Məhkəmə qərarları › İş №1(099)-302/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-302/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-302/2025 11.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Beyləqan rayonun İkinci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, məhkum olunmamış, Beyləqan su meliorasiya sistemlərinin istismarı idarəsində nizamlayıcı vəzifəsində işləyən, Beyləqan rayonun İkinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasına razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 14 kq 995 qram qurudulmuş marixuananı İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni istintaqa məlum olmayan vaxtda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bundan sonra Təqsirləndirilən şəxs ümumi niyyətə əsasən həmin narkotik vasitəni götürmək üçün Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisinə getmiş, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları tərəfindən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının 18-ci sahəsinə gətirilmiş külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 14 kq 995 qram qurudulmuş marixuananı 12 noyabr 2024-cü il tarixdə, saat 19:20-də satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən N saylı hərbi hissənin 21-ci sərhəd zastavasının 18-ci sahəsinin arxa istiqamətində X9 900 metr, mühəndis texniki çəpərindən 1 metr arxa istiqamətdə saxlanılmışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 10 noyabr 2024-cü il tarixdə, saat N radələrində DSX-nin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının sərhəd naryadı tərəfindən həmin zastavanın 18-ci sahəsinin arxa istiqamətində X9 (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan) 1300 metr və mühəndis çəpərindən təqribən 1 metr arxada, 59 №-li sərhəd nişanından 900 metr sağda, dağınıq vəziyyətdə kiçik ölçülü bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana (17 kq 220 qram) kütlələri aşkar edilmiş və həmin narkotik vasitənin sifarişçilərin müəyyən edilməsi üçün həmin ərazidə “Pusqu xidməti” təşkil edilmişdir. 12 noyabr 2024-cü il tarixdə, saat N radələrində “Pusqu xidməti”nə daxil olan hərbi qulluqçular tərəfindən mühəndis çəpərinin yaxınlığından keçən su kanalının yanında Təqsirləndirilən şəxs saxlanılıb içərisində narkotik vasitə kütlələri olan bağlamaların aşkar edildiyi sahəyə aparılmiş, sonra Təqsirləndirilən şəxs iştirakı ilə onu saxlamış hərbi qulluqçular tərəfindən ərazidəki içərisində narkotik vasitə kütlələri olan bağlamaları (14 kq 995 qram qurudulmuş marixuana) bir ədəd kisəyə yığılıb 21-ci sərhəd zastavasına gətirilmiş, bundan sonra içərisində narkotik vasitə kütlələri olan bağlamalar (14 kq 995 qram qurudulmuş marixuana) götürülmüş sahəyə daşınaraq və Təqsirləndirilən şəxs da həmin əraziyə aparılaraq içərisində narkotik vasitə kütlələrin götürülməsi barədə sənədləşmə aparılmış, daha sonra 21-ci sərhəd zastavasında içərisində narkotik vasitə kütlələrə (14 kq 995 qram qurudulmuş marixuanaya) baxış keçirilərək bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Habelə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Beyləqan rayonun su-kanal idarəsində nizamlayıcı işləyir. Yaşadığı ərazidə, yəni Beyləqan rayonun İkinci Şahsevən kənidinin ərazisində beton su kanalı vardır, işi ilə bağlı tez-tez su kanalına gedib, ayrı-ayrı şəxsləri suyun verilməsini nizamlayır, bəzən də su kanalına balıq tutmaq üçün gedir və balığı adətən qarmaq-tilov və ya «ekran» (balıq tutmaq üçün ağacdan materialdan hazırlanmış torlu səbət) atmaqla tutur. Balıq tutmaq üçün getdiyi kanal sərhəd zastavasının (21-ci sərhəd zastavasının) yaxınlığından keçir. 12 noyabr 2024-cü il tarixdə, axşam saat 17 padələrində zastavanın yaxınldığından keçən kanalın yanına balıq tutmaq üçün qarmaq və «ekran»ı (torlu səbəti) götürüb getmiş, orada kanala əvvəl «ekran»ı (torlu səbəti) atıb ipi bağlamaq istəyərkən bir qrup sərhədçilər onu tutub, əllərini və gözlərini bağlayıb tutulduğu yerdən 45-50 metr kənara aparıb orada ona «sən bura narkotik maddə götürmək üçün gəlmisən» demiş, o isə həmin yerə balıq tutmaq üçün gəldiyini, həmişə gəldiyi yer olduğunu, əvvəllər də bura balıq tutmaq və mal-qara otarmaq üçün gəldiyini bildirəndə sərhədçilər onu döyməyə başlayıb, öldürməklə hədələyib ona narkotik maddə götürmək üçün gəldiyini deməyə təklif etmişlər, o isə onların dedikləri ilə razılaşmamışdır. Sərhədçilərin onu apardıqları yerdə bir ədəd kisə və torpağın üzərində çoxsaylı bağlamalar olmuşdur. Həmin bağlamaların içərisində nə olmasını bilməmişdir. Sərhədçilərin dediklərindən belə başa düşmüşdür ki, kisədə və torpaq üzərində olan bağlamalarda narkotik maddələr vardır. Sonra sərhədçilər torpağın üzərində olan bağlamaları kisəyə yığmış və həmin kisənin ona məxsus olmasını bildirib kisəni və onu sərhəd zastavasına gətirmişlər. Sərhəd zastavasında sərhədçilər onu döyüb işgəncə verib tutulduğu yerə narkotik vasitə götürmək üçün gəldiyini, həm də onu həmkəndlisi Əfqan adlı şəxsin göndərdiyini bildirməsini, əks halda onu yenə də döyəcəklərini bildirəndə, o, verilən dəhşətli işgəncələrə dözməyib onların dedikləri ilə razılaşmışdır. Bundan sonra sərhədçilər kisəni götürüb və onu maşına mindirib əvvəl aparıldığı yerə aparmış, orada bağlamaları torpağın üzərinə töküb həmin yerdə onun şəkillərini çəkmiş, sonra videoçəkiliş də aparılmışdır. Orada o, sərhədçilərin təzyiqləri nəticəsində guya həmin yerə həmkəndlisi Əfqan adlı şəxsin tapşırığı ilə narkotik maddələri götürmək üçün gəldiyini deməyə məcbur olmuşdur. Sonra yenə də zastavaya aparmış, orada bir nəfər şəxs sənədləşmə aparmış, sənədləşmənin nədən ibarət olmasını bilməmiş, səhərisi günü əli-qolu və gözləri bağlı halda Horadizdə olan hərbi hissəyə, səhərisi günü isə Bakı şəhərinə Sərhəd Xidmətinin baş idarəsinə aparılmışdır. Orada onun izahatı alındıqdan sonra Nərimanov RPİ-nin X8 təhvil verilmiş, orada olarkən döyülməsi nəticəsində bədənin bərk ağrıları olduğundan təcili-tibbi yardım çağırılıb ona tibbi yardım göstərilmiş, iki gün sonra o, Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçərkən xəsarət aldığı məlum olmuş, sonradan prokurorluq tərəfindən araşdırma aparılarkən tibbi ekspertizadan (məhkəmə-tibbi ekspertizasından) keçirilərkən sərhədçilərin onu döyməsi nəticəsində qabırğaların sınması və ağır (rəyə əsasən az ağır) xəsarət alması müəyyən edilmişdir. O, tutulduğu əraziyə kanala balıq tutmaq üçün getmiş, orada hər hansı narkotik maddə olmamış, sonradan aparıldığı yerdən götürülmüş narkotik maddənin ona heç bir aidiyyəti yoxdur və o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs verilmiş sualları cavablandırıb və əlavə ifadəsində göstərmişdir ki, tutulan vaxt istifadəsində işlək vəziyyətdə üzərində 055/304-17-62 saylı mobil nömrə olan «Nokia» markalı mobil telefon olmuş və sərhədçilər onu tutduqdan sonra həmin telefonu ondan götürmüş, sonradan bu telefonun harada olması barədə məlumatı olmamışdır. Balıq tutmaq üçün götürdüyü qırmaq və tut ağacından hazırladığı «ekran» (səbət) kanalın yanında qalmış, sərhədçilərin onları götürüb-götürmədiyini bilməmişdir. Kanalın yanına gedərkən əynində paltar olmuş, o cümlədən gödəkcə və ayağında rezin çəkmə olmuş, orada soyunub kanala girməmiş, həmçinin orada ona məxsus əlavə paltar və çəkmə olmamışdır. Sərhədçilərin oradan paltar və çəkmə götürmələrini görməmişdir. O, balıq tutmağa getdiyi su kanalına nəzarət edib kanalın «ağzına» yığılan maneələri təmizləmiş, həm də balıq tutmuşdur. Sahə rəisinin göstəri ilə iş olan günü də, iş olmayan günləri də ora gedib-gəlmişdir. Həmin gün iş günü olmasa da, sahə Eyvaz Arazov ona zəng edib «get suyu nizamla, suyu təmizlə» demiş, o da su kanalının yanına getmişdir. Getdiyi yerlə dövlət sərhədi arasında xeyli məsafə olmuş, lakin sərhəd zastavası ilə 50-60 metr aralı olmuşdur. Onun İranda yaşayan tanışı olmamış və ya hər hansı formada iranlı deyilən şəxslə əlaqəsi də olmamışdır. Şahid6 həmkəndlisidir, onunla münasibəti yaxşı olmuş, düşmənçiliyi olmamış, tutulanda sərhədçilər onu “Şahid6 məni göndərmişdir” deməyə məcbur etmişlər. Kanalın yanında aşkar olunan kisəni o, həmin yerə gətirməmiş, sərhədçilər oradan kisəni götürüb kisənin onun gətirdiyini bildirmişlər. Əslində isə güman edir ki, həmin kisə ola bilsin kanalda su ilə birlikdə gəlib ora çatmışdır. Tutulan vaxt sərhədçilər ona «burda 3 gündür əməliyyat qurmuşuq, gecə yatmırıq, bura narkotik gətirib qoyublar, sən də bu narkotik götürməyə gəlmisən və səni də Şahid6 göndərmişdir» demiş, o isə ora narkotik maddə götürmək üçün deyil, balıq tutmaq və kanalda suyu təmizləmək üçün gəldiyini bildirmiş, sərhədçilər isə dediklərinə inanmayıb onu elə orada döymüş, sonra da onların dediklərini bildirməyə məcbur etmişlər. O, tutulan yerdə heç nə olmamış, həmin yerdən 50 metr aralıda narkotik maddə bağlamaları olmuş və sərhədçilər onu apardıqdan sonra o, orada yumru-yumru bağlamaların olmasını görmüşdür. Sərhədçilər onu tutulduğu yerdə yox, narkoik maddələr olan yerə aparıb orada onun fotosunu çəkmişlər. Onun tutulduğu yerdə içərisində narkotik maddələr olan bağlamaları kisəyə yıgması, sonra oradan qaçmağa cəhd etməsi barədə şahidlərin dedikləri tam yalan olmaqla belə hallar olmamışdır. Tutulduqdan sonra o, bir gün Horadizdə olan hərbi hissədə qalmış, səhərisi günü onu Bakı şəhərinə aparmışlar. Bir daha bildirir ki, o, heç bir cinayət əməli törətməmiş, tutulduğu yerin yaxınldığında aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 12 noyabr 2024-cü il tarixdə, daxil olmuş əməliyyat məlumatına əsasən saat 19:00-dan 00:00-dək özü, gizir Şahid2, baş çavuş Şahid3, əsgər Ülvi Mirzəyev və əsgər Elgiz Yusubovdan ibarət tərkibdə 18-ci sahədə “Pusqu” xidmətini təşkil etmiş və gecəgörmə cihazı ilə ərazini müşahidəyə götürmüşlər. Müşahidə zamanı saat 19:20-də 18-ci sahədə olan mühəndis çəpərindən təxminən 10 metr arxada bir nəfər şübhəli şəxsin su kanalından mühəndis çəpərinə doğru hərəkət etməsi, sonra bu şəxsin çəkmələrini və paltarlarını çıxarıb su kanalına daxil olub kanalın digər tərəfinə keçib əyilə-əyilə hərəkət edib, daha sonra dayanıb dizlərini yerə qoyub üstündən bir ədəd kisəni çıxarıb içinə yerdə olan bağlamaları yığmağa başlamasını görmüş, elə həmin anda o, gizir Şahid2 və baş çavuş Şahid3lə birlikdə şübhəli şəxsin olduğu istiqamətində gedib ona “dayan” əmri verib xidməti silahdan havaya bir dəfə xəbərdarlıq atəşi açmış, bu şəxs isə sərhəd zolağından arxa istiqamətə doğru qaçmağa cəhd etmiş, lakin onun qaçmağa cəhd etməsinin qarşısı alıb tutub saxlamışlar. Sonra həmin sahədə ətrafa baxış keçirilmiş və orada yerdə çoxsaylı bağlamalar, bir ədəd kisənin içərisində də bir neçə bağlama, həmçinin su kanalının yanında yerdə bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst dəyişək paltar, bir cüt rezin çəkmə aşkar olunmuşdur. Şübhəli şəxsin saxlanması barədə hərbi hissə komendant Tural Niftullayevə məruzə edilmiş, sonra 21-ci sərhəd zastavasından əlavə kömək gəlmiş və saxlanmış şəxs zastavaya aparılmışdır. 18-ci sahədə aşkar olunmuş bağlamalar və digər əşyalar götürülməmiş, mühafizə qoyulmuşdur ki, təhqiqatçı gəlib bu maddi sübutları götürsün. Zastavada saxlanılan şəxslə sorğu-sual aparılmış və həmin şəxsin Beyləqan rayonun 2-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs saxlandığı yerə narkotik maddə götürmək üçün gəldiyini etiraf etmidir. Həmin gecə saatlarında hərbi hissənin təhqiqatçısı hadisə yerinə gəlib orada olan bağlamaları, kisəni, bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst dəyişək paltar və bir cüt rezin çəkməni götürmüş, sonra sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və bundan sonra ona qarşı heç bir fiziki və psixoloji təzyiqlər göstərilməmişdir. Habelə Şahid1 verilən sualları cavablandıraraq əlavə ifadəsində göstərmişdir ki, o, “Pusqu” xidmətində olarkən İlkinin əynində olan palitarlarını soyunub kanalı keçməsi, sonra əlində torba ilə geri qayıtmasını müşahidə etmiş və əlində torba ilə o, sərhəd xəttindən 5- 10 metr aralıda tutulub saxlanmışdır. Təqsirləndirilən şəxs tutulduğu yerdə balıq tutmaq üçün hər hansı avadanlıq aşkar olunmamış, lakin orada paltarlar və həmin yerdə bir ədəd mobil telefon da olmuşdur. Şəxsin tutulması barədə komendata məruzə edildikdən sonra zastavadan hərbiçilər gəlmiş, tutulan şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Sonra paltarları İlkin əyninə geyinmiş, mobil telefon isə zastavadan gələn şəxslərdən kimsə götürülmüşdür. Təqsirləndirilən şəxs tutulduğu yerdə su kanalının yanında bağlamalara baxış keçirilmiş və bağlamaların, həm də orada olan bir ədəd kisədəki bağlamaların içərisində narkotik maddələr olması məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmkəndlisi Əfqan adlı şəxsin tapşırığı ilə ora narkotik maddələri götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və döyülmə halları olmamışdır. Sərhəd naryadında iki nəfər olmuş, sonradan üç nəfər şəxs də ora gəlmiş və ayrı-ayrı yerlərdə dayanmaqla xidməti aparmışlar. Həmin yerə narkotik maddənin qoyulması və ya olmasını əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxs saxlandığı yerdə fotoşəkilləri çəkilmiş, sonra da videoçəkiliş aparılmışdır. Sərhəd naryadı tərəfindən Təqsirləndirilən şəxs saxlandığı yerdə aşkar olunmuş bağlamalara baxış keçirilməmiş və götürməmiş, təhqiqatçı gəlib bağlamaları götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, habelə Şahid2 verilən sualları cavablandıraraq əlavə ifadəsində göstərmişdir ki, o, 12 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində kömək məqsədi ilə «Pusqu»ı xidmətində olmaqla hadisə yerinə gedib orada Təqsirləndirilən şəxs tutulmasında iştirak etmişdir. «Pusqu naryadı»nda olarkən təxminən 15-20 metr aralıqdan müşahidə zamanı Təqsirləndirilən şəxs əynindəki paltarı soyunub kanalın digər tərəfinə keçməsini, su kanalı ilə maneə çəpərinin arasında Təqsirləndirilən şəxs əlində olan topbaya yerdəki bağlamaları yıgmasını görmüş, ona «dayan» komandası veriləndə isə Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş, onu tutub saxlamışlar. Təqsirləndirilən şəxs tutulan yerdə bir ədəd kisə, ətrafda da bağlamalar olmuşdur. Saxlanan vaxt Təqsirləndirilən şəxs ora narkotik maddələri götürmək üçün gəldiyini bildirmiş, orada ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Tutulan vaxt Təqsirləndirilən şəxs əynində paltarları olsa da, corabları və ayaqqabı ayağında olmamışdır. Təqsirləndirilən şəxs tutulandan sonra zastavaya məlumat verilmiş, sonra zastava rəisi, əməliyyatçılar, digər rəhbər şəxslər hadisə yerinə gəlmişlər və tutulan şəxsə narkotiklə bağlı suallar vermişlər. Həmin vaxt videoçəkilişdə olmuşdur. Sonra tutulan şəxs zastavaya aparılmışdır. Hadisə yerdə hal şahidləri olmuş, lakin onları tanımamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, habelə Şahid3 verilən sualları cavablandıraraq əlavə ifadəsində göstərmişdir ki, o, 12 noyabr 2024-cü il tarixdə, axşam saatlarında «Pusqu sərhəd naryadı»nda olarkən Təqsirləndirilən şəxs paltarlarını soyunub, ayağına çəkmə geyinib kanalı keçməsini müşahidə etmiş, sonra xəbərdarlıq atəşi açılmış və İlkin dayanmışdır. İlkinin saxlandığı yerdə bağlamalar aşkar olunmuş, həmin bağlamaların içərisində nə olmasını bilməmişdir. Komandanlığı məruzə etdikdən sonra zastava rəisi və əməliyyatçılar ora gəlmiş, bağlamalara baxış keçirilərkən bağlamaların içərisində 17 kq narkotik maddə olması məlum olmuşdur. Sonra zastavada sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, mülki şəxsdir, Beyləqan rayonun Şahsevən kəndində yaşayır. Hadisə olan ərəfədə o sərhəd zastavası ilə üzbəüz kafedə olmuş, saat 9-10 radələrində (12 noyabr 2024-cü il tarixdə) Asif adlı sərhədçi (Asif Adıgözəlli-21-ci sərhəd zastavasının rəisi) ona zəng vurub hal şahidi kimi iştirak etməsi üçün çağırmış, o da zastavaya getmiş, sonra «UAZ» maşını ilə sərhədçilərlə birlikdə hadisə yerində gedib orada hal şahidi kimi iştirak etmişdir. O, hal şahidi kimi iştirak etdiyi ərazidə əvvəllər olmamışdır. Ərazidə olarkən Təqsirləndirilən şəxs əli ilə göstərdiyi yerdə bağlamalar, kanalın o biri tərəfində yerdə «Nokia» markalı telefon, bir cüt çəkmə olmuş, həmin bağlamalar, «Nokia» markalı telefon, bir cüt çəkmə götürülüb zastavaya gətirlimşdir. Zastavada bağlamalara baxış keçirilərkən bağlamaların içərsində «ot» (narkotik maddə) olması məlum olmuşdur. Baxışda tutulan şəxs Təqsirləndirilən şəxs bağlamaları öz əli ilə kanal yanından yığdığını, paltarların və mobil telefonun onun olduğunu bildirmişdir. Narkotik vasitə olan yerdə komendat videoçəkiliş etmişdir. Orda Asif adlı sərhədçi, gizirlər, əsgərlər və komendat olmaqla təxminən 10 nəfərə yaxın adam olmuşdur. Həmin gün hava şəraiti çiskin yağışlı olmuşdur. Orada olan şəxslər bağlamalardan birini açıb baxmış, sərhədçilər həmin maddənin narkotik maddə olmasını demişdir. Sonra zastavada məişət otağında baxış zamanı bağlamalar döşəməyə düzülüb şəkili çəkilmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Beqləqan rayonun 2-ci Şahsevən kəndində yaşayır, «Traktor»u var, kənd təsərrüfatı ilə məşğul olur. Sərhədçiləri tanıyır, yəni traktorla sərhəd ərazisində işləyərkən onları tanımışdır. 12 noyabr 2024-cü il tarixdə tanışı Sübhan ilə birlikdə çayxanada əyləşib çay içdikləri vaxt onlara zəng edib hal şahidi kimi iştirak etmələri üçün çağırmış, onlar da 21-ci sərhəd zastavasına getmişlər. Ora adını yazıb əraziyə buraxılmışlar, orada rəhbər şəxslər olmuş, sonra onlarla birlikdə 15 dəqiqəqəyə hadisə yerinə-su kanal yanına getmişlər. Təqsirləndirilən şəxs orada kanal yanında olmuş, bağlamalar orada olmuşdur. Sərhədçilər bağlamalara baxış keçirib baxmışlar. Kanalın o biri tərəfindən bir ədəd mobil telefon tapılıb götürülmüşdür. Orada videoçəkiliş olmuş, lakin o videoçəkilişə düşməmişdir. Sonra bağlamalar və Təqsirləndirilən şəxs zastavaya gətirilmiş, zastavada bağlamalara baxış keçirilmiş və bağlamlarda narkotik vasitələr olması deyilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin Şahid6 çatacağını bildirmişdir. Narkotik maddə çəkilmiş çəkisi 17 kq olmuşdur. Həmin gün hava tutqun olsa da, normal olmuşdur. İşdə olan, Beyləqan rayon İHB-nın İkinci Şahsevən kənd İƏD üzrə nümayəndəsinin 21 avqust 2025-ci il tarixli 49 və 50 №-li arayışları ilə müəyyən edilir ki, Şahid4 və Şahid5 Beyləqan rayonun İkinci Şahsevən kənd sakinləri deyil, həmin ərazidə yaşamırlar və hər hansı formada kənd təsərrüfatı işləri ilə məşğul olmurlar. Həmçinin DSX-dən daxil olmuş 15 noyabr 2025-ci il tarixli məktub-arayışı ilə müəyyən edilir ki, Şahid4 və Şahid5 DSX-də həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardırlar. Məhkəmə iclasında Şahid4 əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasında xidmət edir, kiçik gizirdir. Hadisə olan günü, yəni 12 noyabr 2024-cü il tarixdə o, zastavada «cavabdeh şəxs» (məsul şəxs) kimi xidmətdə olduğu üçün hadisə olan yerə (21-ci sərhəd zastavasının 18-ci sahəsinə) getməmiş, baxışın keçirilməsində və bağlamaların götürülməsində iştirak etməmiş, həmin vaxt Şahid5 da zastavada olmuşdur. Sərhəd pozucusu kimi Təqsirləndirilən şəxs bir ədəd kisə ilə birlikdə zastavaya gətirilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, həm də bir ədəd kisə də çəkiliş üçün aparılmışdır. Bundan sonra o, Şahid7 dəvəti ilə zastavada bağlamalara baxışın keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Məhkəmə iclasında Şahid5 əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasında xidmət edir, zabitdir. Onu hadisə yerinə zastava rəisi kapitan Asif Adıgözəlli dəvət etmiş və tutulan şəxsin hadisə yerində fotoşəkli çəkilmiş, sonra da videoçəkiliş olmuşdur. Hadisə yerinə onu Şahid7 aparmış və o, ərazidən narkotik vasitənin götürülməsində hal şahidi kimi iştirak etmişdir. Sonra 21-ci sərhəd zastavasının 18-ci sahəsində saxlanmış şəxs Təqsirləndirilən şəxs və həmin yerdən götürülmüş bağlamalar zastavaya gətirilmiş, həmin bağlamalara baxış keçirilmiş, sonra da təhqiqatçı tərəfindən sənədləşmə aparmışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, DSX-nin SQ-nın “N” saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 10 noyabr 2024-cü il tarixdə 21-ci sərhəd zastavasının «Sərhəd naryadı» tərəfindən həmin zastavanın 18-ci sahəsinin arxa istiqamətində, mühəndis çəpərinin yaxınlığında yerdə səpələnmiş halda bağlamalar aşkar edilmişdir. Həmin faktla bağlı dərhal hərbi hissə komandanlığına məruzə etmiş, tərəfindən “Raport” yazılmış, həmçinin «Məlumat xidməti kitabı»na məlumat yazılmış (əslində müəyyən edilir ki, məlumata dair qeydlər Təqsirləndirilən şəxs tutulduqdan sonra yazılmışdır), eyni zamanda narkotik vasitənin sifarişçilərin müəyyən edilməsi üçün tərəfindən həmin ərazidə “Pusqu” xidməti təşkil edilmişdir. 12 noyabr 2024-cü il tarixdə, saat N radələrində “Pusqu xidməti” tərəfindən Təqsirləndirilən şəxs 18-ci sahədə mühəndis çəpərindən bir qədər aralıda, yəni içərisində narkotik maddələr olan bağlamaların yanında (sərhəd zastavasından təxminən 4 km aralıqda) tutulmuş, sonra sərhəd zastavasına gətirilmiş və təhqiqatçı bu şəxsi dindirib onun izahatını almış, sənədləşməni də təhqiqatçı aparmışdır. O, Təqsirləndirilən şəxs tutulmasında və ərazidən maddi sübutların götürülməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs zastavaya gətirildikdən sonra ondan nəyin dalınca gəldiyini soruşmuş, o da narkotik maddə götürmək üçün gəldiyini etiraf etmişdir. Zastavada Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zorakılıq hallarına yol verilməmişdir. Sübhan və Sənan adlı şəxsləri (hal şahidləri) tanımamış, bu şəxslərin telefon nömrələri onda olmamış və hal şahidi kimi iştirak etmələri üçün onları zastavaya o, çağırmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, DSX-nin əməkdaşıdır, N saylı hərbi hissənin 4-cü komendaturasının rəisidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 21-ci sərhəd zastavasının “Pusqu” xidmətində olan hərbiçilər tərəfindən Təqsirləndirilən şəxs dəqiq nə vaxt və kimlər tərəfindən tutulması xatırlamır. 21-ci sərhəd zastavasının rəisi Asif Adıgözəlli ona məruzə edərkən bilmişdir ki, həmin şəxs 21-ci sərhəd zastavasının 18-ci sahəsində tutulmuşdur. Sonra o, təxminən 40 dəqiqəyə həmin yerə, beton su kanalının yanına (21-ci sərhəd zastavasının 18-ci sahəsinə) getmiş və ora çatanda hərbi hissə komandanlığından gəlmiş şəxslərin artıq orada olması və araşdırma apardıqlarını, həmin yerdə bir ədəd kisənin, səpələnmiş halda bağlamaların və paltarların olmasını görmüşdür. Orada kiminsə hadisə yerinin videoçəkilişini aparılmasının şahidi olmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu bildirib həmin narkotik vasitələri götürmək üçün ora gəldiyini demişdir. Sonra saxlanmış şəxs Təqsirləndirilən şəxs və ərazidən götürülmüş bağlamalar zastavaya gətirilmiş, təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, bundan sonra saxlanmış şəxs Təqsirləndirilən şəxs və ərazidən götürülmüş bağlamalar aidiyyəti üzrə sərhəd dəstəsinə təhvil verilmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə şahid kimi ifadə vermiş təhqiqatçı Şahid7 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsində təhqiqatçısı vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ilkin təhqiqat onun tərəfindən aparılmış və iş üzrə ilkin prosessual-təhqiqat sənədləri onun tərəfindən tərtib olunmuşdur. lkin Cəfərov sərhəd rejimi qaydalarını pozduğu üçün inzibati qaydada tutulmuş və o, bunanla bağlı protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs tutulan ərəfədə, yəni 12 noyabr 2024-cü il tarixdə, saat N radələrində o, hərbi hissənin ərazisində (Horadiz qəsəbəsində) olmuşdur. Sonra həmin gün (12 noyabr 2024-cü il tarixdə) hərbi hissə komandirinin göstərişi ilə o, hadisə yerinə, su kanalının yanına (Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsinə) getmiş, orada bir zabit və biri əsgər olan şəxslərin hal şahidliyi və tutulan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə maddi sübut ola biləcək predmetlər, yəni hadisə yerində olan bir ədəd kisə və bağlamalar götürülüb 21-ci sərhəd zastavasına gətirilmişdir. Zastvada götürülmüş bağlamalara baxış keçirilmiş, sonra sənədləşdirmə aparmışdır. Daha sonra tutulan şəxs Təqsirləndirilən şəxs və materiallar istintaqa təhvil verilmişdir. Hadisə yerindən dəqiq narkotik olan bağlamalardan əlavə daha hansı əşyaların götürməsi yadında qalmamış, tərtib etdiyi protokola göstərilənlər əşyalar, o cümlədən bir ədəd telefon və çəkmə tərəfindən götürülmüşdür. Ondan əvvəl hadisə yerində hərbi hissənin əməliyyatçıları olmuş, sonra o, hadisə yerinə gəlmişdir. O, Horadiz şəhərində yaşayır və ona məlumat verildikdən sonra o, gecə saatlarında təxminən 30-45 dəqiqəyə hadisə yerinə getmişdir. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş, Şahid7 istifadəsində olan 051/547-30-81 saylı mobil telefon nömrəsinin 12 noyabr 2024-cü il tarixdə mövcud olan əhatə dairəsi üzrə anten məlumatlarla müəyyən edilir ki, həmin tarixdə 051/547-30-81 saylı mobil telefon nömrəsinin əhatə dairəsi Füzuli rayonun Horadiz şəhəri ərazisi olmuşdur. İşdə olan, DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisinin 12 noyabr 2024-cü il tarixli “Raportu” ilə müəyyən olunur ki, 10 noyabr 2024-cü il tarixdə, saat 19:15-də 21-ci sərhəd zastavasının sərhəd naryadı tərəfindən həmin zastavanın 18-ci sahəsinin arxa istiqamətində X9 (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan) 1300 metr və mühəndis çəpərindən təqribən 1 metr arxada, 59 №-li sərhəd nişanından 900 metr sağda, dağınıq vəziyyətdə kiçik ölçülü bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Bağlamalara baxış zamanı ümumi çəkisi 17 kq 220 qram olan narkotik vasitə marixuna olması müəyyən edilmişdir. Narkotik vasitələrinin sifarişçilərinin aşkar edilərək saxlanılması məqsədi ilə həmin ərazidə “Pusqu” xidməti təşkil edilmişdir. 12 noyabr 2024-cü il tarixdə qeyd olunan ərazidə saat 19:00-dan 00:00-dək “Pusqu” sərhəd naryadının başçısı kapitan Şahid1, sərhəd naryadının üzvləri gizir Şahid2, baş çavuş xidmətdə olarkən saat 19:20 radələrində bir nəfərin Azərbaycan Respublikası tərəfindən mühəndis texniki çəpərinə yaxınlaşaraq narkotik maddələri özü ilə gətirdiyi boş kisəyə yığıb ərazidən uzaqlaşarkən sərhəd naryadı tərəfindən saxlanılmışdır. Həmçinin hadisə yerinə baxış zamanı saxlanılan şəxsə aid bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst dəyişək paltar aşkar olunmuşdur. Saxlanılan şəxs özünü Beyləqan rayonun 2-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. İşdə olan, “İnzibati qaydada tutma haqqında” 12 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 2020-də DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Şahid7 tərəfindən Beyləqan rayonun 2-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs inzibati xəta törətdiyinə görə İnzibati Xətalər Məcəlləsinin 570-ci maddəsinə əsasən (Sərhədboyu rejimin pozulması) inzibati qaydada tutulmuşdur. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 12 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 20:35-dən saat 20:49-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Şahid7 tərəfindən “inzibati qaydada tutulan şəxs” Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşları X7, Şahid2, habelə hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisində, N saylı hərbi hissənin … 21-ci sərhəd zastavasının 18-ci sahəsinin 59 №-li sərhəd nişanından 900 metr sağda, X9 (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan) 1300 metr aralı, mühəndis çəpərindən 1 metr arxada müşahidə olunan qamışlıq və kolluq sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əli ilə saxlandığı yeri göstərib bildirmişdir ki, həmin yerə narkotik maddə götürmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs saxlandığı yerdə 23 ədəd bağlamalar, həmin yerin yaxınlığında bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst paltar, bir cüt çəkmə aşkar edilib götürülmüşdür. Baxış zamanı çəkilmiş fotoşəkillər və videoçəkiliş protokola əlavə edilmişdir (protokola əlavə edilmiş bir ədəd fotoşəkildə protokolda göstərilən bütün hallar əks olunmamış, videoçəkiliş əlavə edilməmişdir). İşdə olan, “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 21:19-dan saat 21:40-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Şahid7 tərəfindən “inzibati qaydada tutulan şəxs” Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşları X7, Şahid2, habelə hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə 21-ci sərhəd zastavasının xidməti otaqların birində 23 ədəd bağlamalara baxış keçirilmişdir. Baxış zamanı 23 ədəd bağlamaların içərisində 17 kq 220 qram marixuanaya oxşar kütlələr aşkar edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 14 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumilikdə 23 ədəd bağlamalarda olan qurudulmuş marixuananın ayrı-ayrılıqda çəkisi, 2090 qram, 385 qram, 1045 qram, 440 qram, 970 qram, 1320 qram, 890 qram, 1330 qram, 400 qram, 395 qram, 805 qram, 605 qram, 425 qr, 440 qram, 755 qr, 480 qram, 495 qram, 825 qram, 330 qram, 260 qram, 155 qram, 80 qram və 75 qram olmaqla ümumi təmiz çəkisi 14 kq 995 qram təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 14992,7 qramdır. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 15 noyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 14992,7 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, Bakı şəhər Nərimanov RPİ-nin 09 iyul 2025-ci il tarixli məktubu, “Respublikası Təcili və təxirəsalınmaz X14” X15 30 oktyabr 2025-ci il tarixli və Bakı İstintaq Təcridxanasının 24 yanvar 2025-ci il tarixli məktubları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə, saat 19:20-də Nərimanov RPİ-nin MSYnə daxil olmuş, orada olduğu müddətdə 14 noyabr 2024-cü il tarixdə təcili tibbi yardım çağırılmış və Təqsirləndirilən şəxs «Qabırğarası sinirlərin nevrologiyası» diaqnozu qoyularaq ona ilkin tibbi yardım göstərilmiş və 15 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülmüş və orada tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ qulaq seyvanında 1-2 sm ölçüdə qançır, gövdənin sağ yan nahiyəsində 2-3 sm ölçüdə qançır və sağ Vİİ, Vİİİ qabırğanın yerdəyişməyən sınığı aşkar edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2024-cü il tarixli rəyinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi kartasına, məlumata və izahata əsasən Təqsirləndirilən şəxs “gövdənin sağ yan nahiyəsinin qançırla müşayiət olunan sağ Vİİ, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları və sağ qulaq seyvanının qançırı” müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) tərəsirindən törənmişdir. Tibbi sənədlərdə qeyd olunan xəsarətlərin təsvirinə (rəngi, xarakteri və s.) əsasən demək olar ki, xəsarətlərin törəmə müddəti şəxsin Bakı İstintaq Təcridxanasında 16 noyabr 2024-cü il tarixdə müayinəsindən 4-6 gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən- gövdənin sağ yan nahiyəsiinin qançırla müşayiət olunan sağ Vİİ, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənə bilər, ümumilikdə saglamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sağ qulaq seyvanının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması ilə bağlı daxil olmuş şikayət üzrə Azərbaycan Respublikası Baş Prokurorunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmaması əsası ilə) rədd edilmişdir. Habelə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı ilə bağlı daxil olmuş material üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmaması əsası ilə) rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Asif Adıgözəlli, Tural Niftullayev, Şahid4 və Şahid5 ifadələrini törədilmiş cinayət hadisəsinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətinin (CM-nin 234.4.1 və 234.4.3-cü maddələr) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs iştirakını istisna edən sübutlar kimi də qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi, eləcə də ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 14 mart 2025-ci il tarixli ifadəsi (12 noyabr 2024-cü il tarixdə, saat 17 padələrində sərhəd zastavasının yaxınldığından keçən beton su kanalın yanına balıq tutumaq üçün getməsi, orada bir qrup sərhədçilər tərəfindən tutub əllərini və gözlərini bağlayıb tutulduğu yerdən 45-50 metr kənara aparıb orada ona «sən bura narkotik maddə götürmək üçün gəlmisən» deyilməsi, onun isə həmin yerə balıq tutmaq üçün gəldiyini bildirməsi, sonra sərhədçilərin onu döyməyə başlayıb və öldürməklə hədələyib ona narkotik maddə götürmək üçün gəldiyini deməyə təklif etmələri, onların dedikləri ilə razılaşmaması, sonra sərhədçilərin onu apardıqları yerdə bir ədəd kisə və torpağın üzərində çoxsaylı bağlamaların olması və həmin bağlamaların içərisində nə olmasını bilməməsi, sərhədçilərin dediklərindən kisədə və torpaq üzərində olan bağlamalarda narkotik maddələrin olmasını bilməsi, sonra sərhədçilərin torpağın üzərində olan bağlamaları kisəyə yığması və həmin kisənin ona məxsus olmasını bildirib kisəni və onu sərhəd zasatasına gətirmələri, sərhəd zastavasında sərhədçilər onu döyüb işgəncə verib tutulduğu yerə narkotik vasitə götürmək üçün gəldiyini, həm də onu həmkəndlisi Əfqan adlı şəxsin göndərdiyini bildirməsinə məcbur edilməsi, sərhəd xidməti əməkdaşları tərəfindən döyülməsi və işgəncələr verilməsi nəticəsində bağlamalarda aşkar olunmuş marixuananın özünə məxsus olmasını deməyə məcbur edilməsi, bağlamalarda aşkar olunmuş marixuananın ona məxsus olmaması və heç bir cinayət əməli törətməməsinə dair ifadələr) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət vermiş sübutlarla, yəni şahidlər Şahid1, Şahid2, Şahid3, Asif Adıgözəlli, Tural Niftullayev, Şahid4 və Şahid5 ifadələri (12 noyabr 2024-cü il tarixdə, saat N radələrində Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsində götürülmüş bağlamalarda aşkar olunmuş narkotik vasitə olan qurudumuş marixuananın Təqsirləndirilən şəxs məxsus olmasına, eləcə də ittihamda göstərilənlər digər xüsusatlara aid hallar istisna olunmaqla), məhkəmə tibbi ekpertizasının rəyi, digər sənəd və iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 13 və 14 noyabr 2024-cü il tarixli ifadələri (12 noyabr 2024-cü il tarixdə saxlanılan vaxt ərazidən götürülmüş bağlamalarda aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasına və ittihamda göstərilən digər halları təsdiq etməsinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət vermiş sübutlarla, yəni şahidlər Şahid1, Şahid2, Şahid3, Asif Adıgözəlli, Tural Niftüllayev, Şahid4 və Şahid5 ifadələri (12 noyabr 2024-cü il tarixdə, saat N radələrində Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsində götürülmüş bağlamalarda aşkar olunmuş narkotik vasitə olan qurudumuş marixuananın Təqsirləndirilən şəxs məxsus olmasına, eləcə də ittihamda göstərilənlər digər xüsusatlara aid hallar istisna olunmaqla), məhkəmə tibbi ekpertizasının rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 14 mart 2025-ci il tarixli ifadəsi, həm də məhkəmədə verdiyi ifadəsi ilə təsdiq olunmadığından, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs ilkin ifadəsinə, habelə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gələrək ona bu maddələrlə ittiham verilmiş və verilmiş həmin ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasına razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan İran vətəndaşları tərəfindən külli miqdarda-14 kq 995 qram qurudulmuş marixuananı İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilib DSX-nin N saylı hərbi hissəsinin Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsində gizlədilməsi və bu barədə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra götürmək üçün onun 12 noyabr 2024-cü il tarixdə, saat N radələrində 21-ci sərhəd zastavasının 18-ci sahəsinə gedib oradan külli miqdarda-14 kq 995 qram qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən DSXnin əməkdaşları tərəfindən saxlanılıb qeyd olunan narkotik maddə aşkar edilib götürülmüşdür. Məhkəmə istintaq orqanın bu ittihamın verilməsinə əsaslandığı sübutları (təqsirləndirilən şəxsin ilkin ifadəsi və adı çəkilən şahidlərin ifadələri) məhkəmədə tədqiq edib belə nəticəyə gəlir ki, həmin sübutlar kifayət qədər mötəbər hesab edilə bilməz. Belə ki, həmin sübutlarla Təqsirləndirilən şəxs İran vətəndaşı olması güman edilən naməlum bir şəxslə hər hansı formada əlaqə saxlaması, onunla aralarında cinayətkar razılaşmasının əldə olunması, həmin naməlum şəxsin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasının ərazisinə keçirib Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin ərazisində olan su kanalının yaxınlığında (DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının 18-ci sahəsində) gizlətməsi, sonra bu barədə qeyrimüəyyən bir formada (narkotik vasitənin qoyulduğu yer barədə Təqsirləndirilən şəxs hər hansı formada kiminsə məlumat verilməsi ümumiyyətilə müəyyən edilməmişdir) məlumat verməsi, bundan sonra Təqsirləndirilən şəxs həmin yerə gedib bağlamalarda olan narkotik vasitəni bir ədəd kisəyə toplaması nə birbaşa, nə də dolayısı ilə təsdiq olunmur (bu halları təsdiq edən yeganə sübüt kimi təqsirləndirilən şəxsin özünün əleyhinə verdiyi ilkin ifadələr götürülsə də, həmin ifadələr təqsirləndirilən şəxsdən zorakılıq, işgəncə, hədə-qorxu, qeyriinsani və ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməklə alındığından məhkəmə həmin ifadələri CPM-nin 125.2.2-ci maddəsinə əsasən sübut kimi qəbul etməmişdir) və məhkəmə bu xüsusatları tam formal xarakterli mülahizələr kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan bağlamaların qoyulduğu ərazidə saxlanması (21-ci sərhəd zastavasının 18-ci sahəsində) ilə bağlı müəyyən şübhələr olduğundan, o cümlədən Təqsirləndirilən şəxs əynindəki paltarı soyunub, ayağındakı çəkmələri çıxarıb su kanalına girib digər tərəfə keçib yerdə olan bağlamaları bir ədəd kisəyə toplayarkən sərhədçilər tərəfindən saxlanması, sonra onun həmin yerdən 45-50 metr kənara aparılması, bağlamaların sərhədçilər tərəfindən kisəyə toplanıb zastavaya gətirilməsi, sonradan kisədə olan bağlamaların geri-götürüldüyü yerə aparılması və təhqiqatçı tərəfindən bağlamaların yenidən götürülməsi ilə bağlı müəyyən əsaslı şübhələrin və ziddiyyətli ifadələrin olması, habelə Təqsirləndirilən şəxs saxlandığı yerdə mobil telefon, bir dəst paltar və bir cüt çəkmənin aşkar edilib götürülməsini təsdiq edən sübutların olmaması, eləcə də 21-ci sərhəd zastavasının 18-ci sahəsində aşkar olunmuş içərisində narkotik vasitə olan bağlamaların cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun götürülməməsi (hadisə yerinə baxış və götürmə zamanı hal şahidlərinin maraqlı şəxslər olmaqla onlardan birinin iştirakında əsaslı şübhənin olması, təhqiqatçının isə həmin tarixdə hadisə yerində olmasına təkzib edən sübutun-mobil telefon nömrəsi üzrə anten məlumatının olması və s.), təhqiqatla bağlı tərtib olunmuş sənədlərdə göstərilən faktların şübhə doğurması və bu şübhənin digər sübutlarla aradan qaldırmaq mümkün olmadığına görə məhkəmə təhqiqat zamanı tərtib olunmuş sənədləri, eləcə də şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrini CPM-nin 145.3-cü maddəsinə (İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir) əsasən mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda şahidlər Şahid1, Şahid2, Şahid3, Asif Adıgözəlli, Şahid4 və Şahid5 ifadələrində 21-ci sərhəd zastavasının 18-ci sahəsində aşkar olunmuş içərisində narkotik vasitə olan bağlamaların Təqsirləndirilən şəxs məxsus olmasına dair göstərilənlər məhz Təqsirləndirilən şəxs dediklərinə əsaslanmaqla bildirildiyindən məhkəmə bu şəxslərin ifadələrində göstərilən halları CPM-nin 126.3-cü maddəsinə (Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz) əsasən, həm də Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilənləri təsdiq edən 13 və 14 noyabr 2024-cü il tarixli ifadələrini sübut kimi qəbul edilməməsi nəzərə alınaraq mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilməsi və aşkar olunan əşyaların götürülməsi, eləcə də götürülmüş əşyalara (içərisində narkotik vasitə olan bağlamaları) baxışın keçirilməsində hal şahidi kimi iştirak etmiş Şahid4 və Şahid5 iş üzrə marağı olan şəxslər olduğundan onların ifadələri iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Məhkəmə istintaqı zamanı Şahid4 və Şahid5 özlərini mülki şəxs kimi təqdim edib (həmçinin ibtidai istintaq zamanı da ifadələrində eyni formada qeyd edilmişdir) hadisə yerində olduqlarını bildirib işin mahiyyəti üzrə ittihamyönümlü ifadələr vermişlər. Lakin onların N saylı hərbi hissənin hərbi qulluqçuları olmaqla 21-ci sərhəd zastavasında xidmət etmələri və hətta Şahid4 12 noyabr 2024-cü il tarixdə zastavada «cavabdeh şəxs» (məsul növbətçi) olduğundan hadisə yerinə getməməsi, yalnız zastavada bağlamalara baxış zamanı hal şahidi kimi iştirak etməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hadisə yerinə baxış keçirilməsi və aşkar olunan əşyaların götürülməsi, eləcə də götürülmüş əşyalara (içərisində narkotik vasitə olan bağlamalara) baxışın keçirilməsində hal şahidi kimi iştirak etmiş Şahid4 və Şahid5 iş üzrə marağı olan şəxslər olması nəzərə alınaraq onların verdikləri ifadələri sübut kimi qəbul etmir. Bundan başqa iş üzrə təhqiqat orqanı tərəfindən tərtib olunmuş və istintaq orqanı tərəfindən ittihamyönlü sübut kimi qiymətləndirilmiş prosessual sənədlərə, o cümlədən “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokollara məhkəmə CPM-nin 125-ci (Sübutların mümkünlüyü) və 236-cı (Baxış) maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənədlər ittihamyönlü sübutlar kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışında və ibtidai istintaq zamanı şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5, eləcə də Təqsirləndirilən şəxs ifadələrində bildirmişlər ki, onlar 21-ci sərhəd zastavasının 18-ci sahəsində aşkar edilmiş bağlamaların təhqiqatçı tərəfindən götürülməsində iştirak etməmişlər. Həmçinin məhkəmə baxında şahidlər Şahid4 və Şahid5 əvvəl ifadələrində mülki şəxs olduqlarını, həmin ərazidə əvvəllər olmadıqlarını, 21-ci sərhəd zastavasının 18-ci sahəsində olan bağlamaların götürülməsində, sonra həmin bağlamalara zastavada baxış keçirilməsində hal şahidi kimi iştirak etdiklərini bildirsələr də, sonra həmin şəxslərin hərbi qulluqçular olmaqla məhz həmin hərbi hissədə xidmət etmələri və işə münasibətdə marağı olan şəxslər olması müəyyən edildiyindən məhkəmə onların ifadələrini sübut kimi qəbul etməmişdir. Ona görə də təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilməsi və götürülmüş əşyalara baxış istintaq hərəkətlərində (CPM-nin 236.4-cü maddəsinə əsasən hadisə yerinə baxış zamanı azı iki hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir) hal şahidlərinin iştirakı qanunazidd olduğundan (hal şahidlərinin işdə marağı olan şəxslər olması, həm də hadisə yerinə baxışda bir nəfər hal şahidin iştirakı nəzərə alınmaqla) həmin istintaq hərəkətlərinin nəticələrinə dair tərtib olunmuş “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokollar sübut kimi qəbul edilə bilməz. Məhkəmədə şahid kimi ifadə vermiş təhqiqatçı Şahid7 ifadəsində göstərdiyi xüsusuatlar, yəni onun tərəfindən 12 noyabr 2024-cü il tarixjdə saat 20:35-dən saat 20:49dək inzibati qaydada tutulan şəxs Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşları Asif Adıgözəlov, Şahid2 iştirakı ilə, həmçinin Şahid4 və Şahid5 və hal şahidliyi ilə hadisə yerinə, yəni 21-ci sərhəd zastavasının 18-ci sahəsinə baxış keçirməsi, eləcə də, 12 noyabr 2024-cü il tarixdə, saat 20:35-dən saat 20:49-dək olan müddətdə 21-ci sərhəd zastavasında bağlamalara baxış keçirilməsi Şahid7 istifadəsində olan 051/547-30-81 saylı mobil telefon nömrəsi üzrə anten məlumatları ilə (həmin məlumatlara əsasən yuxarıda qeyd olunan tarixlərdə Şahid7 Beyləqan rayonunun ərazisində deyil, ünvan 1 ünvanda yerləşir) tam təkzib olunur. Ona görə də məhkəmə təhqiqatçı Şahid7 ifadəsində yuxarıda göstərilən halları sübut kimi qəbul etmir, eləcə də məhkəmə hesab edir ki, həmin sənədlər təhqiqatçı tərəfindən sənədlərdə göstərilən tarixlərdə deyil, sonradan hərbi hissədə, əldə edilmiş məlumatlar formal olaraq yazılmaqla tərtib olunmuşdur. Bundan başqa “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 12 noyabr 2024-cü il tarixli protokolda göstərilir ki, Təqsirləndirilən şəxs saxlandığı yerdə 23 ədəd bağlamalar, həmin yerin yaxınlığında bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst paltar, bir cüt çəkmə aşkar edilib götürülmüş, həmçinin baxış zamanı çəkilmiş fotoşəkillər və videoçəkiliş protokola əlavə edilmişdir. Lakin istintaq orqanı tərəfindən cinayət işi üzrə bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst paltar və bir cüt çəkmə maddi sübut kimi tanınmamış, hadisə ilə birbaşa bağlı fotoşəkillər (bir ədəd fotoşəkil olsa da, həmin fotoşəkil də natamamdır) və videoçəkiliş işə protokola əlavə edilməmişdir. Məhkəmə tərəfindən rəsmi sorğu verilsə də, istintaq orqanı tərəfindən iş üzrə götürülməsi bildirilən bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst paltar və bir cüt çəkmənin hazırda harada olması barədə heç bir məlumat verilməmişdir. Habelə məhkəməyə qeyri-rəsmi qaydada təqdim edilmiş hadisə yerinə baxışla bağlı aparılmış videoçəkilişi ehtiva edən videogürüntülər isə qeyri-müəyyən olmaqla hər hansı halı təsdiq və ya təkzib edən faktlar kimi qəbul edilməsi mümkün olmayan natamam (videoçəkilişin nə vaxt, harada, kimlərin iştirakı ilə, kim tərəfindən çəkilməsi, ərazidə əşyaların aşkar olunması və onların götürülməsinin çəkilişdən kənarda qalması, ümumi görüntülərdən ibarət olan və s. olmaqla, eyni zamanda bu çəkilişin cinayət prosessual qanunvericiliyin tələblərinə tamamilə uyğun olmaması da nəzərə alınaraq) kortəbii olaraq çəkilmiş (baxış protokoluna əsasən videoçəkliş ən azı 14 dəqiqə olmalı halda 1 dəqiqə 49 saniyəlik fraqmentdən ibarət olan) videogörüntülərdir. Ona görə də məhkəmə həmin videogörüntüləri və protokola əlavə edilmiş bir ədəd fotoşəkili mötəbər sübutlar hesab etmir. İbtidai istintaqın ilkin mərhələsi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib saxlandığı yerin yaxınlığında aşkar olunmuş bağlamalarda olan narkotik maddənin özünə məxsus olduğunu və həmin narkotik vasitəni götürmək üçün gəldiyini, saxlanılarkən sərhədçilər tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində, eləcə də ibtidai istintaq zamanı verdiyi 14 mart 2025-ci il tarixli ifadəsində göstərmişdir ki, DSX-nin əməkdaşları tərəfindən 12 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində sərhəd zastavanın yaxınldığından keçən beton su kanalının yanında tutulmuş, sonra əllərini və gözlərini bağlayıb tutulduğu yerdən 45-50 metr kənara aparılmış və orada torpağın üzərində bir ədəd kisə və çoxsaylı bağlamalar olmuş və həmin bağlamaların içərisində nə olmasını bilməmiş, orada ona «sən bura narkotik maddə götürmək üçün gəlmisən» deyilmiş, o isə həmin yerə balıq tutmaq üçün gəldiyini bildirmişdir. Sonra sərhədçilər onu döyməyə başlayıb öldürməklə hədələyib ona narkotik maddə götürmək üçün gəldiyini deməyə təklif etmiş, o isə onların dedikləri ilə razılaşmamış, sonra sərhədçilər torpağın üzərində olan bağlamaları kisəyə yığıb həmin kisəni və onu sərhəd zastavasına gətirmiş, sərhəd zastavasında məişət otağında sərhədçilər onu döyüb işgəncə verib tutulduğu yerə narkotik vasitə götürmək üçün gəldiyini, həm də onu həmkəndlisi Əfqan adlı şəxsin göndərdiyini bildirməsinə məcbur etmiş, bundan sonra sərhədçilər onu yenidən bağlamaların götürüldüyü yerə aparmış və orada fotoşəkili çəkilmişdir. Sonra o, sərhədçilərin dediyi kimi əvvəl izahat, sonra ifadə vermiş, daha sonra isə ifadə verib əvvəlki izahat və ifadəsində göstərilənlərin yalan olduğunu, sərhədçilərin ona qarşı zorakılıq halları, döyüldüyü üçün belə ifadə verdiyini və aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhər Nərimanov RPİ-nin, “Respublikası Təcili və təxirəsalınmaz X14” X15 və Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumatlara əsəsən Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə Nərimanov RPİ-nin MSY-nə daxil olmuş, orada olduğu müddətdə 14 noyabr 2024-cü il tarixdə təcili tibbi yardım çağırılmış və Təqsirləndirilən şəxs «Qabırğarası sinirlərin nevrologiyası» diaqnozu qoyularaq ona ilkin tibbi yardım göstərilmiş və 15 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülmüş və orada tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ qulaq seyvanında 1-2 sm ölçüdə qançır, gövdənin sağ yan nahiyəsində 2-3 sm ölçüdə qançır və sağ Vİİ, Vİİİ qabırğanın yerdəyişməyən sınığı aşkar edilmişdir. Həmçinin məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs “gövdənin sağ yan nahiyəsinin qançırla müşayiət olunan sağ Vİİ, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları və sağ qulaq seyvanının qançırı” xəsarətləri alması, həmin xəsarətlərin 16 noyabr 2024-cü il tarixdə müayinəsindən 4-6 gün əvvələ (10 və 12 noyabr 2024-cü il tarixlərə) uyğun gəlməsi, dərəcəsinə görə xəsarətlərdən-gövdənin sağ yan nahiyəsinin qançırla müşayiət olunan sağ Vİİ, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənə bilər, ümumilikdə saglamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sağ qulaq seyvanının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin tutulub zastavaya aparıldıqdan sonra tanımadığı sərhədçilər tərəfindən döyülməsi nəticəsində aldığını bildirmiş, şahidlər Şahid1, Şahid2, Şahid3 və Asif Adıgözəlli isə ifadələrində Təqsirləndirilən şəxs saxlanılıb zastavaya aparıldıqdan sonra ona qarşı heç bir zorakılıq hallarına yol verilmədiyini göstərmişlər. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli və 11 yanvar 2025-ci il tarixli qərarlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı prokurorluqda aparılmış araşdırmanın nəticəsinə görə Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmamış və toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmaması əsası) ilə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı və Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Boyuid Belçikaya” qarşı iş üzrə 28 sentyabr 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərlə, o cümlədən az ağır xəsarətlə bağlı prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktının təsdiq olunmaması nəticəsinin ittiham tərəfinin sübut kimi qəbul edilməsini əsaslı hesab etmir, eyni zamanda Təqsirləndirilən şəxs işgəncəyə və ya zorakılığa məruz qalması nəticəsində etirafedici ifadə verməsinə dair müdafiə tərəfin mövqeyi əsaslı hesab edir. Bundan başqa DSX-nin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə müvafiq xəsarətlərin yetirilməsi barədə şikayətin rədd edilməsinə dair cinayət prosesini həyata keçirən orqanın qanuni qüvvədə olan qərarının mövcud olması bununla bağlı məsələlərin məhkəmə baxışı zamanı araşdırılmasının qarşısını almır. Belə ki, Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, məhkəmə hesab edir ki, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 dekabr 2024-cü il tarixli və 11 yanvar 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin, o cümlədən az ağır xəsarətin yetirilməsi ilə bağlı halların cinayət hesab edilməməsi məsələnin məhkəmə baxışında təkrar araşdırılmasını (cinayət təqibi halları istisna olmaqla) və nəzərə alınmasını istisna etmir. Həmçinin məhkəmə tədqiq olunmuş digər sübutlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyat keçirilməlidir. Göründüyü kimi, hazırki cinayət işi üzrə 10 noyabr 2024-cü il tarixdə, saat N radələrində DSX-nin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının sərhəd naryadı tərəfindən həmin zastavanın 18-ci sahəsinin arxa istiqamətində X9 (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan) 1300 metr və mühəndis çəpərindən təqribən 1 metr arxada, 59 №-li sərhəd nişanından 900 metr sağda, dağınıq vəziyyətdə kiçik ölçülü bağlamalarda narkotik vasitə olan 17 kq 220 qram qurudulmuş marixuana kütlələri aşkar edilməsi (qeyri-rəsmi qaydada baxış keçirilməklə aşkar olunan narkotik vasitənin çəkisinin müəyyən edilməsi), həmin vaxtdan aşkar olunan narkotik vasitənin sərhədçilərin nəzarəti altında olması mübahisəsiz olaraq müəyyən edilən hallardır, lakin 12 noyabr 2024-cü il tarixdə, saat N radələrində hərbi qulluqçular tərəfindən mühəndis çəpərinin yaxınlığından keçən su kanalının yanında Təqsirləndirilən şəxs saxlanılıb içərisində narkotik vasitə kütlələri olan bağlamaların aşkar edildiyi sahəyə aparılması, sonra Təqsirləndirilən şəxs iştirakı ilə onu saxlamış hərbi qulluqçular tərəfindən ərazidəki içərisində narkotik vasitə kütlələri olan bağlamaların bir ədəd kisəyə yığılıb 21-ci sərhəd zastavasına gətirilməsi, bundan sonra içərisində narkotik vasitə kütlələri olan bağlamaların götürülmüş sahəyə daşınaraq və Təqsirləndirilən şəxs da həmin əraziyə aparılaraq içərisində narkotik vasitə kütlələrin götürülməsi barədə təhqiqatçının sənədləşmə aparmasına aid hallar isə mübahisəli olmaqla Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, sərhəd xidməti əməkdaşlarının tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “23 ədəd bağlama (içərisində narkotik vasitə olması güman edilən)” ilə bağlı “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli istintaq hərəkətləri və onun nəticəsində aparılan protokollaşmaların sübut kimi mötəbərliyi şübhə altına alınır. Bu hal yuxarıda qeyd edilən Avropa Məhkəməsinin Azərbaycana qarşı olan president xarakterli qərarlarındakı hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən bu Məcəllənin 125.2.1-125.2.8-ci maddələrdə göstərilən hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, hazırki cinayət işi üzrə təhqiqat və istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsində (zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə) və 125.2.7-ci maddəsində (istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda) göstərilən qaydada əldə edilmiş sübutlar, yəni “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokollar, şübhəli şəxs Təqsirləndirilən şəxs 13 noyabr 2024cü il tarixli izahatı və ifadəsi, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixli ifadəsi, habelə kifayət qədər araşdırma aparılmadan formal olaraq (Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin, o cümlədən az ağır xəsarətin olmasına baxmayaraq həmin xəsarətləri yetirməkdə şübhəli olan şəxslərin (DSX-nin əməkdaşlarının) hərəkətlərində cinayət tərkibinin olmaması əsası ilə) qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli və 11 yanvar 2025-ci il tarixli qərarlar sübut kimi qəbul edilməməlidir. Eyni zamanda DSX-nin əməkdaşları tərəfindən 12 noyabr 2024-cü il tarixdə, saat N radələrində 21-ci sərhəd zastavasının 18-ci sahəsində aşkar edilmiş 23 ədəd bağlama (içərisində narkotik vasitənin olması güman edilən) aşkar etdikdən sonra cinayət prosessual qanunvericilin tələblərinə zidd olaraq götürülüb zastavaya aparılması, sonradan 23 ədəd bağlamanın (içərisində narkotik vasitənin olması güman edilən) təhqiqatçı tərəfindən 12 noyabr 2024-cü il tarixdə 21-ci sərhəd zastavasının 18-ci sahəsindən götürülməsinin cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla sənədləşdirilməsi, təqsirləndirilən şəxsin ilkin izahat və ifadələrində aşkar olunmuş narkotik vasitənin özünə aid olması və həmin narkotik vasitəni götürməsi üçün saxlandığı yerə gəlməməsini bildirməsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri və həmin ifadələrin ittihamın verilməsi üçün sübut kimi qəbul edilməsi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı sonrakı ifadəsi və məhkəmədə verdiyi ifadəsi, şahidlərin, o cümlədən hal şahidlərinin ziddiyyətli ifadələr verməsi, eləcə də hal şahidlərinin maraqlı şəxslər olması, təqsirləndirilən şəxsə qarşı zorakılıq, hədə-qorxu və işgəncə hərəkətləri tətbiq edilməklə onun etirafedici ifadəsinin alınması və digər halları təsdiq və ya təkzib edən sübutları məhkəmə təhlil edib belə nəticəyə gəlir ki, ittihamın verilməsi üçün qəbul edilmiş sübutlara əsaslanıb Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın verilməsini mümkünsüz hesab edir, eyni zamanda iş üzrə toplanmış digər sübutlar isə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olmasının təsdiqi üçün kifayət qədər deyildir. Həmçinin məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinəəsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə heyəti cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 14992,7 qram (14 kq 992,7 qram) narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq-14992,7 qram (14 kq 992,7 qram) narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılsın. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar