Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-299/2022 17.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Əli Bayramlı (hazırda Şirvan şəhəri) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,727 qram olan külli miqdar narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,192 qram olan psixotrop maddə metamfetamini məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, narkotik vasitə heroini satış məqsədi ilə 05 ədəd hər birinin çəkiləri 0,265 qram, 0,152 qram, 0,205 qram, 0,842 qram, 2,263 qram olmaqla ayrı-ayrı sellofan və kağız bükümlərə, psixotrop maddə metamfetamini satış məqsədi ilə 02 ədəd hər birinin çəkiləri 0,116, 0,076 qram olmaqla kağız bükümlərə qablaşdırmış, narkotik vasitə heroinin 0,622 qramını 0,265 qram, 0,152 qram, 0,205 qram olmaqla 03 ədəd sellofan və kağız bükümdə, 0,192 qram çəkidə psixotrop maddə metamfetamini isə 0,116 qram və 0,076 qram olmaqla kağız bükümdə bir ədəd kibrit qutusunun içərisində gizlətməklə üzərində saxlamaqla daşımış, 17 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, Puşkin küçəsində keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman ümumi təmiz çəkisi 3,727 qram olan narkotik vasitə heroinin 0,622 qramı 0,265 qram, 0,152 qram, 0,205 qram olmaqla 03 ədəd sellofan və kağız bükümdə, 0,192 qram çəkidə psixotrop maddə metamfetamin isə 0,116 qram, 0,076 qram olmaqla 02 ədəd kağız bükümdə əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı kibrit qutusunun içərisindən, qalan 3,105 qram çəkidə narkotik vasitə heroin isə həmin tarixdə keçirilən baxış zamanı yaşadığı ünvan 2-də yerləşən evin ona məxsus yataq otağındakı pəncərə altındakı dərmanın qabının qapağının içərisindən və həmin otaqda olan qara rəngli gödəkçənin iç cibindən 02 ədəd sellofan bükümdə 0,842 qram və 2,263 qram çəkilərdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il dekabr ayının 17-də saat 17 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şöbədə içində 1 ədəd sellofan bükümdə, 2 ədəd gümüşü rəngli kağız bükümdə olan heroin və 1 ədəd qara rəngli kağız bükümdə, 1 ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamin olan kibrit qutusunu özü polis əməkdaşlarına təqdim etmişdir. Kibrit qutusunun içərisində olan heroin və metamfetamini saxlanılmazdan 1 gün əvvəl bərbərxanaya gedərkən yoldan tapmış, onları bükümlərə bölmüşdür ki, özü istifadə etsin. Bundan sonra yaşadığı evdə də heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı evə - ünvan 2 ünvana getmişlər. Öz yataq otağındakı pəncərənin qarşısında olan dərman qabının içərisindəki 01 ədəd sellofana bükülmüş heroini və stul başından asılmış gödəkçəsinin iç cibində gizlətdiyi 01 ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həm heroin həm də metamfetamin istifadə etmişdir. Heç kimə narkotik satmamışdır. Narkotiki öz istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş və saat 17 radələrində o, Şirvan şəhəri, Puşkin küçəsində saxlanılaraq şöbəyə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu təqdim edərək içərisində narkotikin olduğunu etiraf etmişdir. Kibrit qutusunda içərisində üç büküm, heroin iki büküm metamfetaminin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini və metamfetamini 16 dekabr 2021-ci il tarixdə Şirvan şəhəri, 16 saylı tam orta məktəbin yaxınlığından tapmışdır. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Baxış zamanı Xəyyamın öz yataq otağındakı pəncərənin qarşısında olan dərman qabının qapağının içərisindən 1 ədəd sellofan bükümdə və həmin otaqda olan qara gödəkçəsinin iç cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Narkotiklər xırda bükümlərdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 dekabr 2021-ci il tarixli 18/1193 №-li rəyindən görünür ki, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,265 qram, 2 ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,152 qram, 0,205 qram, ümumi təmiz çəkisi- 0,622 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi- 0,116 qram, 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümdə təmiz çəkisi- 0,076 qram, ümumi təmiz çəkisi- 0,192 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,842 qram, 2,263 qram, ümumi təmiz çəkisi- 3,105 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar olunduğu qeyd edilən heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar olunduğu qeyd edilən metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin ümumi təmiz çəkisi- 3,727 qram, cəmi tədqiqata sərf edildi- 0,25 qr ( hər ob-0,05 qr ), qalıq- 3,477 qr. Metamfetaminin ümumi təmiz çəkisi- 0,192 qr, cəmi tədqiqata sərf edildi 0,08 qr ( hər ob- 0,04 qr ), qalıq- 0,112 qr. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli 158 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir, psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2022-ci il tarixli 367 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və sintetik opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş «Şəxsi axtarış və götürmə haqqında” 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən üç ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə və iki ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evi bir mərtəbəli olmaqla iki otaq, bir dəhliz və bir mətbəxdən ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs öz yataq otağının pəncərəsinin qarşısında olan dərman qabının qapağının içərisindən bir ədəd sellofan bükümdə və həmin otaqda olan qara gödəkçəsinin iç cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şirvan şəhər polis şöbəsinin 28 fevral 2022-i il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. 13 mart 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 11-ci bəndinə əsasən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,477 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,112 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nin saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında heç kimə narkotik satmaq niyyətində olmadığına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin və marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 5 bükümdə külli miqdarda narkotik vasitə heroinin və iki bükümdə metamfetaminin bir qismini evində saxlaması, bir qismini isə üzərində saxlayıb daışmaqda məqsədi onları satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 17 dekabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan 3,477 qram heroin və 0,112 qram metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan şəhər polis şöbəsində maddi sübutları saxlama anbarında saxlanılan 3,477 qram heroin və 0,112 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-299/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-299/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver