Məhkəmə qərarları › İş №1(099)-304/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-304/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-304/2023 11.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 5 (beş) gün çəkilməmiş cəzası qalmış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonu, Göyşaban kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Fərhad” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Astara rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 310 ədədinin içərisində 10 ədəd həb, 01 ədədinin isə içərisində 09 ədəd həb olmaqla “Methadone 40” göstəriciləri olan konvolyutlarda üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 3109 ədəd tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 124,36 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər, 2659,88 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 49,88 qram çəkidə narkotik vasitə tiryək, 246,18 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 1238,04 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib “Fərhad” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Lənkəran rayonu ərazisində satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla yaşadığı Lənkəran rayonu, Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir ədəd sellofan torbanın içərisində 70 ədəd “Methadone 40” göstəriciləri olan konvalyutlarda üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 700 ədəd tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 28 qram təşkil edən qəhvəyi rəngli dairəvi formalı həbləri ayırıb satış üçün qablaşdıraraq idarə etdiyi “VAZ 2104” markalı **-BT-*** qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsində, qalan maddələri isə yaşadığı evin yataq otağında gizlətməkə saxlamış, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında həmin Xidmətin əməkdaşları tərəfindən 29 noyabr 2022-ci il tarixdə, saat 21:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, “Samovar” dairəsinin H.Əliyev prospekti ilə kəsişməsində yerləşən “Azərpoçt” şöbəsinin arxasında saxlanılaraq həmin tarixdə saat 21:06-dan etibarən idarə etdiyi “VAZ 2104” markalı **-BT-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsində bir ədəd sellofan torbanın içərisində qablaşdırılmış tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 28 qram təşkil edən hər birinin içərisində 10 ədəd həb olmaqla 70 ədəd “Methadone 40” göstəriciləri olan konvalyutlarda üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 700 ədəd külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq qeyd edilən tarixdə saat 21:45-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri, Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı yataq otağındakı plastmas qutunun və qapının arxa tərəfində yerləşən dolabın üst siyirtməsinin içərisindən üzəri yapışqan lentə bürünmüş halda olan bir ədəd bağlamada hər birinin içərisində 10 ədəd həb olmaqla 232 ədəd və ayrıca olaraq 08 ədəd hər birinin içərisində 10 ədəd həb olmaqla, 01 ədədinin isə içərisində 09 ədəd həb olmaqla üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 2409 ədəd tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 96,36 qram təşkil edən və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş həblərlə xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər, üç ədəd bağlamalarda ümumi təmiz çəkisi 2659,88 qr olan külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 49,88 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üç ədəd bükümlərdə ümumi təmiz çəkisi 246,18 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bağlamalarda ümumi təmiz çəkisi 1238,04 qr olan külli miqdarda tərkiblərinə görə eyni olan çəkidə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin otaqdakı güzgülü masanın üst hissəsindən üzərilərində heroin, metamfetamin və tiryək izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə “Votsap” vasitəsilə danışdığı və əvvəllər tanıdığı iranlı tanışı ona, içində doxsan list metadon həbləri olan paketi göndərdiyini demiş, həmin paketin Lənkəran rayonunun qurtaracağında təzə yolun üzərində qoyulduğunu bildirmişdir. Metadonu iranlıdan öz istifadəsi üçün almışdır. Həmin gün axşam saatlarında idarə etdiyi “VAZ 2104” markalı **-BT-*** qeydiyyat nişanlı avtomobil ilə iranlının dediyi yerə yollanmış, həmin paketi iranlının dediyi yerdən götürmüş, qayıdarkən polis əməkdaşları tərəfindən Lənkəran rayonu, “Samovar” dairəsi deyilən yerə yaxın “Azərpoçt”un binasının arxasında polis əməkdaşları tərəfindən saxlanılmış, maşının arxa oturacağının alt hissəsindən bir ədəd sellofan torbada olan iranlının tapşırığı ilə əldə etdiyi və evdə qablaşdırıb maşına yerləşdirdiyi həbləri təqdim etmişdir. Həmin sellofan torba açılaraq içərisinə baxış keçirilmiş və oradan aşkar olunmuş hərəsində 10 ədəd metadon həbi olan 70 ədəd dərman listləri götürülmüşdür. Götürdüyü paketin içərisində heroin və ya metamfetamin olmamışdır. Əvvəllər bir dəfə iranlının dediyi yerdən içində narkotik olan bağlamanı götürüb onun dediyi yerə qoymuş, bunun müqabilində iranlıdan pul almış, lakin hazırda pulun məbləğini xatırlamır. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində iranlı Fərhadla həmyerlisi Novruz vasitəsilə tanış olmuş, bundan sonra iranlı ilə «Votsap»la əlaqə saxlamış və münasibəti yaranmışdır. Pul qazanmaq məqsədi ilə Fərhadın tapşırığı ilə Astara rayonu ərazisində gizlədilmiş torbada olan narkotik vasitələri götürüb yaşadığı evdə gizləmişdir. Razılaşmışlar ki, iranlı bu işə görə pulu onun plastik kartına göndərsin. İranlı Fərhadın ona göndərdiyi və evində gizlətdiyi narkotikləri elektron tərəzidə çəkilərə və çeşidlərə bölüb rayonun yol kənarında olan yol nişanlarının altına gizlətmiş, sonra Fərhada “malın” dəqiq gizlədildiyi yeri barədə məlumat vermiş, bu işə görə Fərhad onun dediyi elektron hesaba hissə-hissə olmaqla ümumilikdə təxminən 1300-1400 manat pul göndərmişdir. Sonuncu dəfə isə tutulmamışdan bir neçə gün əvvəl növbəti dəfə o, Fərhadın tapşırığı ilə Astara rayonuna gedərək gizlədilmiş yerdən bir torbada olan narkotik maddələri götürüb yaşadığı Lənkəran rayonu, Göyşaban kəndindəki evində gizlətmişdir. Saxlanılan gün, yəni 29 noyabr 2022-ci il tarixdə axşam saatlarında Fərhad ona zəng edərək ona göndərdiyi narkotiklərin içərisindən 70 list metadon həbini ayıraraq üzərində saxlamağını və vaxtı gələndə deyəcəyi ünvana qoymalı olduğunu bildirmişdir. İranlı Fərhadın dediyi kimi həmin həbləri torbadan götürüb ayıraraq bir ədəd sellofan torbaya qoymuş və idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsinə qoyaraq gizlətmiş, saat 21 radələrində Lənkəran şəhərinin “Samovar” dairəsi deyilən yerdə yerləşən “Azərpoçt” şöbəsinin binasının axasında olan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, avtomobilə keçirilən baxış zamanı arxa oturacağının alt hissəsində olan bir ədəd sellofan torbanı təqdim etmiş, oradan aşkar olunmuş 10 ədəd metadon həbi olan 70 ədəd dərman listləri götürülmüşdür. Daha sonra maşının salonundan onun iki ədəd mobil telefonu, icra şöbəsinin verdiyi nəzarət cihazı, nağd pul, özünün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, pasportu, hərbi bileti, “Bakcell”-dən aldığı yeni nömrə və plastik bank kartları aşkar olunmuşdur. Bundan sonra özünün razılığı ilə yaşadığı evə baxış keçirilərkən yataq otağında saxladığı plastmas qutunun içərisində gizlətdiyi 241 listdə olan dərman həblərini, iki ədəd bağlamada olan ağ rəngli “şüşə” adlı maddəni, bir ədəd xırda bükümdə tiryəki, üç ədəd bükümdə qəhvəyi rəngli “torpaq” kimi adlanan maddəni və bir ədəd bağlamada qurudulmuş marixuananı, daha sonra həmin otaqda olan qapının arxasındakı plastik dolabın yuxarı hissəsindən əlavə olaraq iki ədəd bağlamada marixuananı və bir ədəd bağlamada “şüşə” adlı ağ kristal maddələri təqdim etmişdir. Otaqdakı masanın üzərində iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə özünün məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmdə təqdiq edilmiş və iş materiallarında olan kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 6/6845 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti DİN Zərflər üçün № 95”-li dairəvi möhür əksi olan qara rəngli polietilen bağlamadakı, - 2(iki) ədəd torbada ayrı-ayrılıq təmiz çəkiləri 1674,58 qr və 985,2 qr, ümumi təmiz çəkisi 2659,78 qram (2kq 659,78qr) ağ rəngli kristal şəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, - 1(bir) ədəd bükümdə təmiz çəkisi 246,13 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, - 1(bir) ədəd bükümdə təmiz çəkisi 49,83 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. - Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3101 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 3101 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 124,04 qram təşkil edir. Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti DİN Zərflər üçün №95”-li dairəvi möhür əksi olan kağız paketdəki üzərində “SF- 400 “(10000gX 1g/353ozX0.1g) yazısı olan ağ rəngli və arxasında “Digital Scale 2xAAA” yazısı olan qara rəngli elektron tərəzilərin üzərində heroinin, matamfetaminin və tiryəkin izləri vardır. İz şəklində olduğu üçün, heroinin, metamfetaminin və tiryəkin təmiz çəkilərini və bükümlərdəki narkotik və psixotrop maddələrlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd: - heroinin təmiz çəkisi: 246,13 qr, tədqiqata sərf edildi-0,1 qram, qalıq-246,03 qr, - metamfetaminin ümumi təmiz çəkisi : 2659,78 qr, tədqiqata sərf edildi, ümumi 0,2 qr, qalıq: 2659,58 qr - tiryəkin təmiz çəkisi: 49,83 qr, tədqiqata sərf edildi :0,1 qr, qalıq: 48,73 qr. - 3101 ədəd həbdən 10 ədəd həb tədqiqata sərf edildi, qalıq 3091 ədəd. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 7/1366 nömrəli rəyində göstərilir ki, vət. Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş qara rəngli polietilen torbadakı sellofan paketin içərisində 03(üç) ədəd qara rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri :292,1 qram; 464,1 qram; 481,69 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 1237,89 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş sarımtıl rəngli kağız paketdəki 02 (iki) ədəd elektron tərəzinin üzərində çətənə(kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: Marixuananın ümumi çəkisi – 1237,89 qram (1-3 №li ob), tədqiqata istifadə olundu – 0,3 qram (hər torbadan 0,1 qram) qalıq – 1237,59 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında xx.xx.2023-cü il tarixli 472 №li ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, 3-4 ildir ki, narkotik vasitə olan tiryəkdən daxilə qəbul etməklə istifadə edir. Arabir düşəndə güclü təsiredici dərman preparatı olan tramadol və narkotik vasitə olan metadon həblərindən istifadə edib. Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 noyabr 2022-ci il tarixli “baxış” protokolundan görünür ki, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs DTX-nın əməkdaşları tərəfindən 29 noyabr 2022-ci il tarixdə saat 21:00-da Lənkəran şəhəri, “Samovar” dairəsi yaxınlığında yerləşən “AzərPoçt” şöbəsinin H.Əliyev prospekti ilə kəsişməsində saxlanılmış və onun idarə etdiyi “VAZ 2104” markalı, **-BT-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı arxa sol oturacağının ayaqaltı hissəsində aşkar edilmiş sellofan bükülünün içərisində üzərində “Methadone 40” sözləri yazılmış hər birinin içərisində 10 ədəd həb olmaqla 70 ədəd konvalyut, bundan başqa, avtomobildən iki ədəd “Samsung” markalı mobil telefon, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin nəzarət cihazı, sürücülük və şəxsiyyət vəsiqəsi ilə avtomobilin qeydiyyat şəhadətnaməsi, hərbi bilet, xarici pasport, sim kart, nağd pul və üç ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 noyabr 2022-ci il tarixli “baxış” protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri, Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin yataq otağındakı plastmas qutunun içərisində üzəri yapışqan lentə bürünmüş halda olan bir ədəd bağlamada hər birinin içərisində 10 ədəd həb olmaqla 232 ədəd və ayrıca olaraq 08 ədəd hər birinin içərisində 10 ədəd həb olmaqla, 01 ədədinin içərisində isə 09 ədəd həb olmaqla üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 2409 ədəd təşkil edən dərman həbləri, üç ədəd bağlamada ümumi təmiz çəkisi 2659,88 qr olan eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 49,88 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üç ədəd bükümdə ümumilikdə 246,18 qram çəkidə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bağlamada ümumilikdə 1238,04 qr eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 17 dekabr 2022-ci il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli “Samsung A10” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı fars əlifbasına aid hərflərlə qeyd olunmuş +**********82 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktın, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, mobil telefonun mobil tətbiqlərini içərisində ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” və +**********77 saylı İran İslam Respublikasıma məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqləri vardır. «Whatsapp» mobil tətbiqinin “söhbətlər” bölməsində çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Lakin həmin danışıqların içərisində iş üzrə sübut əhəmiyyəti kəsb edən hal müəyyən edilməmişdir. Bununla belə, “Whatsapp Business” mobil tətbiqinin “söhbətlər” bölməsində adı kontaktlar siyahısında fars əlifbasına aid hərflərlə qeyd olunuş +**********82 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında dialoq pəncərəsində sözügedən kontaktın 29 noyabr 2022-ci il tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs “70 list nomrə 1” sözlərini yazması, bundan başqa, adı kontaktlar siyahısında qeyd edilməyən +**********69 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında boş dialoq pəncərəsinin olması müəyyən edilmişdir. Həmin mobil telefon aparatının daxili yaddaşına keçirilmiş baxış zamanı mobil telefon vasitəsilə ötürülmüş fotoşəkillərin içərisində iki ədəd ayrılıqda çəkilərək elektron tərəzinin üzərində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin olması, fotogörüntünün birinin üzərində elektron tərəzinin 269 qr, digərində isə 101 qram göstərməsi məlum olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs götürülmüş arxa səthi qara rəngli yapışqan lentlə üzlənmiş 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefon işlənmiş vəziyyətdədir, çoxsaylı kontaktların, o cümlədən də adı “Əbilfət” kimi qeyd olunmuş +**********86 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktın, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Mobil telefon cihazının daxili yaddaşında iki ədəd biri ***-***-**-**, digəri isə ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” mobil tətbiqlərinin olması məlum oldu. Hər iki mobil tətbiqdə aparılan danışıqlara keçirilmiş baxış zamanı, o cümlədən də telefon cihazının daxili yaddaşında olan fotogörüntülərin arasında istintaq əhəmiyyəti kəsb edən hal müəyyən edilməmişdir. Mobil telefon cihazlarına baxış keçirilməsi ilə bağlı sübut əhəmiyyətli yuxarıda qeyd olunan yazışmaların və görüntülərin müvafiq hissələrinin skrinşot qaydasında şəkli çəkilərək fotocədvəl formasında çap edilməklə protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 26 dekabr 2022-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 01 dekabr 2021-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində qeyd edilən GSM nömrənin onun öz adına qeydiyyata alınaraq çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə ünsiyyətdə olmuş, o cümlədən İran İslam Respublikasına məxsus +**********82 saylı mobil telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxlamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 21 yanvar 2023-cü il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, araşdırma zamanı sorğu edilən 5522 09** ****8379 nömrəli kart Təqsirləndirilən şəxs adına sözügedən bankda açılmış hesaba aid olaraq sifariş verilmişdir. Həmin plastik kart üzrə elektron hesaba xx.xx.2022-ci il tarixdə 300 manat məbləğində pul vəsaiti köçürülmüş və bir gün sonra həmin pul vəsaiti nağdlaşdırılmışdır. Bundan başqa, məktuba əlavə edilmiş CD diskdə təqdim olunmuş müvafiq tarixdə bankomatdan istifadə edilməklə pul vəsaitinin məxaric edilməsi ilə əlaqədar aparılan bank əməliyyatları zamanı fiksə edilmiş fotogörüntülərə keçirilmiş baxış zamanı həyata keçirilmiş bütün əməliyyatların Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla iranlı “Fərhad” kimi məlum olan şəxs və qeyrilərinin barəsində qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda narkotik vasitələri və psixotrop maddələri istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirməklə satış məqsədi ilə Astara rayonu ərazisinə daşıyaraq saxlaması xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 246,03 qram qalmış narkotik vasitə heroin, 2659,58 qram qalmış psixotrop maddə metamfetamin, 1237,59 qram qalmış qurudulmuş marixuana, 48,73 qram qalmış tiryək, 3091 ədəd qalmış metadon həbləri və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 6 fevral 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla avtomobilə və evə baxış keçirilməsi haqqında videoçəkilişlərə dair iki ədəd DVD disklər, habelə "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 1 dədə CD disk və "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına baxış keçirilməsi haqqında 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxs Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim olunmuş 16 mart 2023-cü il tarixli 69 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs 5 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Fuad adında oğlu və xx.xx.2012-ci il təvəllüdlü Əsmər adında qızı vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək yalnız metadon həblərinin ona məxsus olduğunu, heroinin, metamfetaminin, qurudulmuş marixuananın, tiryəkin və elektron tərəzilərin ona məxsus olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən görünür ki, o, əvvəllər də Fərhad adlı iranlı tanışının ona göndərdiyi narkotik vasitələri sonuncunun göstərişi ilə aparıb evində gizlətmiş, sonra isə çəkilərə və çeşidlərə bölərək yol kənarında olan yol nişanlarının altında Fərhadın göstərişi ilə gizlətmiş, bu işə görə onun pul kartına iranlı Fərhad tərəfindən 1300-1400 manat pul köçürülmüşdür. Fərhadın göndərdiyi narkotik vasitələri evində saxlamışdır. Saxlanılan gün 29 noyabr 2022-ci il tarixdə Fərhadın tapşırığı ilə evdə saxladığı narkotiklərin içərisindən 70 list metadon həblərini götürüb üzərində saxlamışdır ki, sonradan Fərhadın dediyi yerə çatdırsın. Lakin Lənkəran rayonu ərazisində idarə etdiyi maşında saxlanılmış və maşının arxasından külli miqdarda narkotik vasitələr və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, evinə də baxış keçirilərkən evdən külli miqdarda narkotik vasitələr, elektron tərəzilər aşkar edilərək götürülmüş, həmin narkotik vasitələrin və tərəzilərin özünə məxsus olduğunu açıq aşkar etiraf etmişdir. Eyni zamanda, məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs avtomobilinə və evinə “baxış” haqqında protokollardan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə yuxarıda qeyd olunan narkotik vasitələrini, elektron tərəziləri təqdim edərək onların özünə məxsus olduğunu, Fərhad adlı iranlıdan əldə etdiyini açıq aşkar etiraf edir. Həmçinin, məhkəmədə tədqiq edilmiş “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsilə İİR-ə məxsus +**********69, +**********86, +**********82 nömrələri ilə mütəmadi olaraq əlaqə saxlanılmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə eskpertizanın rəylərini, “baxış” protokollarını, “mobil telefon aparatına baxış keçirilməsi” və “bank məlumatlarına baxış keçirilməsi” haqqında protokolları əməllərini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən əvvəllər məhkum olunmuş və heç yerdə işləməyən Təqsirləndirilən şəxs evində və avtomobilində külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi, daimi iranlı Fərhadla narkotiklərin yerləşdirilməsi ilə bağlı telefon əlaqəsi saxlaması, Fərhadın göstərişi ilə sonuncu tərəfindən göndərilən narkotikləri naməlum şəxslərə çatdırmaq məqsədi ilə Lənkəran rayonunun ərazisində yolkənarında müxtəlif nişanların altında gizlətməsi onun həqiqətən də digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana, tiryək və metadon narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Metamfetaminin və heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur, odur ki, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və cəzasını çəkməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. 30 noyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 1 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər növünə aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 234.1-ci maddəsilə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən yuxarıda qeyd olunan cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs islaholunmazdır, cinayət törtəməyə meyilli olan şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin gələcəkdə islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını nəzərə alıb barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş iki ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 246,03 qram çəkidə narkotik vasitə heroin, 2659,58 qram çəkidə psixotrop maddə metamfetamin, 1237,59 qram çəkidə qurudulmuş marixuana, 48,73 qram çəkidə tiryək, 3091 ədəd metadon həbləri, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk və 02 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş iki ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 246,03 qram çəkidə narkotik vasitə heroin, 2659,58 qram çəkidə psixotrop maddə metamfetamin, 1237,59 qram çəkidə qurudulmuş marixuana, 48,73 qram çəkidə tiryək, 3091 ədəd metadon həbləri, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD disk və 02 ədəd CD disk isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar