Məhkəmə qərarları › İş №1(099)-307/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-307/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-307/2025 17.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə 17 sentyabr 2025-ci il tarixdə, saat 15:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında “AzFemida” proqram təminatından istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs, 2025-ci ilin yanvar ayının əvvəllərində Andrey adı ilə məlum olan şəxs və digər şəxslərlə külli miqdarda narkotik vasitənin Lənkəran şəhərindən əldə edilməsi, saxlanması, daşınması və satışından 500 manat qazanc əldə etməsi ilə bağlı əvvəlcədən razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq Andrey adlı qrup üzvünün tapşırığı ilə qrup üzvü olan digər şəxslərin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 1 (bir) ədəd çantada içərisində 6 (altı) ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2000 qram, 2105 qram, 1975 qram, 1990 qram, 2030 qram və 1005 qram olmaqla, ümumi təmiz çəkisi 11105 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə bir-biriləri ilə eyni olan bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı 07 yanvar 2025-ci il tarixdə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində üzü Bakı şəhəri istiqamətində “Ləvəngi dairəsi” yaxınlığında yolun sağ ehtiyat hissəsində quraşdırılmış 1.24 “mal-qara keçidi” xəbərdarlıq nişanının yaxınlığında, kolluq ərazidə gizlətdikdən sonra, Andrey adlı qrup üzvündən həmin narkotik vasitənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat alıb, əvvəlcədən razılaşdıqları kimi qeyd olunan tarixdə yaşadığı Bakı şəhərindən Lənkəran şəhərinə, narkotik vasitənin gizlədildiyi, ona məlum olan yerə gedib, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd yük çantasının içərisində olan qeyd olunan bağlamalarda və çəkilərdə narkotik vasitə qurudulmuş marixuananı götürməklə əldə edib, onları əlində saxlayıb daşımaqla, qrup üzvləri ilə olan razılaşmasına uyğun olaraq Bakı şəhərinə aparmaq üçün Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında yerləşən “Bağ Evim” adlanan restoranın qarşısında piyada hərəkətdə olarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 07 yanvar 2025-ci il tarixdə, saat 20:05 radələrində qeyd olunan ərazidə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılan zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə 6 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuana əlində daşıdığı yük çantasının içərisində aşkar edilib qablaşdırılaraq götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Şəmkir rayonunun Düyərli kəndində yaşayır, evlidir, bir övladı var və rəsmi olaraq işləmir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Əvvəllər Rusiya Federasiyasında yaşamış, orada işləmişdir, Azərbaycan Respublikasına qayıtdıqdan sonra uzun müddət işsiz qaldığından, iş tapmaq məqsədilə 05 yanvar 2025-ci il tarixində Bakı şəhərinə gəlmişdir. Bakıda olarkən, Elşən adlı tanışı onunla "Whatsapp" tətbiqi vasitəsilə əlaqə saxlayaraq iş tapıb-tapmadığını soruşmuş, o, iş tapmadığını bildirdikdə, Elşən ona işlə bağlı kömək edə biləcək şəxslərin nömrəsini verəcəyini bildirmişdir. Qısa müddət sonra "Andrey" kimi təqdim olunan şəxs ona "Whatsapp" vasitəsilə yazaraq nə işlər bacardığını soruşmuş, bir müddət söhbətdən sonra ondan Lənkəran şəhərinə gedib, orada adamlarla görüşməyi və onların verəcəyi çantanı Bakı şəhərinə gətirməyi təklif etmişdir. Bu işin müqabilində "Andrey" adlı şəxs ona 500 manat ödəyəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çantanın içində narkotik vasitə olacağı sonradan "Andrey" adlı şəxs ona bildirmiş və həmin çantada təxminən 4-5 kq narkotik vasitə olacağını ona demişdir. O, uzun müddət işsiz olduğu və pula ehtiyacı olduğu üçün bu təkliflə razılaşmışdır. 07 yanvar 2025-ci il tarixdə “Andrey” onun bank kartına yol xərci üçün 30 manat göndərdikdən sonra o, taksi ilə Lənkəran şəhərinə yola düşmüşdür. “Andrey”in təlimatına əsasən, saat 18 radələrində Lənkəran şəhərində "Ləvəngi" adlanan yerə çatmış və onu qarşılamalı olan şəxsləri gözləmişdir. Lakin bir müddət sonra “Andrey” həmin şəxslərin gələ bilməyəcəyini yazaraq ona mobil tətbiq vasitəsilə məkan ("konum") göndərmişdir. “Andrey” tapşırmışdır ki, həmin məkanda gizlədilmiş və içərisində marixuana olan çantanı götürüb Bakıya aparsın. Bunun müqabilində 500 manat alacağını bir daha təsdiqləmişdir. O, “Andrey”in göndərdiyi məkana piyada gedərək üzərində heyvan şəkli olan yol nişanının yanında gizlədilmiş əl çantasını tapmışdır. Çantaya baxış keçirərkən içərisində 6 ədəd bağlamada narkotik vasitə olan marixuana olduğunu görmüş və çantanı götürərək bu barədə “Andrey”ə məlumat vermişdir. Həmin çanta ona deyiləndən daha ağır olmuşdur, o, bu barədə “Andrey”ə bildirmiş, “Andrey” isə narahat olmamasını, buna görə ona artıq pul ödəyəcəyini bildirmişdir. O, çantanı götürüb Bakı şəhərinə qayıtmaq üçün yola çıxarkən, "Bağ Evim" adlı restoranın yaxınlığında mülki geyimli şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək onu saxlamışlar. Çantaya baxış zamanı içərisindən 6 bağlamada ümumi çəkisi 12 kq olan narkotik vasitə - marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra o, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Son sözlə çıxış edən təqsirləndirilən şəxs, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, uzun müddət işsiz olduğundan və iş axtardığından, eləcə də maddi ehtiyacları olduğundan “Andrey” adlı şəxsin təklifi ilə razılaşdığını bildirərək, əməlindən peşman olduğunu bildirmişdir. Sonda o, azyaşlı xəstə övladının olduğunu, həyat yoldaşının məcburi köçkün ailəsinin üzvü olduğunu, atasının birinci Qarabağ döyüşləri iştirakçısı olduğunu bildirərək, ona törətdiyi əmələ görə aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırki halda etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.

4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

5. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Ona Lənkəran şəhəri ərazisində Şəmkir rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə, rəhbərliyin icazəsi ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 20:05 radələrində əməliyyat qrupu ilə birlikdə Lənkəran şəhəri ərazisində, "Bağ Evim" restoranının qarşısında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlamışdırlar. Ona üzərində qanunsuz maddələrin olması şübhəsi ilə bağlı yoxlama aparılacağı bildirilmiş və könüllü təqdimetmə təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlindəki çantanı təqdim etmişdir. Videoçəkilişlə aparılan baxış zamanı çantanın içərisindən 6 bağlamada, ümumi çəkisi 12 kq olan marixuanayabənzər kütlə aşkar edilmişdir. Sonradan müəyyən edilmişdir ki, kütlənin çəkilişi zamanı elektron tərəzinin sıfırlanmaması səbəbindən çəkidə uyğunsuzluq yaranmış, bu hal ekspert rəyi ilə də təsdiqlənmişdir. Həmçinin, onun üzərindən şəxsi axtarış zamanı mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi və bir qədər pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, sosial şəbəkədə tanımadığı şəxsin tapşırığı ilə həmin narkotik vasitəni 500 manat müqabilində Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. O, narkotik vasitənin mənbəyini və cinayətin digər iştirakçılarını tanımadığını söyləmişdir.

6. Məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid2 və Şahid4 Ağaəli oğlu şahid Rahid Əsgərovla oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər.

7. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, adına olan “Opel Astra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Bakı reysi ilə taksi fəaliyyəti göstərir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Bakı şəhər avtovağzalında müştəri gözləyərkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Lənkərana getmək istədiyini demişdir. Turqut onu Lənkərana neçəyə aparacağını soruşduqda Turquta 20 manat demiş və Turqut pulunun olmadığını, 15 manata razılaşa bilib-bilməyəcəyini soruşmuşdur. Turqutla 15 manata razılaşmış, bundan sonra avtomobilin dolmasını gözləmişlər və təxminən saat 15 radələrində 4 nəfər tanımadığı sərnişinlərlə Bakı şəhərindən çıxıb Lənkəran şəhərinə doğru hərəkətə başlamışlar. Turqut avtomobilin arxa sərnişin oturacağında oturmuşdur. Avtomobildə hərəkətdə olduqları zaman Turqut ona Liman şəhərindən olduğunu bildirmiş, lakin ona Ləvəngi adlanan yerdə düşəcəyini demişdir. Təxminən saat 18 radələrində Lənkəran şəhərinə çatmışlar. Turqutu Ləvəngi dairəsində avtomobildən düşürmüş, Turqut ondan qayıdıb-qayıtmayacağını soruşmuşdur. Turquta Astara şəhərinə getdiyini və oradan Bakı şəhərinə qayıdacağını demişdir. Bundan sonra Astaraya doğru getmiş, Astara şəhərinə çatmağa az qalmış xarici nömrədən vhatsappına zəng gəlmişdir. Danışan şəxs Turqut olduğunu demiş və Bakıya qayıdarkən onu da avtomobilə götürməyini istəmişdir. Turqut ona yarım saata qayıdacağını demişdir. Turquta yarım saata qayıda bilməyəcəyini bildirmiş, Turqut cavabında ona “eybi yox, Ləvəngidə səni gözləyəcəyəm” demişdir. Təxminən 40-50 dəqiqə sonra Ləvəngi dairəsinə gəlmiş və Turquta zəng etmişdir. Turqut ondan Bağ Evim restoranının qarşısından onu götürə bilibbilməyəcəyini soruşmuş və Turquta götürə biləcəyini demişdir. “Bağ Evim” restoranının qarşısına gəldikdə Turqutun polis əməkdaşları tərəfindən tutulduğunu görmüşdür. Daha sonra polis əməkaşlarına yaxınlaşıb Turqutu Bakı şəhərindən Lənkəran şəhərinə gətirdiyini demişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs hansı məqsədlə Lənkəran şəhərinə gəlməsini bilməmişdir. Turqutu taksi sürücüsü olduğu üçün 15 manat müqabilində Lənkəran şəhərinə gətirmişdir. Təqsirləndirilən şəxs tək olmuş, yanında heç kim olmamışdır.

8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

9. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 08 yanvar 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)

10. Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli «Raport»u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 3)

11. «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 07 yanvar 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5)

12. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında tək piyada hərəkət etdiyi zaman saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün və əlində olan çantanın yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan çantanı təqdim etmiş və içərisində 6 ədəd bağlamada narkotik vasitə marixuanayabənzər kütlənin olması aşkar edilmiş, bundan başqa Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan şalvarının arxa cibindən 1 ədəd Redmi markalı mobil telefon, əynində olan gödəkcənin içəri sol cibində özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd Kapital Banka aid kart, 6 manat 50 qəpik pul, şalvarının sağ yan cibindən 1 qutu Vinston markalı siqaret və alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı ondan aşkar olunmuş 6 ədəd bağlamada narkotik vasitə marixuanayabənzər kütləni tanımadığı şəxsin Whatsapp vasitəsi ilə Lənkəran şəhərindən götürüb Bakı şəhərinə aparacağı müqabilində ona 500 manat verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd bağlamada marixuanayabənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkisi 12.00 kq olmuşdur. Həmin bağlamalar aşkar olunduğu çantada qablaşdırılaraq üstü möhürlənmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus 1 ədəd Redmi markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 1 ədəd Kapital Banka məxsus kart iş üçün sübut əhəmiyyəti kəsb edəcək məlumatlar olması ehtimalı olduğundan götürülmüşdür. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. (c İ, i.v 10-11)

13. Əməliyyat axtarış tədbirinin əks olunduğu bir ədəd DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və hökmün 12-ci bəndində qeyd olunmuş protokolda yazılanların doğruluğu müəyyən edilmişdir. (c İ, i.v 12)

14. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında» 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə, saat 20:05-də Lənkəran ŞRPŞ-nin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Ləvəngi dairəsinə doğru piyada hərəkətdə olarkən saxlanılaraq üstü yoxlanılmış, üzərindən 6 ədəd bağlamada ümumi çəkisi 12.00 kq olan narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə aşkar edilərək götürülmüş və çantaya qoyularaq qablaşdırılmış, raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunmuş bir ədəd qara xətləri olan rəngli çantaya və bir ədəd DVD diskə baxış keçirilmiş, DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs 6 ədəd bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlənin aşkar olunması müəyyən olunmuşdur. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Protokola əlavə edilmiş həmin DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolda yazılanların doğruluğu təsdiq edilmişdir. (c İ, i.v 14-15)

15. «Şübhəli şəxsə müdafiəçinin təqdim etmə haqqında» 07 yanvar 2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 17-24)

16. 07 yanvar 2025-ci il tarixli, 55/7 nömrəli «Tutulma protokolu»ndan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25)

17. «Məhkəmə-bioloji ekspertizası»nın 08 yanvar 2025-ci il tarixli, 7/20 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkarlanmış 6 bağlamada narkotik vasitə olan marixuanaya bənzər kütlələr.....” yazılar və imzalar olan damalı sintetik çantada 6 (altı) ədəd üzəri skoçla yapışdırılmış qara rəngli bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 2000 qram, 2105 qram, 1975 qram, 1990 qram, 2030 qram və 1005 qram olmaqla, ümumi çəkisi 11105 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (c İ, i.v 50-51) Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. (c İ, i.v 49)

18. «Mobil telefona baxış keçirilməsi barədə» 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı, M2003J6B2G modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı “Xiaomi Redmi” markalı, M2003J6B2G modelli mobil telefonda mobil nömrənin olmaması, mobil telefonun “Whatsapp” bölməsində Təqsirləndirilən şəxs istifadəsində +44 7440 059449 saylı mobil nömrə olan və adının “Adrey” adlı şəxs olaraq qeyd etdiyi şəxslə sözügedən narkotik vasitənin əldə edilərək daşınması ilə bağlı mesajlaşmanın mövcud olması, Andrey adlı şəxsin Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu yerin konumunu və qoyulduğu yerin fotoşəkillərini göndərməsi, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan həmin çantanı götürməsi müqabilində ona pul vəd verilməsi, Təqsirləndirilən şəxs “neçə kilodu?” sualına “10 dene” cavab verməsi, bundan başqa mobil telefonun Google axtarış tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə üçün Lənkəran şəhərinə gəlməzdən qabaq, yəni 06 yanvar 2025-ci il tarixdə, saat 18:02-dən 07 yanvar 2025-ci il tarixə, saat 02:36-dək olan müddətlər aralığında Bakı-Lənkəran şəhərləri arasında məsafə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Lənkəran şəhərinin müxtəlif yerləri barədə, həmçinin 07 yanvar 2025-ci il tarixdə, saat 03:17, 03:18 və 03:20-də “narkotik vasitələrlə bağlı cinayətlər haqqında...”, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün...”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəs...”, “Narkotik vasitələrin, psixotrop maddələrin və ...” məzmunda axtarışlar etməsi, bundan başqa Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi istifadəsində +995 558 56 33 41 saylı mobil nömrə olan Elşən adlı şəxslə aralarında olan “Whatsapp” yazışmalarına baxış keçirilmiş, baxış zamanı Elşən adlı şəxsin Təqsirləndirilən şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlarının olması müəyyən olunmamışdır. Həmçinin həmin mobil nömrəyə zənglər olunsa da, nömrəyə zəng çatmadığı müəyyən olunmuşdur. Bundan başqa mobil telefona baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək digər məlumatlar aşkar edilməmişdir, iş üçün sübut əhəmiyyəti kəsb edən “Whatsapp” yazışmaları və Google axtarış tarixçəsi məlumatları götürülərək cinayət işinə əlavə edilmişdir. (c İ, i.v 60-75)

19. «Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması barədə» 09 yanvar 2025-ci il tarixli, 004/7 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 77-79)

20. «Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 09 yanvar 2025-ci il tarixli, 004/12 nömrəli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədi ilə hadisənin baş verdiyi yerə gedən yolu göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs göstərdiyi marşrutla köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan yerin yaxınlığında olan hissəsində üzü Bakı şəhəri istiqamətində, asfaltın sağ kənarında dayanmışlar, orada Təqsirləndirilən şəxs təklif edilib ki, cinayət işi üzrə istintaq zamanı dediklərini göstərib danışsın. Təqsirləndirilən şəxs istintaq zamanı bildirdiklərini hadisə yerində bir daha təsdiq edərək hadisənin baş verdiyi şəraiti göstərmişdir. (c İ, i.v 92-95)

21. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(049)-1/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq olunmadığını bildirmiş, onun barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 yanvar 2025-ci ildən hesablanmışdır. (c İ, i.v 102-106)

22. «Məhkəmə Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 107-108)

23. «Məhkəmə narkoloji ekspertizası»nın 09 yanvar 2025-ci il tarixli, 04 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 109)

24. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, № 32 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəmkir rayonunun Düyərli kənd İnzibati Ərazi Nümayəndəliyində daimi pasport qeydiyyatında durur və orada yaşayır.(c İ, i.v. 141)

25. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, № 32 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, bir azyaşlı övladı var, günəmuzd fəhlə işləmişdir, özünü ictimaiyyət arasında nizam-intizamlı aparmış, onun barəsində nümayəndəliyə ərizə, şikayət və məlumat daxil olmamışdır. (c İ, i.v. 142)

26. 01.12.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X9 adında xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı övladı var. (c İ, i.v. 143)

27. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. (c İ, i.v 146-147)

28. Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, +44 7440 059449 saylı mobil nömrəsinin Azərbaycan Respublikası mobil operatorlarına məxsus baza stansiyaları daxilində xx.xx.2024—xx.xx.2025-ci il tarixləri aralığında aktivliyi barəsində məlumat müəyyən edilməmişdir. (c İ, i.v 149)

29. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/7810 nömrəli məktubu ilə daxil olmuş məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, 4169 7388 0292 4112 nömrəli kart Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarına uyğun olaraq kartın hesabına xx.xx.2025-ci il tarixdə, saat 12:05-də 30 manat məbləğində pul terminal vasitəsilə mədaxil edilmişdir. Həmin 30 manat məbləğində pul xx.xx.2025-ci il tarixdə, saat 12:34-də Bakı şəhərində bankomat vasitəsilə nağdlaşdırılmışdır. Bununla bağlı cinayət işinin materiallarına 1 ədəd DVD disk əlavə edilmişdir. (c İ, i.v 169-175)

30. Əlavə edilmiş 01 ədəd DVD markalı disk məhkəmə istintaqı zamanı tədqiq edilmiş və bu zamanı DVD diskdə “BR5475853” adlı faylın olması, həmin faylın içərisində olan “xx.xx.2025” adlı fayla daxil olduqda 28 ədəd fotoşəklin olması, fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 12:34:41-dən 12:35:13-dək bankomat vasitəsilə əməliyyat aparıb pul nağdlaşdırılması müəyyən edilmişdir. (c İ, i.v 176)

31. «Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 14 aprel 2025-ci il tarixli, 004/25 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildiyi ********* saylı cinayət işinin materiallarından ondan aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə etdiyi mənbənin müəyyən edilməsi və bu istiqamətdə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. (c İ, i.v 189-190)

32. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi “Arxiv arayış”ına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin atası X4 xx.xx.1992-ci il tarixdə ordu sıralarına çağırılmış, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 26 nömrəli əmri ilə bölmə komandiri vəzifəsinə təyin olunmuşdur.

33. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi “MyGov” portalından çıxarışlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin həyat yoldaşı X10 məcburi köçkün kimi qeydiyyatdadır.

34. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X3 qol hissəsində ağır dərəcəli yanıq izləri müşahidə edilir. Həmçinin, məhkəmə iclas zalına dəvət edilən X5 həqiqətən sağ qolunun tam açılmadığı müşahidə edilmişdir. Təqsirləndirilən şəxsin valideynləri tərəfindən uşağın əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert komissiyasına müraciət etdikləri məhkəməyə bildirilmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

38. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

39. «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

40. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, təyin edilmiş müdafiəçi tərəfindən hüquqları müdafiə edilmiş, o özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək, əməlini səmimi etiraf etmişdir.

41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

42. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

43. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

44. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.

45. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

47. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi düzgün hesab edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlərdir.

48. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

49. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

50. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

51. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

52. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

53. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

54. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən səmimi olaraq etiraf edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.

55. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).

56. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 az yaşlı övladının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən isə övladının aldığı yanıq xəsarəti nəticəsində sağ qolunun tam funksiyası ilə işləməməsini, təqsirləndirilən şəxsin həyat yoldaşının məcburi köçkün olmasını, təqsirləndirilən şəxsin atasının “Birinci Qarabağ müharibəsi”nin iştirakçısı olmasını, özünün yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.

57. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum Qərarına əsasən məhkəmələrə hər bir işdə cəza təyininə fərdi yanaşmağı, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini hərtərəfli nəzərə almağı tövsiyə edir. Həmin qərarın 4-cü bəndində CM-in 59-cu maddəsində nəzərdə tutulmamış halların da yüngülləşdirici hal kimi nəzərə alına biləcəyi və bunun hökmdə əsaslandırılmalı olduğu göstərilir.

58. Məhkəmə, göstərilən yüngülləşdirici halların məcmusunu, ağırlaşdırıcı halların olmamasını və təqsirkarın şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində nisbətən yüngül cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

59. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

60. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

61. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir

62. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

63. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-сi il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

65. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi – 11105 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatına sərf edilməsi nəticəsində qalıq qalmış 11104,7 qramı məhv edilməlidir.

66. «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair», «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 05 (beş) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.

67. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

68. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatı xərci – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X2 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE ******************** dövlət büdcəsinə ödənilməlidir.

69. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

70. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.

71. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

72. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 4 mart 2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ilkin çəkisi 11105 qram olan, ekspert tədqiqatından sonra qalıq çəkisi – 11104,7 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 70 (yetmiş) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarının videogörüntülərinin əks olunduğu 05 (beş) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar