Məhkəmə qərarları › İş №1(099)-306/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-306/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-306/2022 22.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respubilikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Salyan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayon məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 27 gün müddətə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah tətbiq etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, o tamah niyyəti ilə özgə əmlakını quldurluq, yəni hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə ələ keçirmək məqsədilə 2022-ci il fevralın 9-da saat 12 radələrində ünvan 3 ünvanında qeyri-yaşayış obyektində yerləşən Zərərçəkmiş şəxs məxsus ofisdə sonuncuya hücum edib qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağını Zərərçəkmiş şəxs boğaz nahiyyəsinə dirəyərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə 2000 manat pul tələb etmiş, həmin pulu verməyəcəyi təqdirdə bıçaqla başını kəsəcəyi, xəsarətlər yetirəcəyi, həmçinin ona məxsus “Ay işığı” supermarketini yandıraraq məhv edəcəyi ilə bağlı hədələyib basqın etmiş, Zərərçəkmiş şəxs müqavimət göstərdiyini və tələb etdiyi pulu vermək istəmədiyini gördükdə həmin bıçaqla sonuncunun baş nahiyyəsinə və əllərinə qəsdən zərbələr vuraraq başın təpə, sağ əlin 3-cü daraq qabarının, sol əlin 5-ci barmağının üst səthinin yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə quldurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 2022-ci il fevralın 9-da saat 12 radələrində ünvan 3 ünvanında qeyri-yaşayış obyektində yerləşən Zərərçəkmiş şəxs məxsus ofisdə həmin bıçağı tətbiq etməklə sonuncuya qarşı quldurluq cinayət əməlini törətdikdən sonra hadisə yerinə gəlmiş Şahid1 tərəfindən həmin soyuq silah onun əlindən alınaraq götürülmüş və sonrakı müddətdə istintaqa təqdim edilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci il fevralın 9-da səhər vaxtı borclu olduğu şəxslər ona zəng edib borclarını istədiklərindən o “Ay işığı” adlanan marketini işlədən Anardan 2000 manat pul almaq qərarına gəlmiş, lakin Anar ona əvvəl də 100 manat verdiyindən, xoşluqla pul verməyəcini düşünüb, onu qorxudub pul almaq məqsədi ilə evdə saxladığı özünə məxsus bıçağı götürüb şalvarının bel hissəsində kəmərin altında gizlətmişdir ki, bıçaqla Anarı hədələyib ondan pul alsın. Bundan sonra yaşadığı evdən çıxıb, Anara məxsus ofisə getmiş, lakin ofisin qapısının bağlı olduğunu görmüşdür. Sonra Anar ofisin qapısını açmış, o içəri keçmək istəsə də Anar onu içəri buraxmaq istəməmiş, lakin onun təkidi ilə içəri girmişlər. Sonra o Anardan 2000 manat pul verməsini tələb etmişdir. Anar onu sakitləşdirmək üçün 2000 manat pulu verəcəyini demiş, o isə Anarı buraxmadan dərhal marketdə işləyən işçilərinə zəng edərək 2000 manat pul gətirmələrini, polisə və ya başqa şəxsə xəbər verərsə onu öldürəcəyini demişdir. Anar onu iş masanın yanına çəkərək masanın üstündə olan şüşə vazanı götürüb onu vurmaq istəmişdir. O Anarın pul vermək istəmədiyini bilib, bıçaqla Anarın baş nahiyyəsinə qəsdən bir dəfə zərbə vurmuş, Anar ona müqavimət göstərmiş və ondan uzaqlaşmağa cəhd etmişdir. O da Anarı tutaraq bıçağı göstərib xəsarətlər yetirəcəyini demiş, həmin anda bıçaq Anarın əllərinə xəsarət yetirmişdir. O Anarın baş nahiyyəsindən qan axdığını görmüş, həmin vaxt Anar onu ofisin qapısına tərəf itələmiş, o Anarın qapını açmasına mane olmuş, lakin Anar qapını aralayıb qışqıraraq kömək istəmişdir. O isə Anarı içəri çəkib qapını bağlamış və birbirlərinə müqavimət göstərməyə davam etmişlər. Həmin vaxt oraya bir nəfər gələrək onun əlindəki bıçağı almaq istəmişdir. Bundan sonra da başqa bir şəxs də gəlmişdir. Ona görə də o hadisə yerində qaçaraq getmişdir. Polis əməkdaşları onun arxasınca gəlmiş və yaşadığı kənddə çöllük ərazidə artıq qaça biməyəcəyini başa düşdüyü üçün bıçaqla özünün qarın nahiyyəsinə 2 dəfə xəsarət yetirmişdir. Polis əməkdaşları onu yaxaladıqları vaxt özünə xəsarət yetirdiyini gördükləri üçün onu Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutla, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan şəhəri, Y.Qasımov küçəsində özünə məxsus “Ay işığı” supermarketi var. 2022-ci il fevral ayında tarixini xatırlamadığı bir gündə saat təxminən 19 radələrində ofisin qarşısında olarkən, Şəhriyar onun yanına glərək, pula ehtiyacı olduğunu deyib 100 manat pul verməsini xahiş etmişdir. O da yazığı gəldiyi üçün ona 100 manat vermişdir. 09 fevral 2022-ci il tarixdə saat təxminən 12 radələrində işlədiyi ofisdə olarkən, kiminsə qapını döydüyünü eşitmiş və baxdıqda qapını döyənin Şəhriyar olduğunu görüb qapını açmış, onu içəri buraxmaq istəməmiş, lakin Şəhriyar təkid etdiyindən, o giriş qapısından içəri girib əyləşdiyi kresloya tərəf getdiyi vaxt qəflətən, Şəhriyar arxa tərəfdən onu qucaqlayıb sağ əlində olan bıçağı onun boğaz nahiyyəsinə dirəyərək, işçilərinə 2000 manat pul gətirtməsini tapşırmasını, polisə məlumat verərsə başını kəsəcəyini və çöldə gözləyən 5 nəfərin dükanı yandıracaqlarını demişdir. Bundan sonra Şəhriyar bıçağı onun boğaz nahiyyəsindən götürüb sağ böyür nahiyyəsinə dirəmiş, o isə masanın üzərində olan meyvə qabını götürüb Şəhriyarı vuraraq özünü müdafiə etmək istədiyi vaxt Şəhriyar sol əli ilə onun qolunu burmuş, o isə dartınaraq Şəhriyarı ofisin giriş qapısına tərəf çəkmiş, qapını açmaq istədəsə də qapının bağlı olduğunu görmüşdür. Şəhriyar onun qapını açmaq istədiyini gördükdə əlində olan bıçaqla onun başına bir dəfə zərbə vurmuş, onun başından qan axmağa başlamışdır. O qapını açdığı vaxt Şəhriyar kürəyini qapıya söykəyib onun qapını açmasına mane olmuş, bıçaqla onu vurmaq istəsə də, o bıçaqdan yayınmış, buna baxmayaraq bıçaq onun əllərinə dəymişdir. O qışqıraraq kömək istəmiş, həmin vaxt ofisin yaxınlığında olan supermarketin administratoru işləyən Şahid1 qaçaraq ofisin qapısını açıb içəri daxil olmuşdur. Ruslan çətinliklə də olsa, Şəhriyarın əlindəki bıçağı almış, həmin anda siqaret firmasından supermarketə gələn Əlican da onun səs-küyünü eşidərək ofisə gəlmişdir. Şəhriyar artıq onun tək olmadığını görüb qaçmaq istəmiş, o Şəhriyarı tutub saxlamışdır. Onlar bayıra çıxmışlar və səs-küyü eşidən başqa şəxslər də köməyə gəlmişlər. Bunu görən Şəhriyar oradan qaçıb uzaqlaşmışdır. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Ay işığı” supermarketində administrator işləyir. 2022-ci il fevralın 9-da saat təxminən 12 radələrində həmin ofisin yaxınlığında anbara gedəcək malları yoxladığı vaxt ofisin qapısının bərk çırpıldığını, eyni zamanda, Zərərçəkmiş şəxs qışqıraraq “nə istəyirsən məndən, burax” deməsini eşitmiş, dərhal qaçaraq ofisin qapısına tərəf getmişdir. Qapıya çatıb qapını açmaq istədiyi vaxt içəridən kiminsə qapıya dirəndiyini hiss etmiş, buna görə itələləyib qapını açaraq içəri daxil olmuşdur. İçəri daxil olduğu anda Zərərçəkmiş şəxs adını sonradan bildiyi Şəhriyarı tutaraq saxlamasını, Şəhriyarın isə əlində bıçaq olduğunu və Anarın baş nahiyyəsindən qan axdığını görmüşdür. O bıçağı Şəhriyarın əlindən almışdır. Həmin vaxt marketə mal gətirən Əlican və səs-küyə oraya gələn digər şəxslər Şəhriyarı tutub saxlamışlar. Səs-küyə çoxlu adam gəlmiş, onlar Anarın xəsarət aldığını görüb, onun yanına getdiklərindən Şəhriyar hadisə yerindən qaçıb getmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 fevral 2022-ci il tarixli, 65 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın təpə, sağ əlin İİİ daraq qabarının, sol əlin V barmağının üst səthinin yaraları deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 09 fevral 2022-ci il tarixdə təqdim olunmuş bıçaqla yetirilə bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 21 fevral 2022-ci il tarixli, 18/203 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmişdir və soyuq silah heab edilir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli, 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan ibtidai istintaq orqanının 09 mart 2022-ci il tarxli qərarından görünür ki, cinayətin aləti olan bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması məqsədilə Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İşdə olan 14 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntünü əks etdirən DVD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, videoda görünən tarixə və saata əsasən 2022-ci il fevralın 9-da saat 12:10-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ofisə yaxınlaşaraq ofisin qapısını açmağa cəhd edir, lakin qapının bağlı olduğunu gördükdə geri qayıdır. 15 saniyə sonra Zərərçəkmiş şəxs ofisin qapısını açaraq ofisdən bayıra çıxdıqdan sonra Təqsirləndirilən şəxs onun yanına gəlir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında 1 dəqiqə müddətində ofisin qarşısında söhbət davam edir. Sonrakı müddətdə Zərərçəkmiş şəxs ofisə daxil olur, onun ardınca Təqsirləndirilən şəxs də həmin ofisə daxil olur. 3 dəqiqə 10 saniyə sonra Şahid1 qaçaraq ofisə doğru gəlir və ofisin qapısını açmağa cəhd edir. 10 saniyə sonra Şahid2 da qaçaraq həmin yerə gəlir. Həmin anda Şahid1 və Şahid2 ard-arda ofisə daxil olurlar. Videonun davamında Şahid2 və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tutub saxlamaları görünür. Şahid1 isə əlində qara rəngli bıçaqla birlikdə ofisdən kənara çıxır. Şahid1 bıçağı yan tərəfdə yerləşən otağa qoyduqdan sonra geri qayıdır. Həmin müddətdə Şahid2 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birindən aralaşdırmağa çalışır. Ətrafda olan insanlar da həmin anda oraya toplaşırlar. Zərərçəkmiş şəxs alın nahiyyəsindən xəsarət aldığı və ətrafdakı insanların ona yardım etdiyi görünür. Təqsirləndirilən şəxs isə ilkin olaraq insanların arasında pilləkənlərdən aşağı düşür, daha sonra qaçaraq oradan uzaqlaşır. Cinayət işinin materiallarında olan Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəlki müddətdə törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuşdur. Yaşadığı kənddə sakinlər tərəfindən cinayət törətməyə meyilli şəxs kimi tanınır və müsbət xarakterizə olunmur, daimi iş yeri yaxud gəlir mənbəyi yoxdur. Onun hər hansı cinayət əlaqəsinin olması yaxud hər hansı cinayətin törədilməsində iştirakı ilə bağlı əməliyyat marağı kəsb edən heç bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəlki müddətdə hər hansı ədavət və ya qərəzli münasibət olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi bıçağı 2021-ci ilin sonlarında kənd ərazisindən keçən dəmir yolu xəttinin yaxınlığından tapmış, sonrakı müddətdə yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən analoji cinayət əməli törədilməmiş və əlavə zərərçəkmiş şəxs olmamışdır. Təqsirləndirilən şəxs 2022-ci il fevralın 9-da saat 12 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ofisdə sonuncuya hücum edib quldurluq cinayət əməlini törətdiyi anda yaxınlıqda olan Şahid1 və Şahid2 ofisə daxil olduqları üçün hadisəyə şahid olmuşlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini və sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Ona görə CM-nin 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, əməli düzgün olaraq CM-in 181.2.5 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, CM-in həmin maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Salyan şəhərində anadan olmuşdur. Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. İşdə olan Salyan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən həbsetmənin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs təqdim ediyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki,cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin onun həmin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Lakin sonuncu dəfə Salyan rayon məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə cəzadan azad edilmişdir. Göründüyü kimi o məhkumluğu ödənilmədən qəsdən ağır cinayət törətmişdir. CM-in 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. CM-in 18-ci maddəsinə əsasən bu hal cinayətlərin residivi halı kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinə əsasən ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-in 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon Polis Şöbəsində saxlanılan cinayəti aləti 1 ədəd bıçaq məhv edilməli, təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntünü əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşi üzrə ekspertiza xərci 114 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 181.2.5-ci maddəsi ilə təqsrli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsində saxlanılan cinayəti aləti 1 ədəd bıçaq məhv edilsin. Bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İşi üzrə ekspertiza xərci 114 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar