Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-304/2025 18.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Masallı rayonu Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Masallı rayonu Xıl kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 6001,557 qram, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək bir hissəsini üzərində, digər hissəsini isə Masallı rayonu Təzəkənd kəndində yerləşən istifadəsiz tikilidə saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2025ci il tarixdə saat 14:37-də Masallı şəhəri Azərbaycan küçəsində saxlanılaraq üstündə keçirilən yoxlama və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükülüdə 41,557 qram çətənə (kannabis) bitkisindən kutar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 15 radələrində Masallı rayonu Təzəkənd kəndində yerləşən istifadəsiz tikiliyə baxış keçirilərkən oradan 01 ədəd qara rəngli kisənin içərisində 5960 qram, üzərindən götürülmüş 41,557 qram narkotik vasitə qurudulmuş marixuana ilə orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Masallı rayonu Xıl kəndində yaşayır, narkotik vasitə «kokos»-dan istifadə edir. 04 yanvar 2025-ci il tarixdə atası Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng etdərək onun narkotikdən istifadə etməsi barədə şikayət etmişdir. Həmin vaxt polis işçiləri evlərinə gələrək onu rayon polis şöbəsinə aparmışlar. Lakin atası və anası polis şöbəsinə gəldikdən sonra onu evə buraxmışlar. 07 yanvar 2025-ci ildə polis işçiləri yenidən evlərinə gələrək onları polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamış, yalnız mobil telefonu üzərində olmuşdur. Polislər onun üzərinə narkotik vasitə qoymuş, onu CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verəcəklərini demişlər. Polislər əgər üzərinə qoyulan narkotik vasitəni boynuna götürməsə, evinə 6 kiloqram narkotik vasitə qoymaqla hədələmişlər. Məcbur olub sənədlərə imza etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş və 2024-cü ilin may ayının 10-da cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitə istifadə etmişdir. 2024cü ilin yay aylarında Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən ağaclıq və kolluq ərazidə piyada hərəkət edərkən narkotik vasitə olan qurudulmuş marixuana kolu olmasını görmüş, narkotik vasitəni həmin günü yığıb zibillik ərazidən tapdığı qara rəngli kisəyə tökmüş, daha sonra narkotik vasitəni yığdığı qara rəngli kisəni həmin kənd ərazisində yerləşən istifadəsiz tikilidə aparıb gizlətmişdir. Tez-tez həmin tikiliyə gedərək 1 həftəlik və ya 10 günlük istifadəsi üçün narkotik vasitədən götürüb üzərində saxlamışdır. Ötən müddət ərzində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, həmin istifadəsiz tikilinin gözdən və nəzərdən uzaq olduğundan narkotik vasitə qurudulmuş marixuana olan kisəni orada saxlamışdır. 2025-ci ilin yanvar ayının əvvəllərində həmin istifadəsiz tikiliyə gedib kisədə olan narkotik vasitə qurudulmuş marixuananı ayrı sellofana istifadəsi üçün yığıb götürmüş və narkotik vasitəyə bədənində tələbat yarandıqda istifadə etmişdir. 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Masallı şəhəri Azərbaycan küçəsində piyada hərəkətdə olarkən polis işçiləri tərəfindən saxlanılmışdır. Polis işçiləri videoçəkiliş aparmaqla özlərini təqdim etmiş, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu, üzərində yoxlama aparılacağını bildirmiş, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsini təklif etmişlər. O əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxardıb təqdim etmiş, qurudulmuş marixuananı meşəlik ərazidən yığıb götürdüyünü, narkotik vasitənin qalan hissəsini başqa yerdə saxladığını və həmin yeri də təqdim edə biləcəyini demişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 44,85 qram olması müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən istifadəsiz tikilidə də narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş və polis işçiləri ilə birlikdə həmin yerə getmişlər. Orada kisədə gizlədib saxlatdığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Mrixuana elektron tərəzidə çəkilmiş və çəkisi 6 kiloqram təşkil etmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana olan kisə videoçəkiliş aparılmaqla götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən, Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, Şahid1 göstərdi ki, 07 yanvar 2025-ci il tarixdə Masallı rayonu Xıl kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə üzərində və Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən istifadəsiz tikilidə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə saat 14:37-də Masallı şəhəri Azərbaycan küçəsi ərazisində piyada dayandığı zama onu saxlamışlar. Videoçəkiliş aparılmaqla ona üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu, üstündə yoxlama aparılacağını bildirmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşya vardırsa, təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan büküm çıxardıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni təxminən 6 ay öncə meşəlik ərazidən yığdığını, qalan hissəsini isə başqa yerdə gizlətdiyini və gizlətdiyi yeri təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanayabənzər kütləni elektron tərəzidə çəkmiş və götürülmüşdür. Bundan sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs ilə birlikdə Masallı rayonu Təzəkənd kəndi ərazisinə getmişlər. Oraya çatdıqda videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs birmərtəbəli istifadəsiz tikiliyə yaxınlaşıb tikilinin qapısı olmayan saxlanc yerində gizlətdiyi qara rəngli kisəni təqdim etmişdir. Həmin kisə elektron tərəzidə çəkilmiş və çəkisi 6 kiloqram təşkil etmiş və qablaşdırılmaqla götürülmüşdür. Bu barədə polis şöbəsində protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar. Ona heç bir təsir və ya təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla onunla, Masallı rayonu Xıl kəndində bir evdə yaşamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotikə görə həbsdə olmuşdur. Hbəsdən azad olunduqdan sonra yenə də narkotik vasitələrdən istifadə etməkdə davam etmişdir. Ona görə də məcbur olub 2024-cü ilin axırlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis işçiləri Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinə aparsalar da, sonradan evə buraxmışlar. Təqsirləndirilən şəxs bundan sonra da, narkotik vasitələrdən istifadə etməkdə davam etmişdir. 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Eldarı avtomobili ilə aparıb Masallı şəhərində düşürmüşdür. Bundan bir neçə saat sonra Eldarı polis işçilərinin narkotikə görə tutmalarını eşitmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyanın götürülməsi barədə 07 yanvar 2025-ci il tarixli protokoldan və həmin tədbirlərin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs küçədə dayandığı zaman polis işçiləri tərəfindən saxlanılır, üstünün yoxlanılması zamanı cibindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim edir. Həmin büküm çəkildikdə çəkisinin 44,85 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs bundan başqa Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən yaşayış olmayan tikilidə də narkotik vasitə marixuana gizlətməklə saxladığını bildirir. Polis əməkdaşlarının müşaiyyəti ilə həmin yerə gedilir. Orada Təqsirləndirilən şəxs yaşayış olmayan tikilidə sellofan bağlamada gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı təqdim edir. Həmin bağlama açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanayabənzər maddə aşkar olunur. Həmin bağlama çəkildikdə çəkisinin 6 kiloqram olması müəyyən edilir. Məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 19\03 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 41,557 qram və 5960 qram-ümumi təmiz çəkisi 6001,557 qram olan maddə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 03 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 09 yanvar 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin gün tibbi müayinə olunarkən bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Lənkəran şəhər Psixatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Masallı Rayon Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2009-cu ildə doğulmuş bir uşağı vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmaması göstərilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 09 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektif ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etdikdən sonra Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən, yaşayış olmayan evdə də narkotik vasitə saxladığını bildirir, polis işçiləri ilə birlikdə həmin tikiliyə getdikdən sonra isə özündən başqa kimsənin bəlməyəcəyi, gizli yerdən bir ədəd bağlamada olan narkotik vasitəni təqdim edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir, lakin əməlində cinayətlərin təhlükəli residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bundan əlavə o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətdiyindən CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzasını yeni hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, əməlində cinayətlərin təhlükəli residivi olduğundan CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 6001,357 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 6001,357 qram qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-304/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-304/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver