Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-307/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 2.566 qram psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 6.36 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, müvafiq olaraq bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və bir ədəd kibrit qutusunun içərisində olmaqla əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış, 06 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Moranlı kəndində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 17:00-da üzərinə şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sağ yan cibindən təmiz çəkisi 2.566 qram psixotrop maddə metamfetamin və 6.36 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, 06 sentyabr 2023-cü ildə imam ehsanı verirmiş, günorta vaxtları imiş, həyətdə ağacın altında stol açmışdır. Görmüş ki, maşın gəlir, elə bilmiş ki ehsana görə gələnlərdəndir. Lakin yaxınlaşanda həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Onlar gəlib maşını qardaşının çəpərinin yanında saxlayıb, maşından düşüb həyətə daxil olmuşlar. Həmin vaxt Ülvi yanında olmuş, onlara sarı getmişdir. Ülvidən polislər soruşmuş ki, “Röyal sənsən”. Bu zaman özü ciblərini çevirərək demiş ki, “ay camaat baxın məni polisə aparırlar, üstümdə heçnə yoxdu, bir telefonum, bir də yandıranım var”. Bu zaman əməliyyatçı Taleh yaxınlaşıb demişdir ki, “oyun çıxarma, səni dava-dalaşa görə şübhəli kimi aparırıq”. Sonra demiş ki, “şöbəyə getməliyik, Şəhriyarkənddə dava olub, orada araşdırıb biləciyik”. Özü isə Talehə hazırda imam ehsanı verdiyini, özünün bir saata şöbəyə gələcəyini demişdir. Bu zaman Ülvi demiş ki, “siz heç bir sənəd qərar göstərmədən həyətə girmisiz”. Taleh isə bundan əsəbləşib, onu və Ülvini maşına mindirmişdir. Maşına minərkən Ramil və Kənanın da maşında olduğunu görmüşdür. Dördünü də polis şöbəsinə aparmışlar. Orada araşdırıb görmüşlər ki, Şəhriyarkənddə olan davaya onların heç bir aidiyyəti yoxdur. Digər saxlanılanlardan pul alıb, onlara “sutka” vermişlər. Özünü isə döyərək, qardaşı və ailə üzvləri ilə təhdid edərək, üstünə narkotik qoymuşlar. Həmin vaxt qardaşına görə polislərlə razılaşmışdır. Həyətdə ciblərini ona görə çevirib ki, məhkumluğu olub, aparıb üstünə qoyarlar. Əvvəllər narkotiklə tutulub cəzasını çəkmiş, daha sonra isə eləməmişdir. Şöbədə Taleh bir qutu marixuana, bir bükümdə tanımadığı maddə qoymuş, həmin vaxt demişdir ki, bu maddəni tanımır, Taleh isə demişdir ki, “deyərsən patıdı, suya balıq tutmağa gedəndə tapıb üstümdə 10 gündür ki, saxlamışam”. Özü isə çəkiliş zamanı elə də demişdir. Polislər həyətinə gələrkən onları 300 m məsafədən görüb, əgər üstündə narkotik olsaymış, həyəti hündür pambıqlıqdı narkotiki ora atarmış, heç tapa da bilməzlərmiş. Özü isə Şüvəlana gələndən sonra bilmiş ki, qardaşını da tutub, ona da “sutka” vermişlər. Günahsızdır, üzərində narkotik olmayıb, bu yaşına qədər də “patı” görməmişdir, azyaşlı uşaqları var, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə tutulmazdan bir neçə gün əvvəl yaşadığı Sabirabad rayonu Moranlı kəndinin çöl sahədəki kollektordan balıq tutmağa getdiyi zaman həmin ərazidə piyada hərəkət edərkən kollektorun kənarında siqaret qutusu tapmış, qeyd edilən siqaret qutusunu açıb içərisinə baxdıqda 1 ədəd bükümdə “patı” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd kibrit qutusunun içərisində “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. 06 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı kənddə olarkən mülki geyimli və polis xüsusi geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün onu Sabirabad Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində video çəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya digər əşya və predmet varsa təqdim etməyi təklif edildikdə o, könüllü olaraq üzərində saxladığı 1 ədəd sellofon bükümdə və 1 ədəd kibrit qutusunda olan kütlələri cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən 1 ədəd “Tecno” markalı mobil telefon və içərisi siqaretlərlə dolu olan “West” makalı siqaret qutusu aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə kütlələri 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsini davam edərək göstərmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellafon bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuana kütlələri onun özünə məxsus olmuş, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən aradabir istifadə etmiş, lakin həmin kütlələrin satışı ilə məşğul olmamış, eləcə də Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təziq göstərilməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təzyiq altında verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı ilə bağlı tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunaraq həmin şəxslərin Şahid2, Şahid3 və ondan ibarət olması təsdiqlənmiş və onlar Təqsirləndirilən şəxs Sabirabad rayonu Moranlı kəndi ərazisində ola biləcəyi ehtimal edilən yerləri əməliyyat nəzarətinə götürmüşlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal edilən Sabirabad rayonu Moranlı kəndində yaşadığı evinin yerləşdiyi küçəyə daxil olduqda sonuncunun həmin küçədə piyada şəkildə hərəkətdə olduğunu görən kimi dərhal ona yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs Sabirabad RPŞ-yə gətirdikdən sonra üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış istintaq aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli polietilen kəsiyi bükümündə olan və bir ədəd kibrit qutusunda saxladığı kütlələri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli polietilen kəsiyi bükümündə olan kütlələrə baxış keçirdikdə sellofan bükümün içərisində şəffaf rəngli, kristal şəkilli psixotrop maddə meamfetaminə bənzər kütlə, kibrit qutusun içərisində tünd yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması barədə soruşulduqda həmin kütlələrin “patı” kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, təxminən 1 həftə əvvəl yaşadığı Moranlı kəndində su kanalının kənarında tapdığını, kütlələri üzərində saxlayarkən satış məqsədinin olmadığını, həmin kütlədən heç kimə vermədiyini qeyd etmişdir. Daha sonra aşkar edilmiş kütlələr müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs həyətlərində saxlanılmamış, onu dava-dalaşla bağlı saxlamamışlar, həmin yerə öz şəxsi maşını ilə getmişlər. Taleh adlı polis əməkdaşı onlarla birlikdə olmayıb, Röyala qarşı heç bir təzyiq və ya təsir edilməyib, üzərinə narkotik vasitə qoyulmayıb, onun bu barədə bildirdikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 20) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən təmiz çəkisi 2.566 qram psixotrop maddə metamfetamin və 6.36 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. (c İ, i.v 26-28) İşdə olan, materialların məhkəmə və məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/887-18/888 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 1 ədəd kağız paketdəki: 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2.566 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6.36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi 2,566 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,516 qram, marixuananın təmiz çəkisi 6,36 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-6,34 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 35-38) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-149/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 sentyabr 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 69- 70) İşdə olan, xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində təqsirli bilinərək 02 il 07 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. (c İ, i.v 83) İşdə olan, xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi 2,516 qram, narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 6,34 qram maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 84) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(056)-214/2023 saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 103-104) İşdə olan, xx.xx.2023-cü il tarixli Sabirabad RİHB-nın Moranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı xx.xx.2019 və xx.xx.2023-cü il təvəllüdlü qızlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 103-104) İşdə olan, “ambulator məcburi-narkoloji ekspertiza” üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 6918 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannobioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 113-114) İşdə olan, Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. (c İİ, i.v 98-102) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin vasitə və maddənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldığını, təzyiqlərin isə polis əməkdaşları tərəfindən döyülməsi, qardaşının və ailə üzvlərinin də həbs olunacağı və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan çox müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki-psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı və müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, saxlanılmamışdan əvvəl balıq tutan vaxtı yolun qırağından tapdığını, həmin maddələri ona heçkimin vermədiyini, öz üstündən çıxdığını, maddələrin azaldılıbçoxaldılmadığını, hər şeyin qaydasında olduğunu, ona qarşı polis şöbəsində, tutlanda hər hansı kənar təzyiq-təsirin edilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa məhkəmə istintaqı zamanı müvafiq sorğu verilərək, Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın surəti əldə edilərək, təqiq edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra istintaq təcridxanasına təhvil verilərkən müayinəsi zamanı bədənində xəsarətin aşkar olunmaması müəyyən edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki-psixoloji təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki-psixoloji təzyiqə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki-psixoloji təzyiqə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı özünün vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-50) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 59-61) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 69-70) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə və psixotrop maddəni tapdığını, həmin maddə və vasitəni istifadə etmək məqsədilə üzərində saxladığını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Sabirabad Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini və 01 (bir) ədəd kibrit qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bununla yanaşı onun barəsində Sabirabad Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki-psixoloji təzyiqə, pis rəftara və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitənin ona aid olduğunu, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış psixotrop maddə və narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman 2,566 qram psixotrop maddə metamfetamini, 6,36 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 06 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 07 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəki Səxavət Məmmədli Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 06 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 2,566 qram psixotrop maddə metamfetamin, 6,36 qram narkotik vasitə qurudulmuş marixuanan aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 06 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,516 qram psixotrop maddə metamfetamin və 6,34 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2023cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,516 qram narkotik vasitə heroin və 6,34 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür: Hakim: Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-307/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-307/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver