Məhkəmə qərarları › İş №1(099)-306/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-306/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-306/2024 23.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, döngə 1, ev 2-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 12,489 qram narkotik vasitə heroini bir ədəd bükümdə əldə edib, üzərində daşıyaraq saxlamış, 29 mart 2023-cü il tarixdə saat 19:05 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Sabirabad şəhəri, İ.Qaibov küçəsi, dalan 1, ev 2-də yaşayır. Heç vaxt narkotik vasitələrlə məşğul olmamışdır. Hətta nəsillərində də narkotikdən istifadə edən şəxs olmamışdır. Özü on iki yaşından namaz qılmışdır. 29 mart 2023-cü il tarixdə saat 16-17 radələrində Sabirabad şəhərində yerləşən Dövlət Sosial Müdafiə Fondunun inzibati binasına gələrək orada Cavad adlı həkimlə görüşərək anası Xanımzər Ağaşovanın xəstəliyi ilə əlaqədar olaraq məsləhət almışdır. Həkimin yanında olduğu zaman qızı Şahid4 ona mobil telefon vasitəsi ilə zəng edərək Sehran adlı polis əməkdaşının yaşadıqları evə gələrək onu soruşmasını və bundan narahat olmasını demişdir. O isə qızına narahat olmamasını demişdir. Bundan az sonra həkimin yanında olduğu zaman sahə rəisi Şahid5 ona mobil telefonla zəng edərək harada olmasını soruşmuşdur. O isə Dövlət Sosial Müdafiə Fondunun inzibati binasında həkimin yanında olmasını bildirmişdir. Şahid5 onu gözləməsini, bir azdan oraya gələcəyini bildirmişdir. Təxminən on dəqiqə keçmiş Şahid5 Dövlət Sosial Müdafiə Fondunun inzibati binasına gələrək onun həkimlə olduğu otağın qapısını açaraq onunla işi olduğunu bildirmiş və birlikdə binanın həyətinə düşmüşlər. Həyətə düşdükdə polis işçiləri Şahid1 və İsmayılın orada olduqlarını görmüşdür. Polis işçiləri onunla görüşmüş, mobil telefonunu almış və onu Şahid1 avtomaşını ilə rayon polis şöbəsinə aparmışlar. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Teleh Həsənov öz xidməti otağında ona tapşırıq olduğunu, onun tutulmalı olduğunu bildirmiş, bir ədəd sellofan bükümü stolun üzərinə qoyaraq bükümdə narkotik olduğunu, həmin narkotikin ona məxsus olduğunu demişdir. O isə Şahid1 demişdir ki, əgər tutulmalıdırsa, ona silah versin, Şahid1 isə ona narkotiklə tutulmalı olduğunu bildirmişdir. O isə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Şahid1 əgər narkotik vasitənin özünə məxsus olmasını etirf etməsə, onu evindən 1-2 kiloqram narkotik çıxaracağı ilə hədələmişdir. O, etmədiyi əməli boynuna almaq istəməmiş, lakin Şahid1 təkidi ilə razılaşmışdır. Bundan sonra Şahid1 ona müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində müstəntiq tərəfindən şəxsi axtarış aparılacığını, narkotik vasitənin özünə məxsus olmasını, Kür çayının kənarından taparaq üzərində istifadəsi üçün saxlamasını deməli olduğunu bildirmişdir. Ona görə də üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən Şahid1 verdiyi bükümü cibindən çıxarıb təqdim edərək bükümdə heroin olduğunu, heroini Kür çayının sahilində gəzərkən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis işçiləri tərəfindən döyülməmişdir, qorxudulmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. 29 mart 2023-cü il tarixdə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində, çayın sahilində piyada gəzərkən yerdə 01 ədəd polietilen bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin kütlənin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Daha sonra yaşadığı evə getmişdir. O, evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək onu narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən onu polis şöbəsinə dəvət etmişlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad polis şöbəsinə getmişdir. Şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmiş, heroini 29 mart 2023-cü il tarixdə səhər saat 11 radələrində Kür çayının yaxınlığında gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Sabirada Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir.29 mart 2023-cü il tarixdə ona Sabirabad şəhəri, İ.Qaibov küçəsi, dalan 1, ev 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 18-19 radələrində yaşadığı evin yaxınlığında saxlamaqla rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını etiraf etmişdir. Axtarış zamanı şalvarının sağ cibində bir ədəd büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinəbənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmasını, öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstəridiyi hallar yalandır, onu Dövlət Sosial Müdafiə Fondunun binasının həyətindən polis şöbəsinə aparmamışlar, evinin yaxınlığında, qarşı tərəfində saxlamışlar. Təqsirləndirilən şəxs tutulması onun dini fəaliyyəti ilə bağlı olmamışdır. Təqsirləndirilən şəxs tutulmalı olmasını deməmiş və onun üzərinə narkotik vasitə heroin qoymamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni boynuna götürməyə məcbur etməmiş, əks halda onu evindən 1-2 kiloqram narkotik çıxarmaqla hədələməmişdir. Məhkəm istintaqında şahid kimi dindirilən, Sabiradad Rayon Polis Şöbəsində polis nəfəri işləyən Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Sabirabad Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. Ona 27 mart 2023-cü il tarixdə, xidməti ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə uşaqlara iran dilində dini dərslər keçməklə uşaqları dərsdən yayındırması barədə məlumat daxil olmuşdur. Bununla bağlı olaraq Təqsirləndirilən şəxsla profilaktik söhbət aparmaq məqsədi ilə 29 mart 2023-cü il tarixdə saat 16-17 radələrində onun yaşadığı evə getmiş, lakin ailə üzvləri onun evdə olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs zəng edərək danışarkən onun Dövlət Sosial müdafiə Fondunun binasında Cavad həkimin yanında olmasını öyrənib, oraya yollanmış, Təqsirləndirilən şəxsla Cavad həkimin iş otağında görüşmüş, sonra isə binanın həyətinə düşmüşlər. Təqsirləndirilən şəxsla binanın həyətində söhbət apararaq uşaqlara dini mövzuda dərslər keçməsinin qanunsuz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə onunla razılaşmış və sonra ondan ayrılaraq getmişdir. Bundan bir gün sonra Təqsirləndirilən şəxs polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən narkotiklə tutulduğunu və həbs olunduğunu eşitmişdir. 29 mart 2023-cü il tarixdə onun Təqsirləndirilən şəxsla görüşməsi narkotiklə bağlı olmamış, həmin vaxt polis əməkdaşları Şahid1 və Şahid2 onunla birlikdə olmamışlar və Təqsirləndirilən şəxs oradan polis şöbəsinə aparmamışlır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, onun atası Təqsirləndirilən şəxs hacı olmaqla heç vaxt narkotik vasitələrlə məşğul olmamış, eyni zamanda evlərində uşaqlara dini dərs keçməmişdir. 29 mart 2023-cü il tarixdə saat 16-17 radələrində evdə olduqları zaman evlərinin qapısı döyülmüşdür. Qapını açdıqda qapını döyən şəxsin polis sahə rəisi Şahid5 olduğunu, polis işçiləri Talehin və İsmayılın da onunla birlikdə olduqlarını görmüşdür. Şahid5 ondan atasının evdə olub-olmamasını soruşmuş, o isə atasının evdə olmadığını bildirmişdir. Bundan sonra Şahid5 və digər polis işçiləri oradan getmişlər. O, narahat olmaqla atasının mobil telefonuna zəng edərək polis işçisi Şahid5 evə gəldiyini, onu axtardığını bildirmişdir. Atası isə ona narahat olmamasını demişdir. Bundan bir neçə saat sonra atasının polis işçiləri tərəfindən narkotik vasitə ilə tutulmasını eşitmişdir. Lakin onun atası heç vaxt narkotiklə məşğul olmamışdır. Şəxsi axtarış aparılması barədə 29 mart 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyi bükümündə 12,489 qram çəkidə, qəhvəyimtil, heroinəbənzər maddə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli, 18/374 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 12,489 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların istifadə etmə halları olmuş, lakin onda hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 31 mart 2023-cü il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2004, 2005 və xx.xx.2013-cü il tarixlərdə doğulmuş uşaqları vardır. Təqsirləndirilən şəxs Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi- 29 mart 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmaması, üzərinə narkotik vasitənin polis əməkdaşı Teleh Həsənov tərəfindən öz xidməti otağında qoyulması, Şahid1 onu əks halda evinə 1-2 kiloqram narkotik vasitə qoymaqla hədələdiyinə görə məcbur olub narkotik vasitənin guya özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi etirfedici ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 12,489 qram heroini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla heroin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində heroini satmaq məqsədinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etməsinin istisna edilməməməsini, üzərində aşkar olunmuş heroinin miqdlarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun psixotrop maddəni satmaq məqsədinin olmaması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 12,439 qram heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabiradad Rayon Polis Şöbəsində saxlanılan 12,439 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar