. (Cild 3) İşdə olan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə qeyri-insani rəftar, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. (Cild 3) İşdə olan, TƏBİB PHŞ Respublika Təcili və X6 Mərkəzi PHŞ-nin 23 iyul 2025-ci il tarixli 2-2621/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:25-də və xx.xx.2025-ci il tarixdə saat 16:22-də “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-nin Cəlilabad TTTY bölməsi üzrə Çağrı Xidmətinə “103” Cəlilabad rayonu istintaq təcridxanası ünvanından Təqsirləndirilən şəxs adına çağırışlar daxil olmuşdur. xx.xx.2025-ci il tarixli çağırışla əlaqədar müayinə zamanı Təqsirləndirilən şəxs “dəqiqləşdirilməmiş həyəcan pozğunluğu”, xx.xx.2025-ci il tarixli çağırış əlaqədar müayinə zamanı isə “essensial hipertenziya” diaqnozu qoyulmuş və ilkin tibbi yardım göstərilmişdir. (Cild 3) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, iranlı şəxslə yalnız şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək niyyəti ilə əlaqə saxlaması, iranlı ilə aralarındakı razılaşmaya görə yalnız 370 qram qurudulmuş marixuana əldə etmək üçün Cəlilabad rayonuna gəlməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, 11 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığından məcbur qalıb bel çantasının içərisində və əl çantasında olan narkotik vasitə və psixotrop maddələrin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, saxlanılarkən əl çantasının üzərində olmaması, sonradan həmin çantanın polis əməkdaşları tərəfindən gətirilərək içərisinə iki bükümdə psixotrop maddə metamfetamin qoyulması ilə əlaqədar göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, əməliyyataxtarış tədbirinin keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, məhkəmə istintaqı zamanı istifadəsində olmuş “İphone” markalı mobil telefona baxış keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə Hafiz adı ilə tanıdığı şəxslə Cəlilabad rayonu ərazisində yerləşdirilmiş narkotik vasitələrin gizlədildiyi yerdən götürərək Bakı şəhərinə aparması, bunun müqabilində 370 qram narkotik vasitə qurudulmuş marixuananın ona qazanc olaraq verilməsi barədə razılaşdıqlarını, əl çantasında aşkar edilmiş iki bükümdə olan psixotrop maddə metamfetamini isə şəxsi istifadəsi üçün əldə etdiyini, 11 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Cəlilabad şəhərində iranlının göndərdiyi konumdan qeyd olunan narkotik vasitəni əldə edib oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Həmçinin, 11 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən Təqsirləndirilən şəxs bel və əl çantasında aşkar edilmiş narkotik vasitələrlə bağlı polis əməkdaşlarının suallarına eyni məzmunda cavab verdiyi, Təqsirləndirilən şəxs üzərindəki geyimlərdə, bədən səthinin gözlə görünən hissələrində hər hansı zorakılıq əlamətlərinin nəzərə çarpmadığı müəyyən edilir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid10 da ifadələrində 11 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ayrılarkən sonuncunun əl çantasının üzərinə olduğunu təsdiq etmişlər ki, bu da Təqsirləndirilən şəxs əl çantasının saxlanılarkən üzərində olmaması, saxlanıldığı yerə sonradan polis əməkdaşları tərəfindən gətirilməsi ilə bağlı göstərdiklərini təkzib edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün gətirdiyi dəlillərə qiymət verərkən onun istifadəsində olmuş, 11 yanvar 2025ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən götürülmüş “İphone 11” markalı mobil telefonda aşkar edilmiş məlumatlara nəzər salmağı xüsusilə əhəmiyyətli hesab edir. İbtidai istintaq orqanının “mobil telefona baxış keçirilməsi haqqında” tərtib etdiyi protokolda mobil telefonda olan məlumatlara baxış zamanı iş üçün əhəmiyyətli hər hansı bir məlumat aşkar edilmədiyi göstərilsə də, məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış həmin mobil telefonda olan məlumatlara (qalereya bölməsində olan fotoşəkillər, “Whatsap” mobil tətbiqində olan ismarıclar) baxış zamanı şəxsin təqsirliliyinin müəyyən edilməsi ilə yanaşı, onun əməlinin tövsifinə bilavasitə təsir göstərən əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Həmin mobil telefonun qalereya bölməsinə baxış zamanı müxtəlif ölçülü bükümlərin “zakladkalarda” fotoşəkilləri (xx.xx.2025-ci il tarixli İMG_3349, İMG_3348, xx.xx.2024-cü il tarixli İMG_3300, İMG_3298, İMG_3297, İMG_3295, xx.xx.2025-ci il tarixli İMG_3113), elektron tərəzi üzərində bir bükümdə ağ rəngli kristal şəkilli kütlənin çəkilməsini özündə əks etdirən xx.xx.2024 və xx.xx.2024-cü il tarixli videogörüntülər, elektron tərəzi üzərində bir bükümdə ağ rəngli kristal şəkilli kütlənin çəkilməsini əks etdirən fotoşəkil (xx.xx.2024-cü il tarixli İMG_2629) aşkar edilmiş, həmin fotoşəkillərlə bağlı Təqsirləndirilən şəxs sual ünvanlandıqda Təqsirləndirilən şəxs ona həmin fotoşəkilləri şəxsi istifadəsi üçün narkotik vasitə aldığı şəxslərin göndərdiyini bildirmişdir. “Details” alt bölməsi vasitəsi ilə həmin fotoşəkillərin digər cihazdan göndərilmədiyi, məhz Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon vasitəsi ilə çəkildiyi müəyyən edildikdə isə Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə dəyişərək şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələri həmin “zakladkalarda” gizlətdiyini, “zakladkanın” yerini unutmamaq üçün şəklini çəkib özündə saxladığını bildirmişdir. Bundan başqa həmin mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə bağlı müxtəlif şəxlərlə müxtəli tarixlərdə (xx.xx.2025-ci il tarixdən əvvəlki dövr) çox saylı səsli və yazılı ismarıcları müəyyən edilsə də, hazırki iş üzrə bilavasitə səbəbli əlaqədə olan, Təqsirləndirilən şəxs iki nəfər şəxslə apardığı danışıqlar məhkəmənin diqqətini xüsusilə çəkmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində “Araz” adı ilə qeydə alınmış, +**********09 saylı mobil nömrənin istifadəçisi ilə xx.xx.2025-ci il saat 23:37dən saat xx.xx.2025-ci il saat 01:44-dək apardığı danışıqlarda sonuncuya “tema” əldə etmək üçün getdiyini, 100 qramı onunçün ayırdığını, malın qramının 7-dən (pul məbləği nəzərdə tutulur) götürdüyünü, ona qramını 11-12-yə sata biləcəyini bildirir. Həmsöhbəti isə ona “malı” gətirdikdən sonra yoxlayacağını, uyğun olarsa qramını 11-12-dən götürə biləcəyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində “Dayday” adı ilə qeydə alınmış, +**********15 saylı mobil nömrənin istifadəçisi ilə xx.xx.2025-ci il tarixdən saat 23:37-dən xx.xx.2025-ci il saat 00:23-dək apardığı danışıqlarda sonuncuya Hacıqabul rayonunda olduğunu, əlində “kalan tema” olduğunu bildirərək təcili olaraq pula ehtiyacı olduğu üçün 170 manatlıq mal satmaqda ona kömək etməsini (müştəri tapmasını) xahiş edir. Həmsöhbəti Təqsirləndirilən şəxs artıq gec olduğunu, gecə saatlarında müştəri tapmağın çətin olduğunu bildirərək ona “malı” Saray qəsəbəsinə gətirməyi bildirir. Təqsirləndirilən şəxs həmin şəxsə 170 manat qarşılığında 20 qram verə biləcəyini, normalda 15 qramın 270 manata olduğunu, təcili pul lazım olduğu üçün malı ucuz verdiyini bildirir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış zamanı əldə edilmiş məlumatlardan onun aktiv şəkildə narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, xx.xx.2025-ci il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə Hafiz adı ilə bilinən şəxslə cinayət əlaqəsinə girərək əldə edəcəyi narkotik vasitə üçün “müştəri” (istehlakçı) axtarması müəyyən edilir. Bu xüsusda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə iranlının narkotik vasitənin Bakı şəhərinə çatdırılması müqabilində pul təklif etməsinə baxmayaraq ondan pul yox narkotik vasitə istəməsi, narkotik vasitəni satıb daha çox qazanc əldə etmək niyyətində olması ilə bağlı göstərdikləri Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində “Araz” və “Dayday” adları ilə qeyd olunmuş şəxslərlə apardığı yazışmalarla da uzlaşmaqla həmin xüsusatları bir daha təsdiq edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə istifadəçisi kimi şəxsi istifadə məqsədilə qurudulmuş marixuananın 5 qramını 20-25 manatdan aldığını bildirsə də, verilən suallara cavab olaraq 370 qram qurudulmuş marixuana üçün iranlıya 100 manat pul göndərdiyini, sonra daha 100 manat pul verməli olduğunu bildirərək bir daha həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı özünü müdafiə üçün gətirdiyi dəlili özüözülüyündə təkzib etmişdir. Belə ki, məhz Təqsirləndirilən şəxs bildirdiyi rəqəmlər üzrə sadə riyazi hesablama apardıqda 370 qram qurudulmuş marixuananın “qara bazarda” dəyərinin minimum 1480 manat olduğu məlum olur ki, bu da Təqsirləndirilən şəxs həmin miqdarda və dəyərdə narkotik vasitəni 200 manat pul qarşılığında (100 manat nisyə olmaqla) alması ilə bağlı qeyd etdiklərinin həqiqətə uyğun olmadığını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun züzmotivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Əli oğlunun özünü müdafiə üçün irəli sürdüyü digər dəlilə - polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi, polis əməkdaşlarının təzyiqi ilə etirafedici ifadələr verməsi barədə göstərdiklərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Ali Məhkəmənin Plenumunun göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona fiziki təsir imkanının olmadığı, Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə məhkəmənin qapalı iclasında baxılarkən də fiziki və psixi təzyiqə məruz qalması, qeyd olunan narkotik vasitələrin onun üzərinə polis əməkdaşları tərəfindən “qoyulması” ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərlə bağlı TTTY tərəfindən də ona tibbi yardım edildiyini göstərsə də, məhkəmə istintaqı zamanı TTTY-nin Cəlilabad rayon bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli çağırışla əlaqədar müayinə zamanı Təqsirləndirilən şəxs “dəqiqləşdirilməmiş həyəcan pozğunluğu”, xx.xx.2025-ci il tarixli çağırış əlaqədar müayinə zamanı isə “essensial hipertenziya” diaqnozu qoyulduğu və ilkin tibbi yardım göstərildiyi müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tibbi yardım özünün iddia etdiyi kimi almış olduğu xəsarətlə bağlı deyil, keçirdiyi ruhi-həyəcan vəziyyəti ilə bağlı sağlamlığında yaranmış problemlərlə bağlı olmuşdur. Eyni zamanda Bakı İstintaq Təcrixanasından təqdim edilmiş tibbi arayışda da Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ilkin tibbi müayinə zamanı bədən səthində heç bir xəsarət aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə qeyri-insani rəftar, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 may 2025-ci il tarixli qərarı məhkəmənin müəyyən etdiyi hallara uyğun olduğundan mötəbər sübut kimi qəbul edir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahısının 83-cü qrafasında narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 800 qram, 86-cı qrafasında narkotik vasitə həşiş qatranının xeyli miqdarının aşağı həddi 0,4 qram, külli miqdarının aşağı həddi 40 qram, xüsusilə külli miqdarının aşağı həddi 400 qram, 109.1-ci qrafasında narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi 50000 qram, 111-ci qrafasında narkotik vasitə metadonun xeyli miqdarının aşağı həddi 0,02 qram, külli miqdarının aşağı həddi 1,6 qram, xüsusilə külli miqdarının aşağı həddi 160 qram, İİ siyahısının 118-ci qrafasında psixotrop metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddinin 400 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə, bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-nin 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr və psixotrop maddələrin xüsusilə külli və külli miqdarda olmaları ilə yanaşı, müxtəlif növlərdən olmaları, həmin narkotik vasitələrin Bakı şəhərinə çatdırılması müqabilində qazanc olaraq narkotik vasitə əldə etmək niyyətində olması, əldə edəcəyi narkotik vasitənin satışı ilə əlaqədar istehlakçılarla (Whatsapp mobil tətbiqində “Araz” və “Dayday” adı ilə qeyd edilmiş şəxslərlə) əvvəlcədə razılıq əldə etməsi onun niyyətinin qeyd olunan narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədilə əldə etmək olduğunun bilavasitə təzahürüdür. Həmçinin, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisində aşkar edilmiş iki bükümdə olan ümumi təmiz çəkisi 0,907 qram psixotrop maddə metamfetaminlə bağlı məhkəmə qeyd edir ki, həmin psixotrop maddənin Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi içərisində narkotik vasitələr və psixotrop maddə olan bel çantasında deyil, əl çantasında aşkar edilməsi, vaxt məhdudluğu ilə əlaqədar Təqsirləndirilən şəxs bel çantasının içərisində olan psixotrop maddədən iki bükümdə qablaşdıraraq əl çantasına qoymasının fiziki olaraq mümkün olmaması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması sonuncunun əl çantasında aşkar edilmiş 0,907 qram psixotrop maddəni satış məqsədi olmadan əldə etməsini təsdiq edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1– 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini özündə əks etdirən videogörüntüləri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etmə, saxlama və daşıma, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4-1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəza təyini zamanı onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3- cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Qanununun qeyd olun tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4-1-ci maddələri ilə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, daha sonra həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri az ağır və xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5- ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-nin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 20 saylı nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonrakı qalıq çəkisi 1554,9 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 193,998 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1990,525 qram olan narkotik vasitə həşiş qətranı, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 5669,5 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq sayı 90 (doxsan) ədəd olan narkotik vasitə metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd şüşə borucuq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İphone” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 02 (iki) ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, 11 yanvar 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonrakı qalıq çəkisi 1554,9 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 193,998 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1990,525 qram olan narkotik vasitə həşiş qətranı, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 5669,5 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq sayı 90 (doxsan) ədəd olan narkotik vasitə metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd şüşə borucuq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 (bir) ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar