Məhkəmə qərarları › İş №1(099)-309/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-309/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-309/2023 26.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X14, X5, X11, zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs və müdafiəçi-Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə 11 avqust 1981-ci ildə Sabirabad rayonu Navadan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonu Nərimankənd kəndi ərazisində, kənddaxili yolda özünə məxsus “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda yolun sola doğru döngəli olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı və yolun sola döngəli hissəsində döngə istiqamətdə avtomobilin hərəkət hissəsində dayanıqlı hərəkətini təmin etməli olduğu halda, həmin tələbləri pozduğu üçün idarəetməni itirərək avtomobili düzünə hərəkət etdirməklə yol kənarındakı su kanalına aşırmış, nəticədə o, ehtiyyatsızlıqdan avtomobildə əyləşmiş sərnişin Qanuni nümayəndə qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol göz yuvasının bayır divarının, sol haymor boşluğunun yuxarı divarının sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığına az ağır, Zərərçəkmiş şəxs isə açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, serebral koma, alın sümüyünün, üz skeleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, alın və qaşüstü nahiyələrdə yaralarla müşayiət olunan həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurulmasına, eləcə də sərnişinlər X1 təpə sümüklərinin açıq qəlpəli basılmış sınığı, təpə, alın, gicgah nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, təpə-alın nahiyələrində yaralarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, başın açıq küt travmasından, X2 alın sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə, alın nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, sağ və sol almacıq sümüklərinin, burun sümüyünün qapalı sınıqları, alın nahiyələrində, sol əlin üst səthində yaralar, sağ və sol gözün alt və üst qapaqlarında hematoma ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, başın açıq küt travmasından və X4 isə sağ gicgah və alın sümüyünün açıq sınığı, sağ gicgah təpə, alın nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, alın və alt çənədə yaralar, sol baldır sümüklərinin qapalı sınığı, hər iki gözün alt və üst qapağında hematoma, çənəaltı nahiyədə, sol dirsək oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadrantında sıyrıqlar ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, başın açıq küt travmasından ölümlərinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Nərimankənd kəndində yerləşən şadlıq sarayında qonşusunun qızının toy mərasimi olmuş, həmin toydan çıxarkən özünə məxsus olan VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda həyat yoldaşı Günay, qızı Gülay, arxa oturacaqda isə həmkəndliləri və qoşuları Elnarə Hacıyeva, Nailə Mahmudova və X3 Hacızadə əyləşmişlər. O, maşını evə tərəf sürməyə başlamış. Nərimankənd kəndinin qutaracağında Əhmədabad kəndinin isə girişində hərəkətdə olan zaman, qarşıda Şuluz deyilən yerdə kanal olmuş və kanala çatmamış sola dönməli olmuşdur. Lakin gözünə işıq düşdüyündən birbaşa kanala düşmüşdür. Həmin vaxt avtomobili saatda 50-55 km sürətlə idarə edirmiş. Hadisədən sonra o da xəsarət aldığından özündə olmamışdır. Yeddi gün xəstəxanada komada olmuşdur. Şirvan şəhər mərkəzi xəstəxanasında özünə gəldikdən sonra bilmişdir ki, hadisə nəticəsində Elnarə Hacıyeva və X13 rayon mərkəzi xəstəxanasında ölmüşdür. Həyat yoldaşı Günay Həsənova isə Şirvan şəhər mərkəzi xəstəxanasında ölmüşdür. Avtomobildə olan digər sərnişinlər Səlamət və Gülay isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Törətdiyi əməlindən peşmandır, bütün zərərçəkmiş şəxslərlə barışmışdır, vəfat edənlərdən biri də arvadıdır, himayəsində isə iki azyaşlı uşağı vardır, uşaqlar isə anaların itirdiyindən bütün ümidləri onadır. Məhkəmədən bunların nəzərə alınmasını, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Qaratəpə kənd məktəbində 6-cı sinifdə oxuyur. Hadisə günü atası Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toya getmişlər, toydan çıxdıqdan sonra həmin vaxt avtomobili atası Famil idarə etmiş, qabaq sağ oturacaqda anası Günayla özü əyləşmiş, arxa oturacaqda isə qohumları Elnarə Hacıyeva, Nailə Mahmudova və Zərərçəkmiş şəxs əyləşmişlər və birlikdə evlərinə tərəf getmişlər. Nərimankənd kəndindəki yolda hərəkət edən zaman, atası Təqsirləndirilən şəxs qəza törətmişdir. Hadisədən sonra özündə olmamış, heçnəyi xatırlamır. Hazırda atasından heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Atası Familə cəza verilməməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Nailə Mahmudova onun bacısıdır. Hadisə günü bacısı, bacısı qızı və nəvəsi Familin maşınında toydan evə qayıdırlarmış. Yolda qəza olub, nəticədə bacısı və bacısı qızı vəfat edib. Maşında həmçinin Familin arvadı və qızı da olub. Qəzadan sonra ona zəng gəlib, dərhal hadisə yerinə getmişdir. Lakin hadisə yerinə çatdıqda onları artıq təcili tibbi yardım maşını xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs yasın xərclərinə və qəbir daşının düzəldilməsinə maddi yardım edib, yas mərasimlərində iştirak edib, onunla barışmışdır, Familə qarşı heç bir şikayəti və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Günay Həsənova onun bacısıdır. Hadisə günü evdə olub, eşitmiş ki, Famil qəza törədib, onları Sabirabad Rayon Xəstəxanasına aparıblar. Dərhal xəstəxanaya getmiş, oradan da öyrənmiş ki, artıq bacısı Şirvan Şəhər Xəstəxanasındadır. Bundan sonra Şirvan şəhərinə getmiş, bacısı üç gün xəstəxanada qalmış, daha sonra isə vəfat etmişdir. Yas mərasiminin xərcini Familin özü vermiş, qəbir daşın isə özləri düzəltdirmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədən Familə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X7 mərhum həyat yoldaşı, X8 isə mərhum qayınanasıdır. Hadisə olan günü arvadı, oğlu və qayınanası birlikdə qonşu kəndə toya getmişlər, toydan çıxanda isə qonşuları Familin maşını ilə qayıtmışlar. Həmin gün bir nəfər ona Nərimankənd kəndində “şuluz” deyilən yerdə qəzanın baş verdiyini, onun yaxınlarının da həmin hadisədə xəsarət aldıqlarını demişdir. O da dərhal hadisə yerinə gələndə orada polis əməkdaşları və kənd camaatını görmüşdür. Orada olan şəxslər ona Təqsirləndirilən şəxs avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyini, avtomobildə əyləşən sərnişinlərin də xəsarət aldıqlarından Sabirabad rayon mərkəzi xəstəxanasına apardıqlarını demişlər. Ona görə də dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanaya çatanda həkimlər ona qaynanası Nailə Mahmudovanın və həyat yoldaşı Elnarə Hacıyevanın dünyasını dəyişdiklərini demişlər. Təqsirləndirilən şəxs yas mərasimlərində iştirak edib, hüzr və qəbirüstü abidənin xərclərinə köməklik göstərib, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratəpə kəndində yaşayır. Əhmədabad kənd tam orta məktəbində 9-cu sinifdə oxuyur. Hadisə günü, anası, nənəsi ilə birlikdə Familin maşınında Nərimankənd kəndində Səma şadlıq sarayında qonşularının toy məclisinə getmişlər, həmin toydan çıxanda, o, anası Elnarə Hacıyeva, nənəsi Nailə Mahmudova qonşuları Təqsirləndirilən şəxs idarə etdiyi avtmobillə evlərinə gəlmək üçün avtomobilə əyləşmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili idarə etmiş, qabaq sağ tərəfdə Familin arvadı Günay Həsənova və qızları Qanuni nümayəndə əyləşmişlər. Özü, anası və nənəsi isə arxa oturacaqda əyləşmişlər. Həmin vaxt başı telefona qarışmış, ayılanda isə gözünü xəstəxanada açmışdır. Hadisə nəticəsində anası Elnarə Hacıyeva, nənəsi Nailə Mahmudova və Familin arvadı Günay Həsənovanın vəfat etdiklərini öyrənmişdir. Hadisə nəticəsində özü və Familin qızı Qanuni nümayəndə də xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs bağışlayır, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, vurulmuş ziyan ödənilmişdir, Famil barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün, zərərçəkmiş şəxsin hüquqi varislərinin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Sabirabad rayonu Nərimankənd kəndi ərazisində baş vermişdir. Hadisə yerinə baxış Sabirabad rayonu Nərimankənd kəndində üzü həmin kənddə “şuluz” deyilən yer istiqamətində dayandıqda aparılmışdır. Hadisənin baş verdiyi yol asfalt örtüklü, quru, hamar olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı maneə yoxdur. Asfaltın eni 5,7 metr, sol ehtiyyat hissəsinin eni 1,40 metr, sağ ehtiyat hissəsinin eni isə 1,30 metrdir. Hadisənin baş verdiyi ərazidə maksimum sürəti 50 km/saata qədər məhdudlaşdıran yol nişanı vardır. Hadisənin baş verdiyi yoldan sağ və sol tərəflərdə ehtiyat hissə və yaşayış evləri yerləşir. Hadisə yerinə baxış süni işıqlandırma şəraitində keçirildi. Hadisə yerində “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun qarşı tərəfindəki su kanalına düşmüş vəziyyətdə aşkar edilmişdir. (c 1, i.v 6-10). İş materiallarında olan sərxoşluq hallarının yoxlanılmasına dair aparılan 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra müayinə olunan zaman ayıq olmuşdur. (c 1, i.v 16). İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki, sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, hadisə zamanı avtomobili idarə etdiyi yolu və avtomobilini su kanaılna aşırdığı yeri göstərmişdir. (c 1, i.v 23-26). İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X14 zərər çəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 29). İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X5 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 36). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( c 1, i.v 41). İş materiallarında olan X1 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda təpə sümüklərinin açıq qəlpəli basılmış sınığı, təpə, alın, gicgah nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, təpə-alın nahiyələrində yaralar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. N.A.Mahmudovanın ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. ( c 1, i.v 45-49). İş materiallarında olan X2 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 28 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda alın sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə, alın nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, sağ və sol almacıq sümüklərinin, burun sümüyünün qapalı sınıqları, alın nahiyələrində, sol əlin üst səthində yaralar, sağ və sol gözün alt və üst qapaqlarında hematoma-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. E.H.Hacıyevanın ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. (c 1, i.v 50-54). İş materiallarında olan X4 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 30 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda sağ gicgah və alın sümüyünün açıq sınığı, sağ gicgah təpə, alın nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, alın və alt çənədə yaralar, sol baldır sümüklərinin qapalı sınığı, hər iki gözün alt və üst qapağında hematoma, çənəaltı nahiyədə, sol dirsək oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadrantında sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. G.H.Həsənovanın ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. (c 1, i.v 55-60). İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X11 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 62). İş materiallarında olan xx.xx.2022-ci il tarixli X14 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. (c 1, i.v 67). İş materiallarında olan xx.xx.2022-ci il tarixli X5 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. (c 1, i.v 68). İş materiallarında olan Zərərçəkmiş şəxs adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 899 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, serebral koma, alın sümüyünün, üz skeleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, slın və qaşüstü nahiyələrdə yaralar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (c 1, i.v 69- 72). İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş kimi tanımmış və bu barədə qanuni nümayəndəsi X10 bildirilmişdir. (c 1, i.v 77). İş materiallarında olan Qanuni nümayəndə adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 900 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol göz yuvasının bayır divarının, sol haymor boşluğunun yuxarı divarının sınıqları küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (c 1, i.v 82-85). İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, yetkinlik yaşına çatmayan Qanuni nümayəndə iş üzrə zərər çəkmiş kimi tanımmış və bu barədə qanuni nümayəndəsi X15 bildirilmişdir. (c 1, i.v 92). İş materiallarında olan Sabirabad RİHB-nın Qaratəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 172 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.2006-cı il təvəllüdlü oğlu və xx.xx.2010-cu il təvəllüdlü qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 99-100). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/405 nömrəli rəyindən görünür ki: “VAZ- 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (c 1, i.v 101-104). İş materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli, 109 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, alın sümüyündə sol tərəfli basılmış, qəlpəli yerdəyişmiş sınıqlar, sol almacıq qövsündə, hər iki haymor boşluğunun bayır divarında sol göz yuvasının sol divarında və damında, burun sümüyündə, əsas sümüyün sol qanadında, sfenoidal sinusun sol kamerasının divarında, əng sümüyünün sol şaxəsində, alt çənənin sol şaxəsində çənə boynuna yaxın hissədə sınıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (c 1, i.v 107-110). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (c 1, i.v 146-147). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən 08 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonu Nərimankənd kəndi ərazisində, kənddaxili yolda özünə məxsus “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan 3 nəfər şəxsin ölümünə, bir nəfər şəxsin sağlamlığına ağır, bir nəfər şəxsin sağlamlığına isə az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən CM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri, eləcədə zərərçəkmiş şəxslər ilə barışdığını, onun tərəfindən zərərçəkmiş şəxslərin hüquqi varisinə və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxsin birinin (Günay Həsənovanın) onun yaxın qohumu arvadı olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində ağır xəsarət alması, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqlarının olması CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2- ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2- ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli, müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonu Nərimankənd kəndi ərazisində, kənddaxili yolda özünə məxsus “VAZ-2106” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan 3 nəfər şəxsin ölümünə, bir nəfər şəxsin sağlamlığına ağır, bir nəfər şəxsin sağlamlığına isə az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətsə də, törətdiyi cinayət barədə səmimi etiraf etmiş, həmin hadisədən sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslər ilə barışmış, nəticədə zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, habelə o, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zaman barışıq əldə etmiş, bundan başqa, o və onun ailə üzvləri zərərçəkmiş şəxslərin yas mərasimində dəfələrlə iştirak etmişlər, zərərçəkmiş şəxslərin qəbr daşını düzəltdirmişlər, dəfn və yas mərasiminin xərclərini ödəmişlər. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varislərinə, zərərçəkmiş şəxslərə və sonuncuların ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Eyni zamanda ölmüş zərərçəkmiş şəxlsərdən biri onun arvadı, zərərçəkmiş şəxslərdən biri isə öz uşağı olmuşdur. Bu hal isə təqsirləndirilən şəxsin mənəvi əzab və iztirablarını xüsusilə dərinləşdirmişdir. Hadisə nəticəsində həm arvadını itirmiş, uşaqları isə ana himayəsindən məhrum qalmış, həm də azyaşlı uşağı az ağır xəsarət almışdır. Eyni zamanda baş vermiş hadisədə təqsirləndirilən şəxsin özü də ağır xəsarət almışdır. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.1ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 85 (səksən beş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür Hakim: Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar