Məhkəmə qərarları › İş №1(099)-31/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-31/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-31/2022 14.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 18 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə,

1. xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 4, ev 10-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 12 iyun 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və

2. 08 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, ev 18-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 12 iyun 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 və şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə məlum olmayan vaxtda və yerdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən şəxsiyyətləri edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 112-ci kilometrliyini göstərən yol nişanının yanına gətirilib, orada gizlədilmiş bir ədəd sellofan bağlamada qablaşdırılmış, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkilləri 535,0 qram; 540,0 qram; 520,0 qram; 53,230 qram; 55,791 qram; 52,021 qram, 50,857 qram və 53,636 qram olmaqla 8 ayrı-ayrı bükümlərdə ümumilikdə təmiz çəkisi 1860,535 qram narkotik vasitə heroini, təmiz çəkilləri 150,823 qram və 106,377 qram olmaqla 2 ədəd ayrı-ayrı bükümlərdə ümumilikdə təmiz çəkisi 257,2 qram psixotrop maddə metamfetamini və tərkibindəki metadon nakotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən 10 ədəd konvalyutda hər biri 10 ədəd olmaqla ümumilikdə 100 ədəd metadon həblərini əvvəlcədən razılaşdıqları kimi satış məqsədi ilə əldə etməkdən ötrü tanışı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edərək 10 iyun 2021-ci ildə gecə saat 00:00 radələrində sonuncuya məxsus olan, Əlhüseyn Abdullayevin idarə etdiyi, «Khazar » markalı **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələrək Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamanı gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamış, daşıyarkən Biləsuvar rayonu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2021-ci ildə, gecə saat 00:20 dəqiqədə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 108-ci kilometrliyində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd sellofan bağlamada qablaşdırılmış külli miqdarda qeyd olunan narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, döstu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Biləsuvar rayonunda yaşayan əsgər yoldaşları Əlinin yanına getmiş, yolda gedərkən yolu səhv saldıqlarından Əliyə zəng edərək ondan yolu soruşmuş, bu vaxt yol patrul xidmətinin əməkdaşları tərəfindən onların avtomobili saxlanılmış, polis əməkdaşları onları şöbəyə apararaq orada avtomobilə baxış keçirərkən avtomobildə sumka aşkar edilərək götürülmüş, ancaq onların avtomobilində heç bir sumka olmamış, polis əməkdaşlarının təsir-təzyiqi ilə yazılan izahata və ifadəyə imza etmiş, onun iranlı ilə telefon danışığı olmuş, lakin həmin tarixlərdə iranlı ilə danışmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Əlihüseynin təklifi ilə taksi kimi fəaliyyət göstərdiyi avtomobillə Biləsuvar rayonun getmiş, yolda gedərkən yorğun olduğundan avtomobili Əlihüseyn idarə etmiş, yolda yol patrul xidmətinin əməkdaşları tərəfindən avtomobilləri saxlanılmış, avtomobilə baxış zamanı avtomobildən çıxan sumka barəsində heç bir məlumatı olmamış, polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində ifadəsinə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onların məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilərək törədilmiş cinayət haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun uzaq qohumu olmaqla onunla eyni qəsəbədə yaşayır. Bir ildir ki, narkotik vasitədən istifadə etməyə başlamış, “İnistaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ona pul göndərməsini, qarşılığında isə ona narkotik vasitə göndərəcəyini dəfələrlə təklif etmiş, bir dəfə iranlı ilə narkotik barəsində danışarkən Məhəmməd də onun yanında olmuş, 10 iyun 2021-ci ildə axşam saat 20 radələrində iranlı “Whatsapp”la təkrar mesaj yazaraq Biləsuvar rayonunda yaşayan tanışına narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni ondan götürüb Bakı şəhərinə aparmasını, onun deyəcəyi şəxsin gəlib həmin narkotik vasitəni ondan götürəcəyini, əvəzində isə ona 250- 300 manat pul verəcəyini bildirmiş, əvvəllcə iranlı ilə razılaşmasa da maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmışdır. Dostu Məhəmmədə zəng edib onlara gəlməsini demiş, təxminən 15 dəqiqə sonra Məhəmməd onun yaşadığı evə gəlmiş, sonuncuya iranlı tanışının Biləsuvar rayonuna qızıl və pul göndərəcəyini, həmin qızıl və pulu oradan götürüb Bakı şəhərinə apararaq iranlının dediyi şəxsə verəcəkləri halda onların hər birinə 150-200 manat pul veriləcəyini bildirərkən Məhəmməd onunla razılaşmış, həmin gün onlar saat 23 radələrində Məhəmmədə məxsus “Khazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərindən Biləsuvar rayonuna gəlmiş, yolda avtomobili o, idarə etmiş, gələrkən bir neçə dəfə iranlı ilə “Whatsapp”la danışmış, iranlı ilə olan söhbəti Məhəmməd də eşitmiş, iranlı ona narkotik vasitənin “LukOil” yanacaq doldurma məntəqəsinin yaxınlığında üzərində 112 yazı olan yol nişanının altına qoyulduğunu bildirib həmin yerin şəklini çəkib ona göndərmiş, avtomobili yol nişanın qarşısında saxlayıb Məhəmmədə avtomobildən düşərək plakatın altında olan bağlamanı götürməsini demiş, sonuncu avtomobildən düşüb həmin bağlamanı oradan götürüb avtomobildə özünün oturduğu ayaq altı hissəsinə qoymuş, geri dönərək Bakı şəhəri istiqamətində bir qədər getdikdən sonra polis əməkdaşları onları saxlayraq avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirmiş, şöbədə vəkilin iştirakı ilə viedoçəkliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamış, sonra onun, Məhəmmədin və vəkillərin iştirakı ilə videoçəkilişlə Məhəmmədə məxsus “Khazar” markalı **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarının təklifi əsasında Məhəmməd avtomobilin ön sağ oturacağının ayaq altı hissəsində olan bağlamını götürüb polis əməkdaşlarına təqdim etmiş, həmin bağlama polis əməkdaşları tərəfindən açılıb baxılarkən bağlamanın içərisində narkotik vasitə və psixotrop maddə olmuş, sonra qablaşdırılaraq götürülmüş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanınarkotik vasitəni və psixotrop maddəni ona iranlının göndərdiyini, həmin narkotik vasitəni tanışı X2 rayonu ərazisində yerləşən, üzərində 112 yazısı olan yol nişanın altından götürdüyünü, Məhəmmədin həmin narkotik vasitədən əvvəlcədən məlumatı olmadığını bildirmiş, lakin Biləsuvar rayonunda olarkən Məhəmmədin iranlının ona göndərdiyi bağlamanın içərisində qızıl deyil, narkotik vasitə olduğunu, həmin narkotik vasitəni oradan götürüb Bakı şəhərinə apararaq iranlının deyəcəyi şəxsə çatdıracaqları halda onlara 250-300 manat pul verəcəyini bilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilmiş və digər Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrinin ona aid hissəsində göstərdiklərini təsdiq etməklə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə 10 iyun 2021-ci ildə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 11 iyun 2021-ci ildə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil gecə saat 00:10 radələrində Biləsuvar rayonu ərazisində əməliyyat müşahidəsinə götürülmüş, avtomobil bir qədər getdikdən sonra Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kənd ərazisindən keçən 112-ci kilomterliyində yolun kənarında dayanmış, həmin vaxt avtomobilin ön sağ tərəfində - sərnişin oturacağında əyləmiş, sonradan adının Həsənli Məhməmməd olduğunu bildikləri şəxs avtomobildən düşərək, üzərində 112 yazısı olan yol nişanına yaxınlaşmış, təxminən bir dəqiqə sonra geri qaydıb avtomobilə əyləşmiş, avtomobil Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, təxminən 10 dəqiqə sonra avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kənd ərazisindən keçən 108-ci kilomterliyində tərəflərindən saxlanılmış, onlar rayon polis şöbəsinə gətirilərək orada müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı onların üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, sonra “Khazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 avtomobilin ön sağ qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd şəffaf rəngli sellefona bükülmüş bağlamanı çıxardıb onlara təqdim etmiş, həmin bağlamının içərisində narkotik vasitə və psixotrop maddə olduğunu və onlarıİran İslam Respublikası vətəndaşının Təqsirləndirilən şəxs1 göndərdiyini, sonuncu həmin bağlamanı Bakı şəhərinə çatdırmalı olduğunu, qarşılığında isə sonuncuya 250-300 manat pul göndərəcəyini və özünün də həmin narkotik vasitədən məlumatı olduğunu bildirmiş, içərisində narkotik vasitələr və psixotrop maddə olan bağlama qablaşdırılaraq götürülmüş, sonra baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış, onlar saxlanılaraq polis şöbəsinə gətirilərkən və izahatları alınarkən onlara qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «Şəxsi axtarış keçirilməsi haqqında» 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs1 müdafiəçisi Mehman Mütəllimovla birlikdə tanış olaraq imzalamış, şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan «Şəxsi axtarış keçirilməsi haqqında» 11 iyun 2021-ci il tarixli digər protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs2 müdafiəçisi Əli Hüseynovla birlikdə tanış olaraq imzalamışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan «Nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar” markalı **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə olması şübhəsi yarandığından avtomobilə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, avtomobildə narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsinlər. Təqsirləndirilən şəxs2 “Khazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını açaraq ön sağ oturacağın alt hissəsindən bir ədəd şəffaf rəngli sellefona bükülmüş bağlamanı çıxardıb təqdim etmiş və həmin bağlamaının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bağlama açılıb baxılmış bağlamanın içərisindən 8 ədəd ayrı-ayrı bükümlərdə olmaqla külli miqadarda ümumilikdə təmiz çəkisi 1895 qram narkotik vasitə heroin, 2 ədəd ayrı-ayrı bükümlərdə olmaqla 275 qram psixotrop maddə metamfetamin və 10 ədəd konvalyutda hər biri 10 ədəd olmaqla ümumilikdə 100 ədəd metadon həbləri aşkar olunmuşdur. Aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddə müvafiq qaydada qablaşdırılmış və şöbənin 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sorğu zamanı X5 həmin narkotik vasitəni və psixotrop maddəni İİR-nin vətdaşının Təqsirləndirilən şəxs1 göndərdiyini, Təqsirləndirilən şəxs1 həmin bağlamanı Bakı şəhərinə çatdırmalı olduğunu, İİR-nin vətdaşının isə qarşılığında Təqsirləndirilən şəxs1 250-300 manat məbləğində pul göndərəcəyini və özünün də həmin narkotik vasitədən məlumatı olduğunu bildirmişdir. Baxış keçirlməsi barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2021-ci il tarixli 19/524 saylırəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar LX” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişnalı avtomobildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə olan bağlama” sözlər və imzalar olan paketi açdıqda içərəsində 8 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 535,0 qr; - 540,0 qr; -520,0 qr; -53,230 qr; -55,791 qr; -52,021 qr; -50,87 qr; -53,636 qr; ümumi təmiz çəkisi 1860,535 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -150,823 qram; -106,377 qram: ümumi təmiz çəkisi -257,2 qram olan ağ rəngli maddələr metamfetamindir və 10 ədəd konvoluytda hər birində 10 ədəd olmaqla ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, həblərin təsiredici maddəsinin ümumi miqdarı – 4,0 qramdır (bir həbdə 0,04). Heroinin təmiz çəkisi -1860,535 qr, tədqiqata sərf edildi -0.4 qr (hər ob.0,05qr) 1alıq -1860,135 qram. Metamfetaminin təmiz çəkisi -257,2 qr, tədqiqata sərf edildi 0,1 qr (hər ob 0,05 qr), qalıq -257,1 qr, Metadon 100 ədəd, cəmi tədiqaqta sərf edildi -10 ədəd, qalıq - 90 həb təşkil edir. İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli 594 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 fiziki və psixi asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində porofilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli 595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ondan aşkar olunub götürülmüş bir ədəd qara rəngli korpuslu «Redmi » markalı mobil telefona baxış keçirilməsi haqqında 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin telefonun üzərində «Bakcell» mobil operaoruna aid +994-55-784-26-02 saylı mobil nömrəsi vardır. Təqsirləndirilən şəxs1 məxsus «Redmi » markalı mobil telefona baxış keçirilən zaman mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumata rast gəlinməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman ondan aşkar olunub götürülmüş bir ədəd qara rəngli korpuslu «SAMSUNG GALAX A21» markalı mobil telefona baxış keçirilməsi haqqında 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin telefonun üzərində «Azerfon» mobil operaoruna aid +994-70-740-44-14 saylı mobil nömrəsi vardır. Təqsirləndirilən şəxs2 məxsus «SAMSUNG GALAX A21» markalı mobil telefona baxış keçirilən zaman mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumata rast gəlinməmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-70- 740-44-14 mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatların mobil operatorlardan götürülməsi barədə məhkəmənin qərarı alınaraq icraya yönəldilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-55- 784-26-02 mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatların mobil operatorlardan götürülməsi barədə məhkəmənin qərarı alınaraq icraya yönəldilmişdir. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, eksperiza tədqiqatından sonra təmiz çəkisi 1860,135 qram narkotik vasitə heroin, 257,1 qram psixotrop maddə metamfetamin və 90 ədəd narkotik vasitə metadon həbləri iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələrin səmimi ifadə kimi qəbul etmir və həmin ifadələrin işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlməklə onların cinayət məsuliyyətindən kənarda qalmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onlara istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslərə heç bir təsir-təzyiq göstərilmədən müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki halların uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri müxtəlif növdə olan narkotik vasitələr heroin və metadon həbləri, eləcə də psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri axımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi,onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dizpozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilmsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində saxlanıldıqları vaxtdan hesablanmasını əsaslı sayır. Belə ki, Biləsuvar rayon məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsetmənin müddətinin əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli, 1\684 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda valdiyenləri və qardaşı ilə birgə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli, 1\683 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, ev 18-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nardaran qəsəbəsi, İ.Nəsimi küçəsində yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1860,135 qram narkotik vasitə heroin, qalıq çəkisi 257,1 qram psixotrop maddə metamfetamin və 90 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat - hər birindən 25 (iyirmi beş) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 iyun 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 iyun 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində porofilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat – hər birindən 25 (iyirmi beş) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan və təmiz çəkisi 1860,135 qram narkotik vasitə heroin, təmiz çəkisi 257,1 qram psixotrop maddə metamfetamin və 90 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən həbsdə olan təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Cəlil Nəbiyev Hakimlər: İlkin Abdullayev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar