Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-303/2024 31.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Cinayət Məcəlləsinə dəyişklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə cəzası azaldılaraq üzərində 2 (iki) il 3 (üç) ay saxlanılmış və cəzasını çəkib qurtardıqdan sonra azad edilmiş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İİR vətəndaşı və cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvləri tərəfindən külli miqdarda narkotik vasitə hesab olunan heroini, şəxsi istehlak miqdarından artıq narkotik vasitə metadon həblərini, psixotrop maddə olan metamfetamini və güclü təsir edən maddə olan preqabalini dəqiq məlum olmayan tarixdə və vaxtda Azərbaycan Respublikasının ərazisinə keçirilmiş və Bakı şəhəri Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının həyətində gizlədilb bu barədə ona məlumat verdikdən sonra o, məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda narkotik vasitə hesab olunan heroini, şəxsi istehlak miqdarından artıq narkotik vasitə metadon həblərini, psixotrop maddə olan metamfetamini və güclü təsir edən maddə olan preqabalini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Masallı RPŞ- əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 30 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “X8” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın kəmərinin sağ alt hissəsindən bir ədəd dəmir qutuda 23 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,779 qram; 0,775 qram; 0,800 qram; 0,772 qram; 0,825 qram; 0,736 qram; 0,739 qram; 0,682 qram; 0,777 qram; 0,779 qram; 0,799 qram; 0,776 qram; 0,761 qram; 0,758 qram; 0,797 qram; 0,738 qram; 0,803 qram; 0,718 qram; 0,749 qram; 0,794 qram; 0,783 qram; 0,787 qram və 0,705 qram, ümumi təmiz çəkisi 17,632 qram tiryəkdən kustar üsulla hazırlamış xarici görünüşlərinə və kimyəvi komponenetlərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram və 0,437 qram, ümumi təmiz çəkisi 0,840 qram təşkil edən ağ rəngli kristallardan ibarət xarici görünüşlərinə və kimyəvi komponenetlərinə görə bir-biriləri ilə eynilik təşkil edən psixotrop maddə metamfetamin, həmçinin təsir edən maddənin ümumi miqdarı 0,2 qram(bir həbdə 0,04 qram) təşkil edən 05 ədəd konvalyut kəsiklərində qəhvəyi rəngli dairəvi formalı metadon həbləri, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram(bir kapsulda 0,15 qram preqabalin olmaqla) təşkil edən 4 ədəd kapsulda təkribindəki təsiredici maddəsinə görə bir-biriylə eyni olmaqla xarici əlamətlərinə görə fərqlənən(kapsulların forması, rəngi) güclü təsiredici maddə preqabalin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobilin ön saxlanc yerindən bir ədəd üzərində psxiotrop maddə metamfetamin izləri olan “SWAN” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonunda dəfn olunmuş anasının məzarını ziyarət etmək, həm də ki, Masallı rayonunda istirahət etmək üçün 29 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində “X8” markalı avtomobili 3 günlük icarəyə götürmüşdür. 30 oktyabr 2023-cü il tarixdə səhər saat 4 radələrində tanışı Ceyhun və iki qızla birlikdə Bakı şəhərindən Masallı rayonu istiqamətində yola düşmüşdür. Masallı rayonu ərazisinə daxil olduqdan sonra Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yol patrul xidmətinin əməkdaşı ona saxla işarəsi vermişdir. Yoxlanış zamanı yol patrul xidmətinin əməkdaşı ona avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını bildirmiş və onu Masallı Rayon Polis Şöbəsinə aparmışdır. Polis əməkdaşı avtomobili şöbənin duracağında saxlamışdır. Şöbədə olarkən üzərinə və şöbənin həyətində avtomobilə baxış keçirilmişdir. Saxlanılan zaman üzərində öz istifadəsi üçün saxladığı 4 ədəd metadon dərmanı olmuşdur. Dərmanı ona saxlanılmamışdan 6 ay əvvəl iranlı göndərmiş, ona Bakı şəhərində “Vasmoy Bazarı”nın arxasından götürməsini bildirmişdir. Metadonu Bakı şəhərində iranlının dediyi yerdən götürmüş və özündə saxlamışdır. Saxlanılan zaman üzərində heroin, metamfetamin və preqabalin olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən üzərində olan metadon dərmanları gödəkçəsinin cibində olmuşdur. İranlı ilə “instagram” sosial şəbəkəsində tanış olmuş və yazışmışdır. Metadondan istifadə etmək qadağan olunmasından məlumatı yoxdur. Saxlanılan zaman yanında dostu Ceyhun Bayramov və iki qadın olmuşdur. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Avtomobildə aşkarlanan tərəzi özünə məxsus olmuş, qızıl gümüş satışı ilə məşğul olduğundan tərəzini əksər vaxtlarda özü ilə aparmışdır. Ceyhunun onun narkotiki haradan əldə etməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində göstərmişdir ki, narkotik istifadəçisidir. Saxlanılmamışdan 4-5 ay əvvəl “İnstaqram” da adını xatırlamadığı bir iranlı ilə tanış olmuş, həmin şəxsi telefonunda “iranlı” kimi qeyd etmişdir. Həmin şəxsdən 400 manatlıq heroin və metamfetamin istəmişdir. Xatırlamadığı tarixdə iranlı ona sms yazaraq xatırlamadığı bank kartının nömrəsini göndərdikdən sonra o, Bakı şəhəri Nizami rayonunda yerləşən “Bravo” adlı supermarketdə milliön ödəmə terminalı vasitəsilə həmin kart hesabına 400 manat pul ödəmişdir. Həmin şəxs narkotikləri hazır edib qara rəngli sellofana yığıb növbəti gün saat 20 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “İnci” şadlıq sarayının arxasındaki 9 mərtəbə binaların həyətində olan ağacın yanına qoyacağını və oradan götürə biləcəyini demişdir. Bundan sonra o, həmin yerə yollanııb ağacın dibində olan qara rəngli sellofan torbanın olmasını görüb həmin torbanı götürmüş və oradan uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Evdə torbanı açıb içərisinə baxdığı zaman orada 24 büküm narkotik vasitə heroin, 2 büküm psixotrop maddə metamfetamin, 4 ədəd üzərində “P 150” sözləri yazılan kapsullar və üzərində “Methadone 40 mg” sözləri yazılmış 5 ədəd həbin olduğunu görmüş, heroinin bir bükümünü istifadə etmişdir. Digər qalan 23 büküm heroin, 2 büküm metamfetamin, 4 ədəd üzərində “P 150” sözləri yazılan kapsullar və üzərində “Methadone 40” sözləri yazılmış 5 ədəd həbləri isə dəmir qutunun içərisində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 4 radələrində həm anasının məzarını ziyarət etmək, həm də ki istirahət etmək üçün Bakı şəhərində “Rent A Car” dan götürdüyü “X8” markalı **-XX-*** dövlət qeydiyyyat nişanlı avtomobillə tanışı Ceyhun və tanış qızlarla Masallı şəhərinə yollanmışlar. Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində YPX-nın əməkdaşları tərəfindən saxlanılmıış və Masallı RPŞ-yə aparılmışlar. Vəkilin iştiiakı ilə üzərinə şəxsi axtarış keçirilmiş şalvarının kəmərinin sağ alt hissəsindən cibindən içərisində 23 büküm heroin, 2 büküm metamfetamin, metadon həbləri olan dəmir qutunu çıxarıb təqdim etmişdir.Daha sonra şöbənin həyətində maşına baxış keçirilmiş, salonda saxlanc yerindən özünə məxsus bir ədəd “SWAN” sözləri yazılmış elektron tərəzi aşkar dilmişdir. Narkotikin satışı ilə məşğul olmamışdır. Ceyhunun narkotiklərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs eyni xüsusatları öz xətti ilə yazdığı izahatında da qeyd etmişdir (i.v.33). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Land Cruiser” markalı 99XX010 dövlət qeydiyyat nişanlı avtomobil Masallı YPX-nın əmkdaşları tərəfindən Masallı rayonu Ərkivan qəsəbəsinin ərazisində saxlanılaraq Masallı RPŞ-nin müvəqqəti duracağına gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmiş, o, əynində olan şalvarın kəmərinin sağ alt hissəsindən dəmir qutunu çıxarıb təqdim etmişdir. Dəmir qutuda 23 bükümdə heroin, 02 bükümdə metamfetamin, 04 ədəd üzərinə P 150 sözləri yazılmış narkotik tərkibli kapsul və üzərində “Methadone 40” sözləri yazılmış konvalyutda 05 ədəd metadon həblərin olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri və psixotrop maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşından təxminən bir ay əvvəl aldığını, İİR vətəndaşını tanımadığını və sadəcə mobil telefon ilə əlaqə saxlayaraq sonuncunun dediyi yerdən Bakı şəhərindən götürüb istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bükümlər elektron tərəzidə çəkilmiş, 23 ədəd bükümdə narkotik vasitə heroinin ümumi çəkisi 21,57 qram, 02 ədəd bükümdə psixotrop maddə metamfetaminin ayrı-ayrılıqda çəkiləri 0,47 qram və 0,49 qram ümumi çəkisi 0,96 qram, 04 ədəd üzərində “P150” sözləri yazılmış kapsulların ayrı-ayrılıqda çəkiləri 0,26 qram; 0,26 qram; 0,26 qram və 0,38 qram ümumi çəkisi 1,19 qram, üzərində “Methadone 40 mg” sözləri yazılmış 05 ədəd konvalyutda metadon həblərinin ümumi çəkisinin 2,94 qram olduğu müəyyən olunmuşdur. Daha sonra, “X8” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön salonundakı saxlanc yerindən bir ədəd üzərində “SWAN” sözləri yazılmış elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzidən gümüş alqı-satqısı zamanı çəkilərini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, heç kim tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmamış, onu döyüb incidən, təhqir edən olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nın YPX-nın inspektoru X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə rayonun ərazisində xidmətdə olarkən səhər saatlarında Masallı rayonu ərazisində adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Land Cruiser” markalı avtomobili sürücü kəmər taxmadığı üçün saxlamış, ondan şübhələndiyi üçün avtomobili şöbəyə aparmışdır. Şöbədə Təqsirləndirilən şəxs üzərinə keçiriən şəxsi axtarış zamanı şalvarın kəmərinin sağ alt hissəsindən içərisində çoxsaylı bükümlərdə olan narkotiklər və maşından elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs heç kim tərəfindən döyülməmişdir.Həmin vaxt maşında başqa şəxslər də olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid5 Şahid1, habelə Anar Qurbanovun ifadələrində göstərdikləri xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Land Cruiser” markalı maşınla və iki qadınla istirahət etmək üçün Bakı şəhərindən Masallı rayonuna yola düşmüşlər. Masallı rayonunda Ərkivan qəsəbəsi ərazisində Nadir kəmər taxmadığı üçün yol patrul xidmətinin əməkdaşı onu saxlamışdır. Nadirin sənədləri qaydasında olmadığından onları Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə Nadiri hansısa bir otağa salmışlar. Özü idarənin həyətində bir müddət gözlədikdən sonra onu da içəri çağırmışlar. Polis əməkdaşları idarədə ona avtomobildən narkotik aşkarlandığını bildirmişlər. Şahid X3 verilən suallara cavab olaraq bildirmişdir ki, Nadirin narkotik istifadə etməsi barədə məlumatı olmamışdır. Nadir saxlanılana qədər qızıl gümüş satışı ilə məşğul olmuşdur. Nadirin polislər tərəfindən döyüldüyünü və üzərinə narkotik qoyulduğunu görməmişdir. Nadir onun yanında ağrıkəsici dərman atmışdır. Saxlanıldıqdan sonra avtomobildə olan iki qadını yola salmamış, qadınlar özləri getmişlər. Nadirin maşını icarəyə götürdüyünü sonradan öyrənmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə- kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 19/969 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs Bahadır oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 23 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,779 qr; -0,775 qr; -0,800 qr; -0,772 qr; - 0,825 qr; -0,736 qr; -0,739 qr; - 0,682 qr; -0,777 qr; -0,779 qr; -0,799 qr; -0,776 qr; -0,761 qr; -0, 758 qr; -0,797 qr; -0,738 qr; -0,803 qr; -0,718 qr; -0,749 qr; -0,794 qr; -0,783 qr; -0,787 qr; -0,705 qram: ümumi təmiz çəkisi: -17,632 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,403 qr, -0,437 qram : ümumi təmiz çəkisi: -0,840 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 05 ədəd konvalyut kəsiklərində olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,2 qramdır (bir həbdə 0,04 qr). Müvafiq laboratoriya cihazı olmadığından 04 ədəd kapsulların tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi **-XX-*** d.q.n.-lı avtomobildən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş və işdə materialların məhkəmə ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6087 saylı rəyinə əsasən: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd kapsul” yazısı olan paketdəki, üzərində “P 150” yazısı olan 3(üç) ədəd ağ-sarı rəngli kapsul və üzərində “...150” markalanma göstəricisi olan konvalyutda 1(bir) ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman vasitəsidir və ümumi 4 (dörd) ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edir (bir kapsulda 0,15 qram preqabalin olmaqla). Tədqiqata təqdim edilmiş 4 ədəd kapsul tərkibindəki təsiredici maddəsi olan preqabalinin miqdarına görə eynidirlər, lakin 3 ədəd ağ-sarı rəngli kapsul və 1 ədəd ağ rəngli kapsul xarici əlamətlərinə(kapsulların forması, rəngi) görə fərqlənirlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1006 nömrəli rəyinə əsasən – müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmərinin sağ alt hissəsindən bir ədəd dəmir qutuda 23 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,779 qram; 0,775 qram; 0,800 qram; 0,772 qram; 0,825 qram; 0,736 qram; 0,739 qram; 0,682 qram; 0,777 qram; 0,779 qram; 0,799 qram; 0,776 qram; 0,761 qram; 0,758 qram; 0,797 qram; 0,738 qram; 0,803 qram; 0,718 qram; 0,749 qram; 0,794 qram; 0,783 qram; 0,787 qram və 0,705 qram, ümumi təmiz çəkisi 17,632 qram çəkidə narkotik vasitə heroin 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram və 0,437 qram, ümumi təmiz çəkisi 0,840 qram metamfetamin, edən 05 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri, 4 ədəd metadon aşkar edilərək götürülmüşdür. İşdə olan 30.10. 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X8” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön salonundakı saxlanc yerindən bir ədəd üzərində “SWAN” sözləri yazılmış elektron tərəzi aşkar olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla təmiz çəkisi -16,942 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi - 0,740 qram qalmış psixotrop maddə metamfetamin, qalıq qalmış 04 ədəd metadon həbləri və 4 ədəd preqabalin kapsullarının və avtomobildən aşkar edilərək götürülmüş üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd “SWAN” markalı elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanması üçün Masallı RPŞyə təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunu tətbiq olunaraq cəzası azaldılaraq 02 il 03 ay saxlanılmış, cəzanı çəkib qurtardıqdan sonra azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İşdə olan 6 dekabr 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək narkotik vasitənin, metamfetaminin və preqabalinin, habelə avtomobilində aşkar olunan elektron tərəzinin ona məxsus olmadığını, ona yalnız 4 ədəd metadonun məxsus olduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünün, polis şöbəsində təzyiqlərə məruz qaldığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən ibtidai istintaq başa çatanadək müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrində, habelə məhkəmədə tədqiq edilmiş videoçəkilişlərdə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, ona yalnız 4 ədəd metadonun məxsus olması, digər narkotik vasitənin psixotrop maddənin və preqabalinin ona məxsus olmaması ilə bağlı hər hansı bir fikir irəli sürməmiş, əksinə ifadələrində narkotik vasitəni, psixotrop maddəni, preqabalinin və metadonun ona adını bilmədiyi iranlı tərəfindən göndərildiyini səmimi etiraf etmişdir. Bundan başqa, işdə olan xx.xx.2023-cü il tarixli 1057 N-li məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığı qeyd edilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillərlə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması, avtomobilə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokollar, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı etirafedici izahatı, habelə verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, “avtomobilə baxış keçirilməsi” haqqında istintaq hərəkətinin protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsinə dair gətirdiyi dəlil əsassızdır. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq İrandan ona göndərilən çoxsaylı bükümlərdə olan külli miqdarda heroin, metamfetamin, preqabalin və metadon həbləri olan bağlamanı Bakı şəhəri Nizami rayonu “İnci” şadlıq sarayının yaxınlığından iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla saxlaması, habelə avtomobilində elektron tərəzinin aşkar olunması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi, preqabalinin 5 qramdan artıq hissəsi külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq çoxsaylı bükümlərdə olan külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni əldə edib saxlaması, daşıması və satması barədə əvvəlcədən razılığa gəlməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, qaçaqmalçılıq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitəni, psixotrop maddə və güclü təsiredici maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olub-olmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur» Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxılışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz şəxsiyyəti məlum olmayan iranlı və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz iranlı və ya cinayətkar qrupun digər üzvlərindən biri təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz məlum olmayan İİR vətəndaşı və digər şəxslər tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz şəxsiyyəti məlum olmayan iranlıya və digər şəxslərə kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (iranlıdan başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə –şəxsiyyəti məlum olmayan iranlıya yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Habelə, dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, o, CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 30 oktyabr 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 31 oktyabr 2023cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30.10. 2023-cü ildən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Könül Dadaşovadan, 2009-cu il təvəllüdlü oğlu Kənan Dadaşovdan və 2010-cu il təvəllüdlü qızı Nuray Dadaşovadan ibarətdir, yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2, 240.1-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3 -cü maddəsi isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək, CM-nin 240.1-ci maddəsində üç ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallarla bağlı qeyd edir ki, O, əvvəllər məhkum olunmasına və hazırda məhkumluğu ödənilməsinə baxmayaraq kifayət qədər tərbiyə və islah olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələrində müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və o, cəzasını çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalan 16,942 qram çəkidə narkotik vasitə heroin, 0,740 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon həbləri, 4 ədəd preqabalin kapsulları, 1 ədəd “SWAN” markalı elektron tərəzi məhv edilməli, 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddəsilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2023-cü ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalan 16,942 qram çəkidə narkotik vasitə heroin, 0,740 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon həbləri, 4 ədəd preqabalin kapsulları, 1 ədəd “SWAN” markalı elektron tərəzi məhv edilsin, 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-303/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-303/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver