Məhkəmə qərarları › İş №1(099)-310/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-310/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-310/2022 05.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Səfərli Cavid Şamil oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1993-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Azərbaycan Respublikası CM) 206.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının 2-dən 10-dək olan müddət ərzində idarə etdiyi “DAF” markalı, “44CD454/44ZA554 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə kivi meyvəsi yükləyib Azərbaycan Respublikasına gətirmək məqsədilə İran İslam Respublikasında (bundan sonra mətndə-İİR) olarkən müəyyən edilməmiş mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tərkibində preqabalinin təsiredici maddəsinin ümumi külli miqdarı- 90 qram üzərində “pregabalin 150” yazısı olan 40 konvalyutda, hər konvalyutda 15 həb olmaqla, ümumi sayı 600 ədəd həb dərman preparatını satış məqsədilə qanunsuz olaraq əldə edib əyninə geyindiyi boz rəngli gödəkçənin ciblərində saxlayaraq 10 noyabr 2021-ci il tarixdə saat 15:28-də Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan Azərbaycan Respublikasına daşıyaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük postunda gödəkçəsinin ciblərindəki güclü təsir edən dərman preparatlarını çıxarıb idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsinin arxa hissəsində yerləşən yatağın üzərinə qoymuşdur. Həmçinin o, həmin vaxt İİR-də olarkən məlum olmayan mənbədən əldə etdiyi və Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 600 manat dəyərində istifadəyə yararlı olan 300 qutu “X3 Nano Black” markalı siqaretləri idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsinin yataq yerinin altına qoyaraq satış məqsədi ilə saxlamış, gömrük baxışı zamanı həmin siqaretlər və külli miqdarda güclü təsir edən dərman preparatları gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünün təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücü işləyir, əsasən etibarnamə əsasında yük maşını ilə İrandan Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olur. 2021 –ci ilin noyabr ayının 2-də etibarnamə əsasında idarə etdiyi «Daf» markalı maşını ilə Astaradan İrana keçmiş, bir neçə gün İranın Astara şəhərində gözləmiş, orada yerləşən yük terminalından “kivi” yükünü maşına yükləyərək geri qayıtmışdır. İranın Astara şəhərində apteklərin birindən Masallı şəhərində satmaq məqsədi ilə 40 (qırx) ədəd “Pregabalin 150” adlı dərman alaraq, əynindəki boz rəngli gödəkçənin ciblərində gizlətmişdir. Dərmanları alan zaman narkotik vasitə olmadığını, sadəcə güclü ağrı kəsici olduğunu demişlər. Bundan əlavə satış məqsədi üçün 30 blok “Manchester” markalı siqaret alaraq, idarə etdiyi maşının kabinəsində arxa hissədə yerləşən yataq yerinin altında gizlətmişdir. 10 noyabr 2021 tarixində saat 17 radələrində Azərbaycan Respublikası ərazisində Astara gömrük postundan keçərkən yoxlama zamanı maşında gizlətdiyi 40-(qırx) ədəd “Pregabalin və 30 (otuz) blok olmaqla 300 ədəd “Manchester” markalı siqaret aşkar edilərək götürülmüşdür. Narkotik istifadəçisidir. Tutduğu əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhəkəmə istintaqında şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı avtomobil hal şahidlərinin iştirakı ilə yoxlanılmış, axtarış zamanı kabinin arxa hissəsindəki yataq yerinin üzərindən 40 (qırx) ədəd “Pregabalin 150” dərman preparatı və yatağın alt hissəsindən aksiz markası olmayan 30 (otuz) blok “Manchester” markalı siqaret aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin dərman preparatlarını və siqaretləri İranın Astara şəhərində əldə etdiyini və Azərbaycan Respublikasında satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə “Astara” gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “44CD454/44ZA554” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı maşının kabinəsində, arxa hissədə yerləşən yataq yerinin üzərində 40 qutuda hər birinin içərsində 15 həb olmaqla ümumilikdə 600 həb dərman preparatları və yataq yerinin altında isə aksiz markası olmayan 300 qutu (blok) filterli “Manchester” markalı siqaretlər aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş hal şahidi Eyvazov X2 Elnur Rasim oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli, 6/5079 saylı məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “N-003721 CƏBGİ Əməliyyat və Təhqiqat şöbəsi” yazılan DGK-ya məxsus paketdə 40 ədəd üzərində “Pregabalin 150” yazılan konvalyutda, hər konvalyutda 15 ədəd olmaqla, ümumi sayı 600 ədəd olan kapsulun tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 90,0 qramdır (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır). Preqabalin 2016-cı il 18 mart tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının” Siyahısına daxildir. Məhkəmə tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli, 9/8154 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan “X3 Nano Black” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 629) BƏƏ istehsalı olan filterli siqaret xx.xx.2021-ci il tarixə 1 qutusunun orta bazar qiyməti təxminən 2,00 manat, 300 qutusunun qiyməti isə 600 manat müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş 28 dekabr 2021-ci il tarixli 5324 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 17 fevral 2022-ci il tarixli, 7/131-9/972 saylı kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 20 qutu “X3 Nano Black” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “X3 Nano Black” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 629) BƏƏ istehsalı olan siqaretlərin 10 noyabr 2021-ci il tarixə 1 qutusunun orta bazar qiyməti təxminən 2,00 manat, 300 qutunun qiyməti 600,00 manat müəyyən edilir. 10 noyabr 2021-ci il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs etbarnamə ilə idarə etdiyi “Daf” markalı “44CD454/44ZA554” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində arxa hissədə yerləşən yataq yerinin üzərində “Pregabalin 150” yazısı olan 40 (qırx) ədəd konvalyutda, hər konvalyutda 15 (on beş) həb olmaqla, ümumilikdə 600 (altı yüz) həb dərman preparatı və yataq yerinin altında isə hər blokda 10 (on) qutu olmaqla, 30 (otuz) blokda aksiz markası ilə markalanmamış ümumilikdə 300 (üç yüz) qutu “Manchester” markalı filterli siqaret olduğu məlum olmuşdur. 06 dekabr 2021-ci il tarixli «X1 Sistemi»nə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara gömrük postundan keçməklə xx.xx.2021-ci il tarixdə, saat 17:04-də İİR-ə getmiş və Astara gömrük postundan keçməklə xx.xx.2021-ci il tarixdə, saat 15:28-də İİR-dən Azərbaycan Respublikasına qayıtmışdır. 4 mart 2022-ci il tarixli qərarla tədqiqatlardan sonra qalıq qalan 585 ədəd preqabalin kapsulu və tədqiqatlardan sonra qalıq qalan istifadəyə yararlı olan 298 qutu “X3 Nano Black” markalı siqaretlər maddi sübut kimi tanınmış, hazırda 585 ədəd preqabalin kapsulu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında, 298 qutu “X3 Nano Black” markalı siqaretlər isə “Azərterminalkompleks” Birliyində saxlanılır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası 18 mart 2016-cıil tarixli Qanununun 1 N-li əlavəsinə əsasən beynəlxalq adı olan preqabalin güclü təsir edən maddədir. Preqabalinin 5 qramı və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs qaçaqmalqçılıq yolu ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalini və aksiz markası ilə markalanmalı olan belə marka ilə markalanmamış istifadəyə yararlı 300 ədəd siqaret qutularını qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 213-1.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddələrdə müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 5 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs CM-in 206.2, 213-1.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61.1-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2, 213-1.1 və 240.2.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 5 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar olan və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 585 ədəd preqabalin kapsulu, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.1.2-ci maddəsində göstərilir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. CPM-in 132.1.2-ci maddəsində göstərilir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak xüsusi müsadirə olunmalıdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda “Azərterminalkompleks” Birliyində saxlanılan tədqiqatlardan sonra qalıq qalan istifadəyə yararlı olan 298 qutu “X3 Nano Black” markalı siqaretləri CM-in 99-1.1.2 və CPM-nin 132.1.2-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilən əmlaka aid olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunmaqla məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 288 manat 70 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2, 240.3.2 və 213-1.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CMin 206.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 213-1.1ci maddəsilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs olunsun. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə cəzasının başlanğıcı 5 may 2022-ci il tarixdən hesablansın və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 585 ədəd preqabalin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan cinayət yolu ilə əldə edilmiş istifadəyə yararlı olan 298 qutu “X3 Nano Black” markalı siqaretləri Azərbaycan Respublikası CM-in 99- 1.1.2 və CPM-in 132.1.2-ci maddələrinə əsasən xüsus müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 288 manat 70 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar