Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-309/2025 15.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, baş ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Masallı rayonu Sərçuvar kəndində yaşamış, 12 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(050)-3/2025 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Biləsuvar Rayon Məhkəməsinin 06 fevral 2025ci il tarixli, 1(022)26/2025 nömrəli hökmü ilə üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşınması və saxlanılması barədə istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əldə etdiyi razılığa əsasən İran İslam Respublikası vətəndaşı xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitələr heroini və qurudulmuş marixuananı Masallı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən istifadədə olmayan yanacaqdoldurma məntəqəsinin həyətində gizlədilməsini təmin edib bu barədə “WhatsApp” mobil-internet tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra 12 yanvar 2025-ci il tarixdə saat 01 radələrində həmin yerə gedib orada gizlədilmiş 1 ədəd əl çantasında olan xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, külli miqdarda narkotik vasitələr heroin və qurudulmuş marixuananı götürüb üzərində saxlamaqla daşımış, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həmin gün saat 01:29-da keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Təzəkənd kəndi ərazisində saxlanılmış, orada üzərinə keçirilən yoxlama zamanı əlində olan bir ədəd çantadan 01 ədəd bükülüdə xüsusilə külli miqdarda-1235,0 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükülüdə külli miqdarda- 690,0 qram narkotik vasitə heroin və 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri-970,0 qram, 980,0 qram, 980,0 qram və 975,0 qram olmaqla ümumilikdə külli miqdarda-3905,0 qram orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, İranlı 1-2 dəfə şəxsi istifadəsi üçün 1-2 qram narkotik vasitə atmış, o da atdığı narkotiki götürmüşdür. Sonra bir dəfə də iranlı ona sənin üçün narkotik vasitə atmışam get götür demişdir. İranlının atdığı narkotik vasitəni götürməyə getmiş, həmin yerdə ağ balaca bir sumka olduğunu görmüş, həmin sumkanı götürmüş, sumkanı götürdükdən sonra səs eşitmişdir. Səs eşitdikdən sonra götürərək əlində saxladığı sumkanı kolluğa atmışdır. Daha sonra polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuananı boynuna götürməsən oğlunu da sənə qoşacağıq demişlər. Məcbur olub polis əməkdaşlarının dediklərini qəbul etmişdir. O az miqdarda narkotik vasitə qrudulmuş marixuana götürmək üçün getmişdir. Narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, telefonda danışdığı adam ola bilsin ki, iranlı deyil polis əməliyyatçısı olmuşdur. Danışdığı adam özünü ona Səid adı ilə təqdim etmişdir. Həmin şəxs ona Masallı rayonu, Sərçuvar kəndində köhnə yanacaqdoldurma məntəqəsinin yanında narkotik qoyacağını demişdir. İranlı atdığı sumkaya çatan zaman ayaq səsləri eşitmiş, səs eşidən kimi qaçmışdır. Sumka balaca sumka olmuşdur. Polis əməkdaşları ayrı sumka gətirmişlər, ona həmin sumkanı götürməli olduğunu demişlər. Oğluna görə məcbur qalaraq həmin sumkanı götürmüşdür. Polislər atdığı sumkanı deyil, başqa sumkanı ona vermişlər. Polis əməkdaşları onu 11 yanvar 2025-ci il tarixdə axşam saat 22-23 radələrində saxlamışlar. Onunla telefonla danışan adam onu birinci dəfə iran nömrəsi ilə yığmışdır. Onu yığan nömrə qəribə nömrə olmuş, ona narkotik vasitə təklif etmiş, o da qəbul etmişdir. Onu yığan iranlı ilə 3 dəfə danışmışdır. İranlının ona birinci dəfə göndərdiyi narkotik vasitə 50-60 manatlıq olardı, ona görə pul verməmişdir. İranlının kartına pul atmamışdır. İranlı ikinci dəfə də ona 50-60 manatlıq narkotik vasitə göndərmişdir. İranlının üçüncü dəfə ona göndərdiyi narkotik vasitə 100-150 min manatlıq olardı. Onunla telefonla danışan adamla görünütülü danışmamışdır. Özünə məxsus olan mobil nömrəni hal-hazırda xatırlamamışdır, nömrəsini yadından çıxarmışdır. Onu saxlayan və döyüb, incidən polis əməkdaşlarının adlarını bilməmişdir. İstintaq zamanı vəkil yanında olmuş və ona polis əməkdaşlarının yanında suallar vermişdir. Vəkiliylə bir yerdə cinayət işi ilə tam tanış olmamışdır. Sumkanı götürməyə gedərkən tək olmuş, oğlu yanında olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli məhkəmə hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində demişdir ki, 2016cı il tarixdə Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ona 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. O, əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Təxminən 1 ay bundan əvvəl dəqiq xatırlamadığı tarixdə istifadəsində olan “Mİ” markalı mobil telefonunun whatsapp ani mesajlaşma tətbiqinə +98 ***-***-**-** saylı nömrədən ona zəng gəlmiş və o, telefona cavab verdikdə həmin şəxs özünü ona İran İslam Respublikasının vətəndaşı və adının Səid olduğunu bildirmişdir. Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə Səid adlı şəxslə danışdıqdan sonra ona demişdir ki, nə vaxt narkotik vasitə lazım olarsa ona göndərə bilər. O, həmin şəxsə narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini və imkanı varsa pay göndərməsini xahiş etmişdir. Səid adlı həmin şəxs heç bir problem olmadığını demişdir. Təxminən 10-15 gün bundan əvvəl 2 dəfə olmaqla Səid adlı şəxs onun üçün köhnə Masallı-Lənkəran avtomobil yoluna bir büküm narkotik vasitə marixuana qoymuşdur. O, oradan marixuananı götürüb istifadə etmişdir. 09 yanvar 2025-ci il tarixdə Səid adlı İran vətəndaşı ilə növbəti dəfə danışan zaman ona içərisində narkotik vasitə olan 1 ədəd əl çantasını Masallı rayonu, Təzəkənd kəndi ərazisində gizlədəcəyini və onun həmin çantanı götürməli olduğunu bildirmişdir. O, da Səid adlı şəxsə demişdir ki, çantanı qoyarkən ona xəbər etsin. 11 yanvar 2025-ci il tarixdə axşam saatlarında Səid adlı şəxs ona yenidən zəng etmiş və Masallı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən köhnə yanacaqdoldurma məntəqəsinin dirəyinin yanına qoyduğunu demiş və həmin yerin şəkillərini ona göndərmişdir. O, həmin yeri tanımamışdır. Lakin onun oğlu Şahid6 yaşadığı Sərçuvar və Təzəkənd kəndləri ərazisində mütəmadi olaraq moruq yığmaq üçün gedirmiş. O, Səid adlı şəxsin ona göndərdiyi, yəni içərisində narkotik vasitə olan əl çantasını qoyduğu yerin şəklini oğlu Nadirə göstərmiş və həmin yeri tanıyıb-tanımadığını soruşmuşdur. Bu zaman oğlu Nadir şəkildəki yerin Təzəkənd kəndinin giriş hisəssində olduğunu və həmin yeri ona göstərə biləcəyini demişdir. O, oğlu Nadirdən xahiş etmişdir ki, onu həmin yerə aparsın. Lakin oraya hansı məqsədlə getdiyini bildirməmişdir. Oğlu Nadir də heç bir söz demədən, həmin yeri aparıb ona göstərəcəyini bildirmişdir. 12 yanvar 2025-ci il tarixdə gecə saat təxminən 00:20 radələrində o, oğlu Nadirlə evdən çıxmış və piyada olaraq Masallı rayonu, Təzəkənd kəndi istiqamətinə getmişdir. Saat təxminən 01:25 radələrində onlar həmin yerə çatmış və oğlu köhnə yanacaqdoldurma məntəqəsini göstərərək şəkildəki yerin həmin yer olmasını demişdir. O, oğlu Nadirə bir qədər kənarda dayanıb gözləməsini bildirmiş və özü oraya yaxınlaşıb yanacaqdoldurma məntəqəsinin dirəyinin yanına qoyulmuş əl çantasını götürüb geri qayıtmaq istəmişdir. Elə bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək Toğrul, Şərif, İsmayıl və Elçin adlı şəxslər olmasını bildirmişdir və bir nəfər Ramal adlı şəxs isə videokamera ilə onları çəkmişdir. Toğrul adlı polis əməkdaşı ona külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımasında və satışında şübhəli olduğunu demiş, üzərində və əl çantasında hər hansı qanunla qadağan olunmuş maddə, əşya varsa tədqim etməsini istəmişdir. Başqa çıxış yolu olmadığı üçün polis əməkdaşlarına əl çantasında narkotik vasitələrin olduğunu bildirmiş və əl çantasını onlara təqdim etmişdir. Həmin bağlamanın ağzı Şahid1 tərəfindən açılaraq içərisinə baxılmış və içərisində 4 ədəd bükümdə qurudulmuş marixuana, 1 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin olduğu məlum olmuşdur. O, həmin narkotik maddələrin vatsappda tanış olduğu İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxs tərəfindən ona göndərildiyini, yanındakı şəxsin oğlu Nadir Ağayev olmasını, oğlu Nadirin əl çantasında narkotik vasitələrin olmasından xəbərinin olmadığını, əl çantasının içərisindəki narkotik vasitələri götürüb başqa yerdə gizlədəcəyini və qarşılığında iranlı şəxs tərəfindən 1000 manat pul alacağını bildirmişdir. Bundan sonra 4 ədəd bükümdə qurudulmuş marixuana, 1 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin elektron tərəzidə bir-bir çəkilmiş və marixuananın 1-ci bükülünün çəkisi 1,065 kq, 2-ci bükülünün çəkisi 1,065 kq, 3-cü bükülünün çəkisi 1,065 kq, 4-cü bükülünün çəkisi 1,065 kq, 1 ədəd bükümdə heroinin çəkisi 730 qram və 1 ədəd bükümdə metamfetaminin çəkisinin isə 1,260 kq olduğu məlum olmuşdur. Sonra həmin narkotik maddələr və psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra onun və oğlu Nadirin üzərinə yoxlama baxışı keçirilmiş, üzərindən başqa hər hansı bir şey aşkar edilməsə də, onun və oğlu Nadirin üzərindən mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra onu və oğlu Nadiri polis əməkdaşları Masallı RPŞ-yə gətirmiş, polis şöbəsində təhqiqatçı Əli Sadıqov onların iştirakı ilə aşkar edilərək götürülmüş narkotik maddələrə və psixotrop maddəyə yenidən baxış keçirib protokol yazmış və onlar həmin protokolu imzalamışdır. Sonra təhqiqatçı Əli Sadıqov onu şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxt o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra onun istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili X7 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş və ona təqdim edilmişdir. Həmin “Səid” adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamışdır. 12 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə yoxlama aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. O, Səid adlı şəxsin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının Gömrük nəzarətindən kənar keçirməsi barədə məlumatı olmuş, lakin həmin pisxotrop maddəni və narkotik vasitələri kimlərin vasitəsilə və hansı üsulla Azərbaycan Respublikası ərazisinə keçirdiyini bilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında içərisində psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuanalar olan sumkanı götürməməsi, həmin predmetlərin olduğunu sumkanın polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, oğlunun polis əməkdaşları tərəfindən sənədləşdirilməməsi üçün üzərinə qoyulmuş psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuananın özünə məxsus olmasına dair etiraf edici ifadə verməsi, polis əməkdaşları tərəfindən 11 yanvar 2025-ci il tarixdə saat 22-23 radələrində saxlanılması, ibtidai istintaq zamanı hüquqlarının müdafiəçisi tərəfindən keyfiyyətli müdafiə olunmaması, narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmaması ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatında Masallı rayonu, Sərçuvar kənd sakini Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitə dövriyyəsində və satışında şübhəli olduğu bildirilmişdir. “Raport”la rəisə məruzə etmiş, sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, kriminalist Şahid2, PPX-nin polis nəfəri Şahid5 və Şahid4 daxil edilmişlər. Təqsirləndirilən şəxs Təzəkənd ərazisində köhnə yanacaqdoldurma məntəqəsinin həyətindən külli miqdarda narkotik vasitə götürəcəyi barədə dəqiq məlumat almışdır. Dərhal qrupun üzvləri ilə həmin əraziyə gedilmiş, saat 01 radələrində Təqsirləndirilən şəxs əlində çanta ilə gəldiyini görmüşlər. Videoçəklişlə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya və predmet varsa təqdim etməsini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan çantada narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs əlində olan çanta onun tərəfindən açılmış və çantanın içərisindən 4 (dörd) ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 (bir) ədəd narkotik vasitə heroinə bənzər kütlə və 1 (bir) ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə aşkarlanmış, elektron tərəzi vasitəsi ilə çəkilmiş, daha sonra tərəfindən qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkliş vasitəsi ilə yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs və oğlu Şahid6 üzərindən bir ədəd telefon aşkarlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etdiyini soruşdurqda Təqsirləndirilən şəxs narkotik vasitələri “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “Səid” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 1000 manat müqabilində iranlı “Səid” adlı şəxsin deyəcəyi yerə aparacağını bildirmişdir. Saxladıqları yerdə protokol tərtib etmək üçün şərait olmadığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmiş və RPŞ-də təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən Şahid6 onun yanında olmuş, lakin Təqsirləndirilən şəxs oğlu Nadirin psixotrop maddə və narkotik vasitələr götürəcəyindən xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən gecə saat 01 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təziq olunmamışdır. Videoçəkliş kirminalist tərəfindən aparılmış, ola bilər bir az gec çəkilişə başlanılmışdır. Onlar iran vətəndaşı kimi Təqsirləndirilən şəxsla danışmamışlar. Dindirilmiş şahidlər Şahid3 və Şahid5 ifadələrində Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, axşam olan zaman atası Təqsirləndirilən şəxs onu çağırmışdır ki, bir yer var ora gedək. O da atasıyla bir yerdə getmiş, atasıyla gedərkən polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Bundan sonra onları saxladıqları yerə gətirmişlər. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, onlar Masallı rayonu Sərçuvar kəndində yaşamışlar, polis əməkdaşları isə onları Təzəkənd kəndində saxlamışlar. Evlərindən çıxdıqdan sonra atası ilə 1 saat müddətində yol getmişlər. Atası ondan ayrılıb, köhnə yanacaqdoldurma məntəqəsinə girmiş, oradan çıxdıqdan sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları saxlayan zaman silah atmışlar, atasının yanacaqdoldurma məntəqəsindən çıxdığını görməmişdir. Polis əməkdaşları onları saxlayan zaman ərazidə su olmuş, o da özünü həmin suya atmışdır. Atasının əlində nəsə olduğunu görməmişdir. Polis əməkdaşları onları saxladıqdan sonra polis şöbəsinə aparmışlar, polis şöbəsində onları 2 saat saxladıqdan sonra onları saxladıqları yerə gətirmişlər. Polis əməkdaşları onu polis şöbəsində döymüşlər. Polis əməkdaşlarının atasını döydüklərini görməmişdir. Atası ilə bir yerdə hər hansı bir sumka götürməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuşdur. 11 yanvar 2025-ci il tarixdə axşam saatlarında atası Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən onu yanına çağırmışdır. O, atası Farizin yanına getmiş və atası Fariz özünə məxsus telefonda ona şəkil göstərərək şəkildəki yerin hara olmasını soruşmuşdur. O, da kənd uşaqları ilə yaşadığı Sərçuvar və Təzəkənd kəndi ərazisində moruq yığdığı üçün atasının ona göstərdiyi şəkildəki yeri tanıyıb Masallı rayonu, Təzəkənd kəndinin giriş hissəsində olan köhnə yanacaqdoldurma məntəqəsi olduğunu bildirmişdir. Atası ondan xahiş etmişdir ki, bir qədər sonra onunla gedib həmin yeri göstərsin. O da atası Farizdən heç bir söz soruşmayıb razılaşmışdır. Çünki həmişə atasından nəyisə soruşanda onun üstünə əsəbləşib qışqırırmış. Gecə saat təxminən 01:20 radələrində atası və o, evdən çıxıb Təzəkənd kəndi istiqamətinə getmiş və həmin yerə çatmağa az qalmış atası ona demişdir ki, burada gözləsin. Özü bir qədər irəli getmiş, şəkildəki yanacaqdoldurma məntəqəsinin həyətinə daxil olmuş və əlində çanta ilə geri qayıtmışdır. O, yenə də atasından heç bir söz soruşmamışdır. O və atası geri qayıtmaq istəyərkən polis əməkdaşları onlara yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirib atasından çantada və üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmadığını soruşmuşlar. Bu zaman atası Fariz əlindəki çantanı polis əməkdaşlarına uzatmış və içərisində narkotik vasitələr olmasını bildirmiş və o, bu zaman çox təəcüblənmişdir. Çünki o, atasının götürdüyü çantada narkotik vasitə olmasını bilməmişdir. Daha sonra polis əməkdaşları çantanı açıb içərisində ümumilikdə 06 ədəd bükümü çıxarmışlar və sonra tərəzi ilə çəkmişdirlər. Tərəzi ilə çəkərkən eşitmişdir ki, həmin bükümlərdəki psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana və heroindir. Daha sonra polis əməkdaşları onları Masallı RPŞ-nə gətirmişdirlər. Atası Fariz həmin yeri tanımadığından ondan xahiş etmişdir ki, onu həmin yerə aparsın. Lakin o, atası Farizin oraya içərisində narkotik vasitələr və psixotrop maddə olan çantanı götürmək üçün getdiyini bilməmiş, bilsəydi atası Farizlə həmin yerə getməzdi. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, atasının əlində sumka görməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 12 yanvar 2025-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, H.Abdullayev küçəsi, ev 11\46-da qeydiyyatda olmaqla, Masallı rayonu, Sərçuvar kəndində yaşayan Təqsirləndirilən şəxs Masallı rayonu, Təzəkənd kəndi ərazisində saxlanılaraq orada baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus çantadan 01 ədəd bükülüdə təmiz çəkisi 690,0 qram təşkil edən külli miqdarda narkotik vasitə heroinin, 01 ədəd bükülüdə təmiz çəkisi 1235,0 qram təşkil edən xüsusilə külli miqdarda psixotrop maddə metamfetaminin və 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -970,0 qram, 980,0 qram, 980,0 qram, 975,0 qram olmaqla, ümumi təmiz çəkisi 3905,0 qram təşkil edən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı ilə əlaqədar toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1-82) -“əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 Masallı rayonu, Təzəkənd kəndi ərazisində saat 01:29 radələrində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və Şahid6 hüqüq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüqüqları izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmışdır. Üstünə yoxlama və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olmadığını, lakin saxlanılarkən əlində olan İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələrin əl çantasında olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin çantanın ağzini açaraq ordan qara rəngli bükülüləri təqdim etmişdir. Həmin bağlama tərəflərindən açıldıqda içərisində 6 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərə baxış keçirildikdə 4 bükümün içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 bükümün içərsində narkotik maddə olan heroin, 01 bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. 04 ədəd bükülü ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, bükümlərlə birlikdə ayrı-ayrılıqda hər birinin çəkisinin 1065 qram, 1065 qram, 1065 qram, 1065 qram olması müəyyən edilmişdir. Bundan başqa aşkar edilmiş 01 büküm narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 730 qram olması və 01 büküm metamfetaminə bənzər kütlə də elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 1260 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, təqdim etdiyi bükülülərdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, narkotik vasitə olan heroinə bənzər kütləni və psixotrop maddə metamfetaminə bənzər kütləni “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu, adını “Səid” kimi bildiyi İran İslam Respublikası vətəndaşından əldə etdiyini, eyni zamanda əvvəllər də həmin şəxsdən 2-3 dəfə istifadə etmək üçün Masallı rayonu ərazisinə narkotik vasitələr almasını və həmin narkotik vasitəni əldə edərək istifadə etməsini və oğlu Şahid6 əvvəlcədən onun narkotik vasitə əldə edəcəyindən xəbərsiz olduğunu bildirmişdir. Sübut əhəmiyyətinə malik olduğu üçün qurudulmuş marixunaya bənzər kütlələr, narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılmış, saxlanılan şəxslər və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “01” ədəd “Ml” markalı mobil telefon aşkar olunmuşdur. Sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd "Ml” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Həmçinin Şahid6 atası Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Şahid6 üstünü yoxlamağa başlamışlar. Şahid6 üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamış, lakin bir ədəd “ROSSO” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (i.v.9-11) -“əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Masallı RPŞ-də Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, saxlaması, külli miqdarda daşıması və satması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 12 yanvar 2025-ci il tarixdə saat 01:29 dəqiqədə Masallı rayonu, Təzəkənd kəndində hərəkət edən zaman oğlu Şahid6 ilə bilrikdə saxlanılaraq əlində olan İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələrin əl çantasında olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin çantanın ağzını açaraq oradan qara rəngli bükülüləri təqdim etmişdir. Həmin bağlama tərəfindən açıldıqda içərisindən 06 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərə baxış keçirildikdə 04 bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 bükümün içərisində narkotik maddə olan heroin, 01 bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa aşkar edilmiş 01 büküm narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 700 qram olması və 01 büküm metamfetaminə bənzər kütlə də elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 1255 qram olması müəyyən edilərək, 01 ədəd bağlamada qablaşdırılması və 2 ədəd mobil telefon raportda qeyd olunmuş və aidiyyəti üzrə təhqiqata təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd bağlama və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Həmin bükümlər tərəfindən açıldıqda içərisindən 06 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərə baxış keçirildikdə 4 bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 bükümün içərisində narkotik maddə olan heroin, 01 bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa aşkar edilmiş 01 büküm narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 700 qram olması və 01 büküm metamfetaminə bənzər kütlə də elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 1255 qram olması, 04 ədəd bükümlərin ayrıayrılıqda hər birinin çəkisinin 1060 qram, 1015 qram, 1015 qram, 1015 qram olması müyyən edilmişdir. Sonra həmin kütlələr və mobil telefonlar yenidən qablaşdırılaraq götürülmüşdür.(i.v.13-15) -“cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:25-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.19-20) -“cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid6 həmin tarixdə saat 03:45-də şübhəli şəxs qismində tutulmuşdur.( i.v.44-45) -“tutulmuş şəxsin azad edilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şahid6 azad edilmişdir.(i.v.66-67) -“materialların məhkəmə ekspertizası, məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 12 yanvar 2025-ci il tarixli, 19\09 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus narkotik vasitələr olan bükümlər.....” sözlər və imzalar olan bir ədəd çantadakı, 1 ədəd bükülüdə təmiz çəkisi:-690,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi: -1235,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir və 4 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri:-970,0 qram: - 980,0 qram: -980,0 qram:-975,0 qram; ümumi təmiz çəkisi:-3905,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v.72-76) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Masallı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(050)-3/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli onun tutulduğu vaxtdan, 12 yanvar 2025-ci il tarixdən hesab edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, üzərində aşkar olunan qanunla qadağan edilmiş heroin, metamfetamin və qurudulmuş marixuana ilə bağlı onu deyə bilər ki, 1 ay müddətdir İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, aralarında olan söhbət zamanı razılaşmışlar ki, üzərindən aşkar olunan sumkanı deyilən ünvana çatdıracaq və bunun əvəzinə 1000 manat miqdarında pul alacaqdır. O, sumkanın içində nə olduğunu bilməmiş, maddi çətinlik səbəbindən İran vətəndaşı ilə razılaşmışdır ki, onun sumkasını deyilən ünvana çatdıracaqdır. İran İslam Respublikası vətəndaşı sumkanı Masallı rayonu, Təzə Alvadı kənd ərazisində qoymuş, o, da sumkanı götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırkı iş üzrə özünü təqsirli bilir.(i.v.91-93; 107-111) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 689,9 qram narkotik vasitə heroin, qalıq çəkisi 1234,9 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi-3904,6 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə olunmuş 1 (bir) ədəd disk, “əməliyyat-axtraış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v.122-123) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 yanvar 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə üzərində satış məqsədilə saxladığı və daşıdığı xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı götürdüyü yeri göstərmişdir.(i.v.129-132) -“mobil telefona baxış keçirilməsi haqqında” 18 yanvar 2025-ci tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “**********26144” İMEİ 1 və “**********26151” İMEİ 2 kodlu “Mİ” markalı 1 ədəd mobil telefona tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə “Whatsapp” mesajlaşma-danışıq proqramında xx.xx.2024-cü il tarixdə saat 00:08-dən xx.xx.2025-ci il tarixdə saat 04:13-dək kimliyi və şəxsiyyəti istintaqa məlum olmayan “Səid” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 901 265 87 31 saylı nömrə ilə külli miqdarda psixotrop maddə metamfetamin narkotik vasitə olan heroin və qurudulmuş marixuananın müəyyən miqdarda pulun qarşılığında Azərbaycan Respublikası ərazisində daşınması ilə əlaqədar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılıq barədə səsli zənglərinin, sms mətn yazışmalarının və fotoşəkillərin olması müəyyən edildiyi üçün, həmin səsli zənglərin, sms mətnin və fotoşəkillərin iş üzrə əhəmiyyətli olduğu nəzərə alınaraq bu barədə protokol tərtib edilməklə mobil telefonun yaddaşından 10 ədəd fotoşəkillər çəkilərək 5 ədəd kağız fotolistə köçürülməklə götürülmüşdür.(i.v.149- 154) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan “**********26144” İMEİ 1 və “**********26151” İMEİ 2 kodlu bir ədəd “Mİ” markalı mobil telefon cihazı maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v.155-156) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 14 yanvar 2025-ci il tarixli, 18 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v.247) -“sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2 və 234.4-1-ci maddələrinə tövsif edilmişdir.(i.v.267-284) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.286) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.(i.v.289-290) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində məhkəmə istintaqında içərisində psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuanalar olan sumkanı götürməməsi, həmin predmetlərin olduğu sumkanın polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, oğlunun polis əməkdaşları tərəfindən sənədləşdirilməməsi üçün üzərinə qoyulmuş psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuananın özünə məxsus olmasına dair etiraf edici ifadə verməsi, polis əməkdaşları tərəfindən 11 yanvar 2025-ci il tarixdə saat 22-23 radələrində saxlanılması, ibtidai istintaq zamanı hüquqlarının müdafiəçisi tərəfindən keyfiyyətli müdafiə olunmaması, narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmaması ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr xüsusi ilə külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş metmafetamin psixotrop maddə, heroin və marixuana isə narkotik hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, heroinin 0,15 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 800 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda-1235,0 qram psixotrop maddə metamfetamin, külli miqdarda- 690,0 qram narkotik vasitə heroin və külli miqdarda-3905,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşınması və saxlanılması barədə İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əldə etdiyi razılığa əsasən İran İslam Respublikası vətəndaşı xüsusilə külli miqdarda-1235,0 qram psixotrop maddə metamfetamini, külli miqdarda-690,0 qram heroini və külli miqdarda-3905,0 qram narkotik vasitə qurudulmuş marixuananı Masallı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən istifadədə olmayan yanacaqdoldurma məntəqəsinin həyətində gizlədilməsini təmin etdikdən sonra bu barədə “WhatsApp” mobil-internet tətbiq proqramı vasitəsilə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrə ilə “Whatsapp” mesajlaşma-danışıq proqramında “Səid” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 901 265 87 31 saylı nömrə ilə psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuananın pulun qarşılığında Azərbaycan Respublikası ərazisində daşınması ilə əlaqədar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib razılığa gəlmələrinədə dair səsli zənglərin, sms mətn yazışmalarının və fotoşəkillərin olması məyyən edilmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı dedikləri barədə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və onu döymələri barədə hər hansı bir müraciətləri olmamışdır. Barəsində həbs qətimkan tədbirisinin seçilməsi məsələsinə baxılan zaman Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, üzərində aşkar olunan qanunla qadağan edilmiş heroin, metamfetamin və qurudulmuş marixuana ilə bağlı onu deyə bilər ki, 1 ay müddətdir İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, aralarında olan söhbət zamanı razılaşmışlar ki, üzərindən aşkar olunan sumkanı deyilən ünvana çatdıracaq və bunun əvəzinə 1000 manat miqdarında pul alacaqdır. O, sumkanın içində nə olduğunu bilməmiş, maddi çətinlik səbəbindən İran vətəndaşı ilə razılaşmışdır ki, onun sumkasını deyilən ünvana çatdıracaqdır. İran İslam Respublikası vətəndaşı sumkanı Masallı rayonu, Təzə Alvadı kənd ərazisində qoymuş, o, da sumkanı götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırkı iş üzrə özünü təqsirli bilir. Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi ekspertizası”nın 14 yanvar 2025ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət məyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertinə bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Masallı rayonu, Təzəkənd kəndində yanacaqdoldurma məntəqəsinin həyətində olarkən mülki geyimli şəxslər onu tutub Masallı RPŞ-nə aparmışlar. Həmin vaxtdan da şöbənin MSY-də saxlanılır. Bu müddət ərzində ona heç kim xəsarət yetirməmişdir. Şikayəti yoxdur. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının narkotik vasitələri və psixotrop maddəni qoyaraq götürmələri, onları satmamasını bildirməsi işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitələri və psixotrop maddələri satmaması, ümumiyyətlə onların satışı ilə məşğul olmamasına münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü xüsusilə ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə tərkibi Şahid6 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi atasının yanacaqdoldurma məntəqəsindən çıxdığını və atasının əlində nəsə olduğunu görməməsi, polis əməkdaşları onları saxladıqdan sonra polis şöbəsinə aparmaları, polis şöbəsində onları 2 saat saxladıqdan sonra onları saxladıqları yerə yenidən gətirmələri barədə ifadəsində bildirdiklərinə tənqidi yanaşır. Məhkəmə tərkibi hesab edir ki, Şahid6 həmin ifadələri verməklə atası Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmasına və ya atasının məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, atası yanacaqdoldurma məntəqəsinin həyətinə daxil olmuş və əlində çanta ilə geri qayıtmışdır. O və atası geri qayıtmaq istəyərkən polis əməkdaşları onlara yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirib atasından çantada və üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmadığını soruşmuşlar. Bu zaman atası Təqsirləndirilən şəxs əlindəki çantanı polis əməkdaşlarına uzatmış və içərisində narkotik vasitələr olmasını bildirmişdir. Polis əməkdaşları çantanı açıb içərisində ümumilikdə 06 ədəd bükümü çıxarmışlar və tərəzi ilə çəkmişdirlər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid6 ilə birlikdə 12 yanvar 2025-ci il tarixdə 01:29-da Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Təzəkənd kəndi ərazisində saxlanılmışdır. Şərh edilənlərə əsasən Şahid6 məhkəmə istintaqında verdiyi ifadənin atasının yanacaqdoldurma məntəqəsindən çıxdığını və atasının əlində nəsə olduğunu görməməsi, polis əməkdaşları onları saxladıqdan sonra polis şöbəsinə aparmaları, polis şöbəsində onları 2 saat saxladıqdan sonra onları saxladıqları yerə yenidən gətirmələri barədə bildirdikləri sübut qismində qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, “məhkəmə-ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə və narkotik vasitələrin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(089)-389/2016 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan 3 (üç) ay 10 (on gün) vaxtından əvvəl şərti azad edilmişdir. 12 dekabr 2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır.(i.v.169-170, 225-230) -Biləsuvar Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 1(022)26/2025 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmışdır.(i.v.251-257) Biləsuvar Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(022)-26/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 1 (022)-26/2025 nömrəli hökmü 28 fevral 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. -Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş 07 mart 2025-ci il tarixli, 225 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadır, himayəsində xx.xx.2009-cu il təvəllüdlü Şahid6, xx.xx.2011-ci il təvəllüdlü Fərid Bağırov adlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.222-223) Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(089)-389/2016 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan 3 (üç) ay 10 (on) gün vaxtından əvvəl şərti azad edilmiş və 12 dekabr 2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 15.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ağır cinayət hesab edilir. Həmin Məcəllənin 15.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi xüsusilə ağır cinayət hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza müddəti 12 dekabr 2022-ci il tarixdə bitmiş, onun cəzasını çəkib qurtardığı gündən altı il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə təhlükəli residiv olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci işi üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cəza təyin olunarkən həmin hal nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 yanvar 2025-ci il tarixdən hesablanmalı, Masallı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(050)- 3/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində (polinarkomaniyadan) (narkomaniyadan) məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Masallı RPŞ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi- 689,9 qram narkotik vasitə heroin, qalıq çəkisi- 1234,9 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi- 3904,6 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan “**********26144” İMEİ 1 və “**********26151” İMEİ 2 kodlu 1 (bir) ədəd “Mİ” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 1(022)26/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə təyin olunmuş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona cinayətlərin məcmusu ilə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 yanvar 2025-ci il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(050)-3/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 689,9 qram narkotik vasitə heroin, qalıq çəkisi 1234,9 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi-3904,6 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 (bir) ədəd “Mİ” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-309/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-309/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver