Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-304/2024 10.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Cəlilabad rayonun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada yük maşının sürücüsü işləyən, məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 85-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-20,095 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra DİN-nin BNMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-20,095 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 85-də qeydiyyatda olmaqla yaşamışdır. Fərdi qaydada yük maşının sürücü olmaqla mişar daşları alıb satmaqla məşğul olmuşdur. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 02 sentyabr 2023-cü il tarixdə yaşadığı evdə olmuş, axşam saatlarında tanımadığı şəxsdən istifadəsində olan 050/374-11-83 saylı mobil telefon nömrəsinə zəng gəlmiş, həmin şəxs ondan bir maşın mişar daşı istəyib Masallı rayonun Təklə kənində yaşadığını bildirib daşı Masallı rayonun Təklə kəndinə gətirməsini xahiş etmişdir. Ona zəng edən şəxs adını deməmiş və o, bu şəxsin Masallı rayonun Təklə kəndində yaşayıb-yaşamamasını bilməmiş, lakin həmin şəxs ona Təklə kəndində yaşadığını və daşı gətirib həyətinə boşaltmasını demişdir. Bundan sonra o, mişar daşı yüklənmiş “Kamaz” markalı yük maşını sürüb Masallı rayonun Təklə kəndinə gedib kəndin içərisində yol qırağında “Şəhid lövhəsi”nin yanında saxlayıb daşı sifariş verən şəxsə zəng edib onun dediyi yerə gəldiyini bildirmiş, həmin şəxs də orada gözləməsini, bir nəfər adamın gəlib ona yaxınlaşacağını demiş, o da orada həmin şəxsi gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra həmin yerə qara rəngli bir avtomobil gəlmiş, o da gələn maşında daşı sifariş verən şəxsin dediyi şəxsin olmasını düşünüb maşından yerə düşmüşdür. Ora gəlib dayanmış avtomobildən 3- 4 nəfər tanımadığı şəxslər düşüb ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, o da həyəcanlanıb nə baş verdiyini soruşmuş, bu şəxslər də onun “Tik-Tok” sosial şəbəkəsində polislərlə bağlı videogörüntü paylaşdığını deyib ondan tələb etmişlər ki, həmin videogörüntünü “Tik-Tok” sosial şəbəkəsindən silsin. O da “mən həmin videonu sosial şəbəkədə yerləşdirməklə prezidentdən kömək istəmişəm, çünki Bakıya gedəndə yol patrul postunda məndən aylıq pul tələb ediblər” deyib həmin videonu silməyəcəyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu tutub zorla avtomobilə mindirib əvvəlcə Masallı rayonunda yerləşən “Stansiya” adlanan yerə gətirmişlər. Həmin yerdə onların yanına bir neçə nəfər tanımadığı polis əməkdaşları gəlmiş həmin şəxslər də ondan polislərlə bağlı paylaşdığı videogörüntünü sosial şəbəkədən silməsini tələb etmiş, lakin o, videonu silməyəcəyini bildirmişdir. Sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsində tanımadığı polislər onu döymüş, döyülmə nəticəsində xəsarət almışdır. Döyüldükdən sonra polis əməkdaşları üzərinə bir bükümdə narkotik maddə qoyub videoçəkiliş zamanı həmin narkotik maddənin (heroinin) ona məxsus olmasını və yerdən tapıb üzərində saxladığını deməsini tapşırmış, o da məcbur qalıb polislərlə razılaşmışdır. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik maddə (heroin) aşkar olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (heroin) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş narkotik maddəni (heroini) yerdən tapıb üstündə saxladığını bildirmiş, sonra da belə izahat vermişdir. Əslində isə tutulan vaxt üzərində heç bir narkotik maddə olmamış, aşkar olunmuş narkotik maddəni (heroini) üzərinə tanımadığı polis əməkdaşları qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbi onun bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində yol polisi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı videogörüntünün paylaşması və polislərin tələbi ilə həmin videogörüntünü silməməsi olmuşdur. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu Göytəpə şəhərində yox, Masallı rayonun Təklə kəndinin ərazisində tutub polis şöbəsinə aparmışlar. Tutulduğu yerdən Göytəpəyə qədər məsafə 5-6 km-dir. Polis əməkdaşları onu tutub apardıqları üçün idarə etdiyi, daşla yüklü “Kamaz” markalı yük maşını Təklə kəndinin ərazisində qalmış, sonradan atası Şakir Ağayev həmin yerə gəlib maşını götürüb aparmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. 02 sentyabr 2023-cü il tarixdə ona, Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 21 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Göytəpə şəhəri X10 Mərkəzinin yaxınlığında küçədə (O.Eynullayev küçəsində) saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu izah edilmiş və elə orada ondan üzərində narkotik maddələr olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də üzərində heroin olduğunu bildirmişdir. Saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün müvafiq şərait olmaması səbəbindən əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Yelmar Vahabov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddəni (heroini) Göytəpə şəhəri ərazisində yerdən tapdığını, özünün narkotik vasitə istifadəçisi olmadığını, lakin həmin heroini tapan zaman marağına səbəb olduğu üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq göstərilməmiş, təzyiqlər edilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi heroinin mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, həmin mənbəni, eləcə də Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını təsdiq edən faktları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, 07 sentyabr 2023-cü il tarixli “Üzləşdirmə keçirilməsi haqqında protokol”larla müəyyən edilir ki, ibtidai istintaq zamanı üzləşdirmə zamanı şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri halları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha ifadələrini təsdiq etmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olumuş, hazırda 2 saylı CÇM-də cəza çəkir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı formada heç əlaqəsi olmamışdır. Məhkum olunmamışdan əvvəl istifadəsində olmuş mobil telefon nömrələrini, o cümlədən 050/500-76-72 saylı mobil telefon nömrəsinin onun adına olmasını xatırlamır. Öz adına olan, o cümlədən 050/500-76-72 saylı mobil telefon nömrəsinin kiminsə başqa bir şəxsin istifadə etməsi barədə məlumatı yoxdur. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 02 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhərində X10 Mərkəzinin yaxınlığında (O.Eynullayev küçəsində) saxlanılıb Cəlilabad RPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs-sol ayaq pəncəsinin altında qançır müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törətmişdir, törətmə müddəti müayinədən 5-6 gün əvvələ uyğun gəlir, qərarda qeyd olunan 02 sentyabr 2023-cü il tarixə uyğun gəlmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqında” 02 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı Yelmar Vahabov tərəfindən müdafiəçi Elşad Əmişovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin (heroinin) özünə məxsus olmasını və həmin kütləni (heroini) Cəlilabad rayonu ərazisində yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlə (heroin) elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Habelə Təqsirləndirilən şəxs məxsus “Samsung A23” markalı mobil telefon aparatı da təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi....” sözləri olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-20,095 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 20,045 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 03 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 20,045 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 09 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İşdə olan, “Baxış aparılması haqqında” 09 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məxsus bir dəd “Samsung A23” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı həmin telefon vasitəsilə “Tik-tok” sosial şəbəkəsinə baxış aparılsa da, iş üçün əhəmiyyətli hallar (Təqsirləndirilən şəxs Tik-tok” sosial şəbəkəsində polislərlə bağlı videogörüntünün paylaşmasına aid xüsusatlar) aşkar edilməmişdir. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlara dair məlumatlarla müəyyən edilir ki, 050/500-76-72 saylı mobil telefon nömrəsi Masallı rayonunun Böyük Xocavar kəndində qeydiyyatda olan Şahid3 adına qeydiyyatdan keçmişdir. İşdə olan, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmünün surəti ilə müəyyən edilir ki, Şahid3 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlara dair məlumatlarla müəyyən edilir ki, 18 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/374-11-83 saylı mobil telefon nömrəsi ilə Şahid3 adına olan 050/500-76-72 saylı mobil telefon nömrəsi arasında danışıqlar aparılmış, yəni 02 sentyabr 2023-cü il tarixdə saat 19:33-də 050/500-76-72 saylı mobil telefon nömrəsindən (anten dairəsi üzrə Lənkəran şəhəri, Z.Əliyevə küçəsi) 050/374-11-83 saylı mobil telefon nömrəsinə (anten dairəsi üzrə Masallı raynunun Təklə kəndi) zəng gəlmiş və 145 saniyə danışıq aparılmışdır. Həmçinin 02 sentyabr 2023-cü il tarixdə saat 20:12-də və saat 20:16-da 050/374-11-83 saylı mobil telefon nömrəsindən anten dairəsi üzrə Masallı raynunun Təklə kəndi) 050/500-76-72 saylı mobil telefon nömrəsinə (anten dairəsi üzrə Lənkəran şəhəri, Z.Əliyevə küçəsi) zəng gəlməklə 44 və 18 saniyə danışıqlar aparılmışdır. İşdə olan, Cəlilabad RPŞ-nin 18 sentyabr 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni haradan və kimdən əldə etməsi, o cümlədən satması və ya satacağı barədə məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Cəlilabad RPŞ-nin İB-dən daxil olmuş məlumat üzrə (Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin polis əməkdaşları tərəfindən döyülməsi barədə şikayəti üzrə) Cəlilabad rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Habelə həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, araşdırma zamanı “Cəlilabad rayon polis şöbəsinin MSY-də saxlanılan şəxslərin uçotu kitabı” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan Təqsirləndirilən şəxs aid hissədə aparılmış qeydlərin surətləri ilə Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə MSY-nə yerləşdirilərkən onun bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmiş, habelə MSY-nin əməkdaşların izahatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə MSY-nə gətirilmiş və o, qəbul olunarkən hər hansı şəxs tərəfindən döyülməsi, bədənində xəsarətlərin olması, həmçinin hər hansı şikayət və tələbinin olmasını bildirməmiş, MSY-də saxlandığı müddətdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi və qanunsuz hərəkətlərə yol verilməsi barədə hər hansı bir söz deməmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ayağının pəncə nahiyəsində qançır xəsarətin aşkar olunması və bu faktın məhkəmə-tibbi eksperitzasının rəyi ilə təsdiq olunmasını, həmçinin 02 sentyabr 2023-cü il tarixdə, saat 20:12 və saat 20:16-da onun istifadəsində olmuş mobil telefon nömrəsinin Masallı rayonunun Təklə kəndinin ərazisində anten dairəsində qeydə alınmasını qəbul edərək aşağıda göstərilən sübutlarla göstərilən xüsusatları işin mahiyyəti üzrə sübut kimi qəbul etmir. Belə ki, 05 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi eksperitzasının rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sol ayaq pəncəsinin altında qançır müəyyən olunması və həmin xəsarətin bərk küt əşyanın təsirindən törənməsi, törətmə müddətinin müayinədən 5-6 gün əvvələ uyğun gəlməsi və 02 sentyabr 2023-cü il tarixə uyğun gəlməməsi göstərilmiş, “Cəlilabad rayon polis şöbəsinin MSY-də saxlanılan şəxslərin uçotu kitabı” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda aparılmış qeydlərə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə MSY-nə yerləşdirilərkən onun bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmiş (burada ayaq pəncəsinin altında olan qançırın tibbi müayinə zamanı görünməməsinin mümkünlüyü nəzərə alınmaqla), habelə Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə MSY-nə gətirilərkən onun hər hansı şəxs tərəfindən döyülməsi, bədənində xəsarətin (o cümlədən ayağının altında olan qançırın) olması, həmçinin hər hansı şikayət və tələbinin olmasını bildirməmiş, eləcə də bədəni üzərində aşkar olunmuş xəsarətlə bağlı prokurorluqda aparılmış araşdırma zamanı MSY-də saxlandığı müddətdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq edilməsi halları müəyyən edilməmişdir. Bundan başqa iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhərində X10 Mərkəzinin yaxınlığında (O.Eynullayev küçəsində) saxlanılıb Cəlilabad RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin Masallı rayonunun Təklə kəndinin ərazisində anten dairəsində qeydə alınması isə 02 sentyabr 2023-cü il tarixdə, saat 20:12 və saat 20:16-nı əhatə edir. Həm də Təklə kəndi ilə Göytəpə şəhəri arasında olan məsafə qısa olmaqla (təxminən 5-6 km) Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə, saat 20:16-dan saat 21-dək olan vaxt ərzində Təklə kəndinin ərazisindən Göytəpə şəhərinə gəlməsinin praktiki mümkünlüyü nəzərə alınmalıdır. Həmçinin Şahid3 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını və ona zəng edib danışmadığını bildirməsi, eləcə də məhkəmənin müvafiq hökmü ilə Şahid3 2022-ci ildən məhkum olunmaqla cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən onun adına olan 050/500-76-72 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxslə əlaqə saxlamasının mümkün olmaması nəzərə alınmalıdır. Tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində polis əməkdaşları tərəfindən Masallı rayonun Təklə kəndinin ərazisində tutulması, 02 sentyabr 2023-cü il tarixdə polis şöbəsində polis əməkdaşları tərəfindən fiziki zorakalığa məruz qalması tam təkzib olunduğundan məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində yuxarıda qeyd olunan halları obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni tanımadığı polis əməkdaşlarının üzərinə narkotik maddənin (heroinin) qoyulmasına səbəb onun tutulmamışdan bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində yol polisi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı videogörüntünü paylaşması və polislərin tələbi ilə həmin videogörüntünü silməməsinin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs məxsus “Samsung A23” markalı mobil telefon vasitəsilə “Tik-tok” sosial şəbəkəsinə baxış zamanı Təqsirləndirilən şəxs Tik-tok” sosial şəbəkəsində polislərlə bağlı videogörüntünün paylaşmasına aid xüsusatların aşkar edilməməsi, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə tam təkzib olunduğundan məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində yuxarıda qeyd olunan halları obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən Masallı rayonun Təklə kəndinin ərazisində tutulması, tutulan vaxt üzərində narkotik vasitənin (heroinin) olmaması, 02 sentyabr 2023-cü il tarixdə polis şöbəsində polis əməkdaşları tərəfindən fiziki zorakalığa məruz qalması və xəsarət alması, tanımadığı polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik maddənin (heroinin) özünə məxsus olmasını deməyə məcbur edilməsi, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) ona məxsus olmaması, tanımadığı polis əməkdaşlarının üzərinə narkotik maddənin (heroinin) qoyulmasına səbəb onun tutulmamışdan bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində yol polisi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı videogörüntünü paylaşması və polislərin tələbi ilə həmin videogörüntünü silməməsinin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri (o cümlədən məhkəmə-tibbi eksperitzasının rəyində tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sol ayaq pəncəsinin altında qançır müəyyən olunması və həmin xəsarətin bərk küt əşyanın təsirindən törənməsi, törətmə müddətinin müayinədən (xx.xx.2023-cü il tarixdən) 5-6 gün əvvələ uyğun gəlməsi və 02 sentyabr 2023-cü il tarixə uyğun gəlməməsi göstərilmiş və bunun da Təqsirləndirilən şəxs polislə təmasından bir neçə gün əvvələ təsadüf etməsi), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, yerdən tapdığını və üzərində saxladığını bildirmişdir) və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərarla (prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmamışdır), eləcə də Təqsirləndirilən şəxs ilkin olaraq verdiyi 02 sentyabr 2023cü il tarixli izahatı (həmin izahatında o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, yerdən tapdığını və üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri ifadələr kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-20,095 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda- 20,095 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin izahatında bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddəni yerdən tapıb üzərində saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (o cümlədən polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlayıb daşıması barədə məlumat daxil olmuş və onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 20,095 qram heroinin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən (02 sentyabr 2023-cü il tarixdə qüvvədə olan) dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan heroinin miqdarı 20,095 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-20,095 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-20,095 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Göytəpə şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 06 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 85-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Göytəpə şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 06 sentyabr 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 2015-ci il təvəllüdlü X7 və 2016-cı il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 20,045 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 20,045 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-81 (səksən bir) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-304/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-304/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver