Məhkəmə qərarları › İş №1(099)-308/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-308/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-308/2024 28.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədova Esmira Qərib qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Sabirabad şəhəri Füzuli küçəsi ev 101-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 04 sentyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmaqla, ümumi çəkisi 52,124 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi çəkisi 151,769 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, heroinin 3,205 qramını bir ədəd polietilen bükümdə, metamfetaminin isə 2,990 qramını bir ədəd polietilen kəsiyi bükümündə olmaqla əynindəki şortun sağ yan cibində, heroini 7,304 qram və 41,615 qram olmaqla 02 ədəd polietilen kəsiyi bükümündə, 148,779 qram metamfetamini isə bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə qablaşdırıb idarə etdiyi “Mercedes Benz” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qoltuqaltı hissədə saxlayaraq daşımış, 03 sentyabr 2023-cü ildə gecə saat 03 radələrində Sabirabad RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən Sabirabad şəhəri, Nərimanov küçəsində idarə etdiyi “Mercedes Benz” markalı 99-0S-864 dövlət qeydiyyat nişanlı avtomobilində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbədə saat 05:21 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan mavi rəngli şortun sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,205 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,990 qram psixotrop maddə olan metamfetamin, həmin tədbirlərin davamı olaraq şöbənin həyətində saxlanılan “Mercedes Benz” markalı 99-0S-864 dövlət qeydiyyat nişanlı avtomobilinə saat 05:40 dəqiqədə baxış keçirilən zaman, avtomobilin salonunun qoltuqaltı hissəsində 01 ədəd qutuda 02 ədəd polietilen bükümdə olmaqla, ayrıayrılıqda təmiz çəkiləri 7,304 qram və 41,615 qram olan narkotik vasitə heroin və 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 148,779 qram olan psixotrop maddə metamfetamin, həmçinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan, qeyd olunan narkotik vasitələrin satışı zamanı çəkilərinin müəyyən edilməsində istifadə olunan 01 ədəd elektron tərəzi, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd qara rəngli borucuq və 01 ədəd 1 “manat”lıq pul əskinası aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitədən istifadə etmiş, instagram sosial şəbəkəsində “Şahmar” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olaraq bir-biri ilə whatsapp vasitəsilə əlaqə saxlamış, tutulmazdan 3-4 gün əvvəl “Şahmar” ona zəng edərək özünə məxsus narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri Neftçilər metrosunun yaxınlığına atdığını bildirərək onun “Whatsapp” sosial şəbəkəsinə şəkillər göndərmiş, narkotik vasitənin saxlandığı yerə gedərək orada 01 ədəd sellofan bağlama görüb onu götürmüş, həmin bağlamanı açaraq içinə baxdıqda bağlamanın içərisində 01 ədəd bükümdə metamfetamin, 02 ədəd bükümdə heroin olduğunu görmüş, həmin narkotik vasitələri idarə etdiyi “Mercedes Benz” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq Sabirabad rayonuna geri qayıtmış, bədənində ağrılar olduğu üçün həmin narkotik vasitəni hissə-hissə istifadə etməyə başlamış, narkotikin qalan hissəsini isə idarə etdiyi avtomobildə saxlamış, həmin narkotik vasitədən metamfetamin, heroindən bir hissəsini digər bükümə ayıraraq hissə-hissə istifadə etmiş, 02 ədəd bükümləri əynində olan şortikin sağ yan cibində saxlamış, narkotik vasitədən gündəlik istifadə etdiyi üçün özünün elektron tərəzisi olmuş, istifadə etdiyi narkotik vasitələri həmin tərəzidə çəkərək istifadə etmiş, 03 sentyabr 2023-cü ildə gecə saat 03 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi avtomobillə Sabirabad şəhərində dayanan zaman, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, avtomobilə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini, baxış zamanı isə avtomobildə olan 01 ədəd qutunun içərisində 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada psixotrop maddə metamfetamin, 02 ədəd polietilen bükümlərdə heroin, həmin narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 01 ədəd 1 manatlıq pul əskinası və 1 ədəd nazik çubuq, eyni zamanda 01 ədəd elektron tərəzini təqdim etmiş, təqdim edilmiş edilmiş kütlələr qablaşıdıralaq götürülmüş, şəxsi axtarış və baxışla bağlı tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda himayəsində heç bir yerdə işləməyən arvadı və yaşlı anasının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Sabirabad RPŞ-də polis nəfəri vəzifəsində xidmət edən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü ildə gecə saat 03 radələrində Sabirabad şəhəri, Nərimanov küçəsində xidmətdə olarkən yaxınlıqda yerləşən binanın yanında dayanmış “Mersedes Benz” markalı 99-0S-864 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki mavi rəngli cins şortun sağ yan cibindən 02 polietilen bükümündə olan kütlələri masanın üzərinə qoyaraq içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bundan sonra Mersedes Benz” markalı 99-0S-864 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin salonunda yerləşən qol altlığından 01 ədəd qutunun içərisində 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada psixotrop maddə metamfetamin, 02 ədəd polietilen bükümlərdə heroin, həmin narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 01 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd nazik çubuq, eyni zamanda 01 ədəd elektron tərəzini təqdim etmiş, təqdim edilmiş kütlələr qablaşdırılaraq götürülmüş, şəxsi axtarış və baxış keçirilməsi barədə tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni instagram sosial şəbəkəsində tanış olduğu Şahmar adlı İran İslam Respublikasının vətəndaşından aldığını, öz istifadəsi üçün üzərində və idarə etdiyi avtomobildə saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Əsədzadə X2 rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli dama-dama şortun sağ yan cibində 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 3.205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2.990 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “baxış və götürmə haqqında” 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qol altlığından 01 ədəd qutunun içərisində 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 148.779 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 41.615 qram olan və 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 7.304 qram ümumi təmiz çəkisi 48,919 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində psixotrop maddə metamfetaminin izi olan 1 ədəd borucuq həmçinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd 1 “manat”lıq pul əskinası aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2023-cü il tarixli, 18/870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə çəkisi 3,205 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,990 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində“ Təqsirləndirilən şəxs məxsus avtomobildən..” sözləri yazılmış kağız paketdə 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi – 148,779 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs məxsus 02 ədəd heroinə oxşar.” sözləri yazılmış və imzalar olan kağız paketdəki 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-7,304 qram, 41,615 qram, ümumi çəkisi 48,919 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponenetlərinə görə eyni tərkibli narkotik vasitə heroindir; 01 ədəd qara rəngli borucuqda psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. 01 ədəd “1 manat”lıq pul əskinasında narkotik vasitə və ya psixotrop maddə izləri aşkar olunmadı. 4) Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs avtomobilində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə və avtomobilindən götürülmüş 02 ədəd bükümdə, cəmi 03 ədəd bükümdə ümumi çəkisi-52,124 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə və avtomobilindən götürülmüş 01 ədəd bükülüdə, cəmi 02 ədəd bükümdə ümumi çəkisi-151,769 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Sabirabad RPŞnin raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 52,124 qram narkotik vasitə heroinin, eləcə də ümumi təmiz çəkisi 151,769 qram psixotrop maddə metamfetaminin mənbəyini, yəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bununla yanaşı keçirilmiş intensiv əməliyyat axtarış tədbirləri, həmçinin məxfi agentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 6912 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi 51,974 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 151,669 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd borucuq və bir ədəd 1 “manat”lıq pul əskinası Sabirabad rayon polis şöbəsində saxlanılır, 02 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitəni və psixotrop maddəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Əliyev Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 03 sentyabr 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Sabirabad rayon məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 03 sentyabr 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Sabirabad rayon məhkəməsinin 26 aprel 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.4-cü maddəsinə əsasən 2800 manat cərimə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 400 saat ictimai işlərlə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəzası icra edildiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əsədzadə X2 şəhəri, ünvan 1 ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun istintaq zamanı və məhkəmədə təqsirini qismən etiraf etməsini CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 51,974 qram olan narkotik vasitə heroin, 151,669 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 sentyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 51,974 qram olan narkotik vasitə heroin, 151,669 qram psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Müşfiq Məmmədov

3. Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar